Unudulmaz adlar, işıqlı xatirələr...
Dəyişən çox şey var. Hər şey
öz axarı ilə gedir. Amma aradan illər keçsə də,
heç nə yadımdan çıxmayıb. Yolum hər dəfə
bu yerlərdən keçəndə 70-ci illər yada
düşür. Bura Lənkəran şəhərinin mərkəzi
hissəsidir. Bu gün M.A.Əliyev adına Lənkəran
Tarix-diyarşünaslıq Muzeyi kimi istifadə olunan və Xan
Ssarayı kimi tanınan qırmızı kərpicli,
üçmərtəbə yaşayış binası şəhərin
ilk çoxmərtəbəli binası sayılır. Bina
1913-cü ildə Mirəhməd xan Talışinski tərəfindən
həyat yoldaşı Tuğra xanımın şərəfinə
tikdirilib. Mirəhməd xan Talışinski Mirəsgər
xanla əmioğlu, Lənkəran xanı Mirmustafa xanın nəvələri
idilər. Tuğra xanım 1912-ci ildə Tiflisdə
keçirilən "Qafqaz gözəli" müsabiqəsində
birinci yeri tutmuşdu.
Həkim-stomatoloq Qasım Zeynalovun məlumatına
görə, bina tikildiyi dövrdə Tuğra xanım
Kislovodsk şəhərində yaşayıbmış. Ev
hazır olduqda Lənkərana qayıdıb.
Mirəsgər xan Talışinskinin ikinci qızı
Kişvər xanım həkim İsa bəy Əlibəyovun
zövcəsi idi. Bu gün İsa bəyin mülkündən
Lənkəran Dövlət Universitetinin inzibati binası kimi
istifadə edilir.
İsa bəy Balabəy oğlu Əlibəyov
Sankt-Peterburqda təhsil almışdı. Həkimlik fəaliyyətinə
1907-ci ildə Lənkəranda başlamışdı. O,
Kişvər xanıma elçi düşəndə atası
Mirəsgər xan deyir ki, kişinin yaşamaq
üçün gərək evi olsun. İsa bəy 1908-ci ildə
zadəganlara məxsus yaraşıqlı bir bina tikdirir.
Q.Zeynalovun bildirdiyinə görə, İsa bəy binanı elə
yerdə inşa etdirir ki, evin balkonundan Mirəsgər xanın
evinin pəncərələri, həm də bacanağı Mirəhməd
xanın küncdə olan tək balkonu görünür.
Binaların bu cür tikilişi bacıların ürəyincə
olur və onlar hər səhər Qala Çəməni
üzərindən bir-birlərini salamlayırmışlar.
Yazıçı-şair Xanımana Əlibəyli,
filologiya elmləri doktoru, professor Gülrux Əlibəyli
İsabəy Əlibəyovun qardaşı nəvələridir.
G.Əlibəyli 1995-1997-ci illərdə Lənkərandakı
"Hirkan" Özəl Universitetində "Zadəgan
etikası" fənnindən dərs deyib (Q.Zeynalov. Qala
çəməni, "Aşkarlıq" qəzeti,
22.02.2012).
Qala çəməni XVII-XVIII əsrlərdə Lənkəranın
iri, yaraşıqlı meydanlarından idi. Əraziyə indiki
Heydər Əliyev meydanı, Zabitlər evi, Həzi Aslanov
xiyabanı, Mirəsgər xanın, Mövsüm xanın,
Nüsrət bəyin, Əlizadələrin mülkləri,
indiki məhkəmə və prokurorluğun binaları və
sair daxildir.
Rus kilsəsi də burada yerləşirdi. İndiki məhkəmə
binasının yerində Əsgər xana məxsus birmərtəbəli
evi də olmuşdu. 1971-1977-ci illərdə Lənkəran
radio verilişləri redaksiyasında fəaliyyət göstərdiyim
dövrdə iş yerimiz Mirəsgər xanın
mülkündə yerləşirdi. Binanın pəncərə
şüşələri müxtəlif rəngə
çalırdı və göz oxşayırdı.
2015-ci il aprelin 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Lənkəran
Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma
və bərpa işlərindən sonra yaradılan şəraitlə
şəxsən tanış olub.
lll
Mirəsgər xan Mirhüseyn xan oğlu
Talışinski 1860-cı ildə Lənkəran şəhərində
dünyaya göz açıb. Yuxarıda qeyd etdiyimiz kimi, o,
Talış xanı Mirmustafa xanın nəvəsidir.
Babasından irs kimi qalmış xanlıq titulunu
daşıyıb. Filologiya üzrə fəlsəfə
doktoru, Prezident təqaüdçüsü, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Mirhaşım
Talışlı ilə birgə
hazırladığınız "Lənkəran: ensiklopedik
məlumat kitabı"nda Mirəsgər xan Talışinski
haqqında məlumat verərkən yazmışıq:
"Mirəsgər xan ilk təhsilini İranın Nəmin mədrəsəsində,
sonralar Təbrizdə almış, Sankt-Peterburq Universitetinin
hüquq fakültəsini (1885) bitirmişdi. 1890-cı ildə
Lənkərana qayıdaraq, dövlət qulluğunda işləmişdi.
Sonralar Lənkəran şəhər idarəsinin ibtidai təhsil
rəhbəri (1894-1898), Bakı quberniyası Lənkəran
bölməsinin həbsxana rəisi (1909-1912, 1915) olmuşdu.
1901-ci ildə ona polkovnik rütbəsi verilmişdi. Mirəsgər
xan imperiyanın adlı müvəkkili idi. Qafqaz
gömrükxana müfəttişliyinin Astara nahiyəsinə
və Rusiya Qırmızı Xaç cəmiyyətinin Lənkəran
şöbəsinə rəhbərlik (1917-1919) etmişdi. Xalq
arasında böyük hörmət və nüfuzu
olmuşdu. I Dünya müharibəsində başsız
qalmış əsgər ailələrinə, müharibədən
şikəst qayıdanlara maddi və mənəvi yardım göstərmişdi.
Lənkəran şəhərində fəaliyyət göstərən
məktəbləri himayəyə götürmüş,
ikisinifli şəhər məktəbinin fəxri müdiri
olmuşdu.
Azərbaycan Demokratik Respublikasının
yaradılmasında iştirak etmiş, ADR-in Lənkəranda səlahiyyətli
nümayəndəsi olmuşdu. Müsavat Partiyası Lənkəran
qəza təşkilatının yaradılmasında
iştirak etmiş, 1918-1920-ci illərdə partiyanın Lənkəran
şəhər təşkilatı sədrinin müavini
olmuşdu".
Tanınmış tədqiqatçı Rəzzaq
Xansuvarovun məlumatına görə, ADR-in
yaradıcısı Məhəmməd Əmin Rəsulzadə
1917-ci il martın 10-da Lənkəranda olarkən, Mirəsgər
xan Talışinskinin qonağı kimi dörd gün onun
malikanəsində qalıb.
Mirəsgər xanın iki həyat yoldaşı olub.
Birinci arvadı Lənkəranın Şağlakücə kəndindən
rəiyyət qızı idi. Həmin xanımdan Mircavad
adında bir oğlu olmuşdur. Mircavaddan törənənlər
"Cavadzadə" soyadını daşıyırlar.
Davamçılarından Lənkəranda yaşayıb fəaliyyət
göstərənlər var. Dünya şöhrətli cərrah-uroloq
Mirməhəmməd Cavadzadə Mirəsgər xanın nəvəsidir.
Mirəsgər xan Talışinskinin ikinci
xanımı Saray Bəyimdən yeddi övladı olmuşdu:
Mirəsədulla, Mirisrafil, Mirmahmud, İsgəndər, Humaya
Sultan xanım, Tuğra xanım və Kişvər xanım.
ADR-in süqutundan sonra Mirəsgər xan
Talışinski İrana keçərkən həyat
yoldaşı Saray Bəyim xanımla (Pitan xanım) sərhəd
keçid məntəqəsində saxlanmış və
var-dövləti əlindən alınmışdı. Mirəsgər
xanın buna ürəyi dözməyib, o, 1920-ci ildə Nəmində
vəfat edib.
lll
Mirmustafa xanın qızı Böyükxanım
Talışinskayanın ilk gənclik dövrü Lənkəranda
keçmiş, 1826-cı ildə qəriblikdə
yaşamışdı. Gözəl ev tərbiyəsi və təhsili
alıbmış, ana dilindən başqa rus, ərəb, fars,
fransız, türk və talış dillərində sərbəst
yazıb oxuya bilirmiş. Talış xanı olan atası
Mirmustafa xan 1814-cü ildə vəfat etdikdən sonra yerinə
xanın böyük oğlu Mir Həsən xan
keçmişdi. Mir Həsən xan Rusiya dövlətindən
narazı idi, onun işlərinə qarışan Lənkəran
qalasının komendantı İlinski ilə mübarizə
aparırdı. XIX əsr tarixçisi Mir Həsən
xanın vəziri Mirzə Əhməd "Əxbarnamə"
əsərində yazır: "Mayor İlinski beş yüz
atlı kazak və rus tərəfdarları ilə Ərkivanda
Mir Həsən xanın zövcəsini... və Sadıq
xanın qızının mənzilində olan Mir Həsən
xanın bacısını Səkinə xanım ilə birlikdə
tuturlar". Teymur bəy Bayraməlibəyov "Talış
xanlığının tarixi" əsərində
yazmışdır ki, mayor İlinski Mir Həsən xanın
Böyükxanım adlı bacısını da əsir edərək
oğurlayıb Sara (Sarı) adasına aparmışdı.
Bacılarının oğurlanması onu pərt etmişdir (D
- 687.28597. Talış xanlığının tarixi, səh.
34-35).
Peterburqda Böyükxanımın günləri
çox da xoş keçmir, qəriblik həyatı onu
sıxır. Bir yandan da sərxoşluqla həyat keçirən
əri İlinskinin miskin həyatı onu bezdirir. Peterburqda
gimnaziyada fars və türk dillərindən dərs deyən
Böyükxanımın ən yadda qalan anları mütaliə
etdiyi günlər olub. Heç bir övladı olmayan bu
qadın bütün məhəbbətini doğma yurduna dair
kitablara salmışdı. Vətən ətrini onlardan
alırdı. Savadlı və mütərəqqi bir şəxs
kimi aristokratlar arasında böyük hörmət
qazanmışdı. G.Məmmədzadənin "Bir faciənin
tarixi" ("Lənkəran" qəzeti, 22.01.1991) məqaləsində
də qeyd edildiyi kimi, Vətəndə ölmək ona qismət
olmayıb. Öləndə sinəsi üstündə müqəddəs
"Quran" varmış. "Quran"ın 36-cı -
"Yasin" surəsindən olan səhifələr
açıq qalıbmış. Ölüm ayağında
özü öz duasını oxuyub, sonra vəfat edibmiş.
Onun dəfninə çoxlu ziyalı
toplaşmışdı. Adlı-sanlı keşiş də
çağırılmışdı. Lakin kilsə
başçısı biləndə ki, Böyükxanım
"Quran" oxuyurmuş, öləndə üstündən
müsəlmanların müqəddəs kitabı
tapılıb, keşiş deyir: "O, müsəlman kimi
ölmüşdür. Ona görə də onu xristian qəbiristanlığında
yox, müsəlman qəbiristanlığında dəfn etmək
gərəkdir". Belə də edirlər. Müsəlman
kimi "tatar qəbiristanlığı"nda dəfn edilir.
Böyükxanımın sinəsi üstündə olan
"Quran"ın arasından onun vəsiyyətnaməsini
tapmışlar. Bu vəsiyyətnamə
Böyükxanımın qohumlarından olan general Miribrahim
xana çatıb. Məlum olur ki, Böyükxanım ona məxsus
olan iki milyon manat pulunu Lənkəranda yaşayan əlsiz-ayaqsızlara,
kimsəsizlərə, şikəstlərə verilməsini vəsiyyət
edibmiş. Çar hökuməti bu vəsiyyətə əməl
etmişdi".
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.15.