Azərbaycan-Gürcüstan:
Dostluq və tərəfdaşlığın yeni səhifəsi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici
səfərini Azərbaycana etməsi iki ölkə
arasında münasibətlərin dərinliyini, Tbilisinin
regionda Bakı ilə əməkdaşlığa verdiyi
önəmi, strateji tərəfdaşlıq səviyyəsini
göstərir. Bundan əvvəl Baş nazir İrakli Kobaxidze
də ilk rəsmi səfərini məhz Azərbaycana
etmişdi.
İki ölkənin münasibətlərinin
bugünkü səviyyəsi təkcə iqtisadi amillərlə
bağlı deyil, ölkələrimizi və
xalqlarımızı həm də tarixi köklər, əsrlərə
dayanan qonşuluq və dostluq münasibətləri birləşdirir.
Prezidentlərin mətbuata bəyanatları zamanı
dövlət başçısı İlham Əliyev bildirib
ki, əsrlər boyu bizim xalqlarımız sülh,
mehribanlıq, qardaşlıq şəraitində
yaşamışlar: "Bu gün də bu, belədir.
Dövlətlərarası münasibətlər də
yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan
birgə bir çox önəmli layihələri icra ediblər
və bu layihələr həm ölkələrimiz
üçün, xalqlarımız üçün, həm də
daha geniş coğrafiya üçün böyük önəm
daşıyır. Təbii olaraq siyasi əlaqələr
inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm
xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki
dost, qardaş ölkə, sözün əsl mənasında,
bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda
da daim bir-birini dəstəkləyir".
Bu gün Azərbaycan və Gürcüstanı həm
də bir çox önəmli layihə birləşdirir.
Dövlət başçısının
vurğuladığı kimi, Azərbaycanın və
Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz
layihələri, neft-qaz kəmərləri, nəqliyyat,
kommunikasiya layihələri, sözün əsl mənasında,
böyük əhəmiyyət daşıyan layihələrdir
və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat
və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.
Prezident bildirib ki, əgər bu gün Avropanın enerji təhlükəsizliyi
haqqında danışırıqsa, bunu Azərbaycansız,
Gürcüstansız təsəvvür etmək mümkün
deyil: "Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12
ölkəyə təbii qaz ixrac edir və bu ixrac
Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya
sahəsində əldə olunmuş nailiyyətlər, yeni
inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda,
həm də Gürcüstanda böyük sinergiya
yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz
hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi
Qafqazda Orta Dəhliz layihəsindən
danışırıqsa, bu, Azərbaycandan və
Gürcüstandan keçən dəhlizdir".
Gürcüstan Prezidentinin "Bu səfərdə
Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi
mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə
seçildikdən sonra tezliklə Azərbaycana səfər
etmək mənim üçün vacib idi", mesajı bir
daha iki ölkənin münasibətlərə verdiyi əhəmiyyəti
və gələcək üçün çox yaxşı
perspektivləri nümayiş etdirir.
Azərbaycan və Gürcüstan həm də regionda
sülhün, sabitliyin bərqərar edilməsində
mühüm rol oynayırlar. Cənubi Qafqazda sülhün, əmin-amanlığın
bərqərar edilməsinin iki ölkənin birgə
marağında olduğunu vurğulayan Prezident İlham
Əliyev buna həm Gürcüstan, həm də Azərbaycanın
öz töhfəsini verdiklərini diqqətə
çatdırıb: "Əfsuslar olsun ki, uzun illər ərzində
Cənubi Qafqaz münaqişə, müharibə arenasına
çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi
Qafqazın qara səhifələri bağlanacaq və tarixdə
qalacaq".
Onu da vurğulayaq ki, bu günlərdə ADA
Universitetində keçirilmiş beynəlxalq forumda da
Prezident İlham Əliyev Gürcüstanla əlaqələrin
Azərbaycan üçün strateji əhəmiyyətə
malik olduğunu qeyd edib, eyni zamanda, Avropa təsisatlarının
ikili standartlarına diqqət çəkərək, Avropa
Komissiyasının Gürcüstanın daxili işləri ilə
bağlı proseslərə münasibətinin tamamilə qəbuledilməz
olduğunu vurğulayıb. Gürcüstan mediası, eyni
zamanda dünya KİV-i bu məqama xüsusi diqqət çəkib.
Dövlət başçısı bunu müstəmləkəçilərin
davranışı adlandıraraq deyib: "Onlar gürcü
xalqının iradəsinə özlərinin müstəmləkəçi
keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə
qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla
birlikdəyik və Gürcüstan hökuməti də bunu
bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki
bürokratlar deyil, gürcü xalqı tərəfindən həll
edilməlidir. Beləliklə, biz Azərbaycan ilə
Gürcüstan arasında tərəfdaşlığı
gücləndirməliyik".
Gürcüstan Azərbaycan və Ermənistan
arasında sülh prosesini aktiv şəkildə dəstəkləyir,
digər aktorlardan fərqli olaraq bu məsələdən
öz mənafeyini güdmür, eyni zamanda tərəflərə
məkan təqdim edir. Gürcüstanın xarici işlər
naziri Maka Boçorişvili bu
günlərdə bildirib ki, "Sülh və təhlükəsizlik
bizim üçün əsas faktorlardır. Azərbaycan və
Ermənistan arasında sülh sazişi bütün region
üçün mühüm əhəmiyyət
daşıyır".
Milli Məclisin deputatı Hikmət Babaoğlu
mövzu ilə bağlı "525"ə deyib ki,
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini
Azərbaycana etməsi iki ölkə münasibətlərinin
yeni səhifəsi kimi səciyyələndirilməlidir:
"Çünki bundan əvvəl Gürcüstanın yeni
seçilmiş Baş naziri İrakli Kobaxidze də ilk rəsmi
səfərini məhz Azərbaycana etdi. Bu, dost və qonşu
Gürcüstanın Azərbaycanla münasibətlərə
verdiyi önəmin göstəricisidir".
Onun sözlərinə görə, iki ölkə
arasındakı münasibətlər spesifikdir: "Azərbaycan
Prezidenti ADA Universitetindəki beynəlxalq forumda bu münasibətləri
səciyyələndirərkən dedi ki, Gürcüstan-Azərbaycan
münasibətləri dövlətlərarası və
xalqlararası münasibətlərdir. Yəni dövlətlərarası
münasibətlər nə qədər inkişaf edirsə,
xalqlarımız arasında münasibətlər də bir o qədər
dərinləşir. Düşünürəm ki, çox
nadir ölkələr haqqında bunu ifadə etmək olar ki,
paralel olaraq həm dövlətlərarası, həm də
xalqlararası münasibətlər dərinləşir,
inteqrasiya prosesi gedir. Bu, həm coğrafi şərtlərlə,
həm də mentalitetlə bağlıdır. Hesab edirəm
ki, əsrlər boyu gürcü və Azərbaycan
xalqlarının qonşu kimi bir yerdə yaşamaları iki
xalq arasında ortaq dəyərləri də
formalaşdırıb. Ona görə də Gürcüstan
Prezienti də bu məsələyə toxundu və
Gürcüstan-Azərbaycan münasibətlərini məhz
xalqlarımızın mənafeyi nöqteyi-nəzərindən
izah etdi. Bu, məsələnin bir tərəfidir. İkinci
mühüm tərəf ondan ibarətdir ki, yeni reallıqlar
Azərbaycan və Gürcüstan arasında yeni əməkdaşlıq
imkanları yaradıbdır. Bu, kommunikasiyalarla
bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan
Prezidenti forumda qeyd etdi ki, biz Gürcüstanla birlikdə
Avropanın enerji təhlükəsizliyini təmin edirik. Yəni
Azərbaycanın enerji daşıyıcıları məhz
Gürcüstan üzərindən Avropaya nəql edilir və
bu əməkdaşlığın dərin perspektivi var.
Düşünürəm ki, bütövlükdə
bütün bunlar iki ölkə arasında münasibətlərin
dərinləşməsinə xidmət edəcəkdir. Hər
iki lider bu münasibətlərin daha da dərinləşməsi
üçün Cənubi Qafqazda sabitiyin və sülhün bərqərar
olmasından danışdılar. Ona görə də hesab
edirəm ki, Gürcüstan da, Azərbaycan da sülhün əldə
edilməsində olduqca maraqlıdırlar".
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə
"525"ə bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri
artıq yeni bir mərhələyə daxil olub. İki ölkənin
münasibətləri getdikcə daha da inkişaf edir.
Onun sözlərinə görə, Gürcüstan
Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi əslində
əlaqələrin möhkəmləndiyinin və gücləndiyinin
göstəricisidir: "Bir müddət əvvəl cənab
Prezident İlham Əliyev Antaliyada Gürcüstanın Baş
naziri İrakli Kobaxidze ilə görüşdü. Həmin
görüşdə Azərbaycanla Gürcüstan arasında
dostluğun və strateji tərəfdaşlığın
tarixi xarakter daşıdığı qeyd olundu. Eyni zamanda,
ADA Universitetində keçirilmiş beynəlxalq forumda da cənab
Prezident Gürcüstanla əlaqələri çox yüksək
qiymətləndirdi. Gürcüstan Prezidenti ilə
görüşdə isə dövlət
başçısı çox önəmli bir
açıqlama verdi. Azərbaycan lideri bildirdi ki, Avropanın
enerji təhlükəsizliyini Azərbaycansız,
Gürcüstansız təsəvvür etmək mümkün
deyil. Yəni bu gün Azərbaycan prosesdə
Gürcüstanla bir yerdə çox fəal rol oynayır,
ölkələrimiz arasında əməkdaşlıq əlaqələri
daha da inkişaf edir".
Deputat əlavə edib ki, bölgədəki proseslərə
mane olan əsas dövlət Ermənistandır: "Bu ölkə
regional proseslərin, münasibətlərin inkişafına
ciddi şəkildə mane olur. Azərbaycanın
Gürcüstanla çox yaxşı gündəliyi var,
çox önəmli mövzular var. Bu gün nəqliyyat,
kommunikasiya, enerji təhlükəsizliyi istiqamətlərində
dövlətlərimiz arasında ciddi bir əməkdaşlıq
mövcuddur. Azərbaycan hər zaman Gürcüstana öz dəstəyini
göstərib, Gürcüstan da beynəlxalq platformalarda Azərbaycanın
mövqeyini hər zaman dəstəkləyib. Onu da təəssüflə
qeyd etmək lazımdır ki, bu gün hər iki ölkə
Avropa İttifaqının, Avropa təsisatlarının ikili
standartları, qərəzi ilə üz-üzədir. Amma
bütün bunlara baxmayaraq, hər iki dövlət öz hədəflərinə
və məqsədlərinə doğru hərəkət
edir. Bu prosesin daha da sürətləndiyini və inkişaf
etdiyini görürük. Bu istiqamətdə bütün tərəflərin
üzərinə böyük bir məsuliyyət
düşür. Hesab edirəm ki, Gürcüstan Prezidentinin səfərindən
sonra əlaqələrimizdə yeni bir istqamətin, yeni bir mərhələnin
şahidi olacağıq. Əlaqələrimiz daha da güclənəcək,
daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.
Yeni layihələr, yeni əməkdaşlıq, yeni perspektivlər
bizim gözümüzün önündə olacaq. Bu da prosesə,
əlaqələrimizin inkişafına öz ciddi töhfəsini
birmənalı olaraq verəcəkdir".
Pərvanə
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.5.