Kapitalizmdə
yaradıcılıq şərtləri
Esse
Kapitalizm öz məqsədinə çatmaq və onu
yaşatmaq üçün hər cür inkişafı izləyir,
ona xidmət edə biləcək şəxsləri və məfhumları
qoruyur, "səlahiyyətləri"ndən istifadə edərək
ideyalarına zərər verə biləcək bütün təzahürləri
aradan qaldırıb tarixin yaddaşından silməyə
çalışır. Əslində, incəsənət sahəsindəki
postmodernizm "Kapitalizmi necə daha gözəl göstərmək
olar?" sualının cavabıdır. Teodor Adorno "mədəniyyət
sənayesi" terminini ilk istifadə edən tənqidçidir.
O deyir: "Sənaye istehsal-istehlak və mənfəətdən
ibarətdir. Kapitalizmdə bütün istehsal bazar
üçündür, əmtəə insanın ehtiyac və
istəklərini ödəmək üçün deyil, mənfəət,
daha çox kapital əldə etmək üçün
istehsal olunur".
Kapitalist ideologiyasını tənqid edən
"Tamaşa cəmiyyəti" (1960) adlı kitabı nəşr
edən marksist mütəfəkkir Qay Debord (1931-1994) da kapitalizmi
belə tanıdır: "Kapitalizm istehlakı təşviqə
sürükləyir və gündəlik həyatı müstəmləkə
edir. Tamaşa kapitalın xəyal etdiyimiz rahatlığa
çevrilənə qədər
yığılmasıdır". Bu ifadə kapitalizmin həyatın
bütün sahələrinə, o cümlədən şəhər
həyatına, istirahət fəaliyyətlərinə, reklam
və mediaya yayılmasına işarədir.
Bu dövrdə sənət bazarında yeni konseptlər
meydana çıxdı. Müasir incəsənətin bazar əlaqəsini
canlı saxlayan yeni formasiyalar bunlardır: müasir muzeylər,
müasir incəsənət kuratorları, sənətşünaslar
və sənət kolleksiyaçıları və media kimi
yeni anlayışlar. Müasir incəsənət layihələri
və konseptual kurator sərgiləri incəsənət
auditoriyasının diqqətini cəlb etmək və incəsənət
bazarı yaratmaq məqsədi ilə yaradılır. Bu sərgilər
rəssamı məhdudlaşdıran, onun
orijinallığına, azadlığına mane olan struktura
malikdir. Rəssamlar və sənət dilerləri, kuratorlar, tənqidçilər,
kolleksiyaçılar, sponsorlar, möhtəkirlər,
müasir muzeylər hamısı bazar üçün
çalışır. Kommunikasiya texnologiyalarının
inkişafı ilə əlaqədar olaraq bu sənət fəaliyyətləri
internet və media kimi paylaşma kanalları vasitəsilə
yayılır. Həmin əsərlər dünya rəssamlarına
təsir göstərdiyi üçün rəssamlar tərəfindən
də oxşar əsərlərin yaranmasına səbəb
olub və yerli sənətlərin orijinallığına son
qoyulub. Sərgi təşkilatçısı mənasını
verən müasir kuratorluq indi muzey kuratorluğundan
ayrılmış ayrıca peşəkar qrupdur.
Müasir incəsənət sahəsində bienal və
üçillik tədbirlər kurator sərgiləri kimi davam
edir. İlk bu cür sərgi birincisi 1895-ci ildə
açılmış Venesiya Biennalesidir. Sürətlə
artan və dünyanın bir çox yerində geniş
yayılan bu sərgi və təşkilatlardan bəziləri
bunlardır: Venesiya, Yohannesburq, Sidney, Kvanqju, Qahirə, Monreal,
İstanbul, Havana, Berlin, San-Pouleipe, Dakar şəhərlərindəki
biennalelər, Eçiqo-Tsumari Triennial, Asiya Sakit Okean İncəsənət
Triennalı, Beynəlxalq Tələbə Triennalı,
"Kassel Documenta" sərgiləri, Tate Modern, Tehran
Müasir İncəsənət Muzeyi, Müasir İncəsənət
Muzeyi (MOMA), Nyu Yorkdakı "Guggenheim Muzeyi", İncəsənət
və Dizayn Muzeyi və ya MAD, Britaniya Muzeyi, Londondakı Milli
Qalereya və sairləri. Son illərdə Asiya və Afrika
ölkələrində də yeni müasir muzeylər
yaradılıb.
Müasir incəsənət bu hibridləşmənin
ön plana çıxdığı, müxtəlif mədəniyyətlərin
bir-biriylə yarışdığı, bəzilərinin təmsili
imkanlarının yaradıldığı, ABŞ və Qərb
mərkəzçiliyinin tənqid edildiyi bir mühitə
çevrilib. Müasir incəsənət və sərgi
metodlarını tənqid edən rəssam və tənqidçi
Marina Grziniopun sözlərinə görə, "Belə
layihələrə maraq ənənəvi incəsənətin
bütün konturlarını dağıdır. Halbuki orijinal
olan hər rəssamın öz ənənəvi üslubu və
üslubun təbii şəkildə inkişaf edib müasir
şəkil almasıdır. Yəni müasir incəsənət
adını verdiyimiz bu cür sərgilər cəmiyyətlərin
orijinallığı pozulur. Onların köklərinin tükənməsi,
qloballaşması, müstəmləkə və yeni
texnologiyanın sürətlə incəsənətə sirayəti
capitalist məqsədlərin bir hissəsidir".
Müasir incəsənət ölkələrin öz
bədii yaradıcılığında təkrarlara da səbəb
olur. İncəsənətin şəxsiyyətini itirməsindən
danışan Pekin sənətşünası və kuratoru
Li Xiantinq 1991-ci ildə yazırdı: "İncəsənət
mədəni vətənindən qovulduqdan sonra o, şübhəsiz
ki, məhv olacaq". Qeyri-Qərb sənətində o, bunu
"Sürgün mədəniyyəti və incəsənəti"
adlandırır. Çin ziyalıları mədəni məkan
ideyasını israrla müdafiə etməyə davam edirlər.
Onlar həm də müasir avanqardın qeyri-mümkün
olduğunu iddia edirlər.
İncəsənət sahəsində qloballaşma
kommunikasiya və media texnologiyalarının yayılması ilə
maliyyə və kapital hərəkətlərinin sürətlənməsinə
səbəb olur və sənətin istehlak məhsulu kimi qəbul
olunmasını təmin edir.
Texnologiyadakı inkişaflara müsbət yanaşma
aşağıdakı kimi ifadə edilə bilər.
Müasir və virtual muzeylər bir mədəniyyət mərkəzi
kimi muzeylərin cəmiyyətlə inteqrasiyasını təmin
edən, bədii yığımı gələcəyə
daşıyan, gələcəyin formalaşmasında
keçmişin mühüm informasiya və sənədləşmə
mənbəyi olduğunu aşılayır. Bundan əlavə,
incəsənət muzeyi rəssamların əsərlərini
və fotoşəkillərini obyektlərə
köçürməklə və çoxaltmaqla kütləvi
istehsal və bazara çıxarır. Müasir
dünyamızın mahiyyəti reklamdır. Görünür
ki, inqilabi formalar da öz reklam payını alıb. Valter
Benjaminin dediyi kimi, "İnqilabi mövzular burjua nəşriyyatı
və istehsalat maşınları tərəfindən mənimsənilə
və hətta reklam edilə bilər". "İnqilab
satar" məntiqi ilə hökmdarlar yerli sənətləri
özlərinə uyğunlaşdırırlar. Onların səyləri
ilə yanaşı, hökumətlərin burjua media
orqanlarında, reklam və istehsal mexanizmlərində də
inqilabi mövzulardan istifadə edildi və Çe Gevaranın
afişaları 300 markanın embleminə çevrildi.
Müasir incəsənətin və rəssamların
kütləvi kommunikasiya (media) dünyası ilə tam
inteqrasiyası qlobal imperialist güclərin nəzarəti
altındadır. Müasir Çin incəsənətinin beynəlxalq
arenada şöhrət qazanmasının əsasını mədəni
imperializm və iqtisadi əməkdaşlıq təşkil
edir. Müasir incəsənətin digər problem də
görünən saxta uğurlar və saxta təşviqlər,
yəni bir növ mədəni proteksionizmdir, mədəniyyətin
marketinq vəziyyətidir. Robert Jensen deyir ki, indiki sənətkarlar
sanki bazarla barışır və varlı insanlarla əməkdaşlıq
edirlər. Jensen xüsusi muzeylərdə bir çox
amerikalı və alman kolleksiyaçıları
nümayiş etdirdi və yüksək qiymətlərdə
olan qalereyalar avanqard sənətçiləri, "Avant-Garde
sənətləri" bu cür mühitlərə
çıxartdı. Sənət bazarının ortaya
çıxması ilə rəssamlar sərbəst
buraxıldı. Saray və kilsənin, aristokratik himayədarlıq
sisteminin və yuxarıda sadalanan sənət
qurumlarının həlak olması və kapitalist bazarın cəmiyyətə
inteqrasiyası hələ də davam edir. Bu gün muzeyləri,
bienalları, yarmarkaları və ən əsası
kolleksiyaları ilə müasir incəsənətin ən
görkəmli himayədarları şəriət
monarxiyaları ilə idarə olunan varlı Körfəz
ölkələridir. Jensen yazır ki, müasir dövrdən
fərqli olaraq oralarda hələ də mədəniyyət
dinin hökmranlığı altındadır. Bu gün
satılan əsərin dəyəri deyil, sənətçinin
adıdır və bu, sənətə investisiya kimi
baxılmasını və səhmlərin qərb
banklarında investisiya məhsulları kimi
satılmasını təmin edib. Müasir rəssamların
karyeralarını media, bazar və qalmaqal
formalaşdırır. Qalereyalar avanqardlar üçün
azadlıq sahəsi olsa da, kommersiya qalereyalarında sənət
kommersiya məhsuluna çevrilir. Son zamanlar eksperimental və tənqidi
əsərlər əvəzinə bazarda özünü
doğrultmuş rəssamların əsərləri
satılır. Avropa sənət tarixi və tənqidçiləri
bazar yaratmaq üçün həmişə eyni rəssamları
yazır və təbliğ edirlər. İncəsənət
və rəssamlar reklam vasitəsilə tanınır və sənətdəki
rəqabət mühiti müasir muzeylər və media tərəfindən
gücləndirilir. Hal Foster müasir incəsənətdə
baş verən bu oyunları belə izah edir: "Endi Varhol,
Demin Hörst, Ciff Koons, Murakami, Abramoviçin karyeralarında
sənətdən daha çox şok, qalmaqal, media və bazar
var".
Rəvan
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.19.