Göz görə-görə talan
Sosial şəbəkədə yazılanlar
Məmməd Gülməmmədov, jurnalist:
- Prezident İlham Əliyevin Şimali Kipr məsələsində
göstərdiyi iradə bir siyasi liderdə olan maksimum səmimiyyət
və sözün əsl mənasında həqiqi müttəfiqlikdir.
Qəzzada baş verənlərlə bağlı hazırda
yaşanan Türkiyə-İsrail gərginliyində Azərbaycanın
yanaşmasına ağız büzənlərə də
tarixi sillədir. Azərbaycan rəsmilərinin və şəxsən
ölkə başçısı İlham Əliyevin dəfələrlə
Fələstin-İsrail gərginliyində iki dövlətli
bir həll yolunun olduğunu və bunu dəstəklədiyini
açıqlamasına baxmayaraq hər dəfə bununla
Türkiyə-Azərbaycan münasibətlərinə zərər
verməyə çalışanlara da verilən ən
böyük və tutarlı cavabdır. Daxildəki və
xaricdəki küləklə bərabər yön dəyişdirənləri
və bədniyyətliləri Azərbaycanın ali rəhbəri
hər zaman olduğu kimi onurğalı siyasi duruşu ilə
bir daha darmadağın etdi.
Elçin Alıoğlu, jurnalist:
- "İlham Əliyev - regionun lideridir... və yeni
prinsipin yaradıcısıdır" - Mixail Saakaşvili.
"Antalyada bu yaxınlarda keçirilmiş forumda Azərbaycan
Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq
çıxışı xüsusi fərqlənirdi. O,
dünyada hökm sürən yalan, ikiüzlü siyasi
korrektlikdən və ikili standartlardan imtina etdi", - deyə
Gürcüstan müxalifətinin lideri, sabiq prezident Mixail
Saakaşvilinin bəyanatında bildirilir.
Antalyadakı diplomatik forumda Azərbaycan liderinin
çıxışını şərh edən
Saakaşvili qeyd edib ki, Əliyev hər şeyi olduğu kimi
adlandıraraq, başqalarının bəlkə də
düşündüyü, lakin səsli şəkildə deməyə
cəsarət etmədiyi fikirləri dilə gətirdi: "O,
Rusiyanın Ukraynaya müdaxiləsi faktlarını
açıq şəkildə göstərdi və yaranmış
vəziyyətdən çıxış yolu təklif etdi.
Əliyev bu çıxışı ilə bir daha təsdiqlədi
ki, o, yalnız regionun lideri deyil, həm də dövlətlərin
öz ləyaqətini qorumaqla davranışının yeni
prinsipinin yaradıcısıdır".
Bilal Alarlı, filologiya üzrə fəlsəfə
doktoru:
- Sovet dönəmində nişan üzüyü 60
manat idi, nigah sənədinə imza atılarkən evlənən
gənclərin hərəsinə 60 manat nağd pul verilirdi
ki, özlərinə nişan üzüyü alsınlar. O
pulu mən də almışam.
Günay Rəhimova, sosial şəbəkə istifadəçisi:
- 1906-cı ilin bugünkü günündə - 16
apreldə Bakıda Azərbaycan dilində ilk uşaq
jurnalı olan "DƏBİSTAN"ın birinci sayı
çapdan çıxıb.
Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə
Bakıda nəşr olunub.
Dövrün tanınmış ziyalıları Abbas Səhhət,
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və
başqaları həmin jurnalla yaxından əməkdaşlıq
ediblər.
Elşad Eyvazlı, jurnalist:
- Bakıda, bölgələrdə polisin işinə
baxırsan. Fəxr edirsən. Hər an insanların
yanındadırlar. Polis birimizin qardaşı, əmisioğlu,
birimizin övladı, uşaqların atasıdır. Polisimiz
sevgi ünvanıdı. Yaşasın Azərbaycan polisi...
Həcər Paşayeva, yazar:
- FHN-nin bütün əməkdaşlarına bu
çətin gündə etdikləri fədakarlığa
görə təşəkkürümü bildirirəm! Var
olun!
Asif Nərimanlı, jurnalist:
- Rusiyanın Sumıya hücumu Trampın 30
günlük atəşkəs "uğurunun" nəticəsiz
olduğunu təsdiq etdi. Putinin Trampın "atəşkəs
təklifini" qəbul edəndə də
yazmışdıq: Rusiya sülhdən qaçan tərəfə
çevrilməmək və ABŞ-ın təzyiqindən
yayınmaq üçün buna razı oldu, lakin tərəflər
- Rusiya və Ukrayna bir-birini "atəşkəsi pozan tərəf"
kimi göstərmək üçün
qarşılıqlı hücumlara davam edəcəkdi və
razılaşmanın əldə edilməsindən sonra
hücumlar səngimədi.
Sumı hücumu nəticlərinə görə daha dəhşətlisidir.
Bu hücumda əsas diqqətçəkən məqam
ABŞ-ın reaksiyası oldu. Vaşinqtondan verilən
açıqlamalarda - Rubio və Kollequn bəyanatlarında
Rusiya qınanılsa da, "Tramp müharibəni məhz buna
görə dayandırmağa çalışır"
sözləri xüsusi olaraq vurğulanır. Birmənalı
qarşılanmayan fikirdir, çünki ABŞ müharibəni
Ukrayna ərazilərinin güzəştə gedilməsi
hesabına dayandırmaqdan bəhs edir. Bu kontekstdə sual
yaranır:
- Vaşinqtonun Sumı hücumuna münasibəti Kiyevə
"sülhə razılaşmasanız, şəhərləriniz
bombalanmağa davam edəcək" mesajıdır?
- Yaxud Ukraynada şəhərlərin bombalanması,
mülki insanların ölümü Kiyevin gündəmdəki
sülh planına razı salınması baxımından
ABŞ-ın marağındadır?
Müharibənin günahkarı Tramp deyil, lakin
mülki insanların ölümü Ağ Evdə əyləşənlər
üçün təfərrüat kimi görünür.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun
prezidenti:
- Göz görə-görə talan: bank
kartlarından gündəlik minlərlə manat
oğurlanır.
Fırıldaqçılar "yağlı
müştəriləri" necə müəyyənləşdirirlər
?
Son bir neçə gündə Kibercinayətkarlıqla
Mübarizə Baş İdarəsinin, DİN rəsmisi
Elşad Hacıyevin açıqladığı məlumatlara
göz gəzdirirəm.
Statistika sadəcə ağlasığmazdır.
Əslində, DİN-in artıq gündəlik belə
bir statistikaları paylaşması özü diqqət cəlb
edəndir.
Əvvəllər gündəlik statistikada adətən
ayrı növ cinayətlərin məlumatları gözə
dəyirdi.
Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla
Mübarizə Baş İdarəsi və banklar nəhayət
ki, real vaxtda işləyən bir antifraud sistem qura biliblər.
Bu, artıq bank sektorunda kiber cinayətkarlığa
qarşı yeni bir mərhələnin
başlanğıcıdır.
Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər
tam, real vaxtda monitorinq oluna bilir.
Bütün bunlar isə, şübhəsiz ki, cinayətkar
sxemlərin vaxtında ifşasına və
qarşısının alınmasına daha yaxşı şərait
yaradacaq.
Açıqlanan məlumatlardan isə
görünür ki, yenə həmin kordinat, həmin
dalğadır.
Fırıldaqçılar müxtəlif sxemlərdən
istifadə edərək vətəndaşların
etibarını qazanır, müxtəlif üsullarla zəng
etməklə özlərini bank işçisi, sığorta
agenti, vergi əməkdaşı kimi təqdim edərək
şəxsi və maliyyə məlumatlarını əldə
edirlər.
Nələrə diqqət etmək lazımdır?
Bir daha xatırladırıq ki, bank kartının məlumatlarını
- CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, loqin və
parolu, PIN kodu paylaşmaq təhlükəlidir!
Özünü "bank işçisi",
hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim
edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının
müzakirəsinə keçmək təhlükəlidir!
Bank kartları ilə olan kibercinayətkarlıqda əsas
vasitələrdən birisi xaricdə oturan
fırıldaqçının yerli nömrə ilə zəng
etməsidir.
Adətən bu məqsədlə SİM-box adlanan
qurğulardan istifadə edilir.
Yəni cinayətkar xaricdə bir ölkədə
oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda
özünə tərəfdaş tapır, SİM-box-lar Azərbaycana
göndərilir və hansısa bir məkanda yerləşdirilir,
potensial -"yağlı müştəri" hesab olunacaq vətəndaş
müəyyən olunur. Onlarla, yüzlərlə mobil nömrələr
- sim kartlar alınaraq SİM-box a yerləşdirilir.
Fırıldaqçılar xaricdən olan zəngi məhz
həmin SİM-box-la yerli zəng olaraq vətəndaşa
yönəldirlər.
Düşünürəm ki, bu tip
avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi
ilə bağlı məsələlər də sərtləşdirilməlidr.
Eyni zamanda fərdi məlumatların qorunması istiqamətində
daha sərt tədbirlər görülməsinə ehtiyac var.
Gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank
müştərisi olan, kartında vəsait olan (balansı,
bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların
siyahısını yalnız sosial şəbəkələrdən,
İnternetdən əldə edə bilməz.
Müşahidələr göstərir ki,
fırıldaqçılar
potensial hədəflərin müəyyən edilməsində
daha güvənli məlumatlardan istifadə edirlər.
Şübhələnmək üçün əsaslar
var ki, real bank əməliyyatları olan, kartlarında vəsait
olan vətəndaşların siyahıları bank və ya
mobil operatorlardakı mənbələrdən də sıza
bilər. Qonşu ölkələrin təcrübəsinə
baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda
satışdadır.
Bu baxımdan düşünürəm ki, hökumət,
hüquq-mühafizə qurumları kibercinayətkarlığa
qarşı mübarizədə banklarda və mobil operatorlarda
vətəndaşlarla bağlı məlumatların
qorunmasına, bu tip informasiyaları
fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədbirlər
görülməsinə diqqət yetirməlidirlər.
Son zamanlar aparılan müşahidələr də
göstərir ki, qonşu ölkələrdə,
Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib.
Bu baxımdan, qonşularımızda bu sahədə
olan "münbit şəraitdən" əli üzülənlər
arasında ölkəmizi kiberhədəf olaraq görmək
istəyənlərin sayının artacağını da
proqnozlaşdırmaq olar.
lll
Muxtariyyət, yoxsa 2.3 milyard dollar?
Harvard Universiteti muxtariyyəti seçib. Çox
düşündürücü məqamdır.
Tramp administrasiyasının bu universitetə
qarşı irəli sürdüyü tələbləri
Harvard rəhbərliyi rədd edib.
Nəyi tədris etməyin, hansı tədqiqatları
aparmağın, kimləri işə qəbul etməyin özəl
universitetin öz haqqı olduğu bildirilib.
İrəli sürülən tələbləri universitetin
müstəqilliyinə, prinsiplərinə və uzun illər
oturuşmuş ənənələrinə zidd hesab ediblər.
Bildirilib ki, bu tələblər hökumətin
universitet üzərində nəzarəti ələ
keçirmək cəhdidir və bu, yolverilməzdir.
Beləliklə, görünən odur ki, Harvard
Universiteti akademik azadlığını və elmi-tədqiqat
müstəqilliyini 2 milyarda qurban vermədi.
Görəsən, bəşəriyyət, elm bununla
uddu, yoxsa uduzdu?
İlk baxışda elə görünə bilər
ki, böyük maliyyə resursları olmadan elm
üçün, bütövlükdə inkişaf
üçün bu, uğursuz yanaşmadır. Əlbəttə,
güman ki ilkin mərhələdə çətin olacaq.
Amma fikrimcə, Harvardın akademik müstəqilliyi
qorumaq addımı Trampa
başa saldı ki, elə bəşəri dəyərlər
var ki, onlar pula satıla bilməz. Harvard bir daha göstərmiş
oldu ki, o adi, sıradan bir diplom verən akademik mərkəz
deyil, həm də intellektual,
innovativ və ictimai-sosial bir mühitdir.
Harvard bu addımı ilə dünyada elmi
institutların, elmi tədqiqatların müstəqilliyinin
vacibliyinə, elm və təhsilin siyasi intriqalara qurban verilməməsinə
diqqət çəkdi.
Hansı ki, bu, bəşəriyyətin
inkişafı üçün
də mühüm amildir.
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.10.