BİR İGİDİN İKİ
MƏZARI
Görən, təkcə televiziyamı, internetmi
günahkardır ki, teatr ömrümüzdə arxa sıraya
keçən kimidir? Əlbəttə, tək-tək
adamları demirəm. Elələri var ki, yenə teatrın
cazibəsindədirlər, əvvəlki aktyorlar və
rejissorlar yoxsa da, səhnədəki əvvəlki sehr və
cazibədən əsər-əlamət qalmayıbsa da, yenə
teatra keçmişlərdəki məhəbbətlərini
yaşadırlar. Amma vaxt var idi ki, insanlarımız kütləylə
teatra bağlıydılar axı. Teatr həyatımızda
özünə elə yer eləmişdi ki, elə evimizin
içində oturanda da teatra gedə bilirdik. Teletamaşalar
vardı, radio teatrı səliqə ilə bizə köhnə-yeni
səhnələşdirmələri təqdim edirdi.
Zamanlar olmuşdu ki, insanlarımız hər yeni
premyeranı həsrətlə gözləmişdilər. Hər
təzə tamaşa kiçik bir bayrama çevrilmişdi.
Teatrlarımız indi əvvəlkindən çox, bu
sahədə təhsil görüb diplom alanlarımız
dünənkindən qat-qat artıq. Bəs hanı o
işıq, o şövq, o maraq?
Bir zamanlar çox sevilmiş bu tamaşa da həm
teatrlarımızın, həm
tamaşaçılarımızın da lap çoxdan
yadından çıxıb.
1950-ci illərin ortalarında Milli Dram
Teatrımızın səhnəsini hər göstərilişində
ağzınacan tamaşaçılarla dolu "Uzaq sahillərdə"
tamaşası bəzəyirmiş.
Mehdi Hüseynzadənin bacısı qızı
Gülarə xanım deyirdi ki, Həsən Seyidbəyli,
İmran Qasımov o kitabı yazanacan, demək olar ki, bizim
evimizdən çıxmırdılar, doğma adamımız
olmuşdular; eləcə də Azdramada "Uzaq sahillərdə"
qoyulmazdan qabaq Mehdinin rolunu oynayacaq Möhsün Sənani bizə
tez-tez gəlirdi, Mehdi ilə bağlı hər şeylə
maraqlanırdı, biləndən sonra ki, Mehdi dayının
qızıl dişi varmış, o da gedib özünə
qızıl diş düzəltdirmişdi; həmin tamaşa
da hamıya çox təsir etmişdi, son pərdə
örtüləndən sonra anam, Şura xala təşəkkürlərini
bildirməkçün səhnə arxasına keçdilər,
mən də onların yanında idim. Səhnədə
oynayarkən Möhsün Sənani o qədər həyəcan
keçirmişdi ki, üzünü divara çevirib
ağlayırdı.
İlk gördüyümdən üzü bu yana o məşhur
filmə mən azı yüz dəfə baxmışam. Ancaq
Mehdinin ailə üzvləri sonra hər kəsin yüz dəfələrlə
görəcəyi filmi ilk seyr edənlər idilər. Həm
də yalnız hazır filmi yox, çəkiliş əsnasında,
hazır olduqca dublları da Tofiq Tağızadə onlara
göstərirmiş. Gülarə xanım yada salırdı
ki, Tofiq müəllim, Şaşıqoğlu bizə tez-tez
gedib-gəlirdilər, biz də onlarla birevli kimi olmuşduq.
Onsuz da film hazır olanacan Tağızadə, demək olar, bizə
bütün hissələri göstərmişdi, amma
çoxdan gözlədiyimiz gün də gəlib
çatdı. İlk baxış Nizami kinoteatrında idi. Film
qurtardı, işıqlar yandı. Ay Allah, zalda elə
sükut vardı ki! Heç nə danışa bilmirdik. Elə
bil dilimizi bağlamışdılar. Yanımda məndən
kiçik qardaşım Kamran oturmuşdu,
ağlayırdı. Heç anam tərəfə baxa bilmirdim,
qorxurdum. Sonra bu kino, demək olar ki, bütün Bakı şəhərində,
Azərbaycanda böyük təsir oyatdı. 1950-60-70-ci illərdə
Mehdinin adı dillərdən düşmürdü, Mehdi
sevimli bir qəhrəman idi. "Mixaylo şəhərdədir"
sözləri cavanların dilinə
düşmüşdü, zərbülməsələ
çevrilmişdi".
O kitabdan, o tamaşadan, o filmdən sonra artıq Mixaylo
yalnız şəhərdə yox, ürəkdə idi,
hamınınkı olmuşdu.
O filmdə Mehdinin daha heç vaxt dönməyəcəyi
Vətənə xəyalən qayıtması,
anasının, əzizlərinin onu qarşılaması
kadrları var, həmin xoşbəxt anlarında yanında
sevgilisi.
Bakıdan ayrılanda burda məhəbbəti də
qalmışdı. Ona, yəqin ki, əsirliyə düşməzdən
əvvəl, hələ cəbhədə olduğu dövrdə
ailəsinə göndərdiyi kimi məktublar da
yollamışdı. Amma o qıza hələ heç əsgər
getməmişdən yazdıqları da var. Misralarında
ürəyinin döyündüyü şeirlər. Bir
şagird dəftərinin vərəqində
yazılmış bu şeiri Aqşin Əlizadəyə
vaxtilə Rəssamlıq texnikumunda Mehdi ilə oxumuş bir tələbə
dostunun oğlu 1980-ci illərdə atasının
ölümqabağı son tarşırıqlarından biri
kimi təqdim edibmiş. Atası deyibmiş ki, gəncliyimin,
Mehdinin yadigarıdır, şeirdə qızın adı da
olduğuna görə üzə çıxarmırdım,
ancaq indi daha gedirəm, Mehdinin bacısına, ya bacısı
uşaqlarına verərsən.
Bu, Mehdinin şeirinin qaralamasıymış. Növbəti
dərslərdən birində dostunun dəftərinin ən
son vərəqində yazıbmış ki, sonra cırıb
götürsün, sahibinə
çatdırmaqçün istədiyi
qızın rəfiqəsinə ötürsün. Ancaq bəzi
sözləri, misraları pozub təzədən
yazdığına görə səliqəli olsun deyə
bitirəndən sonra şeiri əvvəldən-sonacan təzədən
köçürübmüş. Şeirin
ağlamasını cırıb götürsə də,
qaralaması elə həmin dəftərdəcə
qalıbmış və dostu da uzun müddət artıq bir kənara
qoyduğu həmin dəftərdəki ən son vərəqdə
olan şeirdən xəbərsiz qalıbmış.
Keçirəm sən keçən tanış
küçədən,
Bəlkə təsadüfən səni görüm mən.
Bu yolu bir gündə min yol gedərəm,
Təki bu küçədən yenə keçəsən.
Axı nədən dəydi sözüm qəlbinə?
Niyə şimşək olub çaxırsan yenə?
Günahım varsa da, bəraətim var,
Mən ki ürəyimi vermişəm sənə!
Özü adı kimi mehriban olan,
Qıyarmı qəm çəkə sevdiyi insan?!.
Sındır soyuqluğun buzunu, yetər,
Məni bəs deyincə yandırdı hicran.
O çağlarda hicrandan gileylənsə,
ayrılıqdan şikayətlənsə də, əslində
bu, içərisində ayrı bir ləzzəti olan həsrət
idi. Çox keçməyəcək ki, elə
ayrılıqlar gələcək, elə həsrətlər
başlanacaq ki, buralara nə əl çatacaq, nə də
vaxtında neçə xoşbəxt olduqlarının fərqinə
varmadıqları günlərdəki kimi məktub yazaraq kimdənsə
göndərmək. O şeirlə bu şeirin arasında təqribən
7 illik məsafə var. Amma artıq Vətəndən uzaqlarda
yazdığı bu şeir bizlərə qələmə
alındığı vaxtdan 70 il ötəndən sonra gəlib
yetişəcək.
O zaman ki, artıq nə özü vardı, nə də
qara gözlü o Mehriban sevgilisi.
Partizan Mixaylo bu şeiri 1944-cü ildə mübarizə
yoldaşlarıyla birgə Yuqoslaviya dağlarına
sığındığı, Vətənlə, sevdikləriylə
yalnız röyalarda görüşə bildiyi qərib
günlərdən birində yazıb:
Yuxuda görmüşəm nazlı sonamı,
Mən heç vaxt unutmaram doğma anamı!
İtirdim Vətəni, candan yananı
Qürbətdə yadıma salıb ağlaram.
"Mixaylo"yam, dedim sözü düzünə,
Süngümü batıram düşmən
gözünə!
Dörd ildir həsrətəm Vətən
üzünə,
Qəmlər yuvasına qonub ağlaram.
Düşmənin başını
bürümüş duman,
Vətəndən əlimi üzmərəm bir an.
Gələcək bizimdir, yaxın bir zaman
Sevincdən, fərəhdən gülüb ağlaram.
Onu yaxından tanıyanlar - yalnız qohum-əqrəbası
deyil, elə keçmiş məhəllə, məktəb, tələbə
yoldaşları da xatırlayırdılar ki, Mehdi çox
ürəyiyumşaq, təbiətən zərifmiş və
onun əlinə silah alıb lap düşmən olsa belə
insan öldürə bilməsini heç cür təsəvvür
etməzlərmiş. Amma dünya qopanda çox şeylər
dəyişə bilir.
Gülarə xanım bunu da söyləyirdi ki,
anası Bikəxanım Mehdidən böyük,
"Şura" çağırdıqları Hürriyyət
xalası Mehdidən kiçikmiş və o, balaca
bacısını incə nəvazişlə əzizləyərmiş.
Mehdi uşaqlıqda çox dəcəlmiş, hara gəldi
dırmaşar, ağacların budaqlarından düşməzmiş.
Hələ bir dəfə yıxılaraq qolunu da
sındırıbmış, ona görə dünənki dəcəl
Mehdinin hələ yeniyetməykən birdən-birə
böyüməsini, yaşından böyük
qayğıkeş ədalarını yaxınları təəccüblə
qarşılayarmış.
1930-cu illərin əksər ailələri kimi, onlar
da kasıbyana dolanırlarmış. Kiçik bacısı
artıq 16 yaşına çatıbmış, məktəb
yoldaşlarının əksərinin qol saatı olsa da, onunku
yoxmuş. Bunu deyərək bir axşam Hürriyyət evdə
ağlamsınanda Mehdi də kövrəlir, çox da
böyük olmayan birinci maaşı əlinə çatan
kimi mağazaya yollanaraq bacısına sadə də olsa bir
saat alır.
Gülarə xanım Mehdinin yuxaürəkliliyinə
bunu da misal çəkirdi ki, qonşumuzda lap imkansız bir ailə
vardı. Bir gün Mehdi onların xırda
uşağının gəlincikdən ötrü
ağladığını görür. Obiri maaşından
da bu uşağa bir gəlincik alıb
bağışlayır.
Gülarə xanım da dünyadan Mehdi həsrəti
ilə getdi. Özünün mənə dediyi sözlərdir,
indi kövrələ-kövrələ, titrəyən səsiylə
vəfatından 9 il əvvəl, 2011-ci ildə söylədiklərini
maqnitofon lentindən dinləyirəm, təsirlənirəm:
"Onu həmişə gözləmişik, həqiqəti
bilsəm də, artıq özüm yaşa dolsam da, yenə
gözləyirəm. Daim o nigaranlıq mənimlədir. Məndə
belə hissiyyat var ki, Sloveniyaya gedə bilsəm,
dayımın qəbrinə baş çəksəm, bəlkə
onda rahatlaşaram".
Gülarə xanımın o sözlərində haqq
vardı. Çünki məzarın, quruca torpağın heyrətli
sakitləşdirmək, ovutmaq, düşündürmək,
yeri gələndə hayan həmsöhbət olmaq gücü
var. 2011-ci ilin mayında ilk dəfə Sloveniyada Mehdinin ziyarətinə
gedəndə əvvəlcə onun iki məzarından əvvəlincisinə
baş əyməkçün Vitovli kəndinə gəldik.
Yaşıllığa, gül-çiçəyə
bürünmüş dağ döşündəki kənddəki
o tək məzara yaxınlaşanda gendən bir yaşlı
qadının üstüyazılı başdaşının
qarşısına çöl çiçəklərindən
bir dəstə qoyduğunu gördüm. Bu mənə bir az qəribə
göründü ki, onsuz da qəbrin sağı-solu həmin
çiçəklərlə doludur, məni müşayiət
edən sloveniyalı dostlarla yaxınlaşdım ona, bu məzara
belə həssaslığının səbəbini
soruşdum. Dedi: "Tək bu gün deyil ki! Mən
altmış ildən çoxdur ki, daim bu qəbrə
çiçək düzürəm".
Çöhrəsindən səmimiyyət yağan bu
qadına sualedici baxdım. Qayıtdı
ki, mən balaca uşaqdım, faşistlərin vurduğu
Mixaylonun qanlı cəsədini birinci görən mən
oldum. Yüyürə-yüyürə evə qaçdım
ki, orda bir partizanı güllələyiblər. Bizimkilər
tez partizanlara xəbər çatdırdılar, onlar gəlib
görən kimi "Mixaylodur!" dedilər. Onu elə həmin
cəsədini gördüyüm yerdə də dəfn etdilər.
Ancaq ertəsi günü də qəbri təzədən
qazdılar, gecə ilə cəsədi ordan çıxararaq
Çepovan kəndinə apardılar, orda dəfn etdilər.
Çünki Mixaylo həlak olan vaxtlarda bizim kənd
faşistlərin nəzarətində idi. Faşistlər
bilmirdilər ki, vurduqları Mixaylodur. Onu elə başqa
partizanlardan biri kimi qəbul etmişdilər. Mixaylonunsa
başına onlar böyük mükafat qoymuşdular. Xəbər
tutsaydılar ki, burda dəfn olunan Mixaylodur, yəqin, qəbri
özləri açardılar, şəklini çəkib qəzetə
də verərdilər ki, məşhur partizan belə məhv
edilib. Həm məzarı təhqir edərdilər, həm də
adı ələkeçməz, faşistlərin qənimi
kimi məşhurlaşmış Mixaylonun öldürülməsi
partizanlarda müəyyən ruh düşkünlüyü də
yarada bilərdi. Ona görə partizanlar Mixaylonu daha çox
öz nəzarətlərində olan, faşistlərin
ayağının təsadüfdən-təsadüfə dəydiyi
Çepovanda dəfn etməyi daha münasib
saymışdılar. Ancaq artıq müharibə bitəndən
sonra Mixaylonun basdırıldığı bu ilk məzarın
üstündə də partizan yoldaşları
başdaşı qoydular. Odur ki, həmin vaxtdan bu məzar mənə
əzizdir, çiçəyini də əsirgəmirəm...
Bu əhvalatı Gülarə xanıma
danışmışdım, xeyli mütəəssir
olmuşdu və söyləmişdi ki, Mehdi dayı məni əsl
adımla yox, "Güllü"
çağırırmış, elə anam da belə deyirdi.
Çünki tez itirdikləri analarının adı
Güllüxanım olmuşdu. Yəqin, məni belə
çağırırmışlar ki, o ad evimizdə
yaşasın. İndi bizim nəsildə də iki Mehdi var,
Şura xalanın oğlu Mehdi, bir də gəlinimizin
atasının adı Mehdi idi, uşaqlarına Mehdi adı
verdilər, adlar üst-üstə düşüb, mən
ürəyimdə onu elə öz Mehdimiz kimi sayıram, yəqin,
gələcəkdə də yeni Mehdilərimiz olacaq. Ad gərək
yaşasın. Siz Sloveniyada Mehdinin muzeyini açanda çox
sevindim. Çünki arada soyuqluğu mən
görürdüm, bizim müharibə qəhrəmanları
elə bil yaddan çıxmışdı. Biz ki heç,
onsuz da həmişə Mehdiyləyik. Mehdi dekabrda anadan olub,
noyabrın ikisində də rəhmətə gedib. Həmin
günlərdə gedirik heykəlini ziyarət edirik, mayın
doqquzunda da gedirik. Ancaq başqa hansı vaxt ki imkanım olur, mən
özüm ayrıca gedirəm, gül qoyuram, elə sadəcə
gedirəm, ziyarət eləyirəm. Orda heykəlin yanında
bir yer var, böyründə yazılıb ki, "Burada Mehdi
Hüseynzadənin qəbrinin torpağı
basdırılıb". Biz həmişə ora gül
qoyuruq".
...Mehdi Hüseynzadənin muzeyi hekayətini gərək
yerli-yataqlı nağıl edəm. Yalnız ona görə
yox ki, bu bir azərbaycanlının xatirəsinə ölkəmizdən
kənarda yaradılmış ilk və yeganə muzeydir.
Ən əvvəl ona görə ki, elə bu muzeyin də
Mehdinin özü kimi macəralı taleyi var.
Gülarə xanım danışırdı ki,
1945-1946-cı illərdə dəstə-dəstə
müharibədən qayıdanların arasında hər dəfə
gözləsək də, Mehdinin olmadığını
görəndə anamız naəlac qalıb bir gün adla
deyilən, adətən, söylədikləri də düz
çıxan bir falçının yanına getdi. O
falçı demişdi ki, qardaşın gəlməyəcək,
amma böyük sədası gələcək.
Həmin səda o falçının həmin sözləri
deməsindən 6-7 il sonra gəlməyə başladı və
sanki hər şey də təsadüfən baş verdi.
Palmiro Tolyatti ilə Broz Tito Mixaylo barədə Stalinə
söz açmasaydılar, Stalin də bu xəbərlərin
ardınca olmasaydı, kim idi Mehdini yada salıb təzədən
həyata qaytaran, əslində bu, ölüyə həyat
verməkdən də müşkül bir iş idi.
Ancaq hər təsadüfün arxasında Göylərin
cızdığı bir zərurətin izi olduğu kimi, yəqin
ki, Mehdinin Şempasda muzeyinin təsadüf kimi görünən
yaranışı da İlahinin özünün müəyyən
etdiyi bir zərurət imiş.
Avropa Şurası Parlament Assambleyasında bir ənənə
var ki, üzv dövlətləri ümumi fəaliyyətə
daha yaxından cəlb etmək məqsədilə mütəmadi
olaraq ayrı-ayrı komitələrin iclaslarını üzv
dövlətlərin birinə təyin edirlər. İş elə
gətirmişdi ki, Assambleyanın üzvü olduğum Mədəniyyət,
elm, təhsil komitəsinin 2011-ci ildəki yay sessiyası
öncəsi iclasları Xorvatiya və Sloveniyada keçirilməli
idi. Uçuş biletlərimiz elə alınmışdı
ki, əvvəlcə Zaqreb, daha sonra Lyublyanada olacaq
iclaslarımızdan sonra iki boş gün qalırdı. Mən
də yolum Sloveniyaya düşmüşkən həmin iki
gündən çoxdankı bir arzumu gerçəkləşdirməkçün
istifadə etmək qərarına gəldim. Avstriyadakı səfirliyimizin
Sloveniya üzrə məsul olan işçisindən rica etdim
ki, imkan varsa, məni Nova-Qoritsa şəhərinə
aparsın ki, Mehdi Hüseynzadənin məzarını ziyarət
edim.
Ertəsi gün səhərdən yola
düşdük və orada da artıq yalnız Azərbaycan Milli Məclisinin
deyil, həm də Avropa Şurasının depuatı olan bir
qonağın gələcəyini bilincə hazırlıq
görmüşdülər, bizi sonradan ən yaxın
dostlarımızdan birinə çevriləcək şəhər
bələdiyyəsi katibliyinin rəhbəri Andrey Kompara, o
şəhərdəki diyarşünaslıq muzeyinin direktoru
Andrey Malniç qarşıladılar. Ziyarət gedişində
Mixayloya slovenlərin məhəbbətini görüncə,
onun buralarda elə Azərbaycandakı kimi sevildiyinə
şahid olunca ürəyimdə bir arzu yarandı. İşin
avandlığından iki həftə sonra - iyun ayında
Prezident İlham Əliyevin Serbiya və Sloveniyaya səfəri
gözlənilirdi.
Ziyarətdən sonra nahar edərkən yeni
qazandığım dostlara dedim ki, burada Mixaylonun muzeyinin
yaradılması fikrinə necə baxırsınız? Elə
bil belə təklifi eşitməyi çoxdan gözləyirlərmiş,
"Gözəl olar!" söylədilər. Qayıtdım
ki, iki həftə sonra Prezidentimiz burada olacaq. Mən bu
müddətə muzeyi hazırlaya bilərəm. Gəlin əvvəlcə
qurula biləcək o muzey üçün yer seçək. Mən
Bakıya qayıdan kimi rəhbərliyə məlumat verəcəyəm.
Əgər dövlət başçımızın
razılığı olsa, bu yaradılacaq muzeyi də səfər
proqramına salmaq istəsə, mən onun gəlişinədək
muzeyi qurub tamamlayacağam, yox, əgər söylənsə ki,
artıq səfər proqramına hər hansı dəyişiklik
etmək mümkün deyil, gecdir, istənilən halda mən
işimi davam etdirəcəyəm, artıq muzeyi bu cür
ildırım sürəti ilə deyil, bir neçə aya,
daha səbirlə, rahat bir şəkildə quracağam.
Başladıq mümkün məkanları seçməyə.
Çepovan kəndində, Mehdinin uyuduğu qardaşlıq məzarlığının
yaxınlığında ayrıca bir tək bina vardı.
Memarlığı da gözəl idi, yeri də münasibdi,
müstəqil tikili olduğundan muzey üçün də
çox uyğun gəlirdi. Ancaq bina çox köhnə idi,
təmiri xeyli vəsait və vaxt tələb edirdi. Vaxt isə
yox idi. Onda Şempasda gözaltı elədiyim bir binanın
üzərində dayanmağı daha məqsədəuyğun
saydım. Binanın yerləşmə məkanı sabah bura
iki dövlətin başçısının gələcəyi təqdirdə həm
təhlükəsizlik baxımından, həm də
açıq havada tədbir keçirməkçün iri
meydan kimi həyətinin olması nöqte-yi nəzərindən
əlverişli idi. Digər sərfəli cəhət bu idi
ki, binanın tarixi mənası vardı. İkinci Dünya
müharibəsi vaxtı bu yerlərin faşistlərdən təmizlənməsində
xüsusi xidmətləri olan Sovet ordusu 9-cu korpusunun qərargahı
burada yerləşmişdi. Üçüncü ən
işimizə yarayan cəhətsə bundan ibarətdi ki,
burada meriyanın bir neçə əməkdaşının
iş otaqları vardı ki, dostumuz Andrey Kompara onların
başqa bir məkanda yerləşdirilməsi məsələsini
öz səlahiyyətləri çərçivəsində
asanlıqla həll edə bilərdi.
Ləngimədən otaqların, divarların şəkillərini
çəkdim, ölçülərini götürdüm və
Andreydən də xahiş etdim ki, elə günü sabahdan
otaqlar boşaldılsın, təzəlik dərhal hiss olunsun
deyə döşəmə laklansın, divarlar rənglənsin.
Yəni bu üç-dörd günə başa gələsi,
çox da xərc tələb etməyən kosmetik təmir
idi və meriyanın da bunu yerinə yetirməkçün
kifayət qədər büdcəsi vardı.
Artıq beynimdə gələcək muzeyin
ekspozisiyası qurulurdu. Hansı divarlarda nələri,
hansı ölçülərdə asacağımı, Mehdi
Hüseynzadə ilə bağlı Bakıda nələri
haradan götürəcəyimi saf-çürük edirdim.
İrəlicədən bilirdim ki, Tarix, İncəsənət
və Nizami adına Ədəbiyyat muzeylərində nələr
var ki, elə gedən kimi üç-dörd günə surətlərini
çıxarmaq, çərçivələmək
mümkün olacaq. Digər tərəfdən, ağsaqqal
dostum, görkəmli bəstəkarımız, Mehdinin sevimli
bacısı oğlu Aqşin Əlizadəgildə hansı
Mehdi yadigarlarının olmasından xəbərdar idim.
Çünki evində ona qonaq olarkən müxtəlif
vaxtlarda bunları görmüşdüm. Elə isti-isti
Nova-Qoritsada tanış olduğum, ilk təmaslarımızdan
aramızda mehriban münasibətlər yaranan, məni evinə
də dəvət etmiş rəhmətlik İvan Başindən
xahiş etdim ki, köhnə partizanlarla danışsın,
onlar da yeni yaradılacaq muzeyə onlarda olan dava illəri
saxlanclarından gətirsinlər.
İvan Başinin eyvanında əyləşib
çay içirdik, onun evi Sloveniyanın Nova-Qoritsasında
idi, 10-15 metr o yanda isə artıq başqa ölkə idi -
İtaliyanın Qoritsa şəhəri idi. İvan Başin
yolun o üzündəki polis nəfərini göstərərək
zarafatla: "Görürsən də, müharibə nələr
edib? O polisin yolun bu tayındakı polisin də, vətəndaşın
da işinə qarışmaq ixtiyarı yoxdur. Amma vaxtilə o
tərəf də, bu tərəf də elə bir şəhər
olub - Qoritsa. İkiyə bölünmədən sonra xəritəyə
bizim Nova-Qoritsanın da adı yazılıb. Mən də
zarafatla dedim ki, bu da Mixaylonun bəxtindəndir. Çünki
o, Abşeronun Novxanı kəndindəndir. Nova-Qoritsa ilə
Novxanının mənası da elə təxminən eynidir.
Elə yanımdaca İvan Başin bir-bir köhnə
partizanlara zəng vururdu, bəzilərini dəvət də
etdi, elə o axşam birlikdə olduq və xahişini edirdi
ki, Mixaylonun, əslində sizin hamınızın muzeyiniz
yaradılır, nə bacarırsınız gətirin. Biri
köhnə avtomat, biri pulemyot darağı, bir başqası
müharibə dövründən qalan pistolet, bir
ayrısı həmin illərdən bəri
saxladığı qeyd dəftərlərini, kompası,
geyim-kecimi gətirməyi vəd etdi.
Bakıda hava limanına enincə telefonda ilk
aradığım heykəltəraş dostum Akif Əsgərov
oldu. Mehdi Hüseynzadənin Novxanı kəndində ucalan abidəsinin
müəllifi o idi və bilirdim ki, həmin bürünc abidənin
gipsdən olan modeli mütləq haradasa qalmaqdadır.
Soruşdum, dedi ki, hə, qalır, ancaq nə vəziyyətdədir,
xəbərim yoxdur, çünki iki metrdən hündür
olan həmin abidənin modeli dörd hissədən ibarət
idi, yəqin, kombinatın həyətində haradasa bir tərəfdə
atılıb qalır. Qayıtdım ki, evə çatım,
paltarımı dəyişim, gedək kombinatın həyətində
baxaq görək o heykəl nə haldadır? Güldü ki,
nə qaçaqaçdır axı, sabah gedərik.
Kombinatın həyəti nəhəng bir ərazidir, orada həyətdə
işıq da yoxdur, artıq hava da qaralıb, onsuz da heç
nə görməyəcəyik, salamatı, sübhdən gedərik.
Dedim ki, yox, sabahacan dözə bilmərəm, elə bu
axşam gedək, məndə evdə əl lampası var,
götürərəm. Bu cür ifrat tələsməyimin
niyəsini də başa saldım ki, hər dəqiqə
qızıldır, muzeyi ən qısa müddətdə
düzəldib təhvil verməliyik...
Ertəsi gün səhər iş başlanınca
xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə
saxladım, muzey söhbətini açdım, cənab
Prezidentə bu muzeyin qarşıdakı səfərin
proqramına daxil edilib-edilməməsinin
razılığının alınması ilə
bağlı danışmasını rica etdim. Ehtimal edilən
muzeyin yerləşəcəyi binanın, həyətinin, ətrafının,
içərisinin fotolarını, muzeyin necə
olacağı ilə bağlı ilkin layihəni də təqdim
etdim ki, Rəhbərə göstərsin. İki gün
ötürdü, Elmar müəllimdən xəbər yoxdu. Mən
öz işimi görməyinə görür,
hazırlıqlarımı aparırdım. Xarici işlər
nazirinə zəng vurdum ki, cavab necə oldu? Dilləndi ki, hələ
deyə bilməmişəm, mənə zəng vurmayıb.
Dedim, axı vaxt yoxdur, mən sizdən bu xahişi edəndə
Prezidentin səfərinə 14 gün qalırdı, onun da iki
günü artıq getdi.
"Gözləyək", - dedi, mənimsə
gözləmək macalım yox idi.
Hər gün dövlət başçısı ilə
tədbirlərdə birgə olan protokol xidmətinin rəhbəri
Elçin Bağırova zəng edərək bütün
materialları da təqdim etdim.
Prezidentin tək sualı: "Çatdıra biləcəksinizmi?"
- idi.
O günlərdə təxminən yatmırdım. Elə
şərti iki-üç saat mürgüləyirdim.
Hazırlıq işləri, gələcək muzeyin
ekspozisiyasını bəzəyəcək eksponatların
toplanması tam sürətlə gedirdi. Hər gün
toplanmış materialları müşayiət edəcək
mətnlərin ingiliscəsini Sloveniyaya, heyiflər ki, beyin xərçəngindən
insafsızca erkən itirdiyimiz Andrey Malniçə göndərirdim,
o da təcili sloven dilindəki tərcümələri
hazırlatdıraraq təkrar mənə qaytarırdı.
Baxdım ki, bu gedişatda muzey tədricən qurulmaqla
yanaşı, əslində Azərbaycan, sloven, ingilis dillərində
bütün mətnlər də
hazır olur və təsvirlərlə birləşərək
yeni muzey haqqında ayrıca kitabçanın
buraxılması da mümkünləşir.
Kimsədən nəsə ummağa haqqım yox idi, bu
işi kimsə mənə
tapşırmamışdı, öz təşəbbüsüm
idi, ağırlığa da özüm çiyin verməli
idim.
Bir həftə sonra artıq aparacağım
bütün yüklər hazır idi. Cənab Prezident göstəriş
vermişdi, yüklərimizi AZAL-ın Milana uçan təyyarəsində
ödənişsiz aparacaqdım. Sloveniya ilə də
danışmışdım, onlar da fəhlələr, iri
yük maşını təşkil edəcəkdilər ki,
məni Milan hava limanında gözləsin, enən kimi
yükləyək, oradan Nova-Qoritsaya yola düşək.
2011-ci il iyun ayının 2-də muzeylə əlaqədar
artıq bütün işlərimi
yekunlaşdırmışdım, muzey haqqında üç
dildə olan "İki xalqın övladı" adlı, 2
min nüsxə buraxmağı nəzərdə tutduğum
kitabça çapa imzalandı, həmin günü və
bütün gecəni mətbəədə keçirdim -
plyonkalar çəkildi, lövhələr hazırlandı,
çap başlandı. İyunun 3-də axşam artıq
bütün tiraj məndə idi. Mebel fabrikində dostum Azər
Kərimlinin köməyi ilə aparacağım yüklərçün
səliqəli qutular hazırlanmışdı, Milanda
baqajımızı yubanmadan ala bilməmiz üçün həmin
qutuların hər birinin üstünə diplomatik yük
olduğunu təsdiqləyən möhürlü, imzalı vərəqlər
yapışdırılmışdı. Xarici İşlər
Nazirliyi və İtaliyadakı səfirliyimizlə də
danışmışdım ki, təyyarəmiz Milana
çatanda bir əməkdaş orada olsun ki, yükü qəbul
edərək bizə təhvil versin. Sanki hər şey yağ
kimi gedirdi və iyunun 4-də yüklərimizlə bərabər
Bakıdan İtaliyaya, Milanda hava limanına enincə
gözüm nova-qoritsalı dostları aradı - əllərində
adım yazılmış lövhəcik tutan bir neçə
nəfəri gendən gördüm. Səfirlik də Romadan bir
diplomat göndərmişdi ki, yükü qəbul edib
gömrükdən keçirsin. Uçuş vaxtı
söndürdüyüm mobil telefonumu açınca
Bakıdan gələn zəng üstümə qaynar su
tökdü: "Yükü göndərə bilməmişik,
elə bu təyyarə bir neçə saat sonra Bakıya geri
uçacaq, bilet almanıza ehtiyac yoxdur, elə onunla
qayıdıb gəlin, bir həftə sonra növbəti reys
olacaq, onunla təzədən gedərsiniz,
yükünüzü də apararsınız".
Mənim vəziyyətimi təsəvvür edirsinizmi?
Azərbaycan dövlətinin rəhbəri təklifimə
yüksək alicənablıqla dərhal müsbət
münasibət bildirib, yaradılacaq muzeyin ziyarət edilməsini
Sloveniyaya səfərinin artıq müəyyənləşmiş
qrafikinə əlavə edib və təbii ki, müvafiq olaraq
Sloveniya Prezidentinin administrasiyası ilə
danışıqlar aparılıb, onlar da Azərbaycan
Prezidentinin səfər gündəliyindəki bu əlavəni
təsdiqləyiblər. Təbii ki, Sloveniyada bundan irəli gələn
bir sıra göstərişlər də verilib. Mən
ayrıca məktubda rica etmişdim ki, Mixaylo muzeyinin
açılışı mərasimində mütləq fəxri
qarovulda duran hərbçilər dəstəsi olsun, Sloveniya
paytaxtından Şempas kəndinə uşaq xoru və kapella
gətirilsin, Sloveniyadan, Serbiyadan, Xorvatiyadan, İtaliyadan olan
keçmiş partizanlar dəvət edilsin və hələ
Bakıda ikən məlumat almışdım ki, bütün
bunların hamısı olacaq.
İndi isə deyirdilər ki, muzeyə düzəcəyimiz
eksponatlar gəlməyib və demək, açılış
mərasimi də olmayacaq. Bunun kimin günahı ucbatından
baş verməsinin araşdırılmasının indiki halda
mənası yox idi - bütün məsuliyyət mənim
boynumda idi.
Nova-Qoritsadakı dostlar guya bayram ərəfəsində
olduğumuzu zənn edərək həmin axşama ziyafət
də təşkil etmişdilər. Andrey Malniçdən
xahiş etmişdim ki, o da muzeydən işçilər gətirsin
ki, şam edəndən sonra dərhal işə başlayaq və
bütün gecəni ekspozisiyanı qurmaqla məşğul
olaq. O zavallılar da orada gözləyirdilər.
Bakıdan gələn həmin "Elə bu təyyarə
ilə geri dönün" zəngindən sonra keçən
saatlarda yaşanan həyəcan, AZAL vitse-prezidenti ilə
ardı-arası kəsilməyən telefon
danışıqlarım elə Mixaylonun vaxtilə
qatıldığı ən riskli, ən qəliz əməliyyatlardan
biri kimi idi. Yükün göndərilməməsi səbəbini
bu bəhanə ilə izah etməyə
çalışdılar ki, guya yüklərimiz olan qutular təyyarınin
qapısından keçməyib. Dedim, axı elə idisə,
bunu mənə Bakıda xəbər verə bilərdiniz,
heç mən də bura uçmazdım, ikincisi, mən
qutulardan bir neçəsinin təyyarəyə yükləndiyini
gözümlə görmüşdüm,
üçüncüsü də, mən hər incəliyi irəlicədən
hesabladığımdan o qutuları düzəltdirərkən
hansı ölçülərdə olmasını AZAL-ın
təmsilçiləri ilə danışaraq dəqiqləşdirmiş,
bütün tələblərlə hər hansı irad
tutulmağa, qulp qoyulmağa əsas verməyəcək bir səviyyədə
nəzərə almışdıq.
Yəni qutuların guya iri ölçülərə
görə yük yerinin qapısından keçməməsi
tam əsassız idi, sadəcə, görünür, son anda
hansısa başqa planları yarandığından bizim
işimizin təxirə salına biləcəyini öz aləmlərində
mümkün saymışdılar. Mən də
açıqca bildirdim ki, bu,
sizin müqəddəratınız məsələsidir,
görün ki, hansı səviyyəli tədbiri pozursunuz. Bu
girdabdan yeganə çıxış elə bu gecə
başqa bir təyyarə ilə yükü mənə
çatdırmaqdır, ikinci yol yoxdur.
AZAL-la o gecə söhbətlərimizin gərginlik və
təşvişinin həddini ölçə biləcək
cihaz ixtira edilməyib, amma dilimə bir qaşıq su da
vurmadan səhəri dirigözlü açdığım o
müdhiş saatlardakı telefon
danışıqlarımın uzunluğu bəllidir - ayın
sonunda artıq Bakıda aldığım ödəniş
kağızında gördüm ki, yalnız həmingünkü
söhbətlərimə görə 2000 manata yaxın borcum
var.
Uzun çək-çevirdən sonra AZAL-ın
vitse-prezidenti gümrah səslə şad xəbər verdi ki,
işiniz düzəlir, yaxın saatda yükünüzü
Frankfurta yola salırıq, oradan da maşın
danışılacaq, gətirəcəklər Nova-Qoritsaya.
Bir işə girişəndə onunla bağlı hər
təfərrüatdan agah olmalı, ümumən çox bilməlisən
ki, düşdüyündən də ağır bəlaya
mübtəla olmayasan.
Mənim baqajım diplomatik yük kimi gəlməsəydi,
onu Frankfurt hava limanında təhvil alaraq çıxarmaq
günlər deyil, həftələrlə uzana bilərdi.
Prezidentlərinsə muzeyin açılışına gəlməsinə
beşcə gün qalırdı.
Dedim ki, tələsməyin, həmin yüklərin
üstündəki kağızlar dəyişilməlidir. Gərək
Xarici İşlər Nazirliyindən bir nümayəndə gələrək
qutuların hər birinin üstünə yükün
artıq İtaliyada deyil, Almaniyada qəbul ediləcəyi
haqqında rəsmən təsdiqlənmiş vərəqlər
yapışdırsın. Həm də o yükü Frankfurtda
qəbul etməkçün mütləq Almaniyadakı Azərbaycan
səfirliyindən nümayəndə olmalıdır.
Xarici İşlər Nazirliyinə yaranmış vəziyyətlə
əlaqədar artıq məlumat vermişdim. Bu işdə
bizə kömək göstərməsi
tapşırılmış nazir müavini tezliklə cavab
verdi ki, imzalı-möhürlü kağızlarla əməkdaşı
Binə hava limanına yollayır.
Elə ardınca bizim o vaxt Almaniyadakı fövqəladə
və səlahiyyətli səfirimiz Pərviz Şahbazova zəng
vurdum. O da sağ olsun, operativ şəkildə məsələni
həll etdi. Artıq gec saatlar idi, Berlindən Frankfurta
uçacaq təyyarələr yox idi. Pərviz müəllim
lütfkarlıqla səfirliyin maşınında bir əməkdaşı
göndərdi ki, o qədər uzun yolu qət edərək
Berlindən Frankfurta yetişsin, yükü qəbul edib
qayıtsın.
...AZAL-dan növbəti zəng oldu, yenə
vitse-prezident idi, yenə muştuluqlayırdı ki, artıq
yük Frankfurtdan çıxdı, maşın səhər
saatlarında gəlib mənzil başına çatacaq.
Vəziyyətin nə dərəcədə ciddi
olduğu artıq lazımınca dərk edilmişdi ki, hər
saatdan bir Bakıdan gələn zəng təkrarlanırdı.
Xəbər verirdilər ki, yükü gətirən
sürücü ilə daimi telefon əlaqəsindəyik,
filan şəhərə çatdı, hazırda filan yerdən
keçir, indi filan məntəqədədir.
Sonuncu zəng gələndə artıq səhər
açılırdı, "Uzağı 10 dəqiqəyə
maşın oradadır".
Anlayırdım, onların da üstündən
ağır yük götürülmüşdü, öz
günahlarından yaranmış asan olmayan bir işin hər
halda öhdəsindən gəlinmişdi.
"Bilirsən, o sürücü ilə daimi əlaqəmiz
olsan deyə bu gecə bir almandilli tərcüməçini də
xeyli məbləğ ödəyərək idarədə
saxladıq ki, sürücü ilə mütəmadi
telefonlaşaraq bizə məlumat versin".
Təşəkkür etdim. Bir neçə dəqiqə
sonra iri yük maşını gələrək muzeyin
yanında dayandı. Bu, həyatımda ən sevinclə
qarşıladığım maşın idi.
Sürücü yerə endi, görüşmək, sənədləri
almaqçün yaxınlaşanda qaraqaş-qaragöz
olmasından şübhələndim ki, ola bilər, Almaniya
türküdür. İngiliscə salamlaşdım,
"xoşgəldin" dedim, adını soruşdum.
"Adım Bayramdır", - dedi. Başladım onunla azərbaycanca
danışmağa. Dedi ki, əslində bu gecə Türkiyəyə
uçmalı idim. Ancaq qəfilcə mənə ofisimizdən
zəng vurdular ki, təcili tapşırıq var, bileti dəyişdir,
Türkiyəyə bir gün sonra gedərsən, əvvəlcə
apar bu yükü çatdır".
Qayıtdım ki, adınız Bayramdırsa, yəqin
ki, qarslısınız, demək, siz də kökünüzlə
azərbaycanlısınız. Bu gecə əslində həm
sizin, həm bu gətirdiyiniz yükün şansıdır.
Çünki burada Azərbaycanın qəhrəman bir
oğluna muzey yaradılır, qismət belə imiş ki, onun
yükünü də bura elə bir azərbaycanlı gətirə!"
Sürücü Bayram hədsiz məmnun idi, ancaq bu sərgüzəştin
son nöqtəsini qoymaq vacib idi. Bu dəfə artıq
Bakıya, AZAL-a mən zəng etdim. Minnətdarlığımı
bildirdim və əlavə elədim ki, deyirdiniz alman dili tərcüməçisi
gətizdirmisiniz, bütün gecəni orada oturtmusunuz, xeyli də
pul ödəmisiniz, barı bir ondan soruşaydınız ki,
adın nədir, soyadın nədir? Bu sürücünün
adı Bayramdır, özü də Türkiyə azərbaycanlısıdır,
o qədər xərcə düşməyinizə lüzum
yoxmuş, onunla elə öz dilimizdə danışa bilərmişsiz".
...2011-ci ilin iyun ayının 10-da gözlədiyimiz əziz
gün gəlib çatdı. Tarixi hadisə baş verirdi. Həmin
gün mən artıq orada deyildim. Ayın 9-da artıq muzeyi təhvil
verib Strasburqa yola düşdüm. Çünki Avropa
Şurası Parlament Assambleyasında çox vacib bir məruzəmin
komitədə müzakirəsi keçirilirdi.
Əleyhdarları da az deyildi. Səbəb də
aydındı: məruzə "Hərbi münaqişələr
və ətraf mühit" adlanırdı. Məruzədə
milli maraqlarımıza cavab verən bir çox həqiqətləri
əks etdirməyə nail olmuşduq.
...2011-ci il iyun ayının 10-da Prezident İlham
Əliyev və Sloveniya Prezidenti Danilo Turk muzeyi
açdılar.
Şempasda möhtəşəm bayram idi.
Bütün kənd orada idi, insanlar sevinirdi. İlk dəfə
idi ki, o kəndə iki ölkənin prezidentləri gəlirdi.
O prezidentləri bu kəndə gətirən onların
doğma övladı kimi sevdiyi Mixaylo idi.
Qadın xoru oxuyurdu, yaylım atəşləri səslənirdi,
mələk səsli uşaqların xoru o meydana
toplaşmış izdihamı riqqətə gətirirdi.
Mixaylonun silahdaşları, köhnə partizanlar orada idilər,
bu mənzərəni qəhərlərini udaraq seyr edirdilər.
Və o gün Mehdi də orada idi. İki məzarının
olduğu bu yerlərdə artıq onun öz evi vardı. Onu
oğulluğa qəbul etmiş bu sloven kəndində həmişə
onunku qalacaq evinə qayıdırdı...
4 aprel 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 19 aprel(¹66).- S.14-15.