Mədəniyyət Tarlamızın
fədakar Əkinçisi
Azərbaycan mətbuatı-150
XIX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və ictimai fikir tarixi qayda
olaraq Mirzə Fətəli Axundzadənin adı ilə
bağlanır. Təsadüfi deyil ki, milli humanitar elmimiz XIX
yüzilliyi bəzən "Mirzə Fətəli əsri"
də adlandırır.
Əlbəttə, bu fikrin doğruluğunu
şübhə altına almaq, Şərqin ilk dramaturqunun,
materialist-filosofun, əlifba islahatçısı, ədəbiyyat
nəzəriyyəçisi və tənqidçinin geniş
və çoxcəhətli fəaliyyəti üzərinə
kölgə salmaq böyük ədalətsizlik olardı.
Lakin qədim müdriklərin dedikləri kimi, "Platon mənim
dostumdur, ancaq həqiqət ondan üstündür".
M.F.Axundzadənin Azərbaycan, daha geniş kontekstdə isə
yeni dövr Şərq-islam sivilizasiyası
qarşısındakı xidmətlərinin əhəmiyyətini,
miqyasını qətiyyən azaltmadan demək lazımdır
ki, hadisə və şəxsiyyətlərin zənginliyi, cəmiyyət
həyatının əksər sahələrində
axtarış və novatorluq təmayülü ilə
seçilən XIX əsr milli mədəniyyətimizin tarixindəki
bütün yenilikçi meylləri, uğurları
istisnasız şəkildə yalnız onun adı və fəaliyyəti
ilə bağlamaq düzgün olmazdı.
Üstəlik də, nəzərə almaq
lazımdır ki, altı məşhur komediyasını və
"Aldanmış kəvakib" povestini yazıb bitirdiyi
1857-ci ildən etibarən Mirzə Fətəli fəal ədəbi-bədii
yaradıcılıqdan uzaqlaşmışdı.
Ömrünün son 20 ilini demək olar ki, ərəb əlifbasının
islahı uğrunda səmərəsiz (bəlkə də
lüzumsuz?) mübarizəyə və sırf milli maraqlar
baxımından mühüm görünməyən "Kəmallüdövlə
məktubları" traktatının nəşri ilə
bağlı bitib-tükənmək bilməyən
yazışmalara həsr
etmişdi.
Nəhayət, nəzərə almaq lazımdır ki,
Mirzə Fətəli dövlət qulluqçusu, məmur idi.
Rəsmi tellərlə Qafqaz canişinliyinə, Rusiya
imperiyasına bağlı idi. Çiyinlərində rus
ordusunun (daha doğrusu, milisinin) poqonları vardı. Söz və
hərəkətləri üçün dövlət və
qanun qarşısında məsuliyyət
daşıyırdı. Hara qədər gedə biləcəyinin,
nəyi açıq deyib, nə barədə isə
susmalı olduğunun fərqində idi. Odur ki, hətta daxilən
istəməsə də, bəlli oyun qaydalarına əməl
etməli idi.
Dövrün Azərbaycan gerçəkliyi isə
konkret işlər görməyə qadir olan, bundan ötəri
lazım gələrsə, mənsəb və vəzifəsindən,
imtiyazlarından, şəxsi maraq və xeyirindən imtina etməyi
bacaran iş və əməl adamına, qarşısına bəlli
məqsədlər qoyan
maarifçiyə daha çox ehtiyac duyurdu. Nəzəriyyədən,
təlimatdan, öyüd-nəsihətdən gündəlik
praktiki fəaliyyətə keçmək tələb olunurdu.
Belə təmənnasız millət xadimi Həsən bəy
Zərdabinin simasında meydana çıxdı.
Həsən bəy fəaliyyətə M.F.Axundzadənin
binasını qoyduğu işlərin, cəmiyyət həyatına
gətirdiyi ideyaların davamçısı kimi
başladı. Bu mənada mədəniyyətimizin bu iki
görkəmli siması arasındakı təbii varislik, sələf-xələf
münasibətini görməyə və araşdırmağa
böyük ehtiyac duyulur. Əgər belə gerçək,
obyektiv baxış sərgilənsə, XIX yüzillik
inkişaf mərhələləri, uğur və nailiyyətləri
ilə Azərbaycan mədəni-ictimai fikir tarixində daha
çox və daha ədalətli şəkildə Axundzadə-Zərdabi
əsri adlandırıla bilərdi. Və bu, həqiqətən
belə idi.
Fransız müəllifi Jül Renar "Gündəliklər"ində
yazırdı ki, "hər məşhur kişinin kölgəsində
əzab çəkən bir qadın yaşayır". Bəzən
sənətdə və ədəbiyyatda da belə olur. Məşhurların kölgəsi
fədakar elm və maarif fədailərini, ömürlərini
xalq işi üçün məşələ çevirənləri
tam dolğunluğu ilə görməyə, göstərməyə
imkan vermir. Bu mənada indiyə qədər Zərdabini Mirzə
Fətəlinin "kölgəsindən"
çıxarmaq, layiq olduğu, haqq etdiyi ucalığa
yüksəltmək, "mükafatını vicdanından
alan" əməl adamı kimi tanımaq və tanıtmaq
üçün gərəkən işlərin
görüldüyünü demək çətindir.
Zərdabi tariximiz və mədəniyyətimiz
üçün kimdir?
Azərbaycan milli mətbuatının banisi!
Azərbaycan teatrının yaradıcısı!
Yeni tipli məktəblərin, xüsusilə də
qadın təhsilinin təşəbbüskarı.
Azərbaycanda milli şüurun, vətənpərvərlik
və vətənə sahiblik hissinin tərbiyəsi yolunda
birincilər sırasında fəaliyyətə başlayan
publisist, ictimai xadim.
Azərbaycan Cümhuriyyətinin pərdə
arxasında qalmış yolgöstərəni.
Təsadüfi deyil ki, XX əsrdəki ilk milli dövlətimizin
qurucu atalarından olan Ə.Topçubaşov düz yüz il
bundan əvvəl, 1925-ci ildə Həsən bəy
haqqında Parisdə yazıb tamamladığı əsərə
çox simvolik səslənən "Azərbaycanın yol
göstərəni" (rusca orijinalında "Mayak
Azerbaydjana") adını vermişdi.
Bakının xalqımızın milli, mədəni və
iqtisadi mərkəzinə (gələcək paytaxt statusu da bu
amillərə əsaslanırdı) çevrilməsi
uğrunda mübarizənin pioneri.
Yenə də sadalamaq olar.
Yalnız "Əkinçi" qəzetinə
görə Zərdabinin adı Azərbaycan mədəniyyəti
və ictimai fikri tarixinə qızıl hərflərlə
yazılmağa layiqdir.
Yalnız Bakıda tələbələrinin
yardımı ilə hazırlayıb nümayiş etdirdiyi ilk
teatr tamaşasına görə korifeylər sırasına
daxil olmaq haqqı qazanıb.
Yalnız Vətəninin, ikiqat, üçqat zülm
altına düşmüş həmvətənlərinin
müdafiəsinə qalxdığı, ən azı milli-mədəni
"zindəganlıq davasının" carçısı
kimi çıxış etdiyi üçün Zərdabinin
tarixi hünəri xalqın yaddaşında əbədi
yaşamalıdır.
Lakin bu hünəri qiymətləndirmək, bu adı
yaşatmaq, onu tarixə kiminsə istədiyi şəkildə
deyil, doğru-dürüst həkk etmək üçün
ilk növbədə ad sahibinin irsini, universal fəaliyyətini
dərindən-dərinə
öyrənmək lazımdır.
Qeyd etdiyim istiqamətdə iş görülmədiyini
demək doğru olmazdı. Filosof Ziyəddin
Göyüşov Zərdabinin həyat və
yaradıcılığının tədqiq və nəşri
yolunda böyük zəhmət çəkib, ciddi uğurlara
imza atıb. Onun rəhbərliyi altında Zərdabinin irsinin
hələlik ən mükəmməl nəşri sayılan
"Seçilmiş əsərləri" (rus dilində,
Bakı, 1962) çap edilib. Müəllifin "Həsən bəy
Zərdabinin dünyagörüşü" monoqrafiyası
(rus dilində, Bakı, 1956) sanballı tədqiqat əsəridir.
"Əkinçi" qəzetinin Əziz Mirəhmədov və
Turan Həsənzadənin birgə səyi ilə nəşr
olunan transliterasiya edilmiş tam mətni (Bakı, 1975) ilk qəzetimizin
bütün saylarını müasir oxucu üçün əlçatmazlıqdan
qurtarıb. Müxtəlif illərdə Heydər Hüseynov,
Bəhmən Axundov, İzzət Rüstəmov, Vəli Məmmədov,
Şeydabəy Məmmədov, Rəhman Bədəlov və
digər alimlərimiz Zərdabi şəxsiyyətini,
yaradıcılığını, mədəni-maarifçi
və ictimai fəaliyyətini müxtəlif aspektlərdən araşdıran əsərlər
çap etdiriblər.
lll
Birinci olmaq həmişə çətin və məsuliyyətlidir.
"Əkinçi"nin təcrübəsinə istinad etsək,
Həsən bəy sadəcə ilk Azərbaycan qəzetini
yaratmamışdı. Həm də qəzet mədəniyyətinin,
ana dilində mətbuata maraq və tələbatın təməlini
qoymuşdu. Həmin dövrə qədər yalnız poetik
janrlar, ənənəvi "gül-bülbül"
poeziyası üzərində köklənmiş Azərbaycan
türkcəsində bəlağətdən uzaq, informativ səciyyəli
qəzet dilini, publisist üslubu formalaşdırmışdı.
"Ovcuna bir parça kağız alıb gözlərini
göyə axıdaraq qafiyə axtaran" (Mirzə Cəlili)
süxəndanları fəal ictimai mövqeli, xalq və cəmiyyət
qarşısında məsuliyyət hissi duyan "qəzetçilərlə"
əvəz etməyə təşəbbüs göstərmişdi.
Qəzetin nə olduğunu bilməyən mühitdə məhdud
sayda da olsa, milli oxucu kontingenti tərbiyə etməyə
çalışmışdı. Nəşrin ikinci ilində
artıq daimi abunəçilərlə birlikdə hər yeni
sayı səbirsizliklə gözləyən mətbuat
maraqlıları, məhəlli yenilikləri
"Əkinçi" ilə bölüşməkdən
çəkinməyən yerli müxbirlər meydana
çıxmışdı. Hətta mətbu sözün
populyarlığından şəxsi məqsədləri
üçün istifadə etməyə çalışan
diribaş işbazlar peyda olmuşdular. Məlumat almağa,
yenilikləri öyrənməyə can atan insanlar
üçün qəzet artıq gündəlik mədəni
tələbatın ayrılmaz hissəsinə
çevrilmişdi. Deməli, Həsən bəyin millət
tarlasına səpdiyi toxumlar cücərməyə, hətta
bəhər verməyə başlamışdı.
"Əkinçi"
susdurulandan sonra çarizmin bəlli münasibəti səbəbindən
uğurla nəticələnməsə də, XIX əsrin
80-90-cı illərində anadilli mətbuat təsis ilə
bağlı çoxsaylı müraciətlər də bunun
sübutudur.
Yəqin ilk baxışdan bir az qəribə
görünəcək. Amma Azərbaycan türkcəsində
qəzet nəşri ideyasının əhəmiyyətini,
faydasını soydaşlarımızın özlərindən
daha əvvəl və daha çox... qazdan ayıq ermənilər
başa düşmüşdülər. Həsən bəyin
məramında "erməni işinə" potensial təhlükə
gördüklərindən hər
vasitə ilə ona mane olmağa
çalışmışdılar. 1873-cü ildə Azərbaycan
ziyalısının ana dilində qəzet nəşri ilə
bağlı Senzura Komitəsinə müraciətindən sonra
dərhal hərəkətə keçmişdilər. Qafqaz Kənd
Təsərrüfatı cəmiyyətinin Kələntərov
soyadlı erməni üzvü çar hökumətinin
mövqeyini yaxşı bildiyi üçün
neytrallaşdırıcı təklif irəli sürüb
orijinal "Əkinçi"nin əvəzinə
gürcü dilində çıxan "Saspalo
qazeta"nın ("Kəndli qəzeti") tatarca "Kənd
qəzetəsi" adlı dublikatını yaratmaq
ideyasını ortaya atmışdı.
Aydın məsələdir ki, bu
"canıyananlığın" məqsədi Azərbaycan
türklərinin mədəni dünya ilə təması
qarşısına sədd çəkmək, həmin
dövrdə böyük gücə malik olan mətbuat
dünyasına yaxın buraxmamaq idi. Kələntərovun təklifinə
əsasən qəzetin
naşiri gürcü
yazıçısı, şair və publisist Georgi Sereteli,
redaktoru isə islama arxa çevirib xristian dinini qəbul
etmiş acar İvan Asatiani olmalı idi. Azərbaycan nəşrindəki
materiallar Osmanlı türkcəsini yaxşı bilən
Asatiani tərəfindən tərcümə olunub qəzetə
yerləşdiriləcəkdi. Beləliklə, formal şəkildə
müsəlman əhalinin qəzet tələbi (əgər
ümumiyyətlə belə bir tələb vardısa! - V.Q.)
yerinə yetirilmiş olacaqdı. Amma bu kələkbazlıq
da necə deyərlər, müsəlmanların qara
qaş-gözünə görə həyata keçirilmirdi.
Qafqaz administrasiyası, yaxud "tatar" əhalinin sırf
"erməni layihəsini" maliyyələşdirilməsi
üçün 900 manat verməsi tələb olunurdu. Təbii
ki, Qafqaz canişinliyi xərci üzərinə götürmədi.
Qəzetdən, xüsusən də gürcü dilindən
Osmanlı türkcəsinə tərcümədən ibarət
qəzetdən fayda gözləməyən "tatar" əhalidən
də bir səs-səmir çıxmadı. Xoşbəxtlikdən
susmaq bu dəfə həqiqətən də qızıl
oldu...
Amma Abbasqulu ağa Bakıxanovun kiçik
qardaşı, general Abdulla ağa Bakıxanov
"Əkinçi"nin nəşrə başlaması
üçün Həsən bəyə 1000 manat verəndə
məlum oldu ki, "tatarlar" anadilli mətbuata o qədər
də biganə deyilmişlər...
Beləcə xalqımıza mətbuat
"yaratmaq" üçün qurulmuş erməni-gürcü-acar
oyunu öz-özünə aradan qalxdı. İndi
qalırdı Azərbaycan ziyalısının ana dilində
çap edəcəyi qəzetin
nəşrinə rəsmi icazə almaq. Qafqaz Senzura Komitəsinin
Şərq dilləri senzoru, həmin dövrdə Komitəyə
müvəqqəti rəhbərlik edən və mətbuata
münasibətdə daha çox etnik amilə əsaslanan erməni
S.Məlik-Mehrabov (hətta erməni araşdırıcılar
da onun əsas işi ilə birlikdə rüşvətxorluq,
sələmçilik və donosçuluğa qurşanan ləyaqətsizin
biri olduğunu etiraf edirlər) tayfadaşı Kələntərovdan
sonra ikinci ciddi maneəyə çevrildi. Çünki
Bakıda çıxacaq qəzetin hər sayının
senzuradan keçirmək üçün Tiflisə gətirilməsini,
yaxud göndərilməsini tələb edirdi. Üstəlik,
Komitədə "yerli dili" yaxşı bilən senzorun
olmadığını əsas tutub "tatar dilindəki"
məqalələrin ruscaya tərcüməsi ilə birlikdə
təqdim edilməsi tələbini irəli
sürülürdü. Dövrün kommunikasiya şərtlərini
və yeganə əməkdaşın Həsən bəyin
özü olmasını nəzərə alsaq, əslində
bu, dolayısı yolla nəşrin qarşısını kəsmək,
təşəbbüsü beşikdə boğmaq cəhdindən
və başqa bir şey deyildi.
Həsən bəylə Qafqaz Senzura Komitəsi
arasındakı səmərəsiz yazışmalar iki ildən
çox davam etdi. Yalnız azərbaycanlı ziyalıya rəğbətlə
yanaşan Bakı qubernatoru, sovet dövründə
"qırmızı qubernator" kimi tanınan D.S.Staroselskinin (1832-1884) işə
qarışması "Əkinçi'nin başı üzərindəki
qara buludları dağıda bildi. Qubernatorun təkidli tələbi
nəticəsində qəzetin senzurası istisna hal kimi
quberniya idarəsinin dilmancı Nuh bəy Hüseynbəyova həvalə
edildi. Staroselski meydana çıxacaq hər hansı məsələ
ilə bağlı məsuliyyəti öz üzərinə
götürdüyünü bildirdi. Bundan sonra Məlik-Mehrabovun
deyiləcək bir sözü qalmadı.
lll
Aradan 30 il keçəndən sonra, 1905-ci ilin
dekabrında Həsən bəy Zərdabi "Həyat" qəzetində
dərc olunan "Rusiyada əvvəlimci türk qəzeti"
məqaləsində ana dilində mətbu orqan
yaratmağı günün vacib məsələsinə və
milli-mədəni inkişafın labüd amilinə çevirən
zərurətdən bəhs edərək yazmışdı:
"Bizim Cəmiyyəti-i Xeyriyyə bina
tutmadığından, teatr təşkil etdiyimiz salonun boş
qaldığı zaman anladım ki, müsəlman
qardaşlarımızı bir yerə toplayıb məktəblər
açdıraraq küçədəki uşaqları oxutmaq
mümkün deyildir. Elmsiz bu dövrdə yaşamaq
mümkün deyildir. Nə etməli? Hər kəsi
çağırıram gəlmirlər, göstərirəm
görmürlər, deyirəm anlamırlar. Sonunda başa
düşdüm ki, səs-küy salaraq, məcburi başa
salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi
bir gün başa düşən olacaqdır. Axan bir suyun
altına nə qədər sərt daş qoyursan qoy, zamanla o
daş əriyib yox olacaqdır. Əgər elədirsə,
doğru söz də bir gün başa düşüləcəkdir.
Onun üçün mütləq qəzet nəşr etdirmək
gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər
anlasa, onların sayı hər il artacaqdır. Suyun
önünü kəsən o bənd sonunda dayana bilməyib
yıxılacaqdır!"
Beləliklə, cəmiyyəti-xeyriyyə vacib idi.
Lakin qəzet ondan da vacib idi. Milli teatr yaratmaq zamanın tələbi
idi. Lakin insanlara xeyriyyə cəmiyyətinin, yaxud teatrın
faydasını anlatmaq üçün qəzetə olan tələbat
daha böyük idi. Bu mənada "Molla Nəsrəddin"
kimi, "Əkinçi"ni də təbiət, zəmanə
özü yaratmışdı.
İlk qəzetimizin adı təsadüfi seçilməmişdi.
Həm də bu adın yalnız nəşrin aqrar istiqamətini
müəyyən etdiyini düşünmək sadəlövhlük
olardı. "Əkinçi" sözünün altında
böyük rəmzi məna vardı. Geniş və əhatəli
fəaliyyət proqramı gizlənirdi. Qarşısına
yalnız Azərbaycan kəndlisini çağdaş
üsullar əsasında daha yaxşı işləməyə
öyrətmək yox, həm də onun şüuruna, qəlbinə
maarif toxumu səpmək vəzifəsini qarşıya qoyurdu.
Təkcə "yağdan süd qayırmağı"
öyrətmək yox, həm də yeri gələndə
yumruq kimi birləşmək səriştəsi
aşılamaq, Sabir demişkən, hələlik
"istedadı qarışıq" millətin
"yağı yağ üstə çıxıb ayranı
ayranlıq" olmasına çalışmaq istəyirdi. Bir
sözlə, maarif və mədəniyyət Əkinçisi
üçün ən böyük tarla şüurunu fanatizm,
cəhalət və laqeydliyin alaq otları basmış xalq
kütlələri idi.
Zərdabi Azərbaycan mədəniyyəti tarixində
belə bir Əkinçi oldu.
Onun XIX əsrin yetmişinci illərindən səpdiyi,
hər pöhrəsinin, fidanının nazını çəkdiyi,
qayğısına qaldığı maarif toxumlan cücərib
xeyriyyə cəmiyyətlərinə, kənd məktəblərinə
çevrildi. "Meyvələri" hələlik bir az kal və
cır təsir bağışlayan "Kəşkül"
və "Şərqi-Rus"u yaratdı. Xalqın imtahana
çəkildiyi qanlı-qadalı 1905-ci ildə
soydaşları üçün "Həyat",
"İrşad", "Tərəqqi" oldu. Zamanı
çatanda "Molla Nəsrəddin"i,
"Füyuzat"ı, "Açıq söz"ü ərsəyə
gətirdi. Günün birində artıq taleyinə yiyələnmək
qüdrəti hiss etmiş ölkənin adı - "Azərbaycan"
şəklində meydana çıxdı. Cümhuriyyətin
səsi oldu. Ən əsası isə Böyük
Əkinçi sağlığında yorulmaz fəaliyyətinin
ilk bəhrələrini gördü - fikirlərinin
davamçısı kimi meydana atılan azsaylı, lakin cəsur,
iradəli maarif ordusunun, qəzetçilər nəslinin bir
zamanlar tək başladığı işi əzmlə davam
etdirməsinin şahidi oldu.
Zərdabi sübut etdi ki, tək əldən də səs
çıxar - təki bu əl xalqa uzanmış olsun!
İki il ərzində naşiri, redaktoru, əsas
müəllifi, korrektoru, hətta kuryeri yalnız bir şəxsin
- Həsən bəyin olduğu "Əkinçi"nin 56
sayı çıxdı. Qafqaz idarəçiləri tezliklə
"tatar dilində" qəzet ideyasının
qarşısını "vaxtında" almadıqlarına
görə böyük səhvə yol verdiklərini
anladılar. Ona görə fürsət yaranan kimi
"ziyanlı" nəşri dayandırmaq üçün
az qala hər sətri, hər sözü
böyüdücü şüşə ilə oxumağa
başladılar. Ən adi xəbərlərdə də sətiraltı
mənalar axtarmaq mərəzinə tutuldular. Staroselskinin
Bakı qubernatoru postunu tərk etməsi də əlavə
imkan yaratdı.
Məlik-Mehrabov və Kələntərov kimi
imkanlı ermənilərin bacarmadığını
sıravi bir erməni - Bakı quberniya mətbəəsinin
mürəttibi Minasov həyata keçirdi. Azərbaycan mətbuatına
qənim kəsilənlər üçüncü cəhddə
xəbis niyyətlərinə
çatdılar. Minasovun donosu əsasında 1877-ci ilin
sentyabrında "Əkinçi"nin nəşri
dayandırıldı. Əslində donos yazmayıb qəzeti
yığmaqdan boyun qaçırsaydı, yenə eyni nəticə
alınacaqdı. Çünki Bakıda başqa mürəttib
yox idi. Vəziyyət belə acınacaqlı idi.
"Biz naxoş olduğumuza görə bu ilin
axırıncı nömrələri vaxtında
çıxmayacaq və onların haçan
çıxacağı məlum deyil" - Həsən bəy
qəzetin 1877-ci il sentyabrın 29-da işıq üzü
görən sonuncu sayında sədaqətli oxucuları ilə
belə vidalaşmışdı.
"Əkinçi" tam əsasla XIX əsrin 70-ci
illərindəki Azərbaycan həyatının, cəmiyyətinin
siması, ensiklopediyası adlandırıla bilər. "Hər
vilayətin qəzeti gərək ol vilayətin aynası olsun,
yəni ol vilayətin sakinləri, elədiyi işlər,
onlara lazım olan şeylər, xülasə onların hər
biri dərdi və xahişi ol qəzetdə çap olunsun ki,
ol qəzetə baxan adam xalqı aynada görən kimi
görsün" - ilk Azərbaycan qəzetinin əsas
amalı və qayəsi bu səmimi, müdrik sətirlərdə
əks olunmuşdu.
Həsən bəylə heç bir təmənna
güdməyən könüllü yardımçıları
"Əkinçi"nin məhz belə aynaya çevrilməsi
üçün əllərindən gələni edirdilər.
Qəzetin hər sayı yatmışları yuxudan oyatmaq
üçün çalınan həyəcan təbili,
çəkilən haray və fəryad idi. Taleyin ümidinə
buraxılmış vətəndaşa
çağırış, xitab idi: "Əkinçi"
bir nasehi-müşfiqdir ki, deyir, qardaş, hünəriyyat və
kəmalat toxumu əkin ki, izzəti-dövlət səmərə
götürəsiniz. "Əkinçi" bir vaizdir ki, bizi
əbdandarlıq (dünyəvi) elmlərinə vəz və
təhrik edir. "Əkinçi" bir aynadır ki, bizə
zillət və miskənət (miskinlik) eyiblərin nümayan
(aşkar) edir. "Əkinçi" bir təbibdir ki, istəyir
ki, pəndiyat və nəsayihin (öyüd-nəsihət)
acı davaları ilə nadanlıq ixlatın (xıltın)
bizdən dəf etsin və elmin şəhd məcunilə (bal
şirəsilə) bizim məzacımızı qüvvətləndirsin.
"Əkinçi" bir əzaxanadır ki, bizim hal və
malımıza əza tutub ki, biz bəlkə bir çarə
edək ki, bizdən sonra gələnlər nadanlıq mərəzinə
düçar olmayalar" - daimi müəlliflərdən
Əhsənül-Qəvaidin (bu təxəllüslə
yazılmış məqalələrin müəllifinin gəncəli
Hacı Məhəmməd Sadiq olduğu ehtimal edilir - V.Q.)
sözləri qəzetin cəmiyyətdə yaratmağa can
atdığı yeni dəyərləri, xalqı ayıltmaq
istəyini və bu məsələdə mətbuata bəslənən
ümidləri aydın əks etdirirdi.
"Əkinçi" dəyişən zaman və
şərtlər daxilində xalqı sadəcə "birtəhər
başını saxlamağa" deyil, ləyaqətli həyat
uğrunda mübarizə aparmağa səsləyirdi. "Bizim
zəmanəmiz dəyişib, biz elm sahiblərinə rast gəlmişik
- deyə Həsən bəy "Daxiliyyə" rubrikası
ilə verilən baş məqalələrin birində
yazırdı: "Bizim ilə zindəganlıq cəngi edən
millətlər (əsasən Cənubi Qafqazdakı qonşular
- gürcü və ermənilər nəzərdə tutulurdu
- V.Q.) elm təhsil edirlər. Ona binaən gərək biz də
elm təhsil edək ki, onlara zindəganlıq cəngində
qalib olmasaq da, onların bərabərində dayanıb duraq,
yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə
gedəcəkdir və bizlər mürur ilə (tədricən)
zindəganlıq cəngində məğlub olub tələf
olacayıq". Başqa sayında "Harayçı
qardaş" təxəllüslü müəllif bu
"zindəganlıq cəngindəki" məğlubiyyətin
gətirəcəyi fəlakət və bəlaları
nişan verərək həqiqətən də haray salırdı:
"Pəs, qardaşlar, bunun səbəbi elmsizlik deyilmi ki,
bizim gözəl vətənimizdə çörək tapmaq
olmadığına binaən xalq baş götürüb
diyarbədiyar gəzib külfətindən, millətindən,
məzhəbindən əl çəkib milçək təki
tələf olur?"
Həsən bəy əlacı sərvətdən,
ad-sandan, əsil-nəsəbdən də yüksəkdə
dayanan bir ucalıqda - azadlıqda görürdü. Kəndli
azad deyildi. Mülkədarın, mollanın, polisin, vergi məmurunun,
yağışın, quraqlığın, çəyirtkənin
və s. asılılığında idi. Azad olsa, təhsil
ala bilsə, bəlkə də həyatını tamam fərqli
şəkildə qura bilərdi. Beləcə,
"Əkinçi" hiss olunmadan siyasi mövzulara
keçir, "təhlükəli" mövzulara baş
vururdu. Şərq-Qərb antitezasına toxunan qəzet
avropalıların inkişafının yeganə səbəbini
məhz azadlığa qovuşa bilmələri ilə izah
edirdi: "...Nə qədər Avropa əhli bizim təki
azadlıqdan bixəbər olub, o vaxtacan bizdən bədtər
avam olub. Amma bu halda azadlıq cəhətdən Avropa əhli
çox tərəqqi edib və hər bir işdə bizdən
irəli düşüb. Xülasə, Məşriq-zəmində
(Şərq torpaqlarında) azadlıq olmadığına biz
Avropa əhlindən geri qalmışıq və nə qədər
belə olsa, tərəqqi etməyəcəyik və edə
bilmərik".
Diqqətəlayiq haldır ki, "Əkinçi"
Bakıda məhdud tirajla çap olunsa da, bir müddət
sonra ümumrusiya müsəlmanlarının qəzetinə
çevrilməyi bacarmışdı. Onu Dağıstanda və
Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. "Qəzet
Rusiyadakı müsəlman əhalini
yerindən oynatmışdı. O, bir elektrik cərəyanı
kimi islam dünyasının içindən
keçmişdi" - deyə ərinin yaxın köməkçisi
Hənifə xanım "Həsən bəy Məlikov-Zərdabinin
tərcümeyi-halı" adlı müxtəsər xatirələrində
ailənin sevincini bölüşərək daha sonra
yazırdı: "Qəzetin ilk abunəçiləri, onu
birincilər sırasında salamlayanlar Omsk, Tümen,
Çistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu
tatarları idilər".
Cəmiyyətin sağlam, mütərəqqi, milli və
dini təəssüb duyğusundan xali olmayan hissəsi tədricən
"Əkinçi"nin ətrafına toplanırdı. Zərdabinin
Bakı real məktəbindəki keçmiş şagirdləri
- Əsgərağa Adıgözəlov-Gorani, Nəcəf bəy
Vəzirov, Məhəmmədtağı Əliyev qəzetə
Moskvadan yazırdılar. Onlar xalqçılıq hərəkatının,
mütərəqqi rus mühitinin təsiri altında daha irəli
gedərək "Əkinçi"nin mövzu dairəsini
genişləndirməsini, cəmiyyətə tənqidi
münasibət sərgiləməsini vacib sayırdılar.
Petrovski-Razumovski Akademiysının tələbəsi, təbiət
etibarı ilə qızğın, üsyankar gənc olan
Əsgərağa Gorani müəlliminin "ehtiyatlı"
mövqeyindən narazı qaldığını gizlətməyib
yazırdı: "Cəmiyyəti tənqid etmək fikrindən
çəkinməklə bağlı xəbərdarlıq mənə
qəribə görünür. Doğrudanmı
"Əkinçi"nin proqramında belə bənd var? Məncə,
cəmiyyəti tənqid etməmək əslində onunla
razılaşmaq, bütün məsələlərdə
mövqeyinə tərəfdar çıxmaq deməkdir.
Doğrudanmı biz müsəlman cəmiyyətinin
bütün tələblərini bəyənməliyik? Onda
"Əkinçi'nin özü nəyə lazımdır?
Xahiş edirəm, aydınlaşdırın - düzmü
başa düşmüşəm? Biz mövcud cəmiyyətlə
mübarizə aparmağa, bütün həyatımızı
bu işə sərf etməyə borcluyuq".
"Bizim bütün səylərimizin faydası ancaq
xalqa aiddir" - deyən Mirzə Fətəli ilk Azərbaycan
qəzetini əlinə alıb oxumaq sevincini
dadmışdı. "Vəkili-naməlumi-millət" təxəllüsü
onun işində millətin öncülü və
ağsaqqalı kimi iştirak edərək Tiflisdən məktublar
göndərirdi. Bu şəhərdən olan müəlliflər
arasında "müsəlman əhalinin" ən çox
etibar etdiyi şəxs - Zaqafqaziya Şeyxülislamı Axund
Əhməd Hüseynzadə vardı. Görkəmli
maarifçi Mirzə Həsən Əlqədari və Ələkbər
Heydəri Dağıstanın əhvalından
yazırdılar. Şamaxıdan Seyid Əzim Şirvani "Pəs
"Əkinçi" cəlalımızdır bizim,
Nasehi-xoşməqalımızdır bizim. Səy edin, ey
güruhi-niksifat, Ta bizim "Əkinçi etməyə vəfat"
- deyə maarifə, tərəqqiyə can atan soydaşlarını nəşr ətrafında
birləşib onu yaşatmağa çağırır
"Aləmi-islamı ehya edən" (islam aləmini dirildən)
Həsən bəyin sadiq oxucuları, yaxın köməkçiləri
olmalarını istəyirdi.
"Əkinçi"nin sorağı uzaq Londona da
gedib çatmışdı. Bakıya gələn fransız jurnalist isə Zərdabinin
təkbaşına qəzet çıxardığını
eşidib onu ziyarətə gəlmiş, qısa söhbətdən
sonra təəccüb və rəğbətini gizlətməyərək
demişdi: "Siz həqiqi qəhrəmansınız. Bizdə
belə kasıb qəzetdə işləməyə razı
olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə
heyranam. Görünür, öz xalqınızı ürəkdən
sevirsiniz".
Heç şübhəsiz, Zərdabini hərəkətə
gətirən xalq sevgisi, millətinin hər fərdində
görmək istədiyi təəssübkeşlik hissi idi. XIX
əsrin 70-ci illərində Cənubi Qafqazda milli münasibətlər
zəminində ilk tektonik çatlar yaranmağa
başlamışdı. Həsən bəy bunu aydın
görürdü. "Əkinçi" köçüb gəldikləri
yerdə mövqelərini möhkəmlədib torpağın həqiqi sahibləri
- Azərbaycan türkləri ilə açıq savaşa
hazırlaşan erməni irticası qarşısında sipərə
çevrilmişdi. "Əkinçi"nin saylarının
birində qatı millətçilik mövqeyində dayanan erməni
qəzeti "Mşak" və onun redaktoru Qriqori Arsruni ilə
kəskin polemika yer almışdı. Həsən bəyin "müsəlmanların" (Azərbaycan
türklərinin) mənəvi birliyinin vacibliyi" haqdakı
fikirlərinə torpaq iddiaları ilə (nə qədər
tanış notlardır!) cavab verən Arsruni yazırdı:
"Verin bizə bizim yerləri ki, keçmişdə
onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib
ittihadi - islami o səhralarda eləyin ki, orada islam bina
olub..."
Bu həyasız bəyanatı "Əkinçi"
səhifələrində bir sözünə də toxunmadan
dərc edən Zərdabi ənənəvi erməni fitnəkarlığını
yüksək təmkin və mədəniyyətlə
cavablandırmışdı: "Ey cənab Arsruni, əgər
ki, cənabınız doğru buyurursunuz ki, zəmanəmiz
elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq
elm təhsil etməyə rağibdirlər, amma neçə
yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi
cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət
salırsınız?"
Zərdabi xalqın başına gətirilən fəlakətlərin,
açılan oyunların başlıca səbəbini
savadsızlıqda, cahillik və fanatizmdə
görürdü. Bu bəlalardan xilas olmağın yeganə
yolu isə geniş maarif şəbəkəsinin, dünyəvi
təhsil sisteminin qurulması, haqq və hüququnu bilən
savadlı vətəndaş yetişdirilməsi idi. Ona görə
də soydaşların təkidlə məsləhət
görürdü ki, ata-babaları kimi yaşamasınlar,
"...barı gələcək vaxt üçün məktəbxanalar
səyində olub, elm səbəbi ilə uşaqlarını
sənətkarlığa və işlərə həris eləsinlər
ki, özləri çəkən zillətləri uşaqlan
çəkməsinlər".
"Əkinçi"nin fərqli maraqların
toqquşduğu Qafqazda xalqa "zindəganlıq cəngindən"
qalib çıxmaq üçün təkrar-təkrar verdiyi
tövsiyə bu idi. Ona görə də çox mürəkkəb
coğrafiyada yaşayan soydaşlarını tarixi-coğrafi,
ictimai-siyasi baxımdan heç olmazsa, elementar biliklərə
yiyələnməyə çağıraraq "Məcnun elədiyi
qələti oxudunca elmi-coğrafi kitabı oxutsaq, həm
yazıb-oxumağı öyrənərik, həmi dünya
üzərində olan vilayətlərdən xəbərdar
olarıq" -deyə özünəməxsus maksimalizmlə
yeniləşməyə mane olan hər şeyi bir kənara
atmağa səsləyirdi. Əlbəttə, bu sətirlər
böyük Füzuliyə və ədəbiyyatımızın
ölməz nümunəsi
"Leyli və Məcnun" poemasına qarşı
çevrilməmişdi. Sadəcə Mirzə Fətəli
kimi Həsən bəy də ictimai tərəqqi naminə
klassik Şərq poeziyasının sehrindən,
"gül-bülbül", "aşiq-məşuq"
süjetinin qapalı dairəsindən xilas olmağı, dövrlə
ayaqlaşmağı zəruri sayırdı.
"Əkinçi" qısa müddətli
mövcudluğu ərzində Azərbaycan türkünün
təsəvvürlərini genişləndirən, onu ən
azı yaxın çevrəsində baş verən proseslərlə
bağlı məlumatlandıran onlarla məqalə çap
etmişdi. Həsən bəy ustalıq və cəsarət
sayəsində nəşrin fəaliyyətinə qoyulan bir
sıra qadağaları aşa
bilmişdi. Nəticədə "Əkinçi" tək əkin-biçindən
deyil,
üstüörtülü şəkildə, Ezop dili ilə
cəmiyyətin xalqın ümdə problemlərindən, hətta
siyasi məsələlərdən də söz
açmağı bacarmışdı.
Xüsusən, 1877-78-ci illərdə Balkanlarda və
Qafqazda geniş vüsət alan rus-Osmanlı müharibəsi
fonunda müsəlman türklərə qarşı
çevrilmiş xristian birliyi, Qərb ölkələrinin
yeni "səlib yürüşü" barəsində
müxtəsər xəbər və məlumatlara ehtiyatla da
olsa yer verilmişdi. Təsadüfi deyil ki, hətta rus qəzetlərindən
götürülən müharibə xəbərləri
"Əkinçi"ni Osmanlıya rəğbətdə və
Rusiya düşmənçiliyində ittiham etməyə əsas sayılmışdı.
Qışın soyuq keçəcəyi haqda xəbərsə
rus ordusuna məğlubiyyət arzulamaq kimi yozulmuşdu. Bir
sözlə, məlum
"Ördək" pritçası...
Qəzet qısa müddət ərzində Azərbaycan
türkcəsinə onlarla yeni söz və ifadə gətirmişdi.
Necə deyərlər, quru yerdə aydın,
anlaşıqlı qəzet
dili, sadə və oxunaqlı publisist üslub
yaratmışdı. Nəhayət, aradan onilliklər keçəndən
sonra Sabirin satiralarında, Mirzə
Cəlilin felyetonlarında üzləşdiyimiz tiplərin bəzilərinin
prototiplərinə, eskizlərinə Həsən bəyin qəzetinin
səhifələrində rast gəlmək
mümkündür. Ən başlıcası isə "Əkinçi" yalnız
XIX əsrdə deyil, XX əsrin əvvəllərində də
əksər dövrü nəşrlər üçün
oxucularla "türkün
açıq ana dilində" danışmaq baxımından
əsl örnək, nümunə sayılmalıdır.
1877-ci ildə "Əkinçi" susdurulmasında
Tiflisdə çalışdığı dövrdə ermənilərlə
yaxınlaşan, azərbaycanlı əhaliyə isə soyuq,
yad münasibətini isə gizlətməyən yeni Bakı
qubernatoru V.M.Pozen də öz mənhus rolunu oynadı.
Doğrudur, qəzetini bağladılar, ancaq Zərdabinin dilini
bağlamaq, yeniliyin qabağını almaq mümkün
olmadı. 1879-cu ildə Bağçasarayda Rusiyanın ikinci türk qəzetini
- "Tərcüman"ı nəşr etmək fikrinə
düşən İsmayıl Qaspıralı Həsən bəyə
məktub göndərib xeyir-dua istəmiş, qəzetə
ümumi rəhbərliyi üzərinə götürməsini
xahiş etmişdi. Hənifə xanım
xatırlayırdı ki, "Bu məktub Həsən bəy
üçün əsl toy-bayrama çevrilmişdi.
"Baxın, artıq bizim ikinci qəzetimiz var, sonra
üçüncüsü, dördüncüsü
olacaq". O, uşaq kimi sevinirdi, "Tərcüman"ın
fəaliyyətini böyük məhəbbətlə izləyir,
uğurlarına hədsiz şadlanırdı". Zərdabda
yaşadığı illərdə ona abunə
yazılmışdı. Özü baxandan sonra hər
sayını məscid minbərindən camaata oxumaqdan
ötrü mollaya verirdi.
"Əkinçi" bağlansa da, Həsən bəyə
təzyiqlər səngimirdi. Onu nəyin bahasına olursa-olsun
Bakıdan uzaqlaşdırmağa
çalışırdılar. Səbəb çox sadə
idi. Şəhər tədricən yerli əhalinin - Azərbaycan
türklərinin mədəni-iqtisadi mərkəzinə
çevrilirdi. Belə şəraitdə xalqı hətta
cüzi də olsa təşkilatlandırmağa, ona təhsil,
teatr, qəzet, xeyriyyə cəmiyyəti kimi yasaq meyvələr
daddırmağa çalışan Zərdabi təhlükəli
şəxs sayılırdı. 1879-cu ildə o, təqib və
təzyiqlərdən yorulub Bakı real məktəbinin müəllimliyindən
istefa verdi. Daha doğrusu, buna məcbur edildi.
Amma təklif olunan yerlərə - Stavropola, Kutaisiyə,
Kubana da getmədi. Bakıdan kənarda gimnaziya direktoru, yaxud
inspektor təyinatı ilə bağlı vədlər də
Həsən bəyi qərarından
daşındırmadı. Dəhşətli isti, toz-torpaq və
malyariyanın tüğyan etdiyi "kiçik vətəni"
Zərdabı seçdi. Həyatının düz 16 ilini burada
fırıldaqçı şeyxlərin, cahil mollaların,
çapovulçu qaçaqların, at oğrularının,
polis və pristavların
zülmündən xilas ola bilməyən xalqının
arasında yaşadı. Bacardığı qədər həyatlarını
yüngülləşdirməyə çalışdı. Həmin
dövrdə bəlkə də çoxlarına Moskva universitetinin
Azərbaycandakı ilk və yeganə məzununun belə bir
"daldabucaq" kəndi yaşayış yeri kimi seçməsi
qəribə görünə bilərdi. Amma Həsən bəy
heç bir qəribəlik hiss etmirdi. Çünki burada da fəaliyyət
meydanı vardı, burada da insanlara lazım idi...
Müasirlərinin xatirələri, arxiv və qəzet
materialları onun əyalətdə də "dinc
oturmadığını" göstərir. "Kaspi"nin
az qala hər sayında dərc olunan, əksəriyyəti tənqidi
xarakter daşıyan məqalə və korrespondensiyaları,
könüllü vəkillik xidməti, savadsız kənd
adamlarının hüquqlarının qorunmasına sərf
etdiyi enerji üçün Həsən bəyin fəaliyyətinin
miqyası haqda təsəvvür yaradır. Patriarxal kəndin
həyat tərzinə olan bu müdaxiləyə qarşı
çıxanlar, onu hətta
ölümlə hədələyənlər də az
olmamışdı. İş o yerə
çatmışdı ki, qubernator özü yayın istisində
Zərdaba gəlib Həsən bəydən verilən
donosları yoxlamalı olmuşdu. Sonda isə böyük
şəhərlərdə mənsəb, vəzifə tuta biləcək
təhsilli şəxsin burada qallmasına təəccübünü
gizlətməmişdi.
Doğma kəndində yaşadığı illərdə
o, həmkəndlilərinə M.Ə.Rəsulzadənin məşhur
sözləri ilə desəm, "az da olsa azadlıq
daddırmağı" bacarmışdı. Kənddə
yaşasa da, Həsən bəy "böyük dünya"
ilə əlaqələrini heç vaxt kəsməmişdi.
Elmi məqalələrində istinad etdiyi əsərlər və
müəlliflər paytaxt yeniliklərini diqqətlə izlədiyini
göstərirdi. Zərdabdan göndərdiyi vacib xəbərlər,
elmi-publisist yazılar
"Kaspi" ilə bir sırada Tiflisin "Kavkaz" və
"Obzor" qəzetlərində, Peterburqda isə
"Zemledelçeskaya qazeta"da çap olunurdu. 1885-ci il
yanvarın 12-sini (yeni üsulla 25-i) alma-materinin - Moskva
universitetinin təsis olunduğu günü (daha çox
Tatyana günü kimi tanınır) Kürün sahilində,
bağça içərisindəki üçotaqlı sadə
kənd evində gənclik xatirələri ilə
baş-başa keçirmişdi. "Kaspi"yə o
günün yaşantılarım əks etdirən kiçik,
lakin təsirli və duyğusal bir məqalə də göndərmişdi.
Yazı aşağıdakı kədərli notla
tamamlanırdı: "12 yanvarı öz daldabucaq tatar kəndimdə,
universitet dediyimiz günəşin şüalarının hələ
uzun illər bundan sonra da işıq sala bilməyəcəyi
guşədə belə keçirdim. O günəş bizdən
həddən çox uzaqdadır. Üstəlik də, şəfəqləri
girdabına düşdüyümüz cəhalət zülmətini
yarmaq üçün xeyli zəifdir. Əslinə baxsan, biz
indi heç günəş haqda düşünmürük
də... Balaca bir çıraq (mətndə azərbaycanca
verilib -V.Q.) yandırılsa, ona da şükür eləməyə
hazırıq".
On altı ilin ayrılığından sonra 1896-cı
ildə Bakıya qayıdan Həsən bəy təəccüb
və heyrətinə rəğmən, təkcə şəhərin
deyil, insanların da dəyişdiyini görmüşdü. Hənifə
xanımın yazdığı kimi, "gənc ictimai xadimlərin
bütöv bir nəsli yetişmişdi, artıq əla
pedaqoq kimi şöhrət qazanmış müəllimlər
vardı, dəmirçinin oğlu bütün şəhərdə
tanınan məşhur həkim olmuşdu və s."
Deməli, günəş şüasının
çətinliklə işıqlandırdığı
torpağa atılan toxumlar da
cücərmişdi. Əkinçinin və
"Əkinçi"nin zəhməti hədər getməmişdi...
Zərdabi yenə də əvvəlki həvəs və
enerji ilə çalışırdı. Üstəlik də,
indi tək deyildi. Ətrafında yetirmələri, onun
çağırışı ilə təhsil alıb cəmiyyətdə
yer tutan keçmiş şagirdləri vardı. Tezliklə
şəhər dumasına iki çağırış
qlasnı seçilmişdi, Kürəkəni, ideya dostu
Ə.Topçubaşovun redaktorluğu ilə çıxan
"Kaspi'nin daimi əməkdaşlarından biri, daha
doğrusu, redaksiyanın ikinci adamı kimi
çalışırdı. Yenidən əvvəlki
stixiyasına qovuşmuş, hadisələrlə dolu
coşqun həyat yaşamağa başlamışdı.
Köhnə qəzetçi Həsən bəy bütün
varlığı ilə işinə
bağlanmışdı. Həmkarlarından birinin
xatırladığı kimi, "onun redaksiyadakı
masasının qarşısında həmişə cəmiyyətin
müxtəlif təbəqələrindən olan, kömək,
yaxud məsləhət istəyən, məlumat almağa,
yaxud sadəcə dostcasına söhbət etməyə gələn
adamların uzun bir növbəsi dayanırdı". Digər
qələm yoldaşları ilə bir sırada həm də
Həsən bəyin zəhməti sayəsində qəzet az vaxtda "müsəlman
"Kaspi"si kimi şöhrətlənmiş, hələlik "öz" mətbuatı
olmayan milli ziyalıların tribunasına çevrilmişdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Bakının çətinliklə də olsa, etnik, mədəni
və maliyyə-iqtisadi baxımdan Azərbaycan şəhərinə
çevrilməsində Həsən bəyin xidmətləri
danılmaz idi. Onun səyi nəticəsində Bakı
Dumasına seçilən azərbaycanlı üzvlərin
sayı qanunvericiliyin tələblərinə uyğun
artırılmışdı. Şəhərə içməli
su gətirilməsi, konka əvəzinə tramvay xətti
çəkilməsi, yeni təhsil və səhiyyə
ocaqlarının açılması, abadlıq işlərinin,
sanitariya tədbirlərinin görülməsi və bir
çox məsələlərdə
Həsən bəy həmişə fəal vətəndaş
mövqeyindən, Bakının yoxsul, imkansız sakinlərinin
maraq və mənafelərdən çıxış
etmişdi. Müasirlərindən birinin yazdığı
kimi, "O, şəhər işlərinə elə can
yandırırdı, şəhərin mənafeyini elə
canı-dildən müdafiə edirdi ki, sanki bütün şəhər şəxsi mülkiyyəti
idi". Öz "mülkiyyətinə", doğma
"evinə" sahib çıxdığına, bu hissi
soydaşlarına da aşılamağa
çalışdığına görə velikorus
şovinistlərinin və çar məmurları ilə
sıx əlaqələrə malik erməni mafiyasının
timsalında özünə xeyli düşmən
qazanmışdı. Amma hədə və təqiblərə
baxmayaraq, onu tutduğu yoldan çəkindirmək
mümkün olmamışdı. Həsən bəy
başladığı hər işə bütün qüvvə
və enerjisini, ürəyinin hərarətini qoyurdu. Konkret fərd
yox, bütün Azərbaycanı təmsil edən şəxs
kimi hər yerdə nümunəvi olmağa
çalışırdı. Bir örnək: bəzi
qlasnılar Bakı Dumasının iclaslarına seyrək gəldikləri
üçün intizamı pozanların siyahısını
tutmaq qərara alınmışdı. Və bu zaman məlum
olmuşdu ki, Həsən bəy qlasnı olduğu yeddi il ərzində
bir iclas da buraxmayıb...
"Yeddi il mən Həsən bəyi şəhər
Dumasının iclas zalında, qlasnılar kürsüsündə
görmüşəm, yeddi il onun nitqlərini dinləmişəm
və tam qətiyyətlə deyə bilərəm ki,
bütün bu müddət ərzində qlasnılar
arasında onun kimi ikinci namuslu, sabit adam görməmişəm"
- qəzetçi həmkarlarından biri Həsən bəyin əleyhdarları üzərində
necə bir mənəvi üstünlüyə malik
olmasından heyranlıqla bəhs etmişdi.
O, heç vaxt özü üçün
yaşamamışdı. Şəxsi rahatlığı haqda
düşünməmişdi. Milli mətbuatımızın
patriarxı ömrünün son illərini xüsusilə
yorucu, gərgin şəraitdə, xəstəliklərlə
və insanların unutqanlığı ilə mübarizədə
keçirmişdi. Amma yenə də əli işdən
soyumamışdı. "Əkinçi" ənənələrini
davamçısı "Həyat" qəzetinə məqalələr
yazmış, atalar sözləri və zərb-məsəlləri
toplamış, xalq nəğmələri məcmuəsi tərtib
etmiş, məktəb proqramları üzərində işləmiş,
Azərbaycan müəllimlərinin ilk qurultayının təşkilinə
çalışmış, qurultayın sədri olmuşdu. Və
bunları edərkən yalnız bir prinsipə əsaslanırdı:
"İşinə qiymət - yəni mükafat umma. Xalq
üçün çalış, onda o özü ardınca
gedəcək və səni qiymətləndirəcək".
1907-ci ilin soyuq noyabr günlərində Zərdabinin vəfatının
ümumxalq matəminə çevrilməsi, dəfnində
Bakının fərqli din və millətlərə mənsub
minlərlə sakininin iştirak etməsinin sirri nədə
idi? Təbii ki, Həsən bəyin namuslu həyatı, fədakar
əməyi, təmənnasız xidməti ona heç vaxt
ardınca qaçmadığı ən yüksək
mükafatı - ümumxalq sevgisini qazandırmışdı.
Zərdabinin vəfatının tək azərbaycanlılar
deyil, türk xalqları arasında yaratdığı
müştərək itki hissi bizi sovet tarix dərsliklərindən
beynimizə yeridildiyi kimi Stolıpinin yox, daha çox Stalinin
hakimiyyəti illərində itirilən, məqsədli şəkildə
məhv olunan mədəni-mənəvi birliyimiz haqda
düşünməyə vadar edir.
Stolıpin irticası dövründə (təbii ki,
belə irticanın olmadığını iddia etmək
fikrindən çox uzağam; "Sizə böyük
sarsıntılar lazımdır, bizə isə böyük
Rusiya!" prinsipi ilə hərəkət edən çar
satrapı "böyük Rusiyanı" yaşatmaq
üçün inqilabçıları deyil, bütöv xalqları əzməyə
hazır idi və əzirdi) "Molla Nəsrəddin" və
"Füyuzat" çap olunurdu, Azərbaycan
oğulları Arazın o biri tayındakı qan
qardaşlarının - Məşrutə, hürriyyət və
bərabərlik bayrağı qaldırmış Səttarxan
ordusunun köməyinə tələsir, türk-islam birliyinə
cəsarətli çağırışlar edirdilər.
Stalin irticası illərində isə Azərbaycan
ziyalılığının seçmə nümayəndələri
məhv edilmiş, xalqımıza qarşı
"sürüşkən genosid siyasəti" həyata
keçirilmişdi. Pişəvəri
hərəkatı beynəlxalq imperializmlə iş birliyi
şəraitində qan gölündə boğulmuşdu. Azərbaycan
xalqının, tariximizin və mədəniyyətimizin,
dilimizin və əlifbamızın başına olmazın
oyunlar açılmışdı.
Soruşula bilər ki, bütün bunların Zərdabiyə
nə dəxli var?
Təbii ki, var.
İnsaf naminə deyək ki, Stolıpin
irticasının tüğyan etdiyi dövrdə Bakıda Zərdabinin
xalqın güc və birlik nümayişinə çevrilən,
milli iradəni əks etdirən dəfn mərasimin
qarşısını heç kim almamışdı.
37-ci il vakxanaliyasında türk əsilli xalqa, islam
dininə mənsubluq az qala cinayət
sayıldığından otuz il əvvəl sonsuz
sayğı ilə Vətən torpağına
tapşırılan Zərdabinin son mənzili də ona
çox görülmüşdü. Barəsində heç
bir cinayət işi açılmasa da, digər böyük
azərbaycanlı - Nəriman Nərimanov kimi mənəvi
terrora uğramış, adı və əməlləri zorla
unutdurulmuşdu.
Təsadüfi deyil ki, 1937-ci ildə anadan
olmasının 100 illiyini (həmin dövrdə Həsən bəyin
1837-ci ildə doğulduğu
düşünülürdü) qeyd etmək heç kəsin
yadına düşməmişdi. Eyni ildə böyük
oğlu, Almaniyada mühəndislik təhsili almış Midhət
Məlikovu "xalq düşməni" və "alman
casusu" kimi həbs edib gedər-gəlməzə göndərmişdilər.
1950-ci ildə isə "Əkinçi"nin ilk
sayının çapdan çıxmasının - yəni Azərbaycan mətbuatının 75
illiyini qeyd edilməsi "unudulmuşdu". O da təsadüfi
deyil ki, amansız təzyiqlərə dözməyib həyatına
intiharla son qoyan akademik Heydər Hüseynovun başı bəlalı
"XIX əsr Azərbaycan fəlsəfəsi və ictimai
fikri tarixindən" kitabının bir fəsli Zərdabiyə
həsr olunmuşdu.
Hələ bədnam "yenidənqurma" illərindən
başlayaraq keçmiş sovet respublikalarının
hamısında olduğu kimi, biz də
"unudulmuşlar", xalqın ədəbiyyat və mədəniyyət
tarixindəki "ağ ləkələr" haqda çox
danışılıb. Zərdabi şəxsiyyəti və
irsinin öyrənilməsi, əsərlərinin nəşri
istiqamətində görülmüş işlərin əhəmiyyətini
əsla azaltmadan hərdən mənə elə gəlir ki,
son illər bütün həyatı
ilə xalqa xidmət örnəyi olan "Böyük
Əkinçi" də sanki "unudulmaqdadır". Bunun
belə olmadığını sübut etmək
üçün Cəlil Məmmədquluzadənin Mirzə Fətəli
haqqındakı məşhur sözləri ilə desəm, Həsən
bəy barəsində "çox yazmaq və yaxşı
yazmaq lazımdır".
lll
Kiyev universitetindəki azərbaycanlı tələbələr
1911-ci ildə bir araya gəlib nəşriyyat quranda ilk
növbədə Zərdabinin əsərlərini çap
etmişdilər. Bu, Ustada ehtiramla yanaşı, həm də,
onun irsinin, fikir və ideyalarının xalqa
çatdırılmasının vacibliyindən irəli gəlirdi.
Tələbələr inanırdılar ki, soydaşlarına
Həsən bəyin sözü ilə müraciət etsələr,
səsləri daha tez eşidilər. Üstəlik də,
insanlar gündəlik həyat və məişətləri
ilə bağlı gərəkli, praktiki kitablar əldə
etmiş olarlar.
Aradan keçən onilliklər Zərdabinin bir əsr
yarım bundan əvvəl
toxunduğu həyəcanlı mətləblərin, Vətənin
və torpağın, dilin və mədəniyyətin taleyi ilə
bağlı əndişələrinin bir çox məqamlarda
hələ də qüvvədə qaldığını
göstərir. Onun toxunduğu, tənqidi münasibət
bildirdiyi məsələlərin hamısını tam həll
etdiyimizi söyləmək inandırıcı
görünmür. Həmin məsələlər yüz əlli
il əvvəlki "Əkinçi" və
Əkinçinin sərgilədiyi hərarətli,
yanğılı vətəndaş yanaşması tələb
edir. Bu baxımdan aradan keçən onilliklər bir çox
məqamlarda Həsən bəyi bizə yaxınlaşdırır.
Həqiqət axtarışlarımızda, doğru yol
seçimimizdə onun yenə də öz xalqının
müdrik yol göstərənlərindən biri olduğunu
hiss edirik.
Zərdabi tam əsasla bioqrafiyası ilə mübarizələri,
şəxsiyyəti ilə əməlləri arasında bərabərlik
işarəsi qoyula bilən ictimai fikir və mədəniyyət
korifeyi idi. Çətinlik və əzabların, ümid və
aldanışların müşayiəti ilə keçdiyimiz
millət olmaq yolunun Bələdçisi,
Mədəniyyət Tarlamızın yorulmaz Əkinçisi
idi...
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 19 aprel(¹66).- S.8-10.