Qələmsiz
yazılanlar
status-esselər
Doğma Türkiyəmiz təlatümlü, gərginlik
dolu günlər yaşayır. Hamımız baş verən
prosesləri narahatlıqla izləyirik. Bir çoxları
gündəmə soyuqqanlı, təmkinli, səmimi
nigarançılıqla münasibət bildirsələr də,
emosiyalarına hakim ola bilməyənlər, qarşı tərəflərdən
biri barədə aşağılayıcı ifadələr səsləndirib
çaşqınlıq yaradanlar da az deyil.
Nəzərə almalıyıq ki, tərəflərin
hər birində dəyərli insanlar, istedadlı
yaradıcı adamlar, nüfuzlu ziyalılar və siyasətçilər
var, hər tərəfin arxasında geniş xalq kütlələri
dayanır.
Rəğbətimizin ünvanından asılı
olmayaraq, əsəblərin tarıma çəkildiyi belə
günlərdə rəylərimizi, işlətdiyimiz ifadələri
ciddi ölçüb-biçərək, gərginliyi, ictimai
həssaslığı nəzərə alaraq
bölüşmək çox vacibdir.
Xüsusilə Azərbaycan-Türkiyə
qardaşlığına xələl gətirə biləcək
leksikondan maksimum dərəcədə çəkinməliyik.
Hamımızın arzusu bu çaxnaşmalı dünyada
Türkiyəmizin güclü qalması, daxili sabitliyini və
beynəlxalq nüfuzunu qorumasıdır. Böyük dövlətçilik
ənənələri olan qardaş xalqın bu
çalxantılı dönəmdən də
üzüağ, qüdrətli çıxması
üçün dua edək.
Tanrı Türkiyəmizi qorusun!
lll
Azərbaycan dili üzrə sertifikasiya
imtahanının sınaq prosesində iştirak edəcəyəm.
Həmkarlarımı - yazıçıları,
jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini
yoxlamağa dəvət edirəm.
Dövlət İmtahan Mərkəzi "Azərbaycan
dili bacarıqları üzrə səviyyələrə dair
tələblər" sertifikasiya imtahanı modeli
hazırlayaraq ictimaiyyətə təqdim edib.
Ötən il Bakı Kitab Mərkəzində bu
metodik vəsaitin təqdimatında iştirak etmişdim.
Çıxış edən mütəxəssislər
xüsusən xaricilərin Azərbaycan dili biliyi səviyyəsinin
müəyyənləşdirilməsi, dilimizin
inkişafına, işgüzar dilə çevrilməsinə
kömək göstərəcək bu vəsaitin
çapını yüksək qiymətləndirmişdilər.
İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini
müəyyənləşdirən imtahanlar barədə
hamımız bilirik.
Bəs bizim doğma Azərbaycan dili bilgilərini
sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin?
Dünən keçirilən təqdimatda Məleykə
Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və
bacarıqların qiymətləndirilməsi üçün
etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə
əmin olduğunu diqqətə çatdırıb və hər
kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi
üçün bu prosesdə aktiv iştirak etməyə
çağırıb.
Məleykə xanım ilkin 2000 datanın
yaradılması üçün mütəxəssisləri,
həmçinin yazıçıları sınaq prosesinə
qoşulmağa dəvət edib. Qeyd olunub ki,
iştirakçılar ödənişsiz şəkildə
sınaq prosesində iştirak edə bilərlər.
İmtahan nəticələri emal olunduqdan sonra
iştirakçıların elektron poçt ünvanına
göndəriləcək. Göründüyü kimi, anonimlik
də saxlanacaq. Qorxulu nəsə yoxdu.
Təəssüf edirəm ki, bu cür vacib məsələnin
müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən
Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi
Məleykə xanımın çağırışına
qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün
lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə
verməyə çağırıram.
lll
İP yığmaq naminə psixoloji problemli
adamların cəfəng fikirlərinə meydan vermək, dəyərləri
silkələmək, həm də bunu Jurnalistlərin Etik
Davranış Qaydalarına riayət etmədən,
qarşı tərəfin fikirlərini öyrənmədən,
mövqeyinə məhəl qoymadan, cəmiyyətdə
yaradacağı reaksiyanı nəzərə almadan yaymaq
böyük qüsur, ciddi peşə naqisliyidir. Daha çox
oyuncaq, telefonda qurama İnternet TV-lərinə xas olan bu
üsulu ciddi media subyektlərinin özlərinə rəva
görməsi isə bədbinlik, təəssüf və məyusluq
doğuran haldır. Neqativ, ağılsız, sərsəm
fikirlərlə cəmiyyətdə ajiotaj yaratmaq dəyərləri
ucuzlaşdırmaq, diletantların, qeyri-peşəkarların
hər addımda gözdən saldıqları mediamızı
daha da urvatsız etməkdir.
lll
Yuxuda qarlı-şaxtalı havada, buz bağlamış
yolda tək yeriyən Zelenskini gördüm.
Dünənki görüşün videolarının
və səngiməyən qarın təsiridir yəqin.
lll
Hər kəs öz maraqlarından baxır, öz
arzularıyla qiymətləndirir...
lll
Hamının sevimlisi olmaq, xüsusən indiki sosial
media dövründə mümkün deyil. Ona görə də
hər addımbaşı özünüzdən bədgüman
olmayın. Yaxşılıq etməkdən, mərhəmətli
olmaqdan yorulmayın.
lll
Əziz və doğma Qadınlar!
Yeni Dünya düzəni istədiyiniz kimi qurulsun!
Hər şey ürəyinizcə olsun!
Həyatınızdan xoş anlar, üzünüzdən
təbəssüm əskik olmasın!
Sevgisiz qalmayasınız!
Ecazınız və cazibəniz heç vaxt
azalmasın!
lll
Səhər erkən, qar hələ adda-budda qalırkən
quşların kövrək civiltilərini eşitmək
martın gəlişini müjdələyirdi.
lll
Deyir, Paris qocalıb, harsuna oxşayır...
lll
Kişilərin soyqırımı günü...
lll
Qəzetlərdə redaktorlar məsuliyyət hiss
edirdilər; sərsəm, zərərli fikirləri,
yanlış düşüncələri ya redaktə edir, ya
da mətndən çıxarırdılar. Yeni mediada -
saytlarda təəssüf ki, redaktorlar bəzən əksini
edirlər - İP, çox baxış və hay-küy naminə
hər hərzə-hədyana meydan verirlər. Sosial mediadan isə
ümumiyyətlə danışmağa dəyməz. Xəbər
və düşüncənin fərqliliyi və
anormallığı nə qədər cazibədar olsa da, cəmiyyət,
tarix, xalq qarşısında məsuliyyət hissi heç
vaxt arxa plana keçməməlidir.
lll
Yaddan çıxan qadınlar...
lll
Bütün həqiqətlər keçmişdə,
atalar sözlərində gizlənib.
lll
Təcrübə keçən tələbələrə
tamaşaya baxıb fikirlərini, düşüncələrini
yazmağı tapşırmışıq. Gedib süni
intellektin dediklərini köçürüb gətiriblər.
lll
Həsən Həsənovun tariximizlə bağlı
qeyri-adi, inqilabi və düşündürücü fikirlərini
həmişə diqqətlə izləyirəm. Bu dəfə
Novruz bayramı barədə mülahizələrini
bölüşüb. Bayram şirniyyatlarımızın
izahı isə lap qəribə gəldi; həm gülümsədim,
həm düşündüm. Tabitini təpitməylə
bağlamasına isə ürəkdən güldüm. Belə
ideyaların tərəfdarıyam; tarixi biliklərlə əfsanələrin,
elmlə arzuların çulğaşması
düşüncələrə təsir edir, zamanla yeni
gerçəkliklər ortaya çıxarır.
Həsən müəllimin şövqünə,
enerjisinə, təlqin etdiyi fikirlərə sonsuz inamına,
çılğın sevgisinə heyranam.
Bu fikirlərə meydan verdiyinə görə ARB
kanalının rəhbərliyinə də ayrıca təşəkkürümü
bildirirəm.
lll
Azərbaycan Dili üzrə Sertifikasiya
İmtahanında dil bilgilərindən, dilimizi hiss etmək
bacarığından savayı, həm də bədii təxəyyül,
ədəbi yaradıcılıq, dolğun və səlis mətnlər
yazmaq qabiliyyəti tələb olunur. Məhz buna görə də
DİM sədri Məleykə xanım mütəxəssislərə,
yazıçılara müraciət edib, ilkin 2000 datalıq səviyyəli
bazanın yaradılmasına dəstək olmağa
çağırıb. Həmkarlarımı bir daha bu bayram
günlərindəki asudə vaxtdan istifadə edib sınaq
prosesinə qoşulmağa, imtahanın onlayn platformasında
iştirak etməyə çağırıram. Ödənişsiz
və asan prosesdir. Bir az vaxt və səbr lazımdır. Gəlin
birlikdə bu vacib prosesə dəstək olaq.
lll
Ən nikbin, pozitiv yalanı kim danışacaq?
lll
Gözəl şairimiz Vaqif Bəhmənli hələ
10 il qabaq qızların telefon sevgisini belə vəsf edib:
Telefon söyləmək ona, azdı, az -
fanardı, oyundu, şəkilçəkəndi.
...Atanı, ananı eşidən kimdi? -
Hamı telefonun sözünə baxır...
...Balaca əllərdə balaca qızlar
Elə bil, balaca can gəzdirirlər.
...Telefonla gəzir qumlu sahili,
Telefonla girir dənizə qızlar...
...Telefon yollayır qızları dərsə,
elə telefon da... ötürür evə.
lll
Bir mahnının gücü
Deməli, bir fərqli musiqi, bir qeyri-adi mahnı hətta
dünyanın indiki gərgin dönəmində də insanları
xoş təsirlə ovsunlamaq, diqqəti müəlliflərə
və onların mənsub olduğu xalqa yönəltmək
gücünə malik imiş...
Neçə gündür, başqırdların
"Ay yola" qrupunun "Humay" mahnısı çox
geniş auditoriyanı, sosial şəbəkələri
öz sirli cazibəsinə salıb. Milyonlarla baxış olan
bu mahnı haqqında minlərlə təqdir və təhlil
paylaşılıb.
Qədimdən gələn ilahi ab-hava, sehrli aura, mistik
musiqi başqırd xalqını sanki dünyaya yenidən
tanıdıb. Qədim başqırd dastanı
"Ural-Batır" qəhrəmanına həsr olunmuş,
doğma dildə səslənən misralarla, qədim alətlərlə
müşayiət olunan ecazkar musiqi başqırd gənclərində
ana dillərinə, tarixlərinə güclü maraq
oyadıb. Dünyanın bir mahnıya heyrəti
başqırdlarda milli özünədərk hissini xeyli
gücləndirib.
Hətta ruslar bu populyarlığı öz adına
çıxmağa çalışır, bunu rus musiqisinin
uğuru kimi təqdim etməklə guya
qısqanclıqlarını gizlətmək istəyirlər.
Mədəniyyətin sirli gücü burdadır:
milyonlarla vəsait xərclənib qurulan təbliğat belə
başqırd xalqına bu qədər maraq yarada, onu populyar edə,
diqqət mərkəzinə gətirə, bu dərəcədə
müsbət yöndə təqdim edə bilməzdi. Bir
mahnının gücü başqırdları milli
oyanışa, ana dilini və milli tarixi dərindən öyrənməyə
yönəldib.
Mahnının populyarlıq dalğasında tarixin incələnməsi,
bu rəylərdə başqırd xalqının böyük
oğlu Zəki Vəlidi Toğanın adının səslənməsi
və onun Türk dünyasıyla bağlı
ideyalarının xatırlanması da diqqətimi çəkdi.
Uğurlar olsun, "Ay yola"!
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.11.