Pənahəli xan nəslinin
nümayəndələri Şuşada
14 aprel, 2025-ci il...
Hər gün onlarla, yüzlərlə ziyarətçini
ağuşuna alan, özünün gözəlliyi,
ucalığı, tarixi, mədəniyyəti və yenilməzliyi
ilə bizləri fəth edən Şuşa - Pənahəli
xanın əmanəti olan bu qala şəhər dumanlı,
çiskinli bir yaz günündə növbəti xoşbəxt
anlarını yaşadı. Bəli, Pənahəli xanın
yadigarı, bizim baş tacımız,
varlığımız, qürur yerimiz olan Şuşa
oxucularımıza təqdim etdiyimiz bu nəsil şəcərəsinin
son nümayəndələrini - məhz Pənahəli xan nəslinin
törəmələrini qoynunda görməkdən çox məmnun
oldu. Şuşa çox sevindi ki, uzaq Avstraliyadan 14 min kilometr
yolu qət edərək torpağına, havasına, suyuna
haqqı olan, qəlbində daim vətən sevgisini qoruyub
saxlayan Cəmilə Cavanşir ailə üzvləri ilə
onun qonağıdır.
İctimai fəallığı və Azərbaycan həqiqətlərinin
təbliğ olunmasındakı xidmətləri ilə uzaq
Avstraliyada tanınan Cəmilə Cavanşir Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) müxbir üzvü,
görkəmli neftçi-alim, BP-nin Azərbaycan,
Gürcüstan və Türkiyə üzrə ilk azərbaycanlı
regional prezidenti olmuş Rəşid Cavanşirin
qızıdır. Rəşid müəllim harada
oxumasından və işləməsindən asılı
olmayaraq, Cavanşir soyadına daim böyük hörmət və
məsuliyyətlə yanaşıb. Sovet rejimində ən
mötəbər auditoriyalarda belə özünü
Cavanşirlər nəslinin nümayəndəsi kimi
qürurla təqdim edib. İşlədiyi xarici ölkələrdə,
iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanı
daim qəlbində daşıyıb. Rəşid müəllimin
atası Cəmil Cavanşir də Sovet rejiminin
"qılıncının sağı da, solu da kəsəndə"
soyadından imtina etməyib, məsul vəzifələrdə
bu soyadı daşımaqdan qürur duyub.
Cəmilə Cavanşir ulularının əmanəti,
Qarabağın incisi, qədimlik, məğrurluq simvolu, milli mədəniyyətimizin mərkəzi, poeziyamızın,
musiqimizin beşiyi olan Şuşada sonuncu dəfə işğaldan öncə olub. Azərbaycanın
mədəniyyət məbədinin, Qarabağ
xanlığının mərkəzi sayılan bu qədim
şəhərin, əvəzsiz sənət nümunəsi
olan Xan, Qaxal mağaralarının, Xurşidbanu Natəvanın,
artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir
Möhsün Nəvvabın ev-muzeylərinin, İbrahim
xanın və onun qızı Qara Böyükxanımın qəsrlərinin,
Gövhər ağa məscidinin, əsas ticarət mərkəzi
olan "Rastabazar"ın, Daşaltı dərəsinin,
Cıdır düzünün, möhtəşəm qala
divarlarının, üç əsrə
yaxın yaşı olan, "Şərqin
konservatoriyası" adlandırılan qədim qala şəhərin
- Şuşanın işğal olunması Cəmilə
xanımın da kövrək qəlbini sarsıdıb, ona 30
ildən artıq vətən nisgili yaşadıb. Qəlbi həmişə
Şuşa eşqi ilə döyünüb. Ulularının
yadigarı olan bu şəhərin vüsalına yetəcəyinə
həmişə ümidli olub...
...Nəhayət, o gün gəldi. Ulularının
yurd yerinə yola düşərkən Şuşaya gələn
yolda hər santimetr, hər metr yüksəklik Cəmilə xanımı həm də
mənəvi yüksəkliyə qaldırdı. Milli
qürurumuzun, ləyaqətimizin, sevincimizin yüksəlişinin
rəmzinə çevrilmiş Şuşa Azərbaycanın
Ali Baş Komandanının və onun müzəffər
ordusunun sənət əsəri kimi Cəmilə Cavanşirin
düşüncələrində cənnət
duyğularını yaratdı.
Cəmilə xanım onilliklərin ayrılığından
sonra Şuşaya gələrkən sanki bütün
ömrünü burda yaşadığını zənn edərək
və ifadə edilməsi mümkün olmayan xoş
duyğularla Pənahəli xan babasına, onun qala-şəhərinə
salam verdi.
Şuşanı addım-addım dolaşdıqca Ali
Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə
qüdrətli ordumuzun nəyə qadir olduğunun bir daha fərqində
oldu. Şuşaya sıldırım qayalıqlarına əli
yalın qalxan, daha sonra yenə əliyalın döyüşərək
Şuşanı işğaldan azad edən Azərbaycan əsgərinin
ağıl və cəsarətindən məmnunluq hissi
keçirdi.
Şuşaya qədəm qoyduğu ilk dəqiqələrdən
Cəmilə xanımın sevincdən gözləri
yaşardı, bütün varlığı ilə
"Azadlığın mübarək, Şuşam!" - deyə
hayqırmaq istədi. Bu azadlığı bizə bəxş
edən Ali Baş Komandanımıza və onun müzəffər
ordusuna bir daha minnətdar oldu. Şəhidlərimizə Uca
Allahdan rəhmət dilədi, qazilərimizə
sağlamlıq arzuladı. Bizi Şuşadan ayrı salan məşəqqətli
və ağır illərin arxada qalmasından,
Şuşanı ancaq kitablardan, internet resusrslarından deyil,
Şuşanın özünü görmək səadətindən
sonsuz sevinc hissləri yaşadı.
Xan nəslinin övladı Cəmilə Cavanşir
üçün də 8 noyabr 2020-ci il tarixi milli rəmzdir.
İtirilmiş qürurumuzu, məğrurluğumuzu, mərdliyimizi
və sərgərdan gəzən döyüş ruhumuzu
özümüzə qaytaran bu tarixdən sonra
Şuşanın yenidən qurulmasına, abadlaşmasına
şahidlik etmək Cəmilə xanıma sonsuz sevinc bəxş
etdi.
Şuşada olduğu ilk anlarda yaxın
keçmişimizə boylanan Cəmilə xanım Türkiyə
ilə Azərbaycanın uzun illərə söykənən
dostluq, qardaşlıq əlaqələrinin
sarsılmazlığını, əbədiliyini özündə
ehtiva edən "Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi"nin məhz
Şuşada imzalanmasını iftixar hissi ilə
xatırladı.
Təkcə özünün coğrafi
unikallığı və siyasi mərkəz olması ilə
deyil, dini, tarixi və mənəvi irsimizin nümunələrini
özündə əks etdirən, tarixi və mədəni əhəmiyyətə
malik Şuşanı dolaşarkən, Cəmilə
Cavanşir ulularının əmanəti olan yurd yerlərimizin
azadlığından, Aşağı və Yuxarı Gövhər
Ağa məscidlərində azan səslərindən, bu qala
şəhərdə dahi Üzeyir bəyin "Koroğlu
uvertürasını" eşitməkdən,
Bülbülün dağıdılmış evinin bərpa
olunmasından, Cıdır düzündə
Xarıbülbülün azad nəfəs almasından, yenidən
pöhrələnməsindən fəxarət hissi
keçirdi. Şuşa özünün gözəlliyi,
ucalığı, tarixi, mədəniyyəti və yenilməzliyi
ilə Cəmilə xanımı bir daha
qürurlandırdı.
Cəmilə xanımın qəlbi Yuxarı Gövhər
ağa məscidində ən ülvi hisslərlə
döyündü. O, babalarının yadigarı Şuşaya
qovuşduğuna, suyundan içdiyinə, loğman
havasını ciyərinə çəkdiyindən
özünü dünyanın ən bəxtəvər insan saydı.
Bütün bunlar üçün Ulu Tanrıya, Onun İlahi ədalətinə
minnətdarlığını bildirdi.
Cıdır düzünə səfər - öz
gözəlliyi ilə seçilən və insanın ürəyini
genişləndirən bu ərazi çox böyük olmasa
da, zirvələr arasında
olan bu düzənlik, bu genişlik sanki Cəmilə
xanımın qəlbinə, ruhuna azadlıq bəxş etdi.
Əsrarəngiz dağ mənzərələri, Cıdır
düzünün müxtəlif istiqamətlərindən
Şuşaya qalxan yolları, sıldırım qayaları
seyr etdikcə Cəmilə xanım Azərbaycan əsgərinin
fədakarlığından qürur hissi keçirdi. Heyrətlənərək,
müzəffər əsgərimizin dırmandığı
qayalıqları yaxından görmək istədi.
Düşüncələrindəki suallar bir-birini əvəz
etdi: Şiş qayalıqlarla Şuşaya necə
dırmanıb xüsusi təyinatlılar? Yolu-izi bilmədən,
bələdçi olmadan Şuşanı necə azad ediblər
mənfur düşməndən? Məhəmməd Həsən
xan Qacarın, Fətəli xan Əfşarın, Ağa Məhəmməd
şah Qacarın ala bilmədiyi Şuşanı Ali Baş
Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordu
düşməndən necə təmizlədi?..
Cəmilə Cavanşir ulularından yadigar
qalmış Qala divarları ziyarət edərkən Şuşanın fəthində
iştirakçı olmuş əsgərimizin "Göydə
Allah, yerdə qala, bizi çox qorudu", sözlərini
xatırladı. Bu qala divarlarını tikib nəsillərə
ərməğan etmiş ulularının ruhunu minnətdarlıqla
yad etdi, Gəncə qapısı önündə,
"Xarıbülbül"ün simvolu ilə xatirə fotoları
çəkdirərkən mənsub olduğu Cavanşirlər
nəsli ilə fəxr etdi.
Korifeylərimizin - Üzeyir bəyin, Natəvanın,
Bülbülün güllələnmiş tunc heykəlləri,
Xan qızı Natəvanın adını daşıyan
çeşməli bulaq, görkəmli şair Molla Pənah
Vaqifin məqbərəsi də
Pənahəli xan nəslinin
davamçılarının ruhunu oxşadı.
Qarabağın ən məşhur istirahət yerlərindən
biri hesab olunan İsa bulağı Cavanşirlər nəslinin
nümayəndələrinin Şuşa səfərinin ən
gözəl səhifələrindən biri oldu. Qarabağ
silsiləsində, dəniz səviyyəsindən 1600 metr
yüksəklikdə, çox gözəl mənzərəli
qalın meşələr qoynunda yerləşən səfalı
istirahət guşəsi - Xanın bədahətən
mahnı söylədiyi, Səməd Vurğunun şəninə
şeirlər yazdığı, şairlər məclisinin
keçirildiyi məkan olan İsa bulağı xoş xatirələrlə
yadda qaldı.
...Avstraliyaya qayıtdıqdan sonra əminik ki,
dünya azərbaycanlılarına Cəmilə Cavanşirin
ilk mesajı "Əgər hələ də Şuşaya
getməmisinizsə, əmin olun, çox şey
itirmisiniz", olacaq.
Hikmət XUDİYEV (CƏMİLZADƏ)
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 18 aprel(¹65).-S.8.