"Mən Heydər
Əliyevə sonsuz məhəbbət bəslənən bir
ailədə böyümüşəm"
AZƏRBAYCANIN ƏMƏKDAR İNCƏSƏNƏT
XADİMİ, BƏSTƏKAR VƏ DİRİJOR İSMAYIL
HACIYEVLƏ SÖHBƏT
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq şənbə
saylarında həmin söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Zəhmət olmasa, bizim
üçün Heydər Əliyev obrazını yeni
baxımdan aça biləcək epizodları
xatırlayın.
İsmayıl Hacıyev: - Bunlar mənim
üçün ən əziz xatirələrdir. Mən onun
incəsənət xadimlərinə sevgi dolu münasibətini
yada salmaq istərdim. Mənim anama (İ.Hacıyevin anası əfsanəvi
Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq Əminə
Dilbazidir - E.A.) hansısa rayonda Heydər Əliyevlə
söhbətləşmək, onunla fikirlərini bölüşmək
qismət olmuşdu və Heydər Əliyev onunla kifayət qədər
səmimi davranmışdı. O, qəfil anama demişdi:
- Əminə, sən bilirsən mən kiməm? Mən
incəsənətə aşiq adamam, demək olar ki, incəsənətin
Məcnunuyam, sənəti sevirəm, onsuz yaşaya bilmərəm.
Moskvada qalanda çalışırdım ki, simfonik konsertləri,
tamaşaları buraxmayam. Mən Azərbaycan mədəniyyət
xadimlərinin hər birinin bioqrafiyasını bilirəm.
Və faktlar da bu məqamı təsdiqləyirdi. Bizim
mədəniyyət xadimləri şöhrətin zirvəsindəykən
bir-birlərinə müəyyən inciklik hiss edirdilər.
Heydər Əliyev üçün bu, çox
ağrılı idi. Buna görə də, o, Azərbaycanın
bütün incəsənət xadimlərini öz
bağına dəvət edərək bu konfliktləri aradan
qaldırmaq üçün mümkün olan hər şeyi
etməyi qərara alıb. Heydər Əliyev bilirdi ki, mədəniyyət
xadimləri onu çox sevir, ona hörmət bəsləyirlər,
çünki Heydər Əliyev tez-tez onlara yardım əlini
uzadır və mümkünsüz olanı məsələləri
də həll edirdi.
Beləcə, musiqimizin bütün qaymaqları
toplaşıblar. Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq
Quliyev, Cövdət Hacıyev, Əminə Dilbazi, Arif Məlikov
və başqaları da orada imişlər. Bu, hələ
70-ci illərdə baş verib. Anam danışırdı ki,
Heydər Əliyev hər qonağın şərəfinə
sağlıq deyirdi, bundan sonra hər kəs qucaqlaşıb
öpüşməliydi. Anam söyləyirdi: "O, mənim
haqqımda elə gözəl sağlıq dedi, mənim fəaliyyətimi
elə detallı işıqlandırdı ki!" Fikrət
Əmirov barədə danışarkən Heydər Əliyev
onun yaradıcılığının bütün mürəkkəb
şaxələrini açıb. Atam barədə də
peşəkar bir musiqiçi kimi qeyri-adi sözlər deyib. Yəni
Heydər Əliyev, haqqında danışdığı hər
kəsin şəxsiyyətini dəqiq təhlil edib.
Hazırda mənim yaradıcılıq bioqrafiyamı əhatə
edən film çəkilir, bu filmdə görkəmli incəsənət
xadimləri Tahir Salahov, Ömər Eldarov, Fərhad Bədəlbəyli danışırlar. Məsələn,
Tahir Salahov valideynlərimi xatırlayaraq deyir: "Bir epizodu
unuda bilmirəm. Heydər Əliyev xalqa müraciət edərək
hamını Prezident Aparatının yanına
çağırdı. Xeyli gec idi. Mən ora çatanda
gördüm ki, səksən yaşlı Cövdət
Hacıyev gəlir, o, Prezident Aparatına qədər
bütün yolu piyada gəlmişdi. Bunun üçün nə
qədər fədakarlıq, Heydər Əliyevə necə
bir sədaqət lazım idi!"
Atamı o yaşda, ümumiyyətlə, evdən
çıxarmaq çətin idi. İndi isə birdən-birə
deyir: "Mən oraya getməliyəm, Heydər Əliyev
çağırırsa, deməli, nə isə çox ciddi
bir hadisə baş verir və indi Azərbaycanın taleyi bizim
hər birimizdən asılıdır".
Əlbəttə, atam üçün çox
xoş idi ki, Rostropoviçin şərəfinə Prezident
Sarayında təşkil olunan tədbirdə Heydər
Əliyev çıxış üçün ilk
sözü ona verdi. Hamı zalda oturmuşdu, birinci sırada
isə Heydər Əliyev, Rostropoviç və Vişnyevskaya
qızı ilə əyləşmişdilər. Birinci atam
çıxış etdi, ikinci sözü Tahir Salahova verdilər.
Atam orada çox maraqlı faktları xatırladı,
çünki o, Şostakoviçin sevimli tələbəsi
idi.
Mən Heydər Əliyevə sonsuz məhəbbət
bəslənən bir ailədə böyümüşəm
və hamımız özümüzü çox xoşbəxt
hiss edirdik ki, tariximizin böhranlı anında Heydər
Əliyev yenidən siyasi səhnəyə çıxdı.
O, hər şeydən əvvəl yaradıcı
ziyalıları birləşdirdi. Heydər Əliyev onlara
arxalanırdı, yalnız ünsiyyət saxlamaqla, yardım
göstərməklə kiməsə arxayın olmaq olar.
Çünki bu, əlaqə üçün meydan
yaradır.
Mənim birinci ixtisasım bəstəkarlıqdır,
dahi Qara Qarayevin sinfini fərqlənmə ilə bitirmişəm.
İkinci diplomu nəzəriyyə üzrə almışam.
Sonra isə taleyimdə gözlənilməz dəyişiklik
baş verdi. Yadınızdadırsa, Heydər Əliyev hər
həftə filarmoniyaya cümə konsertlərinə gəlirdi.
Bu tədbirlərin əsas təşkilatçısı
maestro Niyazi idi. Belə axşamların birində Heydər
Əliyev hamını - mədəniyyət nazirini də,
maestro Niyazini də gözlənilməz sualla
çaşdırdı:
- Bildiyimə görə, orkestrdə dirijor əsas
şəxsdir. Ayrı-ayrılıqda hər bir
musiqiçinin və bütövlükdə orkestrin
ifaçılıq məharətinin səviyyəsi ondan
asılıdır. Ona görə, düşünürəm
ki, dirijor vacib simadır. Onun funksiyası musiqini kütlələrə
çatdırmaqdır. Hamımız bioloji
varlığıq. Bu gün varıq, vaxt gələcək
olmayacağıq. Bizi kimsə əvəz etməlidir. Odur ki,
mən bilmək istəyirəm - konservatoriyamızda dirijorluq
şöbəsi varmı? Maestro Niyazi, siz yeni kadrlar
hazırlayırsınızmı?
Məlum oldu ki, nə şöbə var, nə yeni
kadrlar.
- Onda mənim daha bir sualım var: hazırda ölkənin
mərkəzi ali təhsil müəssisələrində -
Moskvada, Leninqradda bizim musiqiçilərdən dirijorluq
şöbəsində kim oxuyur?
Bəlli oldu ki, heç kim oxumur. Bu həm Maestroya, həm
də nazirə ikinci zərbə oldu.
- Mən sizdən xahiş edirəm, ən qısa
müddətdə bütün imkanları nəzərdən
keçirib bir neçə layiqli musiqiçini ölkənin
mərkəzi ali məktəblərinə göndərəsiniz.
Onlara məqsədli təyinat düzəldəsiniz..
O vaxt Leninqradda dirijorluq şöbəsinə ancaq ali
savadı olanları qəbul edirdilər. Bütün
İttifaqdan ora cəmi 4-5 nəfər
götürürdülər. Leninqraddakı dirijorluq
kafedrası dünyada ən yaxşısı hesab edilirdi.
Orada, demək olar ki, sovet pedaqoqlarının qaymaqları
yığılmışdı.
Beləliklə, Heydər Əliyevin təşəbbüsü
ilə mən 1975-ci ildə Leninqrad Konservatoriyasının
dirijorluq şöbəsinə oxumağa göndərildim.
Elşad Bağırov da mənimlə birlikdə getdi. Mən
ən yaxşı müəllimlərdən olan İlya
Aleksandroviç Musinin sinfinə düşdüm. Valeri
Qerqiyev, Yuri Temirkanov, SSRİ-nin və dünyanın digər ən
yaxşı dirijorları onun şagirdi idilər. Ancaq Musinin
yanında təhsil aldığım sonuncu il o, mikroinfarkt
keçirtdi, odur ki, təhsilimi Valeri Qerqiyevin yanında bitirməli
oldum. O vaxt onun yeganə şagirdi idim.
Təhsilimi uğurla başa vurandan sonra, məni məşhur
Leninqrad Filarmoniyasının simfonik orkestrinə assistent qismində
qəbul etdilər. Orkestrə Aleksandr Dmitriyev rəhbərlik
edirdi.
E.A. - Təcrübənin ikinci ilində siz
böyük musiqiçi Yevgeni Mravinskinin diqqətini cəlb
etdiniz: o, idarə etdiyiniz orkestrin ifasında simfonik konsertə
televiziya ilə qulaq asandan sonra, sizi yanına
çağırıb assistenti olmağı təklif etdi. Və
bu işin reallaşdırılmasında sizə yenə də
Heydər Əliyev kömək edib. Bu necə baş
vermişdi?
İ.H. - Təklif möcüzə kimi
göründü, mən artıq məşhur orkestrlə
Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun,
Cövdət Hacıyevin və başqalarının əsərlərini
necə ifa edəcəyimi göz önünə gətirirdim.
Lakin o dövrün qanunlarına görə köməkçi-assistent
qismində mənim işim iki ildən çox çəkə
bilməzdi. O vaxta qədər bu qaydadan istisnalar
olmamışdı. Məsələ yalnız SSRİ Nazirlər
Soveti səviyyəsində həll oluna bilərdi.
Mən bütün bunları Yevgeni Aleksandroviçin
nəzərinə çatdırdım, o da Heydər
Əliyevə şəxsən məktubla müraciət etməyə
hazır olduğunu bildirdi və bir qədər sonra dediyini
yerinə yetirdi. Sonrakı hadisələr hamımız
üçün tamamilə gözlənilməz oldu.
Bir neçə gündən sonra Sov.İKP MK Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyev Leninqrad Filarmoniyasına,
sonra isə Yevgeni Mravinskinin evinə zəng elədi, Azərbaycan
mədəniyyətinin görkəmli xadimlərinin ailəsində
böyümüş gənc musiqiçinin taleyinə
göstərdiyi diqqətə görə böyük dirijora
hörmət və sayğısını bildirdi. O həmçinin
dedi ki, sovet musiqi mədəniyyətinin görkəmli
nümayəndələrinin Azərbaycan musiqisi ilə əlaqələrinin
möhkəmlənməsini arzulayır, vurğuladı ki,
Moskvada onun kabinetinin qapıları Mravinskinin üzünə
hər zaman açıqdır. Mravinski sonradan həyat
yoldaşına etiraf edib ki, Əliyevlə söhbət ona o dərəcədə
təsir etmişdi ki, hətta gözləri
yaşarmışdı. Tezliklə mənim Leninqradda
"stajirovkamın" uzadılmasına rəsmi icazə
verildi.
Müəllif qeydi:
Bir müddətdən sonra isə İsmayıl
Hacıyevin rəhbərliyi altında Neva sahillərindəki
şəhərdə Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət silsilə konsertlər
keçirildi. Onlardan ən yaddaqalanları Üzeyir Hacıbəylinin
100 illiyinə, Fikrət Əmirovun 60 illiyinə həsr olunmuş
konsertlər, həmçinin Cövdət Hacıyevin
"İnsan. Torpaq. Kosmos" simfoniyasının səsləndiyi
konsert oldu.
80-ci illərin sonunda İ.Hacıyev vətənə
qayıtdı. Bakıda onu yaxşı qarşıladılar,
mənzil verdilər, gənc musiqiçi Radio və
Televiziyanın Simfonik Orkestrinin baş dirijoru təyin edildi.
90-cı illərin əvvəlində onun təşəbbüsü
ilə "İlham" adlı kamera orkestri yaradıldı.
Orkestr keçmiş SSRİ-nin bir çox şəhərlərində
qastrolda oldu, Berlin Filarmoniyasında uğurlu
çıxışlar etdi. Vətənə qayıdandan
sonra İsmayıl Hacıyevin kamera orkestri çoxlu dəvətlər
aldı. Kollektivin ABŞ-da çıxış etməsi
üçün müqavilə imzalamaq niyyətilə
musiqiçi Amerikaya yollandı. Həmin vaxt Heydər
Əliyev də BMT-nin Baş Assambleyasında iştirak etmək
üçün Nyu-Yorka getmişdi.
İ.H. - Orkestrin yol xərclərini ödəmək
üçün kömək lazım idi. Onda mən səfirimiz
Hafiz Paşayevlə görüşdüm. Heydər
Əliyevin iş qrafikinin həddindən artıq gərgin
olmasına baxmayaraq, Hafiz müəllim onunla
görüşümü təşkil etməyə söz
verdi.
Dostumla ikimiz idik. Cənab Prezidentin qaldığı
yanına gəldik. Otel bir neçə korpusdan ibarət idi. Bəxtəbəxt
onlardan birinə yaxınlaşmaq qərarına gəldik.
Maşından təzəcə düşmüşdük ki,
mühafizəçilərin Azərbaycan dilində
danışığını eşitdik: "Hazır ol,
indi çıxacaq". Bir-iki dəqiqədən sonra Heydər
Əliyev göründü. Sonra məlum oldu ki, bu onun
yaşadığı otel deyil, bura görüşə gəlib.
O vaxt biz onunla bilavasitə tanış deyildik. Mən cənab
Prezidentlə salamlaşdım. Ardınca Həsən Həsənov,
Vəfa Quluzadə gəlirdi. Onlar məni görüb təəccübləndilər
ki, burda nə gəzirəm. Həsən müəllim məni
yanına çağırdı. Yaxınlaşdım.
- Həsən Əzizoviç, - dedim, - Heydər
Əliyev "Əsrin kontraktı"nı imzaladı. Mənsə
musiqi sahəsində "Əsrin kontraktı"nı
imzalamışam.
- Sizə nə lazımdır?
- Mənə Heydər Əliyevə iki kəlmə
söz demək lazımdır. Ona məlumat verməliyəm.
- Arxamızca gəlin. Mən sizə görüş
təşkil edərəm.
...O gün Prezidentlə şəxsən söhbət
etmək mümkün olmadı, lakin mənim məsələm
müsbət həll olundu. Mənə dedilər ki, ayın
filan vaxtı filan saatda bütün lazımi sənədlərlə
bir yerdə Prezident Aparatında olmalıyam.
Gəlirəm Bakıya. Vaxt keçir, burada Surət
Hüseynov və "omon"çuların
yaratdığı qarışıqlıq başlayır. O
vaxt fikirləşdim ki, yəqin, Heydər Əliyevin işi o
qədərdir ki, elə bir mən çatmıram. Belə
bir vaxtda onun yanına getmək yersiz düşər. Bir
sözlə, həmin görüşə getmədim. Səhəri
zəng gəlir. Prezidentin köməkçisi Tariyel
Ağayev narazı halda soruşur:
- Nyu-Yorkda olmusuz?
- Bəli.
- Sizin Heydər Əliyevlə görüş
razılaşmanız olub?
- Bəli.
- Bəs nə olub? Xəstələnmisiniz? Niyə gəlməyəcəyiniz
barədə bizi xəbərdar etmədiniz?
- Düşündüm ki, bu gün siyasi situasiya elədir
ki, mən Heydər Əliyevin yadına düşmərəm.
- Bu siyasi situasiyanın sizə bir aidiyyəti
varmı?
- Yox, əlbəttə.
- Sabah filan vaxtı bütün sənədlərlə
birlikdə Prezident Aparatında olun.
Heydər Əliyevin hətta belə bir vəziyyətdə
görüşümüzü yaddan çıxarmaması məni
heyrətə gətirdi!
Getdim, məsələ müsbət həllini
tapdı. O özü məni qəbul etdi. Bu bizim ilk
görüşümüz idi və onun iti, sirayətedici
baxışları məni heyrətləndirdi. O
baxışlar bu gün də yadımdan çıxmır.
- Cavansınız, - dedi, - lakin mən sizə
inanıram, çünki qardaşınızla siz Cövdət
Hacıyevin övladlarısınız. Şübhə etmirəm
ki, sizə göstərilən etimadı
doğruldacaqsınız.
Qardaşımın adı Mikayıldır, o da
musiqiçidir. Heydər Əliyev Amerikaya səfərimizi
bilavasitə Prezident Aparatının büdcəsindən maliyyələşdirdi.
Maliyyəçi mənə dedi ki, bu vaxta qədər belə
şey olmayıb. Heç bir prezident belə addım
atmayıb - öz Prezident fondundan pul ayırmaq! Sonradan bildim
ki, Heydər Əliyev xəstələnən ədəbiyyat
və incəsənət xadimlərinə Prezident fondu
hesabına köməklik göstərir, xaricə müalicəyə
göndərirmiş.
Sonra bizim viza problemimiz yarandı, çünki
kollektivimiz böyük idi. ABŞ səfirliyi mane olmaq istədi,
lakin bundan xəbər tutan Heydər Əliyev yenə məsələyə
qarışdı. O, ABŞ səfiri Riçard Kozlariçi
yanına çağırıb dedi ki, bu bizim Birləşmiş
Ştatlarla münasibətlərimizə təsir göstərə
bilər. Onlar konsulu çağırdılar və bir gecənin
içində bizə tələb olunan vizaları verdilər.
Bunu yalnız sənətə vurğun olan, Azərbaycanla
nəfəs alan insan edə bilərdi. Axı o vaxt bizim
heç bir orkestrimiz xaricə getmirdi. Biz birinci olduq.
Ayrı-ayrı ifaçılar xaricdə olurdular, ancaq
bütöv bir kollektiv... Əvvəlcə Almaniyada olduq,
ikinci dəfə yenə Almaniyaya, ABŞ və Kanadaya getdik.
Orada yaşayan azərbaycanlılar üçün bizim gəlişimiz
əsl bayram idi!
Amerikada biz ilk növbədə Azərbaycan musiqisini
ifa edirdik, Azərbaycan musiqiçilərinin Motsartdan tutmuş
Baxa qədər hər şeyi ifa etmək iqtidarında
olduqlarını göstərmək üçün, əlbəttə
ki, Avropa musiqisini də səsləndirirdik. Ancaq
tamaşaçılar Qərb musiqisi ilə yanaşı,
bizim bəstəkarların əsərlərini də məmnuniyyətlə
dinləyirdilər, təəccüblənirdilər ki,
musiqimizin səviyyəsi heç də Avropa musiqisindən
geri qalmır.
Amerikadan böyük uğurla qayıtdıq. Sonra
Nazirlər Kabineti hər il qastrollarımızı maliyyələşdirmək
haqqında qərar qəbul etdi.
Biz - qardaşımla mən Heydər Əliyevə bir
ata kimi baxırdıq. Heydər Əliyevin mənim həyatımda
rolu Şostakoviçin musiqi taleyimdəki rolu qədərdir...
Bir vaxt yol ayrıcında qalmışdım, bilmirdim, bəstəkar
olmağı bacararammı?! Həmin vaxt Moskvada Qarayevin yubileyi
- 50 illiyi keçirilirdi. Artistlər üçün olan
otaqda atam Şostakoviçlə yanaşı
dayanmışdı. Onlara yaxınlaşdım. Dmitri
Dmitriyeviç soruşdu ki, nəylə məşğul
oluram. Sonra isə bizi evinə qonaq apardı. Orada mən bir
neçə kompozisiyamı ifa etdim. Onlar Şostakoviçin
xoşuna gəldi. Xahiş elədi ki, nəsə yazsam, ona
göndərim. Mən bəstələməyə və əsərlərimi
Şostakoviçə göndərməyə başladım.
O, mənə mehribanlıqla dolu məktub yazdı.
Böyük bəstəkarın həmin məktubu Leninqrad
konservatoriyasının da, filarmoniyanın da qapılarını
üzümə açdı, çünki
Şostakoviçi müqəddəs sayırdılar.
Peterburqda filarmoniya onun adını daşıyır.
Konservatoriyada isə onun bütün həyatı keçib.
Altı yaşımdan Şostakoviçi evimizdə
görmüşəm. O, Bakıya gələndə mütləq
bizə dəyirdi. Atam üçün o, bütöv kosmos,
onun Qütb ulduzu idi. Bu iki şəxsiyyət -
Şostakoviç və Heydər Əliyev mənim
üçün həyada hər şey demək idi.
İndi mən orkestri bərpa etmək istəyirəm...
E.A. - Əziz İsmayıl müəllim, xoş xatirələrinizə
və böyük liderin xatirəsini bu qədər uca
tutduğunuza görə çox sağ olun!
Tərcümə Rəbiqə
Nazmqızınındır
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.12;13.