Beynəlxalq Muğam
Mərkəzində "Kamançanın sehri" adlı
solo konsert keçirilib
Beynəlxalq Muğam Mərkəzində Əməkdar
artist, kamança ifaçısı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevə
həsr olunmuş "Kamançanın sehri" adlı solo
konsert təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsert akademik Rafael
Hüseynovun müəllifi olduğu “Axşam
görüşləri” radio verilişinin Toğrul Əsədullayevə
həsr olunan buraxılışının təqdimatı ilə
başlanıb. Tədbir zamanı peşəkar
ifaçıya həsr olunan filmdən bir hissə
nümayiş edilib.
Konsertdə hər bir ifanın əhvali-ruhiyyəsinə,
musiqinin ladına uyğun poeziya nümunələri səslənib.
Bədii qiraətçi Xəzər Süleymanlının təqdimatında
notlarla həmahəng şeirlər gecəyə xüsusi rəng
qatıb.
Proqramda Fikrət Əmirov, Hacı Xanməmmədov,
Cahangir Cahangirov, Rauf Hacıyev və digər görkəmli bəstəkarların
əsərləri ilə yanaşı, caz improvizələr də
səsləndirilib.
Tədbir çərçivəsində
ifaçının atası, Əməkdar artist,
tanınmış kamança ifaçısı Mirnazim
Əsədullayev çıxış edərək
qonaqları salamlayıb.
Həsən Rzayevin “Çahargah rapsodiyası” ilə
yekunlaşan konsertin sonunda Toğrul Əsədullayev
çıxış edərək tədbirin təşkilatçılarına
və dəstək olanlara təşəkkür edib.
525-ci qəzet .- 2025.- 17 aprel(№64).-S.9.