Qərbi Azərbaycana
aid el-oba adlarımız
XALQIN SİLİNMƏYƏN QAN YADDAŞI
Bundan sonra da elə əsərlər
yaranmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən
həmin torpaqların Azərbaycana məxsus olmasını
daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik.
Biz gələcək nəsillər üçün bir yol
açmalıyıq.
Ulu öndər Heydər Əliyev
Qərbi Azərbaycan! Doğma vətənimizin,
tariximizin unudulmaz bir parçası. Bu torpağa, bu bölgəyə
aid min illərin yadigarları, milyon hadisələrin şahidləri
olan yer-yurd adları vardır ki, xalqımızın qədim
tarixi, mədəniyyəti, adət-ənənələri ilə
bağlı olan bir çox faktları yaşadır. Toponimlər
xalqın keçmişinin əks-sədası, qiymətli
tarixi abidəsi, mənəvi sərvətidir. Onların hər
biri insan ömrünün, insan həyatının, onun
inkişaf mərhələlərinin oxunmamış səhifələridir.
Ancaq təəssüflər olsun ki, tarixi düşmənimiz
olan erməni vandalları təkcə ərazilərimizin
işğalı ilə kifayətlənməmiş, eyni
zamanda bu ərazilərdə yerləşən arxeoloji və
memarlıq abidələrimizi vəhşicəsinə məhv
etmişlər. Bizim torpaqlarda yaradılan Ermənistan dövləti
və orada yaşayan ermənilər 200 ilə yaxındır
ki, tariximizi saxtalaşdırmaqla, dağıntılar törətməklə
yanaşı, türk mənşəli el-oba
adlarımızı dəyişdirib erməniləşdirmişlər.
Əvəzolunmaz ümumtürk tarixi abidəmiz olan
"Kitabi-Dədə Qorqud" dastanının coğrafi
mühitinə nəzər saldıqda belə, əsərdə
adları çəkilən, oğuz qəhrəmanlarının
doğma yurdları, ocaqları olmuş Şirokuz, Alagez,
Altuntaxt, Cızıqlar, Ağlağan, Gökcə dəngiz
(Göyçə gölü) və digər ərazilər
indi Ermənistan adlanan Qərbi Azərbaycanda yerləşir.
Bu bölgənin əsl, köklü sakinləri Azərbaycan
türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərərə
köçürülmüşdür. Akademik Yaqub Mahmudovun
qeyd etdiyi kimi, "bu gün Ermənistan Respublikasının
yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan
torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar
idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha
doğrusu, gətirilmə etnosdur. Bu etnosun
yaşadığı "Ermənistan Respublikası"
adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan
xalqı yaşadıqca, bu, həqiqət də
yaşayacaqdır".
Bəli, ilk erməni dövləti 1918-ci ildə qədim
Azərbaycan torpaqlarında - keçmiş İrəvan
xanlığının ərazisində yaradılmış və
həmin ərazidəki toponimlərin əksəriyyəti -
90 faizdən çoxu azərbaycanlılara məxsus
olmuşdur, yəni türk mənşəli sözlərdən
ibarət olmuşdur. XIX yüzilliyin əvvəllərindən
başlayaraq, 1994-cü ilə kimi məkrli siyasətlərini
həyata keçirən ermənilər Qərbi Azərbaycan ərazisində
olan minlərlə türk mənşəli coğrafi adları - yer, yurd, dağ, meşə,
bulaq adlarını dəyişdirərək saxtalaşdırmışlar. Arxiv
materialları göstərir ki, 1903-cü ilə aid olan "Cənubi
Qafqaz. 1903-cü il" xəritəsi Azərbaycanın tarixi
və coğrafi ərazisinin düzgün bir şəkildə
göstərilməsində mühüm rol oynayır. Belə
ki, xəritədə əksini tapan, Ermənistanın ərazi
bölgələrindəki toponimlər əsasən türk mənşəlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Qərbi
Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir
çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr
təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar
olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda
da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan
ediblər, dağıdıblar, azərbaycanlıların
tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.
Çünki tarix var, sənədlər var, xəritələr
var... Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan
mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan
ərazisində tarix boyu Azərbaycan xalqı
yaşayıb".
Bəli, müxtəlif dövrlərdə bu torpaqlarda
yaşamış, yazıb-yaratmış, adları Azərbaycanın
mədəniyyət tarixində əbədi
yazılmış el şairlərindən Alməmməd və
Məmmədhüseyn, Şeyda
Əziz, ustad aşıqlarımızdan Aşıq Alı, Aşıq Məhərrəm,
Aşıq Musa, Mərzə Bəylər, Şair Aydın,
Aşıq Əziz, Usta Abdulla, Aşıq Ələsgər və digərlərinin əsərlərində,
ümumilikdə folklorda, tarixi ədəbiyyatlarda qədim yer-yurd, el-oba adlarına
rast gəlirik:
Mahalım Göyçədir, kəndim Qızılvəng
Aşıq Alı təkdir, təkə tək gərək;
Yaxud:
Adım Ələsgərdi, Göyçə -
mahalım,
Dolanım başına, mən qadan alım
- deyən böyük şairlərimizin
yaradıcılığında gəzib-dolandıqları, həyatlarının
bağlı olduqları məkan adları işlənmişdir.
Göründüyü kimi, toponimlər aid olduğu xalqın
heç silinməyən qan yaddaşı, əlindən
alınmayan milli varlığı-varidatı, onu əsrlərdən-əsrlərə
daşıyan mənəvi ruhun, mentalitetinin möhürü
sayılır. Onlarda xalqın dilini, tarixini əks etdirən
izlər yaşayır.
Qərbi Azərbaycan toponimlərinin
araşdırılması xalqımızın özünəməxsus
qədim milli mədəniyyətə və əraziyə
malik olduğunu, onun yerli xalq olduğunu faktlarla təsdiq edir.
Aydın Qarabağlının "Qarabağ, onun qədim
tayfaları və toponimləri" kitabında yer alan
"Tarixi Qərbi Azərbaycan toponimləri" adlı
yazısında qeyd olunur ki, "İndiki "Ərmənistan"
adlanan məkan bütün mədəni bəşəriyyətə
məlumdur ki, m.ö. də türk mənşəli tayfalara,
orta yüzilliklərdə isə azər türklərinə
məxsus olmuşdur. Bu torpaqlarda və Qarabağda mövcud
eyni yer, dağ, çay, mahal, kənd adları bir daha ona dəlalət
edir ki, mövcud vahid məkanda eyni türk mənşəli tayfalar yaşamış, qız
alıb, oğlan evləndirmiş, qohumlaşmış və
ənənəvi gediş-gəliş nəsillərdən-nəsillərə
keçmiş, xalqımızın vahid etnomənəvi dəyərləri,
adət-ənənələri davam etdirilmişdir. Bunu
coğrafi adlardan başqa yerli türklərin
yaratdıqları maddi-mədəniyyət nümunələri,
abidələr də sübut edir".
Tarixi Qərbi Azərbaycan torpaqları, minilliklər
boyu türk xalqlarının məskunlaşdığı, zəngin
mədəniyyətə və qədim sivilizasiyalara ev
sahibliyi etmiş bir coğrafiyadır. Bu ərazilərdə
türk mənşəli toponimlər çox qədim
dövrlərdən bəri mövcuddur və həmin adlar
yalnız coğrafi bölgələri deyil, həm də
tarixi, etnik və mədəni kimliyi əks etdirir:
Göyçə (indiki Sevan gölü ətrafı)
- Vardanes: Göyçə qədimdən türklərin
yaşadığı ərazi olmuş, eyni adlı göl də
bu bölgənin mərkəzində yerləşmişdir.
"Göy" və "çə" sözləri su və
rənglə əlaqələndirilir. Sonradan bu bölgənin
adı dəyişdirilərək Vardanes formasına
salınmışdır.
Basarkeçər - Vardenis: Basarkeçər toponimi
türkcə "bazar" və "keçər"
sözlərindən ibarət olub, ticarət yolları üzərində
yerləşdiyini göstərir. Bu bölgə də yerli azərbaycanlıların
sıx yaşadığı bir məkan olmuşdur.
Dərələyəz - Ayotsdzor: Dərələyəz
vadisi qədim türk tayfalarının yaşadığı
ərazi kimi tanınır. Adı "dərə" və
"ləyez" komponentlərindən ibarətdir. Lakin bu
bölgənin adı erməni dilində Ayotsdzor ("ermənilər
dərəsi") olaraq dəyişdirilmişdir.
Qəmərli - Artaşat, Vedi - Ararat, Calaloğlu -
Stepanavan, Hacı Nəzər - Kamo, Molla Dursun - Şaumyan,
Karvansara - İcevan, Ağbaba - Amasiya, Üçkilsə - Eçmiədzin,
Barana - Noyemberyan, Aşağı Körpülü - Axtanaq,
Şəmsəddin - Berd, Zəngibasar
- Masis, Ellər - Abovyan, Qızılqoç - Qukasyan, Düzkənd
- Axuryan, Böyük Qarakilsə - Vanadzor, Qafan - Qapan və digər
yerlərin adları da türk mənşəlidir. Bu toponimlərin
hər biri yerli əhalinin dili, mədəniyyəti və
yaşayış tərzindən yaranmışdır.
Qarakilsə rayonunda mövcud coğrafi yer adları qədim
türk elindən soraq verir. Tarixi Zəngəzur
mahalının ərazisində sovetlər dövrünün
ilk illərindən yaradılmış Qarakilsə rayonu
(09.09.1930) on il sonra Sisian
adlandırılmışdır. Bölgənin 14 Azərbaycan
türklərinə məxsus kənd adı da belə dəyişikliyə
məruz qalmışdır: Alılı-Salvard,
Şenadağ-Gernaşen, Məliklər-Spandaryan, Mərzə-Bartsravan,
Ağkənd-Aşotavan, Saybalı-Sarnakun və digərləri.
Qərbi Azərbaycanın qədim yurd yerlərindən,
tarix boyu azərbaycanlıların əzəli və əbədi
yaşayış məskənlərindən biri də
Dərəçiçək mahalıdır. Bu gözəl
diyar əsrlər boyunca İrəvan xanlığının ərazisinə
daxil olmuş, onun sosial-iqtisadi və mədəni həyatında
mühüm rol oynamışdır. Əsrarəngiz təbiəti,
güllü-gülüstanlı yaylaqları və təmiz
havası ilə seçilən bu mahal qədimdən bəri
yerli əhalinin həm yaylaq, həm də qışlaq kimi
istifadə etdiyi bir ərazi olmuşdur.
Dərəçiçək toponimi Azərbaycan dili
fondunda formalaşmış, leksik-semantik baxımdan aydın və
mənaca zəngin yer adlarından biridir. Bu toponim iki komponentdən
- "dərə" və "çiçək"
sözlərinin birləşməsindən ibarətdir. "Dərə"
sözü Azərbaycan dilində coğrafi termin kimi "iki
dağ arasında yerləşən, adətən, dərin və
ensiz çökəklik" mənasında işlənir. "Çiçək"
sözü isə "çiçəkləri olan
bitki", "gül" və ya "çiçəklənmiş
gözəl bitkilər" anlamında işlənərək,
təbiətin estetik gözəlliyini əks etdirən ifadə
vasitəsidir. Dərəçiçək toponimi yalnız
coğrafi bir anlayış deyil, həm də milli dil
yaddaşının, folklorun və xalqın məkanla olan mənəvi
bağlarının təcəssümüdür. Onun etimoloji
strukturu həm də bizə göstərir ki, xalq müəyyən
bir yerə ad verərkən, sadəcə fiziki-coğrafi
xüsusiyyətləri deyil, həmin məkanın təbiətə
bəxş etdiyi gözəlliyi və dəyəri də nəzərə
almışdır.
Dərəçiçək mahalı Osmanlı
imperiyası dövründə də tanınmış
inzibati bölgələrdən biri hesab edilirdi və bu ərazi
Dərəçiçək nahiyəsi adı ilə
Osmanlı salnamələrində öz əksini
tapmışdır. Daha sonralar, XVIII əsrin sonlarında bu ərazi
İrəvan xanlığının tərkibində "Dərəçiçək
mahalı" kimi təşkil edilmişdir. 1847-ci ildə
Çar Rusiyası tərəfindən aparılan siyasət nəticəsində
mahalın adı dəyişdirilərək
"Konstantinovka" adlandırıldı. Daha sonra isə,
1946-cı ildə bölgənin adı yenidən dəyişdirilərək
"Tsaxqadzor", 1959-cu ildə isə Hrazdan rayonu
adlandırılmışdır. Mahalın ərazisi indiki
Kotayk vilayətinin keçmiş Axta (Hrazdan) rayonunun ərazisinə
uyğun gəlir. Bu dəyişikliklər nəticəsində
qədim türk-müsəlman toponimləri silinməyə
başladı və ərazi erməniləşdirmə
prosesinin bir hissəsinə çevrildi.
Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti,
adət-ənənələri ilə bağlı olan bir
çox faktları yaşadan el-oba adları, həm də
dilimizin lüğət tərkibini də zənginləşdirir.
Hər bir xalqın tarixi, dili, təfəkkürü, məşğuliyyəti
haqqında dəyərli məlumat verən onomastik
leksikanın tərkib hissəsi olan toponimlər tariximizin səsini
gələcək nəslə çatdırmağın bir
vasitəsidir. Bu səbəbdən yer adlarını qorumaq,
öyrənmək və təbliğ etmək, hər birimizin
müqəddəs və tarixi borcudur. Bu adlar, tariximizi, mədəniyyətimizi
və yaşadığımız coğrafi bölgələrin
əhəmiyyətini anlamağa kömək edir.
Bəli, biz artıq dədə-baba yurdlarımıza
- Qarabağa, Qərbi Azərbaycana
qayıdaraq, özünəməxsusluğumuzu, dəyərlərimizi
üzə çıxardaraq, yaradıcılıq və
quruculuqla məşğul olaraq dünya mədəniyyətini
zənginləşdirəcəyik. Artıq o gün bu
gündür. Bu torpaqlarımızın tarixi və əsrlər
boyu inkişaf edən mədəniyyəti, sənəti və
dəyərləri dünya ictimaiyyətinin diqqətini cəlb
edəcək qədər zəngin və dəyərlidir.
Sevinc HƏSƏNOVA
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.- 18 aprel(¹65).-S.13.