Dərdimiz və
çarəmiz: qəhətə çıxmış səmimiyyət
Doğulduğumuz gündən ölənə qədər
sevilmək və qəbul olunmaq üçün mübarizə
aparırırq. Hər iki hissə sahib ola bilmək
üçün isə həyatımız boyu bir çox səhvlərə
yol veririk. Son illər insanlar arasında ən çox
müzakirə olunan mövzulardan biri də səmimiyyətdir.
Bir-birimizi daim səmimiyyətsizlikdə ittiham edirik. Amma
reallıq budur ki, heç birimiz digərimizdən daha səmimi
deyilik. "İnsanlar niyə səmimi
olmaq istəmirlər?" Bunun əsas səbəblərindən
biri cəmiyyətin reaksiyasından qorxmaqdır. İnsanlar
özləri haqqında hər şey bilindiyi zaman əvvəlki
kimi hörmət görməməkdən, sevilməməkdən,
təqdir edilməməkdən, dostlarını, hətta
işlərini itirməkdən qorxurlar. Hər bir insan sevilmək,
bəyənilmək, təriflənmək, qəbul olunmaq istəyir.
Amma bu da aydın olmalıdır ki, hamı bizi sevə, qəbul
edə bilməz. Hər insanla xasiyyətimiz tutmaya və
önyarqılarla qarşılaşa bilərik. Bu, çox
normaldır. O zaman özümüzə verəcəyimiz sual
bu olmalıdır: Biz özümüz olaraq sevilmək istəyirik,
yoxsa sırf başqalarını məmnun etmək
üçün yaratmış olduğumuz obrazı oynayaraq
özümüzü aldatmaqmı?
Səmimiyyət risk daşıyan bir hissdir. Bu gün
insanların psixoloqa getmə səbəblərindən biri də
insanların ətrafında bir çox mövzuda
düşüncələrini, hisslərini, qorxularını
paylaşa biləcək qədər güvəndiyi kimsələrinin
olmamasıdır. Öz düşüncələrimizi
olduğu kimi bildirməkdən qorxduğumuz üçün
bu gün bəşəri bir bədbinlik, bədbəxtlik
sarıb dörd tərəfimizi. Əgər sevdiyimiz
insanları mühakimə, ittiham etmədən dinləmək,
sadəcə özləri olduğu üçün qəbul
etmək və onları dəyişmək əvəzinə
anlamağa çalışsaq, hər kəs çox xoşbəxt
olardı.
Fikir verirsinizsə, bu gün ən səmimi münasibətlərin
belə təməlində almaqdan çox vermək var. Ən
yaxınlarımızla belə tənqid edilmək, qəbul
olunmamaq, ittiham olunmaq qorxusu ilə həqiqi hisslərimizi
paylaşmaqdan qaçırıq.
Düşüncə və gözləntilər
dayanmadan dəyişir, inkişaf edir. Biz ümidlərimizi,
hisslərimizi qarşımızdakı insanlarla paylaşa bilməyi
və qarşımızdakı insanı sadəcə anlamaq
üçün dinləməyi, fikir və hisslərimizi
özünü ifadə edən şəxsin önünə
keçirməməyi bacarmırıq, təəssüf ki.
"Dünyanın nümayişkaranə tərəfləri
və saxta, şəxsi mənafeyini düşünən
insanlar diqqətimi cəlb etmir. Mənə bir az ürəyi
gözəl və səmimi
insan lazımdır" - deyib Maksim Qorki. İnsan
olmağın ən əhəmiyyətli xüsusiyyətlərinin
təməlində qarşımızdakı insanlarla
qurduğumuz səmimiyyət dayanır. Ancaq səmimiyyət
anlayışı ilə saxtakarlıq arasındakı
qırmızı xətti də gözardı etməməliyik.
Bu qırmızı xətti keçmədən saxtalıqdan
uzaq isti və səmimi bir münasibət yarada bilmək
bacarığı hər insanda olmayan bir xüsusiyyətdir.
Günümüzdə ətrafınızdakı dostlara,
tanışlara bir diqqət edin. Sizinlə nə
üçün nə dərəcədə "səmimi"
bir münasibət içərisindədirlər? İctimai
statusunuzun yaxşı olduğu, ya da yaxşı bir işiniz
vəzifəniz üçün ola bilərmi? Belə
olduğu halda sizi o insanlarla bağlayan şeyin adı səmimiyyət
yox, maraqdır. Tanınmış türk
yazıçısı Əhməd Ümidin də söylədiyi
kimi: "İnsanın ən səmimi olduğu anlar
ölümə və pula çox
yaxınlaşdığı anlardır. Əsl xarakterimiz o
zaman üzə çıxır".
Bu da bir həqiqətdir ki, həyatımıza sürətlə
daxil olan texnoloji yeniliklər insan münasibətlərini də
saxtalaşdırır və səmimiyyət kimi gözəl
xüsusiyyət artıq maraqlara indekslənir. Bunu tam aydın
görmək üçün sadə bir fakta diqqət edək.
Sosial şəbəkələrədə hamımız
dostluğumuzda ancaq ictimai statusu yüksək insanların
olmasına əhəmiyyət veririk. Lakin təkbətək
ünsiyyətdən imtina edirik. Feysbuk, instaqram, tviter kimi
sosial media platformalarında yüzlərlə, minlərlə
"dostumuz" var. Ancaq bu insanların neçəsi ilə
qarşılıqlı ünsiyyət yarada bilirik?
Oradakılar sadəcə fotolarından
tanıdığımız və yediklərini, içdiklərini,
ailə quruluşunu virtual olaraq izlədiyimiz insan kütləsidir
Zənnimcə, bütün insanların həyatları
boyu səmimi olduğu yalnız bir dövr var, o da uşaqlıqdır.
Çünki uşaqlar böyüklər kimi vəziyyətə
görə davranmağı bacarmırlar. Onlar hər zaman
içlərindən gəldiyi kimi davranır,
düşüncələrini maskasız, ütüsüz
ifadə edir. Ancaq böyüdükcə bu sehr pozulur. Zamanla hər
şeydən qorxub çəkinməyə
başlayırıq. İçində olduğumuz vəziyyətə,
insana hansı maska uyğun gəlirsə, onu taxırıq.
Üst-üstə geyindiyimiz geyimlər kimi zamanla içinə
girdiyimiz qəliblər də bizi boğmağa başlayır
və daşıya bilməyəcəyimiz bir yükə
çevrilir. Amma bir çoxumuz bu qəliblərin içində
boğulsaq da, ordan xilas olmaq üçün bu vəziyəti
dəyişdirməyə çalışmadan, qəbul edərək
yaşamağa davam edirik. Beləliklə də, bir-birimizdən
uzaqlaşırıq.
Səmimiyyət bir az da ruhların bir-biri ilə təmas
halıdır. Səmimiyyət isti havada
daldalandığımız kölgə, yorğunluqdan sonra
içilən yaxşı dəmlənmiş bir çay
kimidir. Həyatın gündəlik qarğaşasında soyuq
və yad münasibətlərdən uzaqlaşıb
özümüzə təslim olduğumuz andır səmimiyyət.
Təəssüf ki, əsas ehtiyaclarımızdan olmasına
baxmayaraq, çoxumuz bunun fərqində deyilik.
Son illər boşanmaların sayının
artmasından gileylənirik. İttiham edirik, günahkar
axtarırıq. Lap çoxdan sosial şəbəkədə
oxuduğum "Cütlüklər sevgili və nişanlı
vaxtlarında bir-biri ilə olduqları kimi davransaydılar, bu
qədər boşanma olmazdı" deyə bir
paylaşımı xatırladım. Nə qədər
doğru bir müşahidədir, deyilmi? 20-30-40 illik evliliklər
bir gecədə bitir,
cütlüklər birlikdə keçirdikləri zamanları
heçə sayaraq ayrılılırlar. Hətta
amansızcasına bir-birini məhkəmələrə verirlər.
Çünki insanlar artıq taxdıqları maskalardan bir yerdən
sonra sıxılmağa başlayırlar. Evlilik cütlüklər
arasında sağlam münasibətlərin olmasına zəmanət
vermir, təəssüf ki. Səmimi düşüncələrimin
qəbul edilməyəcəyini bilsəm də, deməliyəm
ki, evlilik heç də hər zaman həyatın həqiqi məqsədinə
xidmət etmir. Bir halda ki, insanların ortaq maraq dairəsi
uşaq dünyaya gətirməkdir, uşaq böyüyüb
evdən ayrılarkən məqsəd də bitmiş
sayılır. Bütün münasibətlərdə, hətta
ən mükəmməl hesab etdiklərimizdə belə,
mütləq bir problem var. Çünki heç bir insan
mükəmməl deyil. İnsanı insan edən də məhz
bu xüsusiyyətidir. İnsanlar münasibət qurmağa
çalışdıqları zaman səmimi olmağı
plandan çıxarır. Çünki səmimi olmaq
özümüzü qarşımızdakı insana ifşa
etmək deməkdir. Səmimiyyət sirlərimizi, xəyallarımızı,
qorxularımızı, hədəflərimizi, problemlərimizi
qarşımızdakı insanla paylaşmaq deməkdir.
Özümüzü maska taxmadan, olduğumuz kimi
qarşımızdakına ifadə etməkdir. Səmimiyyətsiz,
dayaz münasibətlər - görüşlər, söhbətlər
sadəcə özümüzü aldatmaq istəyimizi göstərir.
Bəyənildiyimizi, tanındığımızı,
sevildiyimizi düşünmək bizə
özümüzü əhəmiyyətli hiss etdirə bilər.
Amma unutduğumuz bir şey var ki, hər kəsi aldada bilərik,
özümüzü əsla. Bu həqiqət bizi daxilən bədbinləşdirir.
Həyatımızda hər cür münasibət, ətrafımızda
bir çox insan olsa da, o amansız boşluq hissi içimizdə
kök salır.
Səmimi münasibətlər qura bilməyən bir
çox insan ətrafını mütəmadi nəzarətdə
saxlamağa çalışır. Məsələn, tez-tez
qonaqlıqlar təşkil edir, insanları ətrafına
toplamaq üçün onlara jestlər edir. Bu isə
illuziyadır, səmimiyyət deyil. Məşhur amerikalı
Deyl Karenginin sözləri ilə yekunlaşdırmaq istəyirəm
fikirlərimi:
"Unutma,
Bir insanın üzündəki ifadə
Əynindəki paltardan daha önəmlidir..."
Günel MUSA
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.18.