"Bütün
çətin vaxtlarda insanların köməyinə gələn
sənətdir, musiqidir, teatrdır, ədəbiyyatdır"
Rejissor, Xalq artisti Ramiz Həsənoğlu ilə
söhbət
- Necəsiniz, Ramiz müəllim?
- Şükür Allaha, ayaq üstəyik, işləyirik.
- Yaxın günlərdə 79 yaşınız tamam
oldu. Yeni yaşınızı necə
qarşıladınız?
- (Gülür) Yaşımı kimsə
xatırladanda boynuma alıram ki, hə, artıq müəyyən
yaşa gəlib çatmışam. Doğum günün
olanda gizlətmək olmur, dostlar həmin dəqiqə sosial
şəbəkədən görürlər. Dostlar da var ki,
haradasa görmələrinə ehtiyac olmur, yaddaşlarında
saxlayırlar. Cavanşir Quliyevlə illərdir dostuq.
Hamıdan qabaq o zəng edib təbrik elədi. Oturduq, ötən
günləri xatırladıq, gələn günlərə
nəzər saldıq. Həyatdır da, öz axarı ilə
gedir.
- Ramiz müəllim, uzun illərdir sənətdəsiniz.
Gördüyünüz işlər daima yadda qalıb.
Rejissorun gördüyü işin uğurlu olmasında
başlıca səbəblərdən biri də uğurlu
aktyor seçimidir. Yəqin ki, valideynlərinizin aktyor
olmaları sizə bu işdə kömək edib.
- Mənim bu sahəyə gəlməyimdə valideynlərimin
sənət aləmindən olmalarının rolu var. Amma bu sənət
zəhmət də tələb edir. Gərək peşəyə
doğru şəkildə yiyələnəsən ki, biləsən,
hansı rola hansı aktyor daha uyğundur. Ümumiyyətlə,
rejissorluq mənim aləmimdə ən çətin peşədir.
Təsəvvür edin, Hollivudda hesablayıblar ki, bir filmin ərsəyə
gəlməsi üçün 92 peşə lazımdır. Hətta
bir peşənin bir neçə nümayəndəsi olur,
görürsən ki, çəkiliş meydançasında
aktyordan çox çəkiliş qrupu olur. Aktyor seçimi
elədir ki, sən gərək proseslərin içində
olasan, biləsən ki, teatrda hansı tamaşalar
oynanılacaq, orda hansı aktyorlar iştirak edir. Elə
aktyorlar var ki, sonda nə olacaqlarını bilmirlər, amma
müşahidələrin deyir ki, gələcəkdə məsələn,
bundan çox yaxşı Kefli İsgəndər obrazı
olacaq. Yaşar Nuri kimi elə aktyor da var ki, ampluası o qədər
genişdir ki, ona komediya aktyoru, ya təkcə faciə aktyoru
demək kifayət etmir. O qədər professionaldır ki,
bütün istiqamətlərdə, bütün janrlarda
öz ustalığını, aktyor təbiətini
nümayiş etdiə bilir.
- İndiki gənc rejissorlardan, ərsəyə gətirdikləri
işlərdən razısınızmı?
- Dünyanı müqayisəli şəkildə qəbul
etmək lazımdır. Dünya kinematoqrafı var və onun
fonunda Azərbaycan kinosu var. İstedadlı
rejissorlarımız var, amma onların imkanları çox məhduddur.
Mənə elə gəlir ki, kinonun başında duran adamlar
ilk növbədə onların taleyi ilə məşğul
olmalıdırlar. Bu bir tərəfə, ümumiyyətlə,
kinomuzun vəziyyətini "Azərbaycanfilm"
studiyasına münasibətdən bilmək olar. Bir studiya kimi
bu məbəd pis gündədir, arendayla, 10-15 nəfər
ştatda olan adamla oranı yola verirlər. Azərbaycan kinosu
buna layiqdirmi? Bu dəqiqə kinomuzun təəssübünü
çəkən insanlar var ki, mən onları
alqışlayıram. Onlardan biri Kinorejissorlar
Gildiyasının fəxri rəhbəri Hüseyn Mehdiyevdir.
Biz oraya yığışırıq, bu məsələ ilə
bağlı müzakirələr edirik, amma nə fayda? Yəni
karvan gedir. Təbii ki, müəyyən proses var, filmlər
çəkilir. Amma təcrübə göstərir ki, kənardan
adamları cəlb edəndə uğur bizimlə olmur.
Müxtəlif filmlər var ki, çoxlu vəsait
ayrılıb, amma gözlənilən uğuru
qazanmayıblar. Məsələn, "Əli və Nino",
"Tağıyev-neft" filminə baxmağa hələ
imkan olmayıb, amma gözləntilərim çoxdur. Ola bilsin
ki, o səmt küləyi Azərbaycan kinosuna tərəf
çevrilir. Ümumiyyətlə, Azərbaycan kinosunun ənənələri
olub və onları yaşatmaq lazımdır.
- Bəziləri kinomuzun çatışmayan tərəflərini
Kino Agentliyinin (ARKA) fəaliyyətinə bağlayır.
- Mən işin içində uzun müddətdir
yoxam. Axrıncı filmimi - "Sübhün səfiri"ni
2013-cü ildə çəkmişəm. Ondan sonra müəyyən
təkliflərimiz olub, amma qalıb kənarda. Xalq
yazıçısı Anarla bizim görkəmli sənət
adamları haqqında film çəkmək planımız var
idi. Söz verdilər, uzatdılar vaxtı, ildən-ilə
satırlar, ertələyirlər. Mənə elə gəlir
ki, kino gərək heç bir nazirliyin nəzdində
olmasın, onun ayrıca öz qurumu olsun və kinonun
başında olan adam bilsin ki, nə işlə məşğuldur.
Parçalamaqla kinonu dala atdılar. Qaş düzəltmək
istəyəndə vurub gözünü
çıxartdılar.
- Bir az da bünövrəsi möhkəm qurulan, amma
bu gün getdikcə bayağılaşan televiziyamızdan
danışaq.
- Bu gün Azərbaycanda xeyli həm dövlət, həm
özəl telekanal var. Mən dövlət kanalında
çalışan adamam. Fikrimcə, Azərbaycan televiziya məkanında
iki kanal var ki, bunlar kifayət qədər
tamaşaçıların zövqünü oxşayan
proqramlar hazırlaya bilir. Biri AzTV, digəri İctimai TV-dir. O
biri televiziya kanallarının göstərdikləri ilə
bağlı mən heç nə deyə bilmərəm. Onlar
kommersiya televiziyalardır və məcburdurlar ki, kütlənin
marağını oxşasınlar. Amma təcrübə
göstərir ki, onların tamaşaları, verilişləri
zövqləri korlamağa yönəlib, bunun başqa
izahı yoxdur. Heç bir kanalın adını çəkmək
istəmirəm. Başa düşürəm ki, onlar niyə
belə proqramlar hazırlayırlar. Amma razı deyiləm, həmin
kanallara ailəvi yığışıb baxırlar.
Tamaşaçıların zövqü müxtəlifdir, amma
aşağı zövqlü tamaşaçının maraqlarını
daha da korlamaq onların ən böyük günahıdır.
- Ramiz müəllim, ananız Ətayə Əliyeva
ilə oğul kimi yox, rejissor kimi işləmək necə
hiss idi?
- İlk növbədə o mənim anam idi, ona rejissor
gözü ilə baxmırdım. Bir az özümü bu sahədə
sınayandan sonra başladım ona müştəri
gözü ilə, aktrisa kimi baxmağa. Yeri gəldi təkliflər
etdim, amma təəssüf ki, mən istədiyim kimi
alınmadı. Bəzən həyat öz diktəsini edirdi.
Vaxtilə çox istəyirdim ki, "Ötən ilin son gecəsi"
tamaşasında Həmidə obrazına onu çəkim.
Amma elə vaxta düşdü ki, atam xəstə oldu, anam da
ona baxmağa başladı. Dedi, Ramiz, sən bunu ver Zərnigara.
Mən də həmin obrazı Zərnigar Ağakişiyevaya
verdim və yanılmadım. Sonra Ruhəngiz xanımın
"Yollar görüşəndə" adlı bir əsəri
var idi, orda ana obrazını istədim mənim anam oynasın,
dedi, yox, gəl, sən bu obrazı ver Gülxara. Gülxar Həsənova
onun uşaqlıq rəfiqəsi olub. Mən də anamın
sözünü yerə salmadım, onu dəvət elədim.
Amma "Topal Teymur" əsərində artıq imtina etmədi.
Obyektiv deyiləm, o, mənim anamdır. Amma rejissor kimi ona
baxanda görürəm ki, o, heç kəsə bənzəmir,
heç elə bil aktrisa deyil. Arif Babayevin
"Uşaqlığın son gecəsi" əsərində
oynayanda mənə elə gəldi ki, bizim evdən getdi girdi o
ekrana. Elə bilirdim, elə həmin obraz da mənim
anamdır, sadəcə başqa məkandadır. Hətta
Siyavuşun yerinə mən özümü orada övlad kimi
görürdüm, elə bilirdim ki, mən də onların
içindəyəm - belə münasibət bəsləyirdim.
Nəysə, həyatdır da...
- Necə oldu ki, "Əjdaha" əsəri
heç əlaqəsi olmayan "Yaşıl eynəkli
adam"la əvəz olundu?
- Səhv etmirəmsə, Əjdaha ili idi. Həmin
iş açıq qalmışdı, biz onu istehsalata
buraxmışdıq, amma təsdiq almamışdı. Orada
bir personaj var idi. Yaşarın dili ilə desək,
"yaçıl eynək". Mən də həmin filmi
çəkməyə hazırlaşırdım, bir
yaşıl eynək taxdım. Vaqif Səmədoğlu da
baxdı, dedi gəlin bunun adın qoyaq "Yaşıl eynəkli
adam". Elə də qaldı.
- Bütünlüklə rejissorlardan təşkil
olunmuş, heç bir aktyorun iştirak etmədiyi,
böyük marağa səbəb olan "Ac həriflər"
film-tamaşası necə ərsəyə gəldi?
- Yadımdadır, hansısa bir jurnalist "Ac həriflər"dən
söhbət edəndə məndən belə bir ifadə
çıxdı: "Biz hamımız ac həriflərik"
(Gülür). 1990-cı illərin əvvəllərində mən
İncəsənət Universitetinin rejissorluq kafedrasında dərs
deyirdim. Kafedra müdiri rəhmətlik Tofiq İsmayılov
idi, onda hələ Türkiyəyə getməmişdi, burada
idi. Bir gün gəldi, başladı deyinməyə ki, əşi,
bu rəhbərliyin də işi-gücü qutarıb.
Soruşduq ki, nolub, ay Tofiq müəllim. Dedi, əşi,
deyirlər ki, rejissorlarla birgə elmi iş
hazırlamalısınız. Biz bir yerdə tamaşa
oynayırdıqsa, o hamımızın elmi işi
sayılırdı. Dedik, nə yaxşı, gəlin bir
tamaşa quraq. Yadıma düşdü ki, Əbdürrəhim
bəy Haqverdiyevin belə bir əsəri var, obrazlar da bizim
kimi 7-8 nəfərdən ibarətdir və qadın obrazı
da yoxdur. Əvvəlcə bunu radioda yazdıq, Tofiq müəllim
rejissorumuz oldu, ümumiyyətlə, Tofiq müəllim öz
yaradıcılığına radioda başlamışdı.
Üstündən bir il keçdi, "Sabah"
yaradıcılıq studiyasını təşkil edəndə
fikirləşdik ki, nə hazırlayaq, nəylə
başlayaq? Birdən ağlıma gəldi ki, biz orada
rejissorlarla oynamışdıq, bəlkə onu televiziyada edək.
Orada professional aktyor təkcə Yaşar Nuri idi, o da onda səhv
etmirəmsə, "Beş manatlıq gəlin"
tamaşasına quruluş verirdi, arxayın oldum ki, o da bura
aktyor kimi yox, rejissor kimi gəlib. Tarixçəsi belə
oldu. Sənə deyim ki, o cür səs-küy salan bir iş
olmadı.
- Fəaliyyətinizin bir hissəsi də Birinci
Qarabağ müharibəsi dövrünə təsadüf
edir. O ağır dönəm
yaradıcılığınızda necə iz buraxdı?
- 1992-ci ildə "Sabah" yaradıcılıq
studiyasını yaradanda ilk işimiz Mirzə Cəlilin
"Kamança" əsəri oldu. O hadisələrin 70 il
qabaqkı kökü ilə məşğul olduq və həmin
əsəri ortaya qoyduq. Heç yadımdan çıxmaz, o
vaxt bizim sədrimiz Məmməd İsmayıl idi. Pavilyonda
dekorasiya qurmuşduq, gəldi, baxdı, gözləri
parıldadı. Dedi ki, yox, bəy, bu tunelin sonunda bir
işıq var. Mənim də dilim dinc durmadı, dedim ki, bəy,
bilmək olmaz, bəlkə, o, bizim üstümüzə gələn
qatarın işığıdır. Pis oldu. Çətin
dövr idi, amma o əsər eyni zamanda Azərbaycana və azərbaycançılığa
qoyulan bir heykəl idi. Bütün çətin vaxtlarda
insanların köməyinə gələn sənətdir,
musiqidir, teatrdır, ədəbiyyatdır. Çox məmnunam
ki, biz o illərdə tamaşaçıların
zövqünü oxşayan işlər görə bildik. Milləti
o kədərin, faciənin içindən, ruh
düşkünlüyündən çıxarmaq
üçün həm teatrda, həm kinoda çox işlər
görüldü. Sənətin gücü budur.
Sözünü bitirib tələbəsi Fərəci
çağırır. Stolun üstünə qoyulan 7-8 dənə
"Qobustan" jurnalından birini istəyir:
- Bunu sizə bağışlayıram, bu nömrədə
Ətayə xanıma həsr olunmuş bir material var.
Jurnalın təsadüfən açdığım
səhifəsində bir başlıq görürəm: Ana: Həyatda
və Sənətdə... Həmin an Ramiz müəllimə
verməyi unutduğum sual gəlir ağlıma.
- Elə mən də sizə sual verəcəkdim. Həyatda
və sənətdə darıxdığınız kimsə
var?
- Əlbəttə...
Kim olduğunu isə soruşmuram. Jurnalın Ətayə
Əliyevanın şəkli verilmiş səhifəsini
açanda artıq baxışlarından sualımın cavabını
almışdım.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.17.