IV Uşaq Kitab Festivalı: kitaba və
bili yə sevginin təntənəsi
Kitab sevgisinin aşılandığı,
uşaqları biliklərlə zənginləşdirən,
onların təxəyyülünü və
yaradıcılığını qidalandıran bir tədbirə
şahid olmaq - bu, yalnız bir festivalın gerçəkləşməsi
deyil, bütöv bir düşüncə tərzinin
sevincidir. Bu il keçirilən IV Uşaq Kitab Festivalı da məhz
belə bir ruhda baş tutdu.
Festivalda həm "Valideyn məktəbi" layihəmizlə,
həm də müəllifi olduğum "Valideyn məktəbi
- Ana olmaq" adlı kitabımla iştirak etdiyim
üçün ikiqat məsuliyyət və sevinc hissi
yaşayırdım.
Festival gözlədiyimdən daha möhtəşəm
və uğurlu keçdi. Hələ festivaldan öncə
hiss etdiyim o həyəcan, hazırlıqlar zamanı
içimdə dolub-daşan gözləntilər sanki
içimdəki bir uşağın sevinci ilə birləşmişdi.
Lakin o gün gördüklərim bütün təsəvvürlərimi
aşdı.
İnsan izdihamı ilə dolu bir məkan, əl-ələ
tutmuş valideyn-uşaqlar, kitab seçməkdə qərarsız
qalan uşaqlar, müəlliflərlə görüşməyi
səbirsizliklə gözləyən yeniyetmə və gənclər...
Bu, kitabın, bilik və sevginin təntənəsiydi.
Məkanın hər küncündə uşaq səsi,
kitab vərəqləyənlərin həyəcanı və
saf gülüşlər var idi. Uşaqların sevinc səsləri
hələ də qulaqlarımdadır. Onlardan biri
yaxınlaşıb mənə dedi: "Bu kitab mənim xəzinəm
olacaq!" - bu cümlə içimi elə titrətdi ki...
Bir başqasının boynuna asdığı kitab
çantasını göstərib, "Baxın, müəllimə,
içi xəyallarımla doludur!" deməsi isə qəlbimə
iz saldı. Bu qədər saf, bu qədər ümid dolu
baxışlara şahid olmaq, mənə bir daha göstərdi
ki, doğru yoldayıq.
IV Uşaq Kitab Festivalı uşaqlar üçün
sadəcə kitab satışı tədbiri deyildi, həm də
yazarlarla tanışlıq, nağıl saatları, səhnəciklər
və interaktiv fəaliyyətlərlə zənginləşmiş
bir təcrübə idi. Ən çox təsirləndiyim məqamlardan
biri isə kitab seçən bir uşağın atasına
dediyi bu sözlər oldu: "Ata, bu kitabda yazılıb ki, hər
gün kitab oxuyan uşaqların xəyalları daha
güclü olur. Mən də xəyal qurmaq istəyirəm!"
Bu cümlə Festivalın mənəvi dəyərini izah etmək
üçün bəlkə də yetərlidir.
"Valideyn məktəbi: Ana olmaq" kitabımın
imza mərasimi xüsusi maraqla qarşılandı - müxtəlif
yaşda valideynlərin, xüsusilə də ataların bu
mövzuya diqqət göstərməsi mənim
üçün çox dəyərli və
ruhlandırıcı idi. Simalardakı təbəssüm,
valideynlər üçün bir ədəbiyyatın
olmasına təəccüb qarışıq sevinən ana və
atalar, kitabla və müəlliflə şəkil çəkdirməyə
çalışan uşaqlar - hər biri film kadrı kimi
hafizəmdə xüsusi yer aldı. Hələ bir
uşağın kitabı göstərərək "Ana,
bax, burda tək bizin üçün deyil, həm də sənin
üçün də kitab var" deməsi məni məndən
almışdı. Bütün bunlar içimi
işıqlandırır, ruhumu oxşayırdı.
Festivalda "Valideyn məktəbi" adına bir panel
təqdimatımız da oldu. Səhnə qarşısında
dayanan analar, atalar, müəllimlər, suallar verənlər,
maraqlananlar, təşəkkür edən insanlar - bu layihənin
necə böyük bir ehtiyacdan doğduğunu bir daha
sübut etdi. Mənim üçün ən dəyərli
anlardan biri də bir ananın yaxınlaşıb: "Sizin bu
layihəniz sayəsində qızımla daha yaxşı
ünsiyyət qurmağa başlamışam" - deməsi
oldu. Bu, illərlə üzərində
çalışdığımız işin bəhrəsi
idi.
Təxminən 1 saat davam edən bu təqdimat həm
uşaqlar, həm valideynlər, həm də müəllimlər
tərəfindən maraqla qarşılandı. Tədbir
anşlaqla keçdi. Paneldə millət vəkili, pedaqoq,
psixoloq, gənc, yeniyetmə, müəllim, valideyn və
uşaq bir araya gəldi, valideyn-övlad münasibətləri
mövzusunda səmimi müzakirələr aparıldı.
Aldığım geridönüşlərdən dolayı deyə
bilərəm ki, bu cür fərqli yanaşma hər tərəfin
baxış bucağını təqdim etməyə imkan
yaratdı və münasibətlərin sağlam qurulması
üçün real nümunələr ortaya qoydu. Burada
valideynlərlə söhbətlərimiz, uşaqların
psixoloji inkişafında kitabın rolu haqqında verdiyimiz mesajlar
və qarşılıqlı paylaşım tədbirin mənim
üçün ən yaddaqalan məqamlarından oldu.
Bir sözlə, bu Festival mənim üçün adi
bir tədbir deyildi. Bu, həm də gələcəyə olan
inamın, uşaqların gözündəki ümidin, cəmiyyətin
kitaba verdiyi dəyərin təzahürü idi. Qəlbim
sevinc, minnətdarlıq və məsuliyyət hissi ilə
doludur. Bu gözəlliyin bir parçası olmaq, fayda vermək
və xatirələrə bir iz buraxmaq sözün əsl mənasında
xoşbəxtlikdir.
IV Uşaq Kitab Festivalı təşkilatçılıq,
proqramların zənginliyi və cəmiyyətə verdiyi mesaj
baxımından çox dəyərlidir. Belə təşəbbüslər
təkcə oxu mədəniyyətini təşviq etmir, eyni
zamanda ailə institutunun, uşaqların və gənclərin
sosial-emosional inkişafına müsbət təsir göstərir.
Kitab, uşaq və valideyn birliyini möhkəmləndirən
bu kimi tədbirlərin davamlı olması, sadəcə
uşaqların deyil, bütöv bir cəmiyyətin gələcəyə
aparan yoludur.
Aysel RƏSULZADƏ,
Pedaqoq, "Valideyn məktəbi: Ana olmaq"
kitabının müəllifi, Green Start Academy Psixologiya, Təlim
və İnkişaf Mərkəzinin direktoru
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.12.