Türkmənelidən
ata yurda həsrət dolu səfər
Uşaqlıqdan içimdə böyüyən bir
arzum vardı: İki ölkəni görmək... Biri qəlbimdə
yatan ana vətən, digəri isə köklərimin
uzandığı ata yurdu idi. Türkiyəni görmək
arzum gerçəkləşmişdi; lakin Azərbaycan - o qədim
torpaqlar - içimdə həmişə bir arzu olaraq
qalmışdı. Uşaqlıq vaxtlarımdan bəri
oradakı soydaşlarımla tanış olmağı, onlarla
eyni şivə ilə danışmağı, eyni süfrəyə
oturmağı xəyal edirdim.
Xüsusilə, Qarabağın azad olunmasından sonra
bu arzum tamam başqa bir mənaya çevrildi. O torpaqlara ayaq
basmaq təkcə bir səfər deyildi; tarixlə, kimliklə
və mənsubiyyət hissi ilə bir görüş idi. Və
nəhayət o gün gəlib çatdı...
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycana
dəvət aldığımı öyrənəndə, qəlbim
sanki uşaqlıq arzusuna "sən artıq gerçəkləşirsən"
dedi. Bu, həyatım boyunca aldığım ən dəyərli
dəvətlərdən idi.
Kərkükdən ayrılarkən içimdə izah
olunmaz bir həyəcan vardı. Üstəlik, bu anlamlı səfərə
Ramazan ayının bərəkətli günlərində
çıxmağımız onu daha da xüsusi edirdi.
Bakıya çatdığımızda bizi hava
limanında Agentliyin əməkdaşları Mehdi bəy,
Ülviyyə xanım və Səadət xanım
qarşıladı. Vaxt itirmədən Qarabağa doğru
yola çıxdıq. İlk dayanacağımız Naftalan
oldu. Burada bizi böyük səmimiyyət və qonaqpərvərliklə
qarşılayan Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin, Naftalan şəhər
İcra Hakimiyyətinin və Türkiyə Cümhuriyyətinin
Gəncə Baş konsulluğunun diqqət və
qayğısı bizləri son dərəcə məmnun etdi.
Amma əsl duyğusal anların sabah
başlayacağını bilirdim.
Səhər tezdən yola çıxdıq. Yol boyu
ağlımda daim erməni işğalı dövründə
baş verən dağıntılar, qırğınlar və
acılar canlanırdı.
Ağdama ilk addımımızı atanda bu
torpaqların heç də sıradan olmadığını
dərindən hiss etdik. Hər addımda burada verilən
mübarizənin izləri, qəhrəmanların
axıtdığı qanlar və illərlə səslənən
anaların, uşaqların fəryadları
qulaqlarımızda əks-səda verirdi. İşğal
dövründə şəhərdə demək olar ki, salamat
bir tikili belə qalmadığı üçün Ağdam
"Qafqazın Xirosiması"
adlandırılmışdı. Dağıntı
bütün çılpaqlığı ilə göz
önündə idi.
Ağdamdan keçərkən illərlə dilimizdən
düşməyən bir dua yadıma düşdü:
"İnşallah bir gün azad olar". O an bu duanın qəbul
olduğunu bilmək sözlə ifadə olunmayacaq bir duyğu
idi.
Əsgəran qalasına
çatdığımızda ürəyimizi sızladan bir mənzərə
ilə qarşılaşdıq. O anda beynimdə bu misralar səsləndi:
Əlində, yad əlində,
Öt bülbül, yad əlində.
Bir diyar məzar olsun,
Qalmasın yad əlində.
Təxminən 30 il işğal altında qalan bu
torpaqlar qəsdən viran edilmişdi. Halbuki bir dövlət
hansısa bölgənin həqiqi sahibi olduğunu iddia edirsə,
oranı abadlaşdırar; məktəb, universitet, yol, xəstəxana
tikər. Amma burada daş üstə daş qoyulmamış, əksinə,
hər şey yerlə-yeksan edilmişdi. Bu mənzərə
işğalçıların bu torpaqlara heç bir aidiyyətinin
olmadığını açıq şəkildə ortaya
qoyurdu.
Azərbaycan dövləti isə azad edilən bu
bölgələrdə sürətlə inkişaf
proqramlarına başladı. Qısa müddət ərzində
infrastruktur layihələri, təhsil müəssisələri,
yollar və universitetlər inşa edilərək bölgə
yenidən həyata qovuşdu.
Növbəti dayanacağımız, qəlbimizi ən
çox sızladan yer oldu: Xocalı. Hər il 26 fevralda
içimizi dağlayan bu qətliamı xatırlamamaq
mümkün deyildi. Səssizcə, ehtiramla şəhidlərimiz
üçün Fatihə oxuduq. O torpaqlarda ruhumuz sanki dondu;
addım belə atmaqda çətinlik çəkdik. O
günün acı çığırtıları hələ
də qulaqlarımızda idi.
Daha sonra Qarabağ Universitetini ziyarət etdik.
Müharibə və dağıntılardan sonra qurulan bu ali təhsil
müəssisəsi, sanki yenidən doğuluşun simvoluna
çevrilmişdi. Rektor və dəyərli müəllimlər
bizə universiteti tanıtdılar. Təxminən 1000 tələbənin
təhsil aldığı bu müəssisə ilə gələcəkdə
birgə layihələr həyata keçirmək barədə
fikir birliyinə gəldik.
Və sonra... Şuşa. Qarabağın göz bəbəyi,
tarixlə, mədəniyyətlə və incəsənətlə
yoğrulmuş bir şəhər. Hər daşında, hər
divarında bir xatirə, bir iz, bir ruh vardı. Elə bil
Şuşa bizimlə danışırdı; həm
keçmişin hüznünü, həm də yenidən
dirilişin hekayəsini pıçıldayırdı.
İlk olaraq Şuşa məscidini ziyarət etdik.
Şəhərin azad edildiyi gün Azərbaycan əsgərinin
oxuduğu azan gəldi yadımıza. Hamımız dərin
duyğular yaşadıq.
Cıdır düzünə
qalxdığımızda buradakı qəhrəmancasına
mübarizəni göz önünə gətirdik. Ardınca
Şuşa qalasını ziyarət etdik. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən ucaldılan
bayrağın dalğalanmasını izləmək bizim
üçün sözlə ifadə olunmaz bir qürur mənbəyi
idi.
Bir zamanlar acı ilə xatırlanan Şuşa
artıq yenidən ayağa qalxır. Həqiqi sahiblərinin əlləri
ilə, öz ruhuna uyğun şəkildə bərpa olunur.
Küçələrinə yenidən həyat dönür,
şəhər keçmiş ihtişamına qovuşur.
Yolumuz daha sonra Füzuliyə düşdü. Adı
ilə, tarixi ilə bizə aid olan bu şəhər təkcə
coğrafi bir məkan deyil, ortaq tariximizin, mədəni irsimizin
və dərin yaralarımızın adıdır.
İşğal dövründə bu torpaqlar sanki lal
olmuşdu. Evlər dağıdılmış, yollar
dağılmış, həyat dayanmışdı. Amma
indi... İndi Füzuli yenidən dirilir. Hər addımda tikilən
məktəblər, xəstəxanalar, magistral yollar və hava
limanları ilə bu dəyişimi hiss etmək
mümkündür.
Füzuli Beynəlxalq Hava Limanından Bakıya
doğru yola çıxdıq. Yol boyu həm
yaşadıqlarımızı düşündük, həm
də paytaxtda bizi gözləyən anlamlı
dayanacaqları...
Və nəhayət Bakı... Bu şəhəri təsvir
etmək asan deyil. Müasir çalarını tarixi ruhla birləşdirən
memarlığı, yaşıllıqlarla dolu parkları və
tarix qoxuyan küçələri ilə Bakı -
keçmişlə gələcəyi eyni anda yaşadan
özəl bir şəhərdir. İlk olaraq, Azərbaycanın
müstəqillik mübarizəsinin lideri, Ümummilli lider Heydər
Əliyevin məzarını ziyarət etdik. Dualar oxuduq, Fatihə
verdik. O, yalnız Azərbaycanın deyil, bütün Türk
dünyasının qəlbində yer alan böyük bir
liderdir.
Daha sonra 1918-ci ildə Azərbaycanın
azadlığı uğrunda savaşan Qafqaz İslam Ordusunun
şəhidlərini yad etmək üçün Şəhidlər
xiyabanına keçdik. Nuri Paşanın
komandanlığı altında canlarını fəda edən
qəhrəmanların qarşısında ehtiramla baş əydik.
Bu mənalı məkanda, Kərküklü 7 türkmən
şəhidimizin məzarlarını da ziyarət etdik.
Adlarını andıq, gül dəstəsi qoyduq, dua etdik.
Bakı küçələrində gəzərkən
bir an belə özümü yad hiss etmədim.
İnsanların danışığı qulağıma o qədər
tanış gəlirdi ki, hər bir kəlməyə diqqətlə
qulaq asır, daha çox eşitmək istəyirdim. Bir dəfə
yanımdan keçən kiçik bir uşaq bir qadına belə
səsləndi: "Xanım, baxa bilərsinizmi?" O an
içimdə qəribə, xoş bir hiss yarandı. Bu
qısa dialoqda belə ortaq keçmişimizin və dilimizin
izləri vardı. Elə bil bir anlığına Ərbildə,
Tuzhurmatuda, Kərkük küçələrində gəzirəm
kimi hiss etdim. Dilin, mədəniyyətin və
qardaşlığın bu qədər iç-içə
olduğu bir şəhərdə olmaq təsvir olunmaz bir
xoşbəxtlik idi.
Bakıda olduğumuz günlərin Novruz bayramına təsadüf
etməsi isə ayrı bir gözəllik oldu. Küçələrdə
bayram tədbirləri keçirilir, insanlar bir-birinə
"Novruz bayramınız mübarək olsun!" deyirdi. Həmin
şən abu-hava bir millətin sevincini və ümidini əks
etdirirdi. Bayramın ruhunu bu qədər səmimi yaşamaq
bizi də o sevincə şərik etdi. Baharın gəlişi
təkcə mövsümi bir dəyişiklik deyildi; o, eyni
zamanda yenidən doğuluşun və birliyin müjdəsi
idi.
Bu səfər mənə təkcə bir ölkəni
göstərmədi; köklərimi yenidən hiss etdirdi.
Atayurdumu görmək, azad edilən torpaqlarda baş verənləri
yerində yaşamaq, o torpaqlarda qardaşlarımla
qucaqlaşmaq... Təsviri çətin, qəlbə işləyən
bir xoşbəxtlik idi. Belə mənalı bir səfərə
vəsilə olan, bizləri ən gözəl şəkildə
qarşılayan başda Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin icraçı direktoru dəyərli Aygün
xanıma, Mehdi bəyə, Səadət xanıma və
Ülviyyə xanıma nə qədər təşəkkür
etsəm, azdır.
Qayıdış vaxtı çatanda elə bil bir
parçam orada qaldı. Təyyarəyə minərkən
içimdən keçən tək bir cümlə vardı:
"İnşallah bir də gələrəm... və bu dəfə
daha çox qalaram".
Bu mənalı proqramın həyata keçirilməsində
başda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyi İcraçı Direktoru
hörmətli Aygün xanım olmaqla, ATXƏM prezidenti
İlham bəy, Elnur bəy, Fuad bəy, Natiq bəy, Afərim
xanım, Mehdi bəy, Səadət xanım və Ülviyyə
xanıma, həmçinin səmimi qonaqpərvərliyə
görə əməyi keçən bütün dəyərli
qurum üzvlərinə ürəkdən təşəkkürümü
bildirirəm.
Firas AĞAOĞLU
Şimal Texniki Universitetinin müəllimi
525-ci qəzet .- 2025.- 17 aprel(№64).-S.10.