Azərbaycan-Gürcüstan
münasibətləri bütün sahələr üzrə
inkişaf edir
Tarixən Azərbaycan-Gürcüstan münasibətləri
regionda seçilib. Hər iki ölkənin xalqları bir-biri
ilə əsasən mehriban qonşu və etibarlı dost kimi
yaşayıblar. Dünyanın hər bir regionunda olduğu
kimi, burada da müəyyən mərhələlərdə
anlaşılmazlıq da olub. Ancaq əsas odur ki, ən çətin
və riskli mərhələlərdə belə Azərbaycanla
Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa,
dostluğa və qarşılıqlı yardıma
üstünlük veriblər. Bu davranış
bütövlükdə Qafqazda digərlərinə bir
nümunə olaraq qalmaqdadır. Azərbaycanın qonşu
Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət
kəsb edib. Bakı həmişə Tbilisini özünə
strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq
arasında əsrlər boyu dostluq və qardaşlıq
münasibətləri olub. Bu ənənə hazırda da
uğurla davam edir. Azərbaycan-Gürcüstan
münasibətlərində mehriban qonşuluq və dostluq xətti
üstün olub. Müstəqillik mərhələsində bu
münasibətlər xüsusi məzmun və strateji məqsəd
alıb.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin
iyununda xalqın təkidi ilə Azərbaycanda yenidən
hakimiyyətə gələndən sonra Gürcüstanla əməkdaşlıq
istiqamətinə ayrıca diqqət yetirdi və onun strateji əhəmiyyətini
hər kəsə anlatdı. Onu vurğulayaq ki, iki ölkə
arasında müstəqillik dövründə diplomatik əlaqələr
1992-ci il noyabrın 18-də yaradılmasına baxmayaraq, aktiv siyasi-diplomatik
münasibətlər 1995-ci ildən başlanıb. Belə
ki, həmin ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi
və 1996-cı ilin mart ayında Tbilisidə (Heydər
Əliyevin Gürcüstana ilk səfəri zamanı) Azərbaycan
səfirliyi açılıb. Azərbaycanla Gürcüstan
arasında münasibətlərin bu cür məzmun
almasının təşəbbüskarı Ulu öndər
Heydər Əliyev olub. Yəni müstəqillik mərhələsində
də Azərbaycan dövləti Gürcüstana dost və əməkdaşlıq
əlini uzadıb. Proseslər göstərdi ki, bu, sadəcə
diplomatik jest deyildir, həm də Azərbaycanın ciddi surətdə
reallaşdırdığı xarici siyasətin bir aspektidir.
Konkret desək, Azərbaycan Respublikası davamlı surətdə
Gürcüstanla əlaqələri bərabərhüquqluluq
və mehriban qonşuluq şəraitində beynəlxalq
hüquq normalarına uyğun münasibətləri
inkişaf etdirmək kursunu seçib. Və etibarlı surətdə
bütün mərhələlərdə bu vədinə tam əməl
etməkdədir.
Bu gün istər Gürcüstan, istərsə də
Azərbaycan yeni iqtisadi-siyasi münasibətlər
dövründə, müstəqillik şəraitində xeyli
inkişaf ediblər. Bununla yanaşı, hər iki ölkə
qarşısında dayanan çağırışlar da,
problemlər də eyni olub – ərazi
bütövlüyünün pozulması, aqressiv separatizm. Hələ
ki, Cənubi Qafqazda sülh tam bərqərar
olmadığından Bakı ilə Tbilisi bir-birinə dəstək
baxımından daha sıx əlaqədədirlər. Eyni
zamanda, hər iki tərəf bu qənaətdədir ki,
artıq Cənubi Qafqazda sülhün bərqərar
olmasının vaxtı çatıb. Bütün bunlar həm
də regionun üçüncü ölkəsi, təcavüzkar
Ermənistana ciddi bir mesajdır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin
15-16-da Azərbaycanda rəsmi səfərdə olub. Üstəlik,
bu, M.Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəri
idi. M.Kavelaşvilinin ilk xarici səfərini sülhsevər,
30 il ərzində pozulmuş ərazi
bütövlüyünü öz gücünə təmin
edərək, nümunə göstərmiş Azərbaycana
etməsi, dünyaya, ilk növbədə, Ermənistana
sülh siqnalı olmalıdır. Yəni vaxtdır, Cənubi
Qafqaz sülh və əməkdaşlıq regionu
olmalıdır!
Gürcüstan Prezidenti, bütövlükdə
qonşu ölkənin hökuməti Azərbaycana xoş və
səmimi jestlərini həmişə nümayiş etdirdiyi
kimi, bir qədər əvvəl, Novruz bayramı günlərində
bir daha ortaya qoydu. Həmin gün Borçalıda təşkil
olunmuş Novruz bayramı şənliklərinə
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir
İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və
digər rəsmi şəxslər də
qatılmışdılar. Şənlik böyük
mehribanlıq və qonaqpərvərlik şəraitində
keçib, gürcü rəsmiləri ölkənin azərbaycanlı
sakinlərini bayram münasibətilə təbrik edib, onlara
qoşularaq şənləniblər. Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzində baş tutan tədbirdə Azərbaycan
və gürcü dillərində şeirlər səslənib,
rəqs nömrələri nümayiş etdirilib. Bu da bir daha
iki xalqın əsrlərə söykənən dostluğunun
təsdiqidir.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazın
sülh regionuna çevrilməsi istiqamətində də fəal
işləməkdədirlər. Bu sahədə indiyədək
bir sıra addımlar atılıb. Bir neçə il əvvəl
Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik
missiyasını həyata keçirməyə hazır
olduğunu bəyan edib. Daha sonra Tbilisi Bakı və İrəvan
arasında sülh müqaviləsinin Gürcüstanda
imzalanması təşəbbüsü ilə
çıxış edib. 2023-cü il oktyabrın 8-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Tbilisiyə səfəri zamanı bu ölkənin Baş
naziri İrakli Qaribaşvili ilə görüşündə
də bu məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb. Gürcüstanın Baş naziri
bəyanatında bildirmişdi ki, Azərbaycan
Gürcüstanın strateji tərəfdaşıdır, dost
ölkədir. Xalqlarımız arasında ənənəvi
dostluq davam edir və Prezident cənab İlham Əliyev bu
işə çox böyük töhfələr verir.
İman Abduyev
Politoloq
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.7.