ABŞ-İran
danışıqları: Proses sülhə, yoxsa müharibəyə
aparacaq?
ABŞ-la İran arasında nüvə məsələsi
üzrə danışıqlar dünya gündəminin əsas
mövzularından biri olaraq qalır. Aprelin 19-da tərəflər
arasında Romada nüvə danışıqlarının
ikinci raundu keçiriləcək. İndi bütün diqqətlər
Romaya yönəlib. ABŞ prezidenti Donald Tramp bəyan edir ki,
Tehran nüvə proqramını dayandırmalıdır, əgər
bu, danışıqlar yolu ilə baş verməsə,
Vaşinqton İrana zərbələr endirəcək.
İran isə nüvə proqramından tam olaraq əl çəkmək
niyyətində deyil. İndi əsas sual növbəti
danışıqların hansı nəticələrə gətirə
biləcəyi ilə bağlıdır. İlk növbədə
onu qeyd etmək lazımdır ki, vəziyyət mürəkkəbdir.
ABŞ israrını, təhdidlərini davam etdirir.
Baxmayaraq ki, ABŞ prezidentinin Yaxın Şərq
üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff aprelin 14-də
İrana uranı 3,67 faizdən yuxarı zənginləşdirməyə
qadağa qoyulacağını deyib, daha sonra o, sözləri
ilə əsaslı şəkildə ziddiyyət təşkil
edən bəyanat verib: "Tehran uranın zənginləşdirilməsini
və nüvə silahı proqramını ləğv etməlidir".
Xarici mediaya sızan məlumata görə, bu, Ağ
Evdə İranın nüvə proqramı ilə
bağlı ziddiyyətlərin, kəskin fikir
ayrılıqlarının olmasından irəli gəlir. Məlumata
görə, Ağ Evdəki fövqəladə iclasda yeni və
sərt mövqe ifadə olunub. Belə ki, milli təhlükəsizlik
müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio daha kəskin
mövqe ortaya qoyublar. Onlar Tehranın istənilən zənginləşdirmə
texnologiyalarından tamamilə imtina etməsində israr edir və
diqqəti İsrailin Baş naziri Benyamin Netanyahunun planına
yönəltməyi təklif edirlər: razılaşma
yalnız o şərtlə mümkündür ki, İranın
nüvə obyektləri ABŞ-ın nəzarəti və
iştirakı ilə məhv edilsin. Bu arada ABŞ-ın əsas
müttəfiqi olan İsrail İranın nüvə
infrastrukturuna hərtərəfli zərbə endirmək
üçün təzyiqləri davam etdirir. İsraildə
aparılan danışıqlar prosesi ölkənin uzunmüddətli
təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir.
Eyni zamanda, başqa bir xəbərə görə,
Vaşinqton İranın zənginləşdirilmiş 60 faizə
qədər uran ehtiyatlarının Rusiyaya təhvil verilməsini
tələb edir. Beləliklə, görünən odur ki,
Ağ Evin İranla bağlı vahid strategiyası yoxdur. Nəzərə
alsaq ki, Tramp prezidentliyi müddətində açıq şəkildə
xarici münaqişələrə son qoyacağını və
diqqəti daxili işlərə yönəldəcəyi vədini
verib, lakin eyni zamanda müttəfiqlərin maraqlarını
gözardı edə bilməyəcəyi məlumdur.
Onu da qeyd edək ki, hər iki tərəf Tehran və
Vaşinqton arasında aprelin 12-də Omanın paytaxtı
Maskat şəhərində nüvə proqramı ilə
bağlı aparılan danışıqların "müsbət"
və "konstruktiv" olduğunu bəyan ediblər.
Danışıqlarda nümayəndə heyətlərinə
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və
İranın xarici işlər naziri Abbas Əraqçi rəhbərlik
ediblər.
Amerika tərəfi birbaşa dialoq formatında israr
etsə də, Tehran dolayı danışıqlara
üstünlük verib. Nəticədə, Omanın xarici
işlər naziri tərəflər arasında mesajlar
çatdırmaqla nümayəndə heyətləri
ayrı-ayrı zallarda yerləşdirilib. Yalnız bundan sonra
nümayəndə heyətlərinin başçıları
dəhlizdə qısaca ünsiyyət qurublar. Beləliklə,
birinci mərhələ diplomatik "heç-heçə"
kimi dəyərləndirilə bilər.
İranın ali rəhbəri Ayətullah Seyid Əli
Xamenei qiymətləndirmələrdə təmkinli olmağa
çağırıb: "Nə həddindən artıq
optimist, nə də hədsiz pessimist olmamalıyıq".
Lakin danışıqların birinci raundu ehtiyatlı nikbinliyə
səbəb olubsa, ikinci ilə bağlı gözləntilər
daha qorxulu görünür.
Maskatda keçirilən danışıqlarda Tehran
Amerikanın nüvə proqramı üzərində nəzarəti
təmin etmək müqabilində sanksiyaları ləğv
etməyi təklif edib. Bununla belə, Vaşinqton şübhələnir
ki, məhdudiyyətlərin aradan qaldırılması
İranın Həmas, Hizbullah və İsrail
üçün birbaşa təhlükə yaradan Yəmən
husilərinə dəstəyinin artmasına gətirib
çıxaracaq.
Rusiyalı şərqşünas və politoloq Qriqori
Lukyanov hesab edir ki, İranın ABŞ-ın ölkələr
arasında yeni saziş imzalamaq üçün təkid etdiyi
nüvə proqramından imtina etməsi Tehran tərəfindən
arzuolunmaz hesab olunur və dövlət üçün
"ölümcül" ola bilər. İranın xarici
işlər naziri Abbas Əraqçi də bəyan edib ki,
ABŞ-la razılaşma yalnız o halda mümkündür
ki, Vaşinqton İranın uranın zənginləşdirilməsi
proqramının ləğvində israrını
dayandırsın. Onun sözlərinə görə, bu
mövzu müzakirə mövzusu deyil.
"Bir tərəfdən Koreya Xalq Demokratik
Respublikası, digər tərəfdən Liviyanın təcrübəsinin
göstərdiyi kimi, yalnız nüvə silahına sahib olmaq
suveren dövlətin daxili işlərinə xarici
aktorların qarışmamasının etibarlı təminatına
çevrilə bilər. Və belə bir şəraitdə
nüvə proqramından imtina etmək arzuolunmaz və
ölümcül görünür", - politoloq bildirib.
Onun sözlərinə görə,
danışıqlar prosesinin mürəkkəbliyi ondadır
ki, tərəflər güzəştə getməlidirlər,
yəni qarşılıqlı əlçatanlıq
olmalıdır: "Biz hələ də tərəflər
arasında strateji etimadın dərin olmadığını
nəzərə almalıyıq. Ona görə də İran
müxtəlif nümayəndələr vasitəsilə bu
danışıqlar prosesinə sazişə əməl
olunmasının təminatçısı kimi
çıxış edə bilən üçüncü
ölkələrin də daxil edilməsinin zəruriliyindən
danışır. Bu rol üçün Rusiya və Çin
təklif oluna bilər, lakin Qərb ölkələri deyil.
Etimadı itirdiklərinə görə onlara lazımi səviyyədə
baxılmayacaq".
Politoloq onu da qeyd edib ki, danışıqların mənfi
nəticələnməsindən yararlanan tərəf
İsraildir: "Təbii ki, söhbət ilk növbədə
İranın nüvə infrastrukturuna hərtərəfli zərbə
endirilməsinin zəruriliyində israr etməkdə davam edən
İsrailin hazırkı hərbi-siyasi rəhbərliyindən
gedir. Danışıqların uğurlu nəticəsi
İsrail üçün son dərəcə əlverişsiz
görünür və İsrail dövlətinin uzunmüddətli
təhlükəsizlik maraqlarına cavab vermir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
eksperti Mətin Məmmədli hesab edir ki, İranın proksi
gücləri son aylar ərzində əsasən sıradan
çıxarılıb. Eyni zamanda, İran daxilində də
problemlər var və onlar getdikcə artır, etiraz,
narazılıq potensialı ölkə daxilində kifayət
qədər genişdir. Ola bilər ki, bu məqamlar müəyyən
fürsət kimi görünsün. Amma eyni zamanda, ekspertə
görə, Birləşmiş Ştatların yeni
administrasiyasında başa düşürlər ki, İran
Yaxın Şərqin sıradan bir ölkəsi deyil. Kifayət
qədər potensiala malikdir: "Belə bir ölkəyə
hərbi zərbələr endirməyin və yaxud
genişmiqyaslı müharibəyə başlamağın
hansı fəsadlar doğura biləcəyini ehtimal etmək
çətin deyil".
Ekspert hesab edir ki, Tramp administrasiyası təhdid
diplomatiyası həyata keçirir: "Bir tərəfdən
silahlı qüvvələrini İran ətrafında yeləşdirir
və İran hakimiyyətinin nəzərinə
çatdırır ki, danışıqlar nəticə verməsə,
artıq B planının işə düşməsi
mümkündür. Hər halda nüvə proqramı,
İranın nüvə silahı əldə etməsi Birləşmiş
Ştatlar üçün də, İsrail üçün də
"qırmızı xət"dir. Yəni onlar xüsusilə
də İsrail İranın nüvə silahı əldə
etməsini özünün potensial mövcudluq təhlükəsi
kimi qəbul edir. Əgər danışıqlar nəticə
verməsə, düşünürəm ki,
vurğuladığım kimi, digər plan işə
düşə bilər, İrana məhdud olsa da, zərbələr
endirilə bilər. Amma hansı nəticələrin
olacağını da göz önünə gətirəndə,
deyə bilərik ki, münaqişəyə daxil olmaq
heç bir tərəfin, nə İranın, nə də
ABŞ-ın marağındadır".
M.Məmmədli əlavə edib ki, 30-40 ildir ki, Birləşmiş
Ştatların administrasiyaları İrana qarşı sərt
ritorika ilə danışıblar, təhdid ediblər:
"Amma hərbi əməliyyatlar nə dərəcədə
ABŞ-ın marağına uyğun ola bilər, hansı nəticələr
doğura bilər? Bunlar sadə məsələlər deyil.
Düşünürəm ki, nüvə ilə bağlı
razılaşma ehtimalı var. Diplomatiya yolu ilə nüvə
məsələsinin tam da olmasa, əsasən həlli
mümkündür. Tehran sanksiyaların aradan
qaldırılmasını istəyir. Sanksiyalar isə
yalnız nüvə məsələsinə görə deyil,
həm də ballistik raket proqramına, İranın regionda
proksi güclərə verdiyi dəstəyə görə tətbiq
olunub. Hər halda mürəkkəb məsələdir və
bir müddət gözləmək lazım gələcək".
Qeyd edək ki, ilk dəfə nüvə sazişi
2015-ci ildə İran, Rusiya, ABŞ, Böyük Britaniya,
Fransa, Çin və Almaniya tərəfindən imzalanıb.
Bu, Tehranın nüvə proqramını məhdudlaşdırması
müqabilində İrana qarşı sanksiyaların ləğvini
nəzərdə tuturdu. Belə ki, İranın nüvə
enerjisi proqramından nüvə silahının
hazırlanması üçün istifadə etdiyi ilə
bağlı şübhələr BMT, ABŞ və Avropa
İttifaqını bu ölkəyə qarşı sanksiyalar
tətbiq etməyə vadar etmişdi. Bu qüvvələr
İranı həssas nüvə fəaliyyətindən geri
döndərməyə çalışırdılar.
Sazişə görə nüvə silahlarının
hazırlanması üçün istifadə edilən
uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı;
bomba hazırlamaq üçün əlverişli olan
plutoniumun olduğu ağır-su rektoru yenidən dizayn edilməli
və bu prosesə daim beynəlxalq nəzarət həyata
keçirilməli idi.
Əvəzində isə sanksiyalar aradan
qaldırılmış və İran hökumətinin əsas
gəlir mənbəyi olan neft ixracatına icazə
verilmişdi.
2018-ci ildə birinci prezidentliyi dövründə
Donald Tramp administrasiyası sazişi tərk edərək
sanksiyaları bərpa etdi. Həmin ilin noyabr ayından
İranın neft və maliyyə sektorlarını hədəf
alan sanksiyalar tətbiq edilməyə başladı. Bu isə
öz növbəsində İranda iqtisadi böhrana və
güclü inflyasiyaya səbəb olub. İran isə buna
cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş
öhdəliklərindən imtina etməyə başlayıb.
2025-ci ilin mart ayının sonunda Tramp Tehranın
nüvə proqramı ilə bağlı Vaşinqtonla
razılığa gəlmədiyi təqdirdə İranı
hərbi hücumla və ikinci dərəcəli tariflərlə
hədələyib.
Pərvanə
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.6.