Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən şənbə
sayımızda)
Çar Aqamemnon ailəsinin faciəsi
Homer özünün "İliada" poemasında
mifologiyadan gələn bu hadisəni geniş surətdə təsvir
edir. Troya hökmdarı Priamın oğlu Paris Sparta
çarı Menelaya qonaq gəlir, Menelay gözəl arvadı
Yelenanı Parisin ümidinə qoyub, ölkəsini tərk
edir. Paris qadının gözəlliyinə valeh olur və
ehtirasını cilovlaya bilmir. Yelena da onun sevgisini cavabsız
qoymur və onlar birlikdə Kiçik Asiyaya, dənizin o
tayındakı Troyaya üz tuturlar və ər-arvad kimi
yaşayırlar.
Troya çarının ailəsindən Kassandradan
başqa heç kəs bu izdivacın özlərinin və
şəhər-dövlətlərinin fəlakətinə səbəb
olacağını ağlına da gətirmir. Axı burada
qeyri-təbii heç nə baş verməmişdir. İki
sevgili öz arzularına uyğun olaraq birləşmişlər
və bu xoşbəxtliyi qınamaq yox, ona yalnız sevinmək
lazımdır. Priamın ailəsi də oğlunun
izdivacına məhz bu rakursdan yanaşırdı.
Parisin bacısı Kassandra isə öncəgörmə
qabiliyyətinə malik idi və ona görə də bu ərli
qadının yeni nikahının faciələrə səbəb
olacağını bildirir. Lakin heç kəs onun öncəgörməsinə
məhəl qoymur, sevgililərin ittifaqını tam bəyənməklə
qarşılayırlar.
Menelay arvadının Parisə qoşulub
qaçmasından çox mütəəssir olur və Mikena
çarı olan qardaşı Aqamemnona şikayətlənir.
Aqamemnon qardaşının arvadını geri qaytarmaq
üçün yunan şəhər-dövlətlərindən
ittifaq təşkil edib, onların əsgərlərindən təşkil
olunmuş orduya başçılıq etməklə, Troyaya
getməyə tələsir. Yelenanın qaçırılması
ancaq sadəcə bir bəhanə idi, yunan şəhər-dövlətləri
Kiçik Asiyadakı çox varlı şəhər olan
İliona - Troyaya qısqanclıqla yanaşır, onu məhv
etmək istəyirdilər. Aqamemnon isə Yelenanın
qaçırılmasını Troyaya müdaxilə etmək
üçün sadəcə ciddi bir səbəbə
çevirməyə nail oldu.
Gəmilər və onlara yüklənmiş ordu
üzməyə hazır idi. Lakin dəniz sakit idi, yelkənləri
doldurmaq üçün külək olmadığından gəmilər
limandan çıxa bilmirdi. Aqamemnon külək əsdirmək
barədə allahlara müraciət etdi və onların şərəfinə
doğma qızı İfigeniyanı qurban verdi. Allahlar qurbana
görə yumşalıb külək əsdirdi və donanma
yola düşdü.
Mikena çarının arvadı Klitemnestra
qızının öldürüldüyü xəbərini
eşitdikdə, dəhşətə gəldi və ərinə
lənətlər yağdırmağa başladı. Əri
on il ərzində Troya ilə müharibə aparanda, o, qisas
kimi həm də Egisflə eşq macərası
yaşadı.
Müharibə gah yunanların, gah troyalıların
üstünlüyü ilə gedirdi. Heç bir tərəf
qalib gələ bilmirdi, çünki müharibəni insanlar
aparsa da, bu işə rəhbərliyi allahlar edirdi və onlar
döyüşlərin gedişini qəsdən
uzadırdılar. Hər iki tərəf ağır itkilər
vermişdi, yunanların qəhrəmanı Axilles və
Patrokl, Troya çarının iki oğlu - Hektor və Paris həlak
olmuşdular. Yunan döyüşçüləri də bu
uzun müddət ərzində vətəndən uzaqlarda əzab
çəkməyə məcbur olduqlarına görə
artıq yorulmuşdular. Troyanın mühasirəsinin
götürülməsi yunanların məğlubiyyətinə
bərabər sayılardı.
Bu vaxt hiyləgər Odisseyin - Ulissin bic ağlı
yunanların köməyinə gəldi. O, təklif etdi ki,
ağac materialından iri bir at düzəldib, onu
troyalılara hədiyyə kimi təklif etsinlər. Bu atın
qarnında çox sayda yunan əsgərləri gizlədiləcəkdi
və onlar hədiyyə şəhərə girəndən
sonra gecə çıxıb, şəhərin
qapısını öz ordularına açacaqdı.
Troyalılar heç bir şübhə etmədən
düşmənin hədiyyəsini qəbul etməyə
razılıq verdilər. Təkcə troyalı kahin Lakoon bu
ağılsız işin əleyhinə çıxdı, hədiyyəni
qəbul etməməyi məsləhət görəndə,
allahlar onu cəzalandırmaq üçün ilanları
göndərdilər. İlanlar kahin və onun iki oğlunu
sancıb öldürdülər. Bu, troyalıları hədiyyəni
qəbul etmək qərarını daha da şiddətləndirdi
və yunanların düzəltdikləri nəhəng at fiquru
Troyaya gətirildi. Bu, tarixə məhz məkr simvolu olaraq
"Troya atı" kimi məlumdur. Gecə düşəndə
atın qarnında gizlənmiş yunan
döyüşçüləri çıxıb, şəhərin
qapılarını orduları üçün
açdılar. Yunanlar gözəl İlionu viran qoyub, əhalini
qırdılar. Çar Priam da həlak oldu, arvadı Gekubanı
və başlanğıcdan faciənin baş verəcəyini
bildirən qızı Kassandranı yunanlar əsir
götürdülər.
Troyadan rəvayətə görə, təkcə Eney
qaçıb, canını qurtara bildi. O, nəhayət Tibr
çayının sahilinə gəldi və onun nəslindən
olan Romul sahildəki yeddi təpə üstündə Roma
şəhərini saldı.
Qaliblər içərisində yalnız Menelayla
Yelena yarıdı, onlar yenidən birləşib, ər-arvadlıqlarını
davam etdirdilər. Öz hiyləgərliyi ilə yunanların
qələbə çalmasının əsas səbəbkarı
olan Odissey də troyalıların lənətinə gələrək,
vətəni İtakaya qayıtmaq üçün çox
sayda ölümcül təhlükələrlə üzləşdi
və onun geriyə dönməsi əlavə on il çəkdi.
Vətənində o, çoxlarının onun arvadı
Penelopa ilə evlənib, çar tacına yiyələnməyə
cəhd etdiklərini eşitdi və sehrli yay oxundan istifadə
edərək, arvadının əlinə sahib olmağa
çalışanları öldürdü. İtakada da qan
axıdıldı.
Aqamemnon Mikenaya qalib kimi qayıtsa da, ona
ünvanlanmış lənətin hesabına, doğma
qızının ölümünə səbəb
olduğuna görə cəzalanmalı idi. Arvadı
Klitemnestra onu bağışlamaqdan çox uzaq idi və məşuqu
Egisflə birlikdə, Aqamemnon hamamda çimərkən onu
boğub öldürdü.
Bu dəfə onların qızı Elektra anasının öz ərini, onun
atasını qətlə yetirməsindən hiddətlənib,
qardaşı Orestə təlqin etdi ki, qatil ananı hökmən
öldürmək lazımdır. Orest nə qədər
müqavimət göstərsə də, bacısının təklifinə
qulaq asmalı oldu və doğma anasını
öldürdü.
Klitemnestranın lənəti əri Aqamnenona
ünvanlansa da, təkcə onun məhvi ilə nəticələnmədi,
özü də oğlu tərəfindən
öldürüldü. Ananın qətlə yetirilməsinin
təşəbbüskarı olan Elektra da digər qətlin
iştirakçısı oldu. Beləliklə, Mikena kimi şəhər-dövlətin
hökmdarının ailəsi, özü başda olmaqla məhv
oldu.
Qədim yunan mifi canlı misallarla göstərir ki, lənət
heç də adi söz kimi havada qalmır, böyük
qüdrətə yiyələnməklə,
ünvanlandığı şəxsi və onun ailəsinin
ağır faciələrə məhkum edir. Lənətlənmiş
adam öz cinayətinə görə tutarlı cavab almaqla,
özü də digər bir cinayətin qurbanına
çevrilir.
Medeyanın qisası
Mifologiyada sədaqətsizliyə görə
adamların lənətə gəlməsi ilə, cəzalandırılması
barədə digər hadisələr də öz əksini
tapır. Yunan Yason arqonavtlardan ibarət komanda yığmaqla,
gəmi ilə iki dənizdə üzüb, uzaq Kolxidaya gəlib
çıxdı ki, oradakı var-dövlət mənbəyi
olan "Qızıl yunu" oğurlayıb vətəninə
gətirsin. Onu əldə etməyə çalışanların
hamısı uğursuzluğa düçar olmuşdu,
çünki Kolxida çarı Aka onu mühafizə etmək
üçün çox sehrli vasitələrdən istifadə
edirdi.
Çarın Medeya adlı qızı Yasonu
gördükdə, ona vuruldu və onun nəzərdə
tutduğu əməliyyata köməklik göstərmək
istədi. Yason çarın ağır şərtlərini həll
etməyə başladı və Medeya öz məsləhətçiləri
ilə onu əvvəlcədən agah etdiyindən, o, hər
sınaqdan qalib kimi çıxırdı. Nəhayət, o,
ağacın budağından asılmış
"Qızıl yunu" oğurlamağa müvəffəq
oldu və vətəninə qayıdanda sevgilisi Medeyanı da
özü ilə götürdü. Onlar ər-arvad kimi
yaşadıqlarından uşaqları oldu. Lakin bir az sonra
Yason Medeyaya sədaqətsizlik göstərib, Korrinf
çarının qızı olan şahzadə ilə evlənəndə,
Medeya ərindən qisas almaq üçün iki doğma
uşağını öldürdü. Qədim yunan dramaturqu
Yevripid "Medeya" pyesində qadının
emosiyasının və hiddətinin daha güclü
olduğunu göstərir. Medeya ərinin xəyanəti ilə
barışmadı. Atasının öz qızı Medeya barədəki
lənəti öz işini gördü, ərinin onu
atması və bu qızın günahsız körpə
uşaqlarının öz əli ilə dəhşətli
şəkildə məhv etməsi kimi taleyinin acı
sınaqlarının şahidi oldu.
Yason Medeyaya sədaqətsizlik göstərəndə,
heç də təəccübə səbəb olan bir
iş görməmişdi, arvadının öz atasına
olan sədaqətsizliyini başqa bir qaydada təkrar
etmişdi. Kolxidalı arvadı Medeyadan nankorluğu öyrənən
Yason da ona olan sevgisini satmaqla, onu tərk etməklə, əslində
təkcə atasına deyil, vətəninə də xəyanət
edən qadına, gözləmədiyi halda bumeranqı
andıran cavabını vermişdi. Medeya sevgisinə nail
olmaqla həyat sevincinə də nail olduğunu güman edirdi,
lakin daha acı nəticə ilə, övladları
üçün qatil olması və sevdiyi ərindən
ayrı düşməsi şəklindəki faciəni
yaşamalı oldu.
Qədim yunan mifi bir daha göstərir ki, valideynə,
ən başlıcası vətənə xəyanət daha
ağır sonluqla nəticələnir. Valideynin
qarğışı, vətəninə xəyanəti
heç vaxt bağışlamamaqla, özünü olduqca
ağır cəza şəklində büruzə verir.
Bibliyada lənət misalları
Bibliyada da lənət timsallı çoxlu hadisələr
nəql olunur. Yəhudilər Misirdə qul kimi yaşayır,
kərpic kəsmək kimi kölə əməyi ilə məşğul
olurdular. Moisey öz xalqının bu əzablarını
görüb, Allaha müraciət etdi ki, yəhudilərin
Misiri tərk etməsinə, vəd edilmiş torpaqlarına
qayıtmasına şərait yaratsın Allah faraonun, yəhudilərin
ölkədən getməsinə razılıq verməsi
üçün onun özünə və ölkəsinə
ağır sınaqlar göndərdi. Faraon vəziyyətin
ağır olduğunu dərk edib, yəhudilərə Misirdən
çıxmağa icazə verdi.
Moiseyin başçılıq etdiyi çoxminli dəstə
çoxlu çətinlikləri dəf etməli oldu.
Qırmızı dənizin keçmək üçün
Moisey Allahın köməyi ilə suyu aralayıb,
qaçanlara yol açdı. Sinay yarımadasında
dolaşanda, aclıqdan əziyyət çəkən yəhudilərə
Bibliya sıyığı adlanan səma sıyığı
göndərdi.
Nəhayət, onlar Kanaanın (Kənanın)
yaxınlığına gəlib çıxdılar. Moisey kəşfiyyatçılar
göndərdi ki, vəd edilən torpağın əhalini necə
təmin edəcəyini öyrənsin. Kəşfiyyatçılar
iki adamın çiynindəki ağacdan asılmış iri
üzüm salxımları ilə qayıtdılar. Onlar dedilər
ki, Kanaanda süd və bal çayı axır. Bu, yəhudilərin
sevincinə səbəb oldu. Lakin Moiseyin özü can
atdığı doğma torpağa ayaq basa bilmədi, lap
yaxınlıqda olarkən öld.
Yəhudi qullar ağır həyat şəraitindən
azad olmaq üçün faraonu lənətlənmişdilər
və Moisey bunu Allaha çatdırmışdı. Ona görə
də yəhudilər oranı tərk edənə qədər
Misirdə çox sayda fəlakətlər baş verdi. Allah
ona inanan və pənah gətirən bəndələrini həmişə
eşidir. Yəhudilər isə tək Allaha sitayiş etdiklərinə
görə, Allah tərəfindən seçilmiş bir xalq
idi. Bu xalq Allahın göstərişlərinə əməl
etməyəndə çox ciddi surətdə cəzalandırılırdı.
İudeya qonşu imperiyalar tərəfindən hücuma məruz
qalırdı. Assuriyalılar uzun müddət bir yəhudi
şəhərini mühasirədə saxlamışdı.
Yalnız yəhudi qızı Yudifin qəhrəmanlığı
xalqı gələcək Assuriya köləliyindən azad
etmişdi.
Assuriya sərkərdəsi Olofernin yəhudi qızılarını ələ
keçirmək istəyini Yudif eşitmişdi. Bundan agah
olduqda mühasirə edənlərin icazəsi ilə o,
doğma şəhərindən çıxıb, Olofernin
düşərgəsinə yollandı. Asssuriyalı hərbçi
onu gülərüzlə qarşıladı və Yudifin
intim yaxınlığa razı olduğuna əmin olub,
sayıqlığını itirdi. O, çox şərab
içib, yatmışdı. Yudif onun qılıncını
qapıb, Olofernin başını kəsdi və öz
ayaqları altına atdı. İtalyan rəssamı Corcone bu
hadisəyə həsr olunmuş tablosunda gözəl Yudifin
ayaqları altındakı Olofernin kəsilmiş
başını təsvir edir. Sonra qız doğma şəhərinə
qayıtdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.22.