Pertevniyal Sultanının
çöküşü
Çevrənizdəki insanlar vəzifəyə təyin
ediləndə dəyişiklik hiss etməmiş
olmazsınız. Ömründə bir dəfə də olsa, yəqin
ki, "Çox dəyişib, əvvəlki adam deyil"
demişliyi olub çoxunun. Dostlarla aramızda bu məsələ
ilə bağlı söhbət açılanda ya susuram, ya
da tamamilə etinasız olmağa çalışıram.
Çünki insanın təbiəti budur və bunun üzərində
deyilən sözlərin, baş vurulan fəlsəfənin,
qurulan ağlaşmanın enerji itkisindən başqa heç
bir faydası olmadığına inanıram. Bir adamın
hazırkı məqamda nə olduğu bəllidirsə, gələcəyi
yerdə sərgilədiyi davranış da o olacaq, çox da
təəccüblənməmək lazımdır. İnsanlar
yerinə görə əyilən, bükülən, forma alan
məxluqlardır. Bir növ buqələmun kimi vəziyyətə
görə rəng dəyişə bilirlər. Xarakterdə zərrə
qədər boşluq varsa, bu şəxs hansı pilləyə
gəlirsə gəlsin, o boşluq oradan
fışqırıb çıxacaq. Məsələn, bu
gün vəzifədəsənsə, əlini-ətəyini
öpəcəklər, gözünə xoş görünmək
üçün dəridən-qabıqdan çıxacaqlar. Hətta
elədiyin bir "layk"ı belə öpüb gözlərinin
üstünə qoyacaqlar. Amma elə ki vəzifədən
getdin, nəinki "like", heç "dürtmək"
işarəsini də eyninə alan olmayacaq. Doğrudur, həyata
real baxmaq insanı yalnızlaşdırır, amma bəzən
yalnızlıqlar saxta tünlükdən daha yaxşı
fikirdir. Etiraf edirəm, bunu bacarmaq çətin məsələdir.
Çünki insan alqışa, təsdiqlənməyə, dəstəklənməyə,
təqdirə möhtac varlıqdır. Bununla bağlı
möhtəşəm bir kitab oxuyuram, yaxın günlərdə
bu haqda ətraflı yazacağam.
Hələliksə əvvəl hakimiyyətin zirvəsini
görən, sonra oradan həyatın dibinə yuvarlanan, bundan
sonra isə aşağılanan, alçaldılan Pertevniyal
Sultandan bəhs edim.
Əsl adı Hasna Basima olan Pertevniyal Rumıniya əsilli
idi. Digər cariyələr kimi, o da Osmanlı sarayına gətirilir
və padşahın gözdəsi olur. 1829-cu ildə Sultan II
Mahmudun həyat yoldaşı statusunu almağı bacarır.
Lakin bu səadəti çox uzun çəkmir, evliliyin onuncu
ilində həyat yoldaşı ölür. Qaydalara görə,
ölən sultanın yerinə böyük oğlu, Bəzmialəm
Sultandan olan Abdulməcid keçir və 21 il 11 ay taxtda
qalır. Bu müddət həddən artıq uzun gəlir
insana, doğrudur? Amma Sultan vərəmə tutulub öləndə
cəmi 38 yaşı vardı. Abdulməcidin ölümü
ilə taxt Abduləzizə keçir və beləliklə, anası Pertevniyal Validə
Sultanın dönəmi başlayır. Oğlunun səltənəti
boyu Validə Sultan statusunda qalır. Xeyir əməllərə
önəm verən nadir insanlardan olur. Bu işlərə
xeyli maddi yatırımları olmuşdu. Öz adına məscidləri,
məktəblər, ərinin adına orta məktəb
inşa etdirmişdi. Həmin orta məktəb hələ də
fəaliyyətdədir.
Ümmül Cahan
Pertevniyal, Oğlu Sultan Abduləzizin üzərində
ciddi təsir gücünə sahib idi, buna görə də,
ona Ümmül Cahan deyilirdi. Tarixə nəzər salanda
görürük ki, bu gücü digərləri kimi fitnə-fəsada,
intriqaya sərf etməyib. Kösəm Sultan, Hürrəm
Sultan, Nurbanu və digər xanım sultanlar kimi...
Əksinə, öz adını daşıyan
Pertevniyal litseyi, Pertevniyal Validə Sultan Məscidi, Konyada
Əziziyə Məscidi kimi böyük abidələr
inşa etdirmişdi. Altında imzası olan çeşmələr,
orta məktəblər də az deyil. Təkcə bu da deyil,
bir yandan da darda olanların imdadına çatmış, dərdi
olanlara əlac etmiş, insanlardan köməyini əsirgəməmişdi.
Ehtiyac yarananda sarayın xəzinəsinə də
yardımı olurdu. Məsələn, hökumət pul
problemi ucbatından maaşları ödəyə bilmədiyi
vaxt Sultan hərəkətə keçmiş, o ay
maaşları özü ödəmişdi. Hətta sonralar
şəxsi xəzinəsini də dövlətə
bağışlamışdı.
1847-ci ildə quraqlıq və qıtlığa
görə Anadolu camaatına etdiyi yardımlarla birlikdə
Krımdan gətirtdiyi öküzləri kəndlilərə
paylamışdı. Bundan əlavə, Qüdsdəki Əl-əqsa
məscidi üçün Parisdən böyük
çilçıraq sifariş etmiş və Paris səfiri
Əli Paşanın əlli sandığa yüklədib
İstanbula göndərdiyi həmin
çilçıraqları Qüdsə yollamışdı.
Katib məscidinin qarşısındakı, Eyyubda Yavedud Məscidinın
yanındakı, Validə Sultan məscidinin atriumundakı, Vəqif
Qureba xəstəxanasının
aşağısındakı, Karaköy yolunun üstündəki
çeşmələri də o inşa etdirmişdi. Yenə
öz hesabına gəmiqayırma zavodunda gəmi inşa
etdirmişdi. Həmin gəmi Osmanlı tarixində əhəmiyyətli
yerə sahib "Fəthi İslam" gəmisidir.
Kadıköydə Xalid Ağa çeşməsinin də
altında Pertevniyalın adı var.
Pertevniyal Sultan Məscidi
İndi gələk əsas məsələyə,
Pertevniyal Validə Sultan məscidinə. Aksaray
meydanının mərkəzində, möhtəşəm
memarlığı ilə göz oxşayan, insanı yolundan
edən, ayaq saxladan bənzəri olmayan abidəni deyirəm.
İlk dəfə qaranlıqda körpünün
üstündən keçəndə bulanıq işıqların
arasında gözəlliyini görüb gözlərimə
inanmamışdım. Avtomobil sürətli hərəkət
etdiyi üçün bəlkə də, yanlış
görmüşəm deyə
düşünmüşdüm. Sonra dəfələrlə
görməyimə rəğmən, imkan
tapmamışdım getməyə. Bu günlərdə
şeytanın ayağını qırıb yollandım.
Gördüyümdən daha artığı ilə
qarşılaşdım. Məscid, Pertenviyal Validə Sultan tərəfindən
1869-1871-ci illərdə inşa edilir. Əslində külliyə
olub, daxilində mədrəsə, sebil, türbə, müvəqitxana
vardı. Ancaq məsciddən başqa günümüzə gəlib
çıxan başqa abidə qalmayıb. Belə möhtəşəm
abidənin memarının Sarkis Balayan olmağı təəccübləndirmədi.
Kürsülü olan giriş qatında beş pilləkən
var. Qapıları olduqca genişdir. Ara bölmələrə
açılan dəhlizlər mövcuddur. Girişdəki
namaz qılınma yeri dəbdəbəli köşkə bənzəyir.
Üst tərəfdə padşah və ailəsi
üçün nəzərdə tutulan bölmə var. Bura
qızılı rəngli qəfəslə əhatələnib.
Klassik məscidlərdən fərqli olaraq Validə Sultan Məscidi
neoqotik tərzli, türk və hind memarlığının
sintezi əsasında inşa edilib. Xarici görkəmi olduqca fərqli
olan abidənin bütün fasadı zərif daş
işçiliyinin nadir örnəklərindəndir. İbadətgah
başdan ayağa sanki "krujeva"ilə
hörülüb. Eyni incə xətlər daxili qismdə də
işlənib. Tavana mavi rəng hakimdir, üzərində
ulduz və digər naxışlar var. Bunların hər biri əl
işidir. XVI və XVII əsrlərdəki abidələrdən
tamamilə fərqli olan bu motivlər, rənglər,
Osmanlı naxış ənənəsi üçün
yenilik hesab edilir. Minbər və mehrabı mərmər olan
abidə səkkizguşəli və oyuqlarla işlənib. Məscid
tək qübbəlidir. Bu qübbə pəncərəli
sütunların üzərinə oturdulub. Məscidin dörd
küncündə Hind memarlığını xatırladan
qüllə mövcuddur. Hətta içindəki hökmdar
otağı daxili məscid tərzində tikilib. Bu balaca qəsrin
üstündə iki ədəd minarə var. Minarələr
kəsmə və kəskin uclu daşdandır. Atriuma şərq
və qərb də daxil olmaqla üç qapıdan giriş
mövcuddur. Əsas qapı həddən artıq görkəmli,
hətta gözqamaşdırıcıdır. Qapının
üstündə padişahın adını daşıyan
tuğra var. Altında isə məscidin kitabəsi
mövcuddur. Külliyyə təzində inşa edilən abdiənin
səbil, mədrəsə və digər parçaları
hazırda yoxdur. Həmin parçalar 1956-59-cu illərdə
Aksaray meydanının genişləndirilməsinə görə
ləğv olunub.
İqtidardan həyatın dibinə...
Cariyəliklə başlayan, padşah arvadı ilə
yüksələn, Sultan anası kimi zirvəyə ucalan,
aşağılanaraq sonlanan ömür idi Pertevniyal
Sultanın həyatı. Oğlunun hakimiyyəti illərində
dövlət işlərində önəmli fiqur hesab
edilirdi. Hətta Osmanlı siyasətində ciddi rol
oynayırdı və pərdəarxasındakı ən
güclü siyasətçi idi.
Araşdırmaçı tarixçi Karolina Finkel
"Osmanın yuxuları" əsərində, Pertevniyal
Sultanın oğlunun hökmdarlığı boyu dövlət
işlərinə qarışdığı və Abduləzizin
qərarlarında təsir gücü olduğunu yazır. Təkcə
oğlunun fikirlərini deyil, öz ideyalarını da onun
vasitəsi ilə həyata keçirib. Ancaq görünən
odur ki, zərərli qərarlar verməyib. Yoxsa, bu gün bu
yazıdan fərqli məsələlərdən bəhs edərdik.
Yeri gəlmişkən, Pertevniyal, Osmanlıda qadınların
güc sahibi olduğu dönəmin son akkordları hesab edilir.
Qadınların siyasətdəki təsiri bununla da
sonlanır.
Pertevniyal Sultanın ən acınacaqlı dönəmi
oğlu Sultan Abduləzizin taxtdan endirilməsi və
öldürülməsindən sonra başlayır. 1876-cı
ildə Abduləzizi yıxmaq üçün həyata
keçirilən bu çevriliş Osmanlı idarəçiliyində
böyük dəyişikliyə səbəb olmaqla bəbirlikdə Pertevniyalın da qara günlərini
gətirir. Oğlunun öldürülməsi və ya intihar
etdiyi hələ də dəqiq deyil. Bəlli olan odur ki,
Pertevniyal Sultan bu hadisədən sonra
etibarsızlaşdırılır, saray içində
alçaldıcı davranışlara məruz qalır.
Pertevniyal sarayda daha səssiz və geri planda bir həyat
sürməyə məcbur edilir.
Sultanın həm güc sahibi olan validə sultan, həm
oğlunun sonunu görən bir ana, həm də
gücünü itirdiyi çöküş dönəmi
diqqət çəkir. Tarixçilər onu yazarkən və
yaşadığı çətinlikləri dəyərləndirərkən,
həm iqtisadi simvolu, həm də insan
çöküşünün mərkəzində olan fiqur
kimi təqdim edirlər. Qeyd edim ki, oğlunun vəfatından
sonra 7 il yaşayır. Ardınca Dolmabağça
sarayında ölür və öz adına inşa etdirdiyi məscidin
həyətindəki türbədə dəfn edilir.
Bu da Pertevniyalın həqiqətidir. Əslində
bütün insanlığın gerçəyidir.
Hamımızın! Ona görə də, bu gün sinəsinə
döyənlərin iki dəfə düşünmə
haqqı var, sonra çox gec olur.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.21.