Bahar yorğunluğu
CAN CAHANA BİR DƏFƏ GƏLİR
Esse
Yaz şəninə ən çox təriflər deyilən
fəsildir. Bahar soyuğu məşəqqət bilib günəşə
sığınanlara ümid bəxş edir. Gəlişini hələ
bir ay qabaqdan çərşənbə-çərşənbə
bayram edən məmləkətimin insanı üçün
yaz başqa təntənədir.
Bəlkə də bu romantikanın təsiri ilə
baharın qüsurlarını görməkdə çətinlik
çəkirik. Məsələn, qışın
soyuğundan ehtiyatlanır, yayın qızmarından
qorunmağa çarə gəzirik. Ancaq yaza çoxumuz eyni həssaslıqla
yanaşmırıq. Halbuki bu fəslin də özünəxas
ərköyünlükləri var.
Əmr olundu, abi-niysan!
Cansızlara bəxş etdi can.
Yenə təzələndi dövran,
Nə gözəl ruzigar oldu!
Qasım bəy Zakirin də dediyi kimi, bahar
dövranın təzələnməsidir. Ancaq bu təzəlik
özü ilə yalnız gözəlliklərmi gətirir? Təəssüf
ki, cansızlara can verən fəsil həm də canın
sınağıdır. Bəzi xəstəliklərin məhz
yaz-payız aylarında baş qaldırdığını nəzərə
alsaq, bu fəslin gətirdiyi problemlərə daha ciddi
yanaşmalıyıq.
Bu yazıda fəsil dəyişikliyinin insan orqanizminə
təsirlərindən və bahar yorğunluğundan
danışmışıq.
Sözügedən problemin yaranma səbəbləri və
mübarizə üsulları haqqında mütəxəssislərin
fikirlərini öyrəndik.
Həkim-terapevt Novruz İsmayılovun sözlərinə
görə, yaz aylarında bir çox insan özündə
halsızlıq, yuxusuzluq, enerjisizlik və ruh
düşkünlüyü hiss edir: "Səbəbi bəzən
anlaşılmayan bu vəziyyətin adı - bahar
yorğunluğudur. Əslində bu, bədənin fəsil dəyişikliyinə
verdiyi təbii reaksiyadır. Çünki temperatur dəyişir,
bədən enerji itirir. Qışın soyuğundan sonra istilərin
artması damar genişlənməsinə, qan təzyiqinin dəyişməsinə
və maddələr mübadiləsinin aktivləşməsinə
səbəb olur. Bədən dəyişikliklərə
uyğunlaşmaq üçün enerji sərf edir - bu isə
yorğunluq yaradır. Gün işığı isə hormon
balansını pozur. Baharın gəlişi ilə günlər
uzanır, bu isə melatonin və serotonin balansını dəyişdirir.
Belə olan halda orqanizm yeni ritmə uyğunlaşmaqda çətinlik
çəkə bilər. Həmçinin qış boyu
azalan günəş şüaları və tərəvəz-meyvə
istehlakı orqanizmdə D vitamini, B qrupu vitaminləri, dəmir
və maqnezium çatışmazlığı yarada bilər.
Qış aylarında daha az hərəkətli həyat tərzi
bədən tonusunu aşağı salır. Yaz gələndə
isə bədən bu rejimdən ayılmaqda çətinlik
çəkir".
Həkim sözügedən problemə qarşı
qidalanma və yuxu rejiminin əhəmiyyətini
vurğulayıb:
"İlk növbədə sağlam qidalanmaya diqqət
etmək lazımdır. Rasionunuza təzə bahar tərəvəzləri,
sitrus meyvələri, göyərti, qoz-fındıq və
balıq əlavə etməyiniz məsləhətdir. Xüsusilə D və B vitaminləri
orqanizmin enerji balansı üçün vacibdir.
Hər gün ən azı 20 dəqiqə günəş
altında gəzin. Bu, həm D vitamini istehsalını
artırar, həm də ruh halınızı
yaxşılaşdırar. Fiziki aktivliyə diqqət edin.
Gündəlik yüngül idman - yürüş, velosiped
sürmək və ya yoqa qan dövranını aktivləşdirir,
maddələr mübadiləsini sürətləndirir.
Çalışın çoxlu su için. Çünki
yaz aylarında bədən daha çox su itirir. Kifayət qədər
su içmək (1.5-2 litr) bədənin təmizlənməsinə
və enerjinin bərpasına kömək edir.
Həmçinin, yuxu rejimini tənzimləyin, axşam
saatlarında ekranlardan uzaq durun. Hər gün eyni saatda
yatıb oyanmağa çalışın".
Bahar yorğunluğu təkcə fiziki yox, həm də
psixoloji problemlərlə özünü göstərir.
Psixoloq Mələk Kərimova mövzu ilə
bağlı danışarkən bildirib ki, bahar depressiyası
adətən 2-6 həftə davam edir: "Burada bir sıra
amillər rol oynayır. Əvvəla, fəslin dəyişməsi
ilə əlaqədar bioloji ritmin dəyişməsi
depressiyaya yol aça bilir. İkinci bir səbəb
qış mövsümündəki passiv həyat tərzi ilə
bağlıdır. Belə ki, aktiv həyat tərzindən
uzaq olan şəxslər günəş
işığına az çıxdıqları
üçün onlarda D vitamini
çatışmazlığı görünə bilər.
Adətən, bu vitamin çatışmayanda bədəndə
depressiv əlamətlər müşahidə olunur. Depressiv əlamətlər
dediyimiz zaman şəxsin özü, gələcəyi,
münasibətləri ilə əlaqədər dərin bir
üzüntü ümidsizlik hiss etməsi, bəzən
iştahsızlıq, yuxu pozuntularının ortaya
çıxması, az-yaxud çox yatması, şəxsin
özünü halsız, həvəssiz hiss etməsi və
bu kimi digər əlamətlər nəzərdə tutulur.
Daha öncə depressiya, yaxud təşviş pozuntuları
yaşamış pasiyentlərdə bahar depressiyası daha
çox müşahidə olunur.
Problemin qarşısını almaq üçün
fiziki aktivliyi artırmaq, serotonin və melatonin
hormonlarının səviyyələrinə diqqət etmək,
günəşdə çoxlu gəzmək məsləhət
görülür. Həmçinin, yuxu rejiminə əməl
etmək, sosial aktivliyi artırmaq da vacib məqamlardır.
Bunların sayəsində depressiv əlamətləri azaltmaq
mümkündür. Ancaq sadaladığımız vasitələr
kömək etməsə, psixoloqa müraciət etmək məsləhət
görülür".
Fəsil dəyişikliyinin yaratmış olduğu
problemlər zahiri görünüşə də təsir
edir. Dermatoloq Tünzalə Əzizlinin sözlərinə
görə, bəzən fəsli xarakter daşıyan xəstəliklər
belə xroniki hal ala bilir: Bu, təkcə dəri ilə
bağlı deyil, daxili orqanların xəstəliklərinə
də aiddir. Məsələn, mədə xorası əsasən
yaz-payız aylarında şiddətlənır. Yaxud da pullu dəmirovun
hər bir fəsildə kəskinləşən dövrü
olur.
Yaz fəslində həm dəridə, həm də
saçlarda müxtəlif problemlər görülə bilər.
Saçlarda əsasən tökülmə, kəpəkləmə
və qabıqlama halları müşahidə olunur.
Bunların qarşısını almaq üçün
mütləq mütəxəssisə müraciət etmək
lazımdır. Səbəblər dərindən
araşdırmalıdır. Əgər daxildə yatan bir səbəb
yoxdursa, fəsil dəyişkənliyinə uyğun olaraq
müalicə təyin oluna bilər. Dəri problemlərinə
gəldikdə isə bu aylarda kontakt dermatit, eqzema,
qaşınma, qızartı, göynəmə hissiyyatı
kimi əlamətləri görünə bilər. Təbii ki,
bunların müalicəsi var. Ancaq müalicə
özbaşına aparıla bilməz. Düzgün müdaxilə
olmasa, sadaladığımız xəstəliklər daha da
ciddiləşə bilər. Bu problemlərlə üzləşən
şəxslər dermatoloq müayinəsində olmalı və
həkimin təyinatı üzrə müalicə
aparılmalıdır. Bəzən pasiyentlər həkim
göstərişi olmadan aptekdən müxtəlif tərkibli
hormonal mazlar alıb uzun müddət istifadə edirlər. Bu
isə daha ciddi fəsadlar yaradır. Xəstəliyin ilkin mərhələsində
həkimə müraciət etmək məsləhətdir".
Mütəxəssislərin fikirlərinə əsasən
bu qənaətə gələ bilərik ki, fəsil dəyişikliyinin
gətirdiyi problemlərə dırnaqarası yanaşmaq olmaz.
Ümumiyyətlə, fəsildən asılı olmayaraq
sağlamlıqla bağlı ən xırda məsələlərə
də diqqət etmək vacibdir. Necə deyərlər, can
cahana bir dəfə gəlir...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.13.