Sözü silah, silahı söz...
Naxçıvan ədəbi mühiti ilə
tanışlığım, həmçinin bu mühitin mətbəxinə
daxil olmağım yeni eranın yeni əsrinin yeni ilinə təsadüf
etmişdi. Həmin 2000-ci ildə yeni tanıdığım
imzalardan biri də şair Səhlab Məmmədov idi. Qəribə
səs tembri, alovlu nitqi, lap ürəkdən gələn
danışıq tərzi və bunların içində
ötkəm səs tonu bu adam haqqında ilk
qarşılaşmadan məndə xoş iz
buraxmışdı.
Muxtar respublikanın müxtəlif ədəbi-bədii
tədbirlərində, görüşlərdə, ədəbi
dərnəklərdə qarşılaşdığım Səhlab
Məmmədov həm də ali təhsil aldığım
Naxçıvan Dövlət Universitetinin Fiziki tərbiyə
və çağırışaqədərki hazırlıq
kafedrasında müəllim işlədiyindən universitetin tədbirlərində
də tez-tez üz-üzə gəlirdik. Bu zaman ərzində
böyüklüyünə görə də ona qarşı
səmimi hörmət hissi yaranmışdı. Zaman keçdikcə
bu hörmət sadəcə yaşına, başına
görə yox, həm də Səhlab Məmmədovun bir
şair kimi sözünün çəkisinə görə
daha da artmışdı.
İndi bu yazını qələmə alarkən həmin
2000-ci ilə - 25 il əvvələ qayıtmalı oldum. Onda
mənim 20, Səhlab Məmmədovun isə 55 yaşı var
idi. Məndən 2 dəfədən də çox
böyük şairlə aramızdakı yaş fərqini
zaman 2 dəfədən aşağıya çəkib. Onun
bu günlərdə 80 yaşı, mənim isə 45
yaşım tamam olur. Tanış olduğumuz müddətdən
ötən zaman kəsiminin böyük bir qismini Səhlab
müəllim səhhətindəki problemlərlə
mübarizəyə həsr etdiyindən görüşməyimizin
də boyu xeyli uzandı. Dəfələrlə
razılaşsaq da, şair dostum Qafar Qəriblə zaman
ayırıb Səhlab müəllimi ziyarətə gedə
bilməmişik. Hər dəfə nəsə mane olub. Amma
bu, özümüzə haqq qazandırmağa əsas vermir.
Heç bu yazını da günahımı yumaq məqsədiylə
yazmıram. Səhlab Məmmədovu yoluxmasam da, onun şeirlərinə
yoluxmuş biri kimi yaradıcılığına olan sevgimi
oxucularla bölüşmək keçdi içimdən.
Səhlab müəllimdən şair kimi bəhs eləsəm
də, onun bir neçə nəsr və dram əsərləri
də nəşr olunub. Belə ki,
"Qızılbarmağın aqibəti" romanı, "Cəngavərin
ölümü", "İtmiş kəndin faciəsi"
kimi povestləri, "Əbədiyyət yolu", "Bir
anın xətası ömürlük əzab",
"Qanlı çayır əhvalatı" adlı pyesləri
yaradıcılığın müxtəlif sahələrində
eksperiment cəhdləri deyil, əksinə, peşəkar qələm
təcrübələrindən doğan müxtəlif
mövzuların digər janrlarda da uğurlu nəticələridir.
Xüsusilə iki pərdəli on bir şəkilli "Əbədiyyət
yolu" dram əsərində Səhlab Məmmədovun
öz həyatının çətin dövrlərdəki
müxtəlif fraqmentləri uğurla öz həllini
tapıb.
Səhlab Məmmədov peşəkar hərbçi
olub. Sovet ordusu sıralarında zabit kimi fəaliyyət
göstərib. Ötən əsrin doxsanıncı illərində
mənfur qonşularımızın torpaqlarımza
qarşı təcavüzünü eşidən Səhlab
müəllim öz xidmət yerindən ezamiyyət adı ilə
vətənə gələrək bir daha geri
qayıtmayıb. Öz biliklərini doğma torpaqda -
Naxçıvanda gənclərin hərb biliklərinin
artırılmasına, ən əsası isə
torpaqlarımızın düşməndən qorunmasına sərf
edib. Hətta Naxçıvan Muxtar Respublikasında
xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə peşəkar ordunun yaradılması zamanı Milli
Müdafiə Komitəsinin ilk qərargah rəsi kimi xidmətini
davam etdirməyə başlayıb. Düzdür, orduda vəzifə
tutmasına baxmayaraq, o, kabinet hərbçisi olmayıb.
Ön cəbhədə, muxtar respublikanın düşmənlərlə
həmsərhəd bölgələrində mütəmadi
olaraq döyüşlərdə iştirak edib. "Əbədiyyət
yolu" pyesində də məhz hərbçi Səhlabın
poetik obrazı ilə tanış olmaq mümkündür.
Nəsr və dramaturgiyadakı bu qələm təcrübələrinə
baxmayaraq, Səhlab Məmmədov ruhuyla, varlığıyla,
sözünün canıyla, özünün xarakteriylə
şairdir. Döyüşən şair, coşğun sel
misallı, fırtına qorparmağa köklənmiş dəli
rüzgar səsli poeziya vurğunu, payızın qürubunda
üfüqün sozaldığı rənglərə
aşiq duyğulu ürək sahibi - söz sərrafı.
Ötən dövr ərzində Səhlab Məmmədovun
müxtəlif illərdə qələmə
aldığı şeirlərinin toplandığı "Məhəbbətin
keçmiş zamanı yoxdur", "Payız nəğmələri",
"Nifrətim, qəzəbim, həsrətim, sevgim",
"Çalxanqala əfsanəsi", "Qönçənin
nağılı", "Qızıldağdan gələn səslər"
və digər kitabları nəşr olunub. Bu şeir
kitablarında şairin maraqlı poemaları da oxucuların
ixtiyarına verilib.
Yuxarıda Səhlab müəllimin döyüşkən
xarakterindən bəhs etmişdim. Heç də təsadüfi
deyil ki, "Altıncı səs" şeirində oxuyuruq:
Şair ömrü vuruş dolu ər ömrü,
Ömür sayma bu dünyada hər ömrü.
Kişi kimi yaşamağa bir ömrü
Şümşad kimi hamar yollar az deyil.
Bu misralardakı fikirlərlə yanaşı, onun
"Axtarma" şeirində o, barıt çəlləyində
var olduğunu bildirir, aslan biləyində yerim var deyir, əmrə
müntəzir sıyrılmış xəncərə bənzəyir,
hətta onu həqiqət düzünün gözətçisi
kimi müşahidə edirik.
Oxucularına: "Günah eləmişəm şair
olmuşam?" - sualı ünvanlayan qələm dostumuzun həmin
şeirin sonunda gəldiyi qənaət öz sualına
özünün cavabıdır. Əslində isə, bəlkə
də bütün şairlərin cavabıdır: Günah eləmişəm
şair olmuşam...
Nə qədər coşub-daşan tərəfi olsa
da, bir o qədər də həlim və yumşaq şair
ürəyinə sahibdir Səhlab Məmmədov. Ona görədir
ki, filologiya üzrə fəlsəfə doktoru, dosent İman
Cəfərov Səhlab Məmmədovun "Qönçənin
nağılı" kitabına yazdığı ön
sözdə bildirir ki, "Səhlab Məmmədovun
yaradıcılığında coşğun məhəbbət
də var, kəskin qəzəb də, sonsuz həsrət də
var, məntiqli çağırış da. Onun şeirlərində
"lirik qəhrəman və zaman" qızılı xətt
üzərindədir. Zamanın çoxrəngli, çoxsəsli
mənzərəsində insan faktoru, insan taleyi, insan
mübarizəsi, insan münasibətləri qabarıqdır.
Yazı mədəniyyəti, dil-üslub xüsusiyyəti
forma və məzmun yetkinliyi istər nəzmdə, istərsə
də, nəsrdə oxuculara şirin bir töhfə kimi təqdim
olunur.
Hərbçi şairin ötən əsrin
doxsanıncı illərində başımıza gətirilən
müsibətlərə yanan ürəyindən təəssüf
dolu misralar da boy göstərirdi. "Araz sahilində
düşüncələr" şeirində bu hissləri
anlamaq o qədər də çətin deyil:
Hər dərdi içimdə üyüdə bildim,
Soyuqluq dərdimi üyüdəmmədim.
Min şair oğul-qız böyüdə bildim,
Min nəfər komandan böyüdəmmədim.
Şeirlə bildirdim ehtiyacımı,
Döyüşə çıxmaqda bədgüman
oldum.
Şeirlə söylədim ağrı-acımı,
Misra düzəltməkdə qəhrəman oldum.
Mənə elə gəlir ki, bu gün xəstə
yatağında həyat mübarizəsi aparan şair
torpaqlarımızın azad olunmasından, ərazi
bütövlüyümüzün bərpasından,
suverenliyimizin təmin olunmasından doğan duyğular
içində coşub-daşır. Onları
baxışlarıyla evinin divarlarına yazır, əlləriylə
yorğanına naxışlayır, ürəyiylə
Tanrıya pıçıldayır. O
pıçıltıları bir gün biz də eşidəcəyik,
oxuyacağıq. Mən olmazların olacağına inanan biriyəm.
İskəndərin buynuzunu qamışa söylətdirən
yaradan Səhlab Məmmədovun ürəyindən keçənləri
də kiminsə diliylə, nəyinsə avazıyla bizə bəyan
edəcək.
Onun nəzərində şair çox böyük məna
daşıyan ömür yolçusudur. Belə olmasaydı,
bu böyüklükdə yükün altına girməyə
cəsarət eləməzdi Səhlab Məmmədov. "Bəşər
ünvanına atılan güllə Şairin
köksünü qanatsın gərək" deməyin özü
böyük ürək istəyir. Əslində isə o,
söz adamlarının bu dünya qarşısındakı vəzifələrini
və məsuliyyət daşımalarını da öz
timsalında təqdim edir. Həm də qətiyyətlə təqdim
edir. "Şairlər dünyanın vətəndaşıdır"
deyəndə də əslində dünyanı
qorumağın şairlərin vəzifə borcu olduğunu
bildirir.
Qələm dostumuzun şair kimliyi haqqında
danışanda onun qibləsinin də söz olduğu
aydınlaşır. "Söz qibləsi hər qiblədən
dəyərli" deyən şair söz gülləsinin də
gücünü oxuculara faş edir:
Vaxt var idi ölçülərdi zər ilə,
Vaxt var idi yarışardı nur ilə.
Sözə qiymət veriləndən var ilə
Söz gülləsi hər güllədən dəyərli.
Səhlab müəllimin sevgi şeirlərində də
müqayisə vətən predmetiylə təqdim olunur.
Qarşısındakı gözələ olan sevgisini bildirərkən
bu hisslərin vətən sevgisi içində çox az yer
tutduğu anlaşılır:
Sənli dünyam nəğmələrin çələngi,
Sənsiz dünyam Savalanın qübarı.
Sənli dünyam qəşənglərin qəşəngi,
Sənsiz dünyam Xan Arazın havarı.
Uzun illərdir Naxçıvan toylarında gəlin
köçən qızlara üz tutub söylənən
maraqlı bir şeir diqqətimi çəkirdi. Hər dəfə
o şeirin bədii gücünə, didaktik dəyərinə
heyrət edir, bir qız atası kimi bir az
duyğulanırdım. İndi bu yazını yazarkən
şeir kitablarını təzədən vərəqlədiyim
şairin ürək yanğısıyla qələmə
aldığı həmin şeirə də rast gələndə
olduqca sevindim. Çünki belə bir şeiri məhz Səhlab
Məmmədov kimi şair yaza bilərdi. Ona görə ki, nə
qədər çılğın xarakterə, alovlu nitqə,
döyüşkən ruha sahib olsa da onun da sinəsinin
altında gəzdirdiyi bir parça ətdən ibarət olan
ürəyi şair ürəyi idi. Şair ürəyi isə
duyğular qarşısında həssasdır, kövrəkdir.
Bu mənada Səhlab müəllimin "Qızıma nəsihət"
şeiri bütün ataların dilindən söylənmiş
misralardır:
Getdiyin ocağa ocaq daşı ol,
Getdiyin ocağın daş yaddaşı ol.
Ocaqda gəlin yox, dövlət quşu ol,
Bircə işarədən, qanan ol, qızım!
18 sentyabr 1945-ci ildə, İkinci Dünya müharibəsinin
yenicə bitdiyi və yaralarının sarıldığı
günlərdə indiki Babək rayonunun Cəhri qəsəbəsində
(o vaxt kənd idi) bir ailəyə müharibə
ağrılarından sonra oğul sevinci kimi dünyaya gəlib.
Bu il 80 yaşı tamam olur Səhlab Məmmədovun. 20 il
bundan əvvəl 60 yaşına üz tutub deyirdi ki:
Tozanaqlı yelə bənzər qasırğan,
Üzündəki hər bir qırış bir
yarğan.
Can isitməz nə yun döşək, nə
yorğan,
Yaş altmışa çatanda.
Görünür, ömrün sabahına etibar
olmadığından Səhlab Məmmədov 60 yaşı
son dayanacaqlardan biri kimi düşünərək bir az da nəsihət
və vəsiyyət mahiyyətiylə yazmışdı o
şeiri. Müdrik qoca görkəmində görünür
bu şeirdə şair. Sən saydığını say,
görə mən nə sayıram, - deyən fələk də
var axı. O şeirin yazılmasından 20 il ötür. 80
yaşını qeyd edən şairin bu iki misrası onunmu qələmindən
yazıma tökülür, yoxsa mənim içimdənmi gəlir,
bilmirəm. Amma yazının bu yerinə
ölçülü-biçili oturur bu iki misra:
Üzüdönük cavanlığım, əlvida,
Etibarlı qocalığım, xoş gəldin!
Doğrudan da cavanlıq nə qədər
üzüdönük olsa da, qocalıq bir o qədər
etibarlı çıxır. Elə etibarlı dostuyla yol
yoldaşlığı edən şair böyüyüm Səhlab
Məmmədovu 80 illiyinin tamam olması münasibəti ilə
təbrik edirəm. Eyni zamanda sözümüzü,
şeirimizi, ədəbiyyatımızı təbrik etmək
istəyirəm. Hələ də mənim və bir
çoxlarının nəzərində döyüşkən
şair kimi qalan, sözünü həmişə silaha
çevirən, silahını həmişə sözü
kimi daşıyan Səhlab Məmmədov
yaradıcılığı bütün tərəfləriylə
ədəbiyyatımızın sanbal yeridir.
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
525-ci qəzet .- 2025.- 24 aprel(¹69).-S.14.