Naxçıvan və
İrəvanda dini-ruhani mühit: çar hökumətinin məkrli
siyasəti fonunda
3-cü yazı
Naxçıvan Muxtar Respublikası Dövlət
Arxivində İrəvan quberniyasının İdarə Heyətinin
məhəllə mollası vəzifəsindən azadetmə
ilə bağlı işlərə dair bir sıra sənədlər
qorunub saxlanmaqdadır. Belə ki, həmin işlərdən
biri 5 mart 1916-cı ildə başlayıb 13 mart 1916-cı ildə
qurtaran Baş Noraşen məhəllə mollası Fərzalıbəy
Fərəculla bəy oğlunun vəzifəsindən və
ümumiyyətlə, xidmətdən azad edilməsi və onun
vəzifələrinin Şərur-Dərələyəz qəza
qazısı Mir İsmayıl İbrahimzadəyə həvalə
edilməsi ilə bağlıdır (Naxçıvan Muxtar
Respublikası Dövlət Arxivi, f. 23, s.1, iş 3515, v.1-4).
İş materiallarında İrəvan quberniya Məclisinin
İrəvan qubernatoruna ünvanladığı 04 mart
1916-cı il tarixli, 274 nömrəli təqdimatında deyilir:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Quberniya Məclisi sizdən şərəf
sayğısı ilə xidmətin xeyri üçün 22
fevral 1910-cu ildən bu vəzifəyə təyin olunmuş
Baş Noraşen məhəllə mollası Fərzalıbəy
Fərəculla bəy oğlunun
sağlamlığının zəif olması və keçən
ilə dair doğum şəhadətnaməsi dəftərini
yazmadığı üçün tutduğu vəzifədən
azad edilməsini, onun vəzifələrinin Şərur-Dərələyəz
qəza qazısı Mir İsmayıl İbrahimzadənin
üzərinə qoyulmasını xahiş edirik.
Həmin müraciətə qubernator tərəfindən
İrəvan Quberniya Məclisinin təqdimatına 13 mart
1916-cı il tarixli, 1195 nömrəli məktubla belə cavab
verilmişdir: "...xidmətin xeyri üçün Baş
Noraşen məhəllə mollası Fərzalıbəy Fərəculla
bəy oğlu molla vəzifəsindən azad olunsun. Mən
öz vəzifəsini icra etməklə yanaşı, həmin
vəzifənin yerinə yetirilməsini Şərur-Dərələyəz
qəza qazısı Mir İsmayıl İbrahimzadənin
üzərinə qoymaqla bu barədə məlumat və
müvafiq sərəncam verilməsi üçün Məclisə
bildirirəm".
İş materiallarındakı digər sənədlər
göstərir ki, sözü gedən göstərişin
nüsxəsi Şərur-Dərələyəz qəza rəisinə
məlumat üçün göndərilib.
İrəvan quberniyasının İdarə Heyətinin
doğma yurdumuza qarşı aparılan məkrli siyasəti
daha qabarıq şəkildə hiss etmək üçün
xüsusilə diqqəti cəlb edən bir işi 1895-ci ilin
noyabr ayının 25-də başlayıb həmin ilin dekabr
ayının 12-də qurtaran Seyid Hacı Mir Həşimin
Ordubad qəza qazısı təyin edilməsi ilə
bağlıdır (Naxçıvan MR Dövlət Arxivi, f. 2,
s.1, iş 1435, v.5). İş
materiallarında saxlanılan Naxçıvan qəza rəisi
tərəfindən İrəvan qubernatoruna ünvanlanan 04
noyabr 1897-ci il tarixli raporta nəzər salmaq maraqlı olar:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Ordubad Müsəlman Cəmiyyəti mənim Ordubad
şəhərində olduğumdan Zaqafqaziya Şiə Ruhani
İdarəsinin üzvü təyin olunmuş qazı
Hüseynbəyovun əvəzinə Seyid Hacı Mir Həşimin
Ordubad qazısı təyin olunması ilə əlaqədar
Sizin Zati-alilərin razılığını almaq məqsədilə
vəsatətlə müraciət etməyimi xahiş
etmişdir.
Seyid Hacı Mir Həşimi Ordubad şəhərində
və ətrafında öz dürüstlüyü,
etibarlığı, əhaliyə yaxşı təsiri ilə
məmurların hörmətini və hətta ermənilərin
rəğbətini qazanmışdır. Dini təhsili olmayan
Mir Həşim müsəlman fanatikliyindən kənardır.
Ona görə də onun Ordubad qazısı vəzifəsinə
təyin edilməsi arzuolunandır. Hüseynbəyovun Ordubad
qazısı təyin olunmasınadək həmin vəzifəni
bir müddət Mirhəşim icra edirdi. Onun idarəçilik
müddəti tam sakitçiliklə, hər hansı bir
şikayətin və şər-böhtanların olmaması
ilə fərqlənmişdir.
Yuxarıda qeyd olunanlara əsasən
ordubadlıların xahişinə qoşularaq artıq dərəcədə
Zati-alilərdən Seyd Hacı Mir Həşimin Ordubad
qazısı vəzifəsinə təyin edilməsinə rədd
cavabının verilməməsini xahiş edirəm. Onu da qeyd
etmək istəyirəm ki, təsdiq olunduğu halda Mir Həşim
Tiflis şəhərinə gedərək qazılar
üçün müəyyən edilmiş imtahanı Şiə
Ruhani İdarəsində verməyə hazırdır. Bununla
bərabər, mən həmin qəzanın idarə edilməsini
əvvəlki nümunəsinə əsasən Seyid Hacı
Mir Həşimin üzərinə qoyulmasını xahiş
edirəm".
Raportda xüsusilə "ermənilərin rəğbətini
qazanmışdır", "Dini təhsili olmayan",
"müsəlman fanatikliyindən kənardır" ifadələri
tam əminliklə onu deməyə əsas verir ki, məhz dini
bilikləri olmayan, ya da az olan, bölgədə ermənilərə
yaxın adamlarin qazı vəzifələrinə təyin
olunmağa meyl göstərilməsi Rusiyanın maraq və mənafelərinə
uyğunluğundan irəli gəlmişdi. Təsadüfi deyil
ki, belə şəxslər onlar üçün hər zaman
"arzuolunan" hesab edilmiş, onlara hiss olunmadan daima güzəşt
və imtiyazlar verilərək qorunmağa
çalışılmışdı.
İrəvan qubernatorunun İrəvan quberniya Ruhani Məclisinə
ünvanladığı 30 noyabr 1897-ci il tarixli müraciətində
isə deyilir: "Naxçıvan qəza rəisi Seyid
Hacı Həsənin Ordubad qəza qazısı vəzifəsinə
təyin olunması barədə vəsatət
qaldırmışdır. Buna görə də Quberniya Məclisinə
Seyid Hacı Mir Həşimin "Axund" adını
almağa attestatın olması barədə, əgər
yoxdursa, həmin attestatın verilməsinədək bunun onun
göstərilən vəzifənin yerinə yetirilməsinə
maneələrin yaradıb-yaratmaması barədə mənə
bildirilməsini təklif edirəm".
İrəvan Quberniya Ruhani Məclisindən qubernatora
ünvanlanan 2 dekabr 1897-ci il tarixli raportda isə bildirilir:
"Noyabr ayının 30-da, 4709 nömrəli göstərişinizə
əsasən Quberniya Məclisi Zati-alilərinə ehtiramla və
şərəf olaraq çatdırır ki, Seyid Hacı Mir Həşimin
"Axund" adını daşımağa attestatı
mövcud deyil və əgər bu hal Müsəlman Ruhaniləri
ilə bağlı Əsasnamənin 16-cı maddəsinə əsasən
onun Ordubad qəza qazısı vəzifəsinə təyin
olunmasına maneə deyildirsə, belə olan halda Məclis həmin
şəxsin müəyyən edilmiş attestatının təqdim
edilməsinədək göstərilən vəzifənin
müvəqqəti icra edilməsinə buraxılması
üçün heç bir maneə görmür.
Sədr: A.M.Qazızadə, Üzvlər: A.Rəfiyev, İş tərtibatçısı:
D.Murtayev".
Məhəllə mollası adının verilməsinə
dair attestatı belə olmayan bir şəxsin qazı təyinində
bu qədər israrlı olmaq bir daha bu nəticəyə gəlməyə
əsas verir ki, bu cür şəxslər hər zaman o
dövrün rus siyasətinə uyğun gəlib.
Qeyd edək ki, İrəvan qubernatorundan İrəvan
Quberniya Ruhani Məclisinə göndərilmiş 12 dekabr 1897-ci
il tarixli məktubda qeyd olunur ki, "Cari ilin dekabr
ayının 2-də 504 nömrəli raporta əsasən
Ordubad qəza qazısı vəzifəsini müvəqqəti
olaraq Ordubad şəhər sakini Hacı Seyid Mir Həşim
Ağa Mir Həsən oğluna həvalə edilməsini və
özünü təyinata uyğun doğruldarsa və
"Axund" adını alması barədə müsəlman
ruhaniləri ilə bağlı Əsasnamənin 16-cı maddəsinə
əsasən attestatı təqdim edərsə, həmin vəzifəyə
təsdiq edilməsi üçün təqdimatla vaxtında
müraciət edilməsini təklif edirəm. Hacı Seyid Mir
Həşimə bildirilməlidir ki, altı ay ərzində
attestat təqdim edilmədiyi halda, o, tutduğu vəzifədən
azad olunacaqdır".
İş materiallarında saxlanılan,
Naxçıvan qəza rəisi vəzifəsini icra edənin
məlumatında isə bildirilir ki, "İrəvan quberniya
Məclisinə Ordubad qəza qazısı vəzifəsinin
icrasını müvəqqəti olaraq Ordubad şəhər
sakini Hacı Seyid Mir Həşim Ağa Mir Həsən
oğluna həvalə edilməsi qüvvəsini
almışdır".
İşdə olan, Yüksək dərəcəli
Axund Əbdül Salamın 23 may 1898-ci il tarixli, 1824 nömrəli
müraciətinin məzmunu isə belədir:
"İrəvan Quberniya Məclisi bu tarixli, 194
nömrəli təqdimatla Zaqafqaziya Şiə Ruhani İdarəsinə
Ordubad sakini Hacı Mir Həşim Ağaya müəyyən
olunmuş imtahanı keçdiyi üçün Ordubad məhəllə
mollası adının verilməsinə dair attestatın təqdim
edilməsi barədə müraciət etmişdir.
Naxçıvan qəza rəisinin məlumatına
görə, Hacı Mir Həşim Ağa insan kimi yüksək
əxlaqi keyfiyyətlərə malikdir, insanlara yaxşı təsiri
vardır, yeri əhalinin arasında böyük nüfuza və
inama malikdir. Buna görə də onun müsəlman ruhaniliyinə
cəlb edilməsi arzuolunan və faydalı olardı. Bu
baxımdan Hacı Mir Həşim Ağaya məhəllə
mollası adının verilməsi ilə bağlı
attestatın təqdim edilməsi barədə Sizin sərəncam
verməyinizi xahiş edirəm".
İrəvan quberniyasının İdarə Heyətinin
başqa digər biri işi 1903-cü ilin avqust ayının
16-da başlayıb 1904-cü ilin yanvar ayının 4-də
qurtaran Təzəkənd-Sərddərabad kənd sakini Axund
Hacı Molla Fərəculla Hacı Ələsgər
oğluna Şərur-Dərələyəz qəza
qazısı vəzifəsinin verilməsinə dair xahişnaməyə
baxılması ilə bağlıdır (Naxçıvan MR
Dövlət Arxivi, f. 24, s.1, iş 1816, v.1-3). İş
materiallarında onun İrəvan qubernatoruna
ünvanladığı 11 avqust 1903-cü il tarixli xahişnaməsində
yazılıb:
"Zati-aliləri, İrəvan qubernatoru cənablarına.
Şərur-Dərələyəz qəza
qazısı Hacı Molla Aliya Axundzadənin vəfatından
bu günədək qeyd olunan vəzifə vakant olaraq
qaldığından acizanə şəkildə Sizdən
Zati-alilərindən mənim həmin vəzifəyə təyin
olunmağıma dair sərəncam verməyinizi xahiş edirəm.
Bununla yanaşı, əlavə edirəm ki,
"Axund" adının daşınması barədə
Şiə Təlim İdarə Heyətindən attestatım
vardır. Nə qədər ki, mən qeyd olunan vəzifənin
tutulmasına namizəd hesab olunuram, həmin attestat hələ
1901-ci ilin fevral ayında Sizə təqdim edilmişdir".
İş materiallarında saxlanılan 22 avqust
1903-cü il tarixli sənəddən aydın olur ki, İrəvan
Quberniya Məclisinə "Təzəkənd-Sərddərabad
kənd sakini Axund Hacı Molla Fərəculla Hacı Ələsgər
oğlunun vəfat etmiş Hacı Molla Aliya Axundzadənin
yerinə Şərur-Dərələyəz qəza
qazısı vəzifəsinə verilməsi ilə
bağlı xahişnaməsi göndərilməklə
Quberniya İdarə Heyəti qubernatorun icazəsi ilə qeyd
olunan xahişnamə ilə bağlı lazımi məlumatların
və rəyin təqdim edilməsinə göstəriş
vermişdir".
Qubernatorun Şərur-Dərələyəz qəzasının
rəisinə ünvanladığı 6 oktyabr 1903-cü il
tarixli, 4644 nömrəli müraciətində isə deyilir:
"Təzəkənd-Sərddərabad kənd sakini Axund
Hacı Molla Fərəculla Hacı Ələsgər oğlu
mənə müraciət edərək onun Şərur-Dərələyəz
qəza qazısı vəzifəsinə təyin edilməsini
xahiş etmişdir. Buna əsasən Siz Zati-alilərinə həmin
şəxsin əxlaqi keyfiyyətləri və ziyanverici sekta
və fanatiklərə mənsubiyyətinin olub-olmaması barədə
məlumatları təqdim etməyi təklif edirəm".
4 yanvar 1904-cü il tarixli, kim tərəfindən
yazıldığını müəyyən edə bilmədiyimiz
bir sənəddəki "Şərur-Dərələyəz
qəza qazısı vəzifəsinə Qars dairə təbəqə
məhkəməsinin qazısı Axund Mirzə Məmməd
Hacı Riza oğlu təyin olunduğundan hazırkı
işi bitmiş hesab edirəm" məzmunlu qeyd də o
dövrün bu sahədəki mənzərəsini əks
etdirmək baxımından xeyli maraqlıdır.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.23.