Xaricdə təhsilə dair Dövlət
Proqramı: nəticələr gələcəyə ümidləri
artırır
Son illərdə ölkəmizdə gənclərin
xaricdə təhsilalması dövlət bu sahədə siyasətinin
prioritetlərindən birinə çevrilib. Əsas məqsəd
gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsilalma imkanları
yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək
inkişafını təmin edəcək və qlobal
çağırışlara cavab verəcək müasir texnologiyaları
çevik mənimsəyən, praktiki bilik və bacarıqlara
yiyələnən, müasir və gələcək əmək
bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli,
yüksəkixtisaslı peşəkar kadrlar kimi
hazırlanmasını təmin etməkdir.
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr
üzrə kadr potensialının qarşılanması məqsədini
daşıyır. Ali təhsilin bakalavriat səviyyəsində
təhsil almaq üçün seçimdə beynəlxalq fənn
olimpiadaları qaliblərinə üstünlük verilməsi
Dövlət Proqramı çərçivəsində
istedadlı gənclərin dünyanın qabaqcıl
universitetlərindən məzun olaraq ölkəmizin gələcək
inkişafına əlavə dəyər yaratmalarını təşviq
edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi
və idarəçilik keyfiyyətləri yüksək olan
perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan
ixtisaslara üstünlük verilməsi isə əmək
bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların
sayını artıracaq.
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində Böyük
Britaniyanın Bristol Universitetində ali təhsilini uğurla
başa vuran Nigar Fətəlova deyir ki, orta və bakalavr təhsilini
Azərbaycanda, magistr təhsilini isə Böyük Britaniyada
bitirib: "2018-ci ildə "Zəkalar" liseyini fərqlənmə
ilə başa vuraraq məzunu olmuşam. Məktəb təhsilindən
sonra 600-dən yüksək bal toplayaraq Azərbaycan Dillər
Universitetinə qəbul olunmuşam. Universitetdə daxili
imtahan verərək Böyük Britaniyanın Essex Universiteti
ilə birgə həyata keçirilən ikili diplom
proqramında, Essex qrupunda təhsil almağa başladım.
Daha sonra SABAH qruplarının seçim mərhələlərindən
uğurla keçərək bu proqramda təhsilimi davam etdirdim
və bakalavr səviyyəsini yüksək ortalama və fərqlənmə
diplomu ilə tamamladım. Bakalavr dövründə müxtəlif
yerli və beynəlxalq layihələrdə iştirak
etmişəm. "Erasmus+" proqramı çərçivəsində
beynəlxalq təlim kurslarında iştirak etmiş,
ATGTİ, AIESEC, UEFA, "Formula 1" və digər yerli və
beynəlxalq platformalarda aktiv fəaliyyət göstərmişəm.
Bu fəaliyyətlər mənə qlobal düşüncə,
komanda işi və liderlik bacarıqları qazandırmaqla
yanaşı, fərqli mədəniyyətlərlə işləmək
və sosial təsir yaratmaq imkanları da təqdim edib.
2023-cü ildə "2022-2028 Dövlət Proqramı"
çərçivəsində tam təqaüd qazanaraq
Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən
biri olan Bristol Universitetində "Neuroscience and Education"
ixtisası üzrə magistr təhsili almaq imkanı
qazandım. Bu yaxınlarda təhsilimi uğurla tamamlayaraq
ölkəyə qayıtmışam və
qazandığım bilikləri həm təhsil sahəsində,
həm də müxtəlif sosial və akademik təşəbbüslərdə
tətbiq etməyi qarşıma məqsəd qoymuşam".
Onun sözlərinə görə, gənclərin
xaricdə təhsil almağa can atması olduqca müsbət
bir haldır. Bu, həm onların fərdi inkişafına, həm
də ölkəmizin elmi və peşəkar
potensialının artmasına mühüm təsir göstərir.
Xaricdə təhsil təkcə akademik bilik qazanmaq deyil, həm
də fərqli mədəniyyətlərlə tanış
olmaq, dünyagörüşünü genişləndirmək
və beynəlxalq şəbəkələr qurmaq imkanı
yaradır. Gənclərin bu istiqamətdə fəallığı
onların dəyişən dünyaya adaptasiya ola bilmə
qabiliyyətini və inkişaf istəklərini göstərir:
"2022-2028 Dövlət Proqramı" isə bu arzuları
gerçəyə çevirmək üçün çox
ciddi bir dayaqdır. Bu proqram mənim üçün də həyatımda
dönüş nöqtəsi oldu. Proqram sayəsində
dünyanın ən nüfuzlu universitetlərindən birində
tam təqaüdlə təhsil almaq imkanım oldu. Bu təhsil
təkcə bilik qazandırmadı, həm də özümə
və ölkəmdə yaradacağım təsirə olan
inamımı gücləndirdi. Dövlət Proqramı
çərçivəsində həm akademik mühitə
daxil oldum, həm də beynəlxalq səviyyədə
tanınan mütəxəssislərlə əməkdaşlıq
etmə, onların dərslərini yaxından izləmə və
tədqiqatlarda iştirak etmək şansı qazandım. Bu təcrübə
mənə göstərdi ki, ölkəmizdə istedadlı və
məqsədli gənclərə həqiqətən də dəyər
verilir və onların inkişafı üçün real
addımlar atılır. Mən də bu etimadı
doğrultmağa və qazandığım bilikləri ölkə
təhsilinin inkişafına yönəltməyə
çalışıram".
O qeyd edib ki, xaricdə təhsil üçün
Britaniya və Bristol Universitetini seçib: "Xaricdə təhsil
üçün müraciət etdiyim dövrdə bir
neçə yüksək reytinqli universitetdən qəbul
almışdım. Lakin seçimim heç də təsadüfi
deyildi. Bristol Universitetini seçməyim bir neçə
mühüm səbəblə bağlı idi. İlk növbədə,
mənim üçün maraqlı olan "Neuroscience and
Education" sahəsi bu universitetdə kifayət qədər
güclü inkişaf edib və bu sahədə
çalışan aparıcı tədqiqatçılardan bəziləri
məhz Bristolda dərs deyirlər. Araşdırmalarım
zamanı onların elmi işləri ilə tanış oldum və
bu, məndə həmin sahədə "işin əsl
mütəxəssislərindən" öyrənmək istəyini
daha da gücləndirdi. Universitetin təqdim etdiyi imkanlar da
seçimimdə mühüm rol oynadı. Proqram təkcə
nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar
qazandıran dərslərlə zəngin idi. Kurs boyu real təhsil
mühitlərində tətbiq olunan neyroelmi bilikləri
öyrənmək imkanı yarandı və bu, mənim
üçün çox dəyərli bir təcrübə
oldu. Digər tərəfdən, Bristol şəhərinin
özü də qərarımda mühüm rol oynadı. Bura
İngiltərənin ən inkişaf etmiş sənaye və
elm şəhərlərindən biridir. Həm yerli, həm də
beynəlxalq tələbələr üçün
açıq, inklüziv və multikultural mühitə
malikdir. Bu da mənə müxtəlif ölkələrdən
olan tələbələrlə bir araya gələrək zəngin
qarşılıqlı öyrənmə mühiti yaşamaq
imkanı verdi".
Nigar Fətəlova vurğulayıb ki, "Neuroscience
and Education" ixtisası onun üçün çox
xüsusi və maraqlı bir sahədir, çünki təhsil
və beyin arasındakı əlaqələri
araşdırmaq, tədris metodlarını daha effektiv etmək
və öyrənmə proseslərini daha yaxşı başa
düşmək üçün böyük potensiala
sahibdir: "İnsan beyninin öyrənmə qabiliyyətləri,
yaddaşın işləmə prinsipləri, beyin
inkişafı və təhsil mühitlərində bu proseslərin
necə tətbiq edildiyini anlamaq mənim karyera məqsədlərim
üçün çox vacibdir. Əsas maraq səbəbi həmçinin
təhsilin inkişafı, xüsusi ilə də tədrisin
daha inklüziv və individual yanaşma ilə həyata keçirilməsi məsələsidir.
Təhsil hər bir insan üçün fərqlidir və bu
sahənin beyin tədqiqatları ilə birləşdirilməsi
tədrisin daha fərdi və təsirli şəkildə
inkişaf etməsinə şərait yaradır. Mənim məqsədim,
bu ixtisas sahəsində əldə etdiyim bilikləri praktikada
tətbiq edərək, təhsil sahəsindəki məsələlərə
daha elmi yanaşmalar gətirməkdir. Ayrıca, beyin və
öyrənmə arasındakı əlaqəni öyrənmək,
mənim üçün həm şəxsi, həm də peşəkar
inkişaf baxımından çox dəyərli oldu.
İxtisasım sayəsində əldə etdiyim biliklər mənə
tədris metodlarının necə
optimallaşdırılacağını, şagirdlərin
öyrənmə proseslərini necə daha yaxşı
başa düşəcəyimi və təhsildəki
mövcud problemlərə yeni yanaşmalar təklif etməyi
öyrətdi".
Onun dediyinə görə, neyroelm və təhsil
bir-biri ilə çox sıx əlaqəlidir, çünki
beyin funksiyalarının öyrənmə və təhsil
üzərindəki təsiri dərindən anlaşılarsa,
tədris proseslərini daha effektiv şəkildə tərtib
etmək mümkündür. Bu, təhsil mühitində fərdi
fərqlilikləri anlamağa və hər bir tələbənin
potensialını daha yaxşı şəkildə inkişaf
etdirməyə imkan yaradır. Neyroelm və təhsil
arasındakı əlaqənin əsas nöqtəsi, öyrənmə
və yaddaşın beyin tərəfindən necə işlənməsi,
hansı şəraitdə daha yaxşı nəticələr
əldə olunduğu və müxtəlif mühitlərin bu
proseslərə necə təsir etdiyi ilə
bağlıdır. Məsələn, neyroelmi
araşdırmalar göstərir ki, öyrənməyə ən
yaxşı təsir edən faktorlar arasında emosional vəziyyət,
sosial mühit və motivasiya kimi elementlər mövcuddur. Bu
faktları nəzərə alaraq, müəllimlər və təhsil
siyasətçiləri daha fərdi və məqsədyönlü
tədris metodlarını inkişaf etdirə bilərlər:
"Hazırda bu sahə xüsusilə prioritet təşkil
edir, çünki təhsil sahəsindəki inkişaflar və
elmi araşdırmalar beynin öyrənmə ilə əlaqədar
fəaliyyətlərini daha dərindən izah etməyə
başlayıb. Beynin strukturu və funksiyaları haqqında
daha çox məlumat əldə etmək, təhsil sistemlərinin
optimallaşdırılmasına və daha inklüziv təhsil
yanaşmalarının tətbiqinə imkan verir. DP məzunu
olaraq, mənim üçün əsas prioritet bu bilikləri
Azərbaycan təhsil sistemində tətbiq etməkdir. Neyroelm
və təhsil sahəsindəki tədqiqatlar, öyrənmənin
necə baş verdiyini və bu proseslərin fərdi tələbələrə
necə uyğunlaşdırıla biləcəyini anlamağa
kömək edir. Mənim məqsədim, bu sahədə
qazandığım bilikləri təhsil proqramlarının
inkişafında və tədris metodlarının təkmilləşdirilməsində
tətbiq etməkdir. Birinci növbədə, təhsil sahəsindəki
müəllimlərə neyroelmə əsaslanan tədris
metodlarını öyrətməyi planlaşdırıram. Eyni
zamanda, müasir təhsil texnologiyalarının, xüsusən
də rəqəmsal vasitələrin tədrisə
inteqrasiyası ilə əlaqədar layihələrdə bu
biliklərdən istifadə edərək, daha effektiv və
maraqlı tədris yanaşmalarını təşviq etmək
istərdim. Bir neçə təhsil müəssisəsi ilə
əməkdaşlıq qurmaq, müəllimlərə neyroelmə
əsaslanan təlimlər təşkil etmək və fərqli
öyrənmə üsullarını tətbiq edən
proqramlar hazırlamaq, mənim üçün əhəmiyyətli
addımlar olacaq. Bu, həm də gənclərin
potensialını daha yaxşı inkişaf etdirmək və
onların təhsil prosesində daha uğurlu olmalarını
təmin etmək məqsədinə xidmət edə bilər.
Neyroelm və təhsilin kəsişmə nöqtələri,
öyrənmə proseslərinin beyində necə baş
verdiyini anlamaqda və bu anlayışları təhsil
metodlarına tətbiq etməkdədir. Hər bir tələbə
fərqli şəkildə öyrənir və onların
beyinləri müxtəlif yollarla yeni məlumatları işləyir.
Bu sahənin kəsişməsi, təhsil sistemində fərdi
yanaşmaları tətbiq etməyə imkan verir. Hər bir tələbənin
fərdi ehtiyaclarına uyğun tədris metodları və
strategiyalar hazırlanaraq, onların təhsil həyatını
daha səmərəli və faydalı etmək
mümkündür. Neyroelm sahəsi, beyin və öyrənmə
ilə bağlı araşdırmalarla təhsilin təkmilləşdirilməsi
arasında bir körpü rolunu oynayır. Məsələn,
öyrənmənin necə baş verdiyini başa düşmək,
müəllimlərə müxtəlif öyrənmə
üsullarını tətbiq etmək və müxtəlif təhsil
ehtiyaclarını qarşılayan materiallar yaratmaq imkanı
verir. Eyni zamanda, neyroelm təhsildəki bir çox problemin həllində
də mühüm rol oynaya bilər. Məsələn, diqqət
çatışmazlığı və yaddaş problemləri
yaşayan tələbələrə fərdi tədris
yanaşmaları və xüsusi proqramlar vasitəsilə dəstək
verə bilərik. Bundan əlavə,
neyroelm sahəsindəki biliklər təhsil siyasətində
də yeniliklərə səbəb ola bilər. Məsələn,
təhsil proqramlarının beynin inkişafına əsaslanaraq
tərtib edilməsi, daha məhsuldar öyrənmə
mühiti yaradılmasına kömək edə bilər. Tədrisin
strukturunun və metodlarının beynin müxtəlif yaş
dövrlərində necə işlədiyini başa
düşərək, təhsil sistemindəki problemləri
daha düzgün şəkildə təhlil edib həll etmək
mümkündür".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.15.