İncə bir SOS: Sənətin
Sosial Taleyi
Esse
Bəzən bir rəsm tablosu cəmiyyətin
ağrısını, ya da xarakterini daha dəqiq ifadə edir,
bəzən bir musiqi parçası içimizdə sözlərlə
izah olunmayan duyğulara toxunur. İncəsənət -
insanın özünüifadəsinin ən qədim, ancaq daim
yenilənən formasıdır. Lakin günümüzdə
incəsənətin ifadə vasitələri dəyişməklə
qalmır, həmçinin, onun cəmiyyətdəki rolu da
dönüş yaşayır. Bu dönüşün ən
böyük katalizatoru isə, şübhəsiz, sosial şəbəkələrdir.
Əgər əvvəllər incəsənət
qalereyalarda, səhnələrdə, kinoteatrlarda, tamaşa
zallarında və konsert salonlarında təqdim olunurdusa, bu
gün bir çox yaradıcı insan öz "səhnəsini"
sosial platformalarda - instaqram, TikTok, yutub və digər kanallarda
qurur. Bu, bir tərəfdən demokratikləşmədir: indi
istedadlı olmaq üçün yalnız sənət
institutlarından məzun olmaq və ya tanınmış
prodüserlərlə işləmək kifayət deyil. Əgər
sən həqiqətən maraqlı, fərqli və hiss etdirən
məhsul yaradırsansa - istər vizual sənət, istər
musiqi, istər performans - sosial şəbəkələr səni
yüz minlərlə insana tanıtmaq gücündədir.
Amma bu dəyişiklik birmənalı deyil. İncəsənət
artıq yalnız "dərin" olmaqla kifayətlənə
bilmir; o, həm də "trendlərə uyğun"
olmalıdır. Paylaşım üçün əlverişli
olmayan, viral potensialı zəif olan əsərlər çox
vaxt diqqətdən kənarda qalır. Sanki sənətkar
artıq yalnız öz daxili
çağırışlarına deyil, həm də
alqoritmin diktəsinə qulaq asmalıdır. Gəlin etiraf edək
ki, bu gün incəsənət çox zaman "layk"
sayının kölgəsində qalır.
Cəmiyyətin incəsənətə münasibəti
də dəyişib. İndi sənət təkcə estetik dəyərə
deyil, həm də "kontent" statusuna malikdir. TikTok-da bir rəssamın
15 saniyəlik iş prosesi bəzən onun tamamlanmış əsərindən
daha çox maraq doğurur. Dinləyici mahnının
sözündən daha çox onun trend
olub-olmadığına diqqət yetirir.
Görünür, bu yeni dövrdə sənətkar
olmaq - həm yaradıcılıq, həm də texnoloji savad tələb
edir. Ənənəvi dəyərləri qorumaqla yanaşı,
yeni platformaları doğru və ağıllı şəkildə
istifadə etmək bu günün əsas
çağırışlarındandır. Bu balansı
tapmağı bacaranlar həm özlərini ifadə edə
bilir, həm də cəmiyyətin sənətə olan
münasibətini dəyişə bilir.
Çünki sosial şəbəkələr
keçicidir, amma əsl incəsənət - qalıcı.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.12.