95 yaşlı UNEC-in
zəngin və yenilikçi kitabxanaları
Bu il Azərbaycan Dövlət İqtisad Universiteti
(UNEC) 95 illik yubileyini qeyd edir. Bir universitetin tarixində,
inkişafında, ölkə daxilində, eləcə də
xaricdə yüksək peşəkarlıqla fəaliyyətini,
əldə etdiyi biliklərini nümayiş etdirən,
uğurlu karyerası ilə fəxarət doğuran məzunlarının
yetişdirilməsində kitabxanaların yeri əvəzsizdir.
Bu baxımdan UNEC kitabxanaları ali məktəb akademik
kitabxanaları içərisində keçdiyi inkişaf
yoluna görə ən uğurlularındandır. Elmi-ədəbi
mühitin formalaşmasında UNEC kitabxanaları nəinki
ölkənin, hətta regionun aparıcı akademik
kitabxanalarının öncüllərindəndir.
İqtisad Universiteti kitabxanalarının
qazandığı bu mövqeyini qoruyub-saxlaması onun
davamlı innovasiyalara, beynəlxalq əməkdaşlıqlara
açıq olması, həm zəngin resurslar, həm
müasir texnologiyaların tətbiqi, həm də xidmətlərinin
durmadan daha da əlçatan, komfortlu olmasına
çalışmasında, beynəlxalq standartlara uyğun
yenilənməsindədir.
UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədovanın
sözlərinə görə, universitetin yarandığı
1930-cu ildən kitabxana da fəaliyyətinə başlayıb.
Universitetin dəfələrlə bağlanması, başqa
ali məktəblərin tərkibinə birləşdirilməsi,
tədris binalarının yerinin dəyişdirilməsi
kitabxananın fəaliyyətinə də təsirsiz
qalmayıb, xüsusilə də kitab fonduna dəyən
böyük zərərə baxmayaraq, 1966-cı ildən bərpa
edilməyə və Əsaslı Kitabxana kimi işini davam
etdirməyə başlayıb. Hazırda Azərbaycan Dövlət
İqtisad Universitetinin Əsaslı, 1 saylı, 2 saylı, 3
saylı, 4 saylı və 24/7 kitabxanaları Kitabxana
İnformasiya Mərkəzinin tərkibində fəaliyyət
göstərirlər: “2018-ci ilin 1 noyabrında UNEC-in 24/7
kitabxanasının açılışı, adından da məlum
olduğu kimi, həftənin 7 günü, 24 saat fəaliyyət
göstərən bu kitabxana ölkənin akademik
kitabxanaları sistemində yeni bir mərhələnin başlanmasının
təməlini qoydu. Universitetin akademik heyətinin təhsil və
elmi tədqiqat işlərini fasiləsiz şəkildə dəstəkləyən
bu model, UNEC-in müasir təhsil yanaşmalarını və
tələbələrin hər cür təhsil və tədqiqat
ehtiyaclarına cavab verən şəraiti, xüsusilə gecə
saatlarında intensiv şəkildə dərslərini
hazırlayan, araşdırma aparanlar üçün əvəzsizdir.
Kitabxana, müasir informasiya texnologiyalarından istifadə etməklə,
resursların asanlıqla əldə edilməsini təmin edir.
Bu model tələbələrin və akademik heyətin vaxtına
qənaət etməyə və müvafiq mənbələrə
fasiləsiz çıxış əldə etməyə
imkan verir. Elektron resursların, jurnalların və onlayn
bazaların təmin etdiyi məlumatlar, gündüz və gecə
saatlarında istifadəçilərə açıqdır.
Beləliklə, hər kəs, eləcə də icazəli kənar
oxucu-istifadəçilər də öz iş saatına
uyğun olaraq UNEC-in 24/7 Kitabxanasından faydalana bilir”.
Arzu Məmmədova bildirib ki, kitabxananın bu günədək
qazandığı uğurun təməlində, xüsusilə
də qorunub-saxlanmasında böyük bir məsuliyyət
dayanır. Burada formalaşmış korporativ mədəniyyətdən,
yaranmış kitabxana dəyərlərindən, Azərbaycanda
ilk dəfə hər bir oxucu-istifadəçinin həyatında
“Möhtəşəm. Yaxşı. 3-cü Məkan –
Kitabxana” konsepsiyası yer alır. Fəaliyyətə
başladığı dövrdən bir-birindən maraqlı,
aktual, ən əsası isə tələbə və müəllimlərin
iştirakı, dəstəyi ilə ərsəyə gələn
çoxsaylı layihələrin olmasıdır: “Etiraf edim
ki, “Səsli Kitabxana” layihəsi ilə məşhurlaşdıq
desəm, yanılmaram. Çünki bu layihə respublikada bir
ilk idi. Görmə məhdudiyyətli gənclərin ali təhsilə
inteqrasiyasına yardım göstərmək niyyəti ilə
audio-kitablar hazırlamağa qərar vermişdik. Rəhbərliyin
bu mövzuya xüsusi həssaslıqla yanaşması, eləcə
də hər bir iştirakçının ürəklə,
böyük məsuliyyətlə fəaliyyəti bu layihəni
çox sevdirdi, tanıtdırdı. Layihənin hər mərhələsinin
seçim turlarına UNEC tələbələri ilə
yanaşı, digər universitetlərin tələbələri,
həmçinin həmkar kitabxana əməkdaşlarının
da qatılmaq istəyinə olduqca sevinir, növbəti layihələrə
həvəslənirdik. Məhz bu layihə inklüziv kitabxana
xidmətləri istiqamətində də yeni bir
cığır açmış oldu. Biz beynəlxalq
standartları öyrənməyə, xarici mütəxəssislərlə
təcrübə-mübadilə proqramlara qatılmaqla, ali təhsil
müəssisələrində yeni nəsil
kitabxanaçıların yetişdirilməsində sislsilə
təlimlərə ev sahibliyi etdik ki, bəlkə də bu
çalışmalarımız bizim pandemiya zamanı onlayn fəaliyyətə
keçidimizi daha rahat etmiş oldu. Təkcə bu dövrdə
e-mail və sosial şəbəkələr üzrə 5010
oxucu-istifadəçinin sorğusu cavablandırılıb,
akademik heyətin və tələbələrin mövzu
üzrə müraciətləri geniş əhatəli
e-materiallarla təmin edilib. Layihələr sıralamasında
həm davamlılıq müddətinə, həm də
reytinqinə görə sevilən-seçilən “Həftənin
kitabı” layihəsidir ki, artıq 6 ildən çoxdur, davam
edir. Məhz bu layihə çərçivəsində
kitabxana fondunun bir-birindən maraqlı və faydalı
kitabları oxuculara təqdim edilir, onlar haqqında geniş məlumat
verilir. Eləcə də, “Kitabxana mənim
üçün...” layihəsi kitabxana qaydalarını, onun
fiziki və elektron resurslarından geniş istifadə edilməsi,
kitabxananın hər bir oxucu-istifadəçinin həyatındakı
əhəmiyyətli rolunu müəyyən edən ən
maraqlı layihələrdəndir. Həmçinin oxucu-istifadəçilərimiz
içərisində böyük maraq və həvəslə
qarşılanan, həm müəllimlərin, həm də tələbələrin
dəstəyi ilə yaranan “Sıra Səndə” layihəsi
olub. Bu layihəyə məhz pandemiya dövründə start
verdik ki, layihənin məqsədi müəllim və tələbələri
profil üzrə gündəmi zəbt edən ən yeni,
aktual, maraqlı akademik, Azərbaycan və dünya bədii ədəbiyyatınin
inciləri ilə tanış etmək idi. Belə ki, hər
bir mütaliəsevər iştirakçı oxuyub, bəyəndiyi
kitabları geniş auditoriyaya təqdim edərək, estafeti
digərinə ötürürdü. Tələbələrin
sevimli və böyük məmnuniyyətlə iştirak
etdiyi layihənin digəri “Balacalarla kitab oxuyaq”dır.
Komandamız bu layihə çərçivəsində
mütaliə vərdişlərini kiçiklərə
aşılamaq məqsədilə periodik olaraq, uşaq
bağçalarına gedir, balaca dostlarımızla
kitabların insan həyatındakı əhəmiyyətindən
danışır, onlara nağıllar oxuyurlar. Böyük
qürur hissi ilə daha iki layihəmiz haqqında məlumat
vermək istərdim ki, hər iki layihə II Qarabağ
müharibəsi dövründə ərsəyə gəlib.
“Qarabağ kitabxanaları” və “Qarabağ tarixi sənədlərdə”
ən uğurlu layihələrimizdəndir.
Düşünürəm ki, “Qarabağ tarixi sənədlərdə”
layihəsi informasiya məkanında Qarabağ həqiqətlərini
geniş ictimaiyyətə paylaşma imkanı olan hər
birimizin vətəndaşlıq borcudur. Layihənin bəlli məqsədi
vardır: müharibə sonrası müasir informasiya
savaşında ermənilərin Azərbaycan tarixinə,
Qarabağ tarixinə kölgə salan yalançı, saxta
tarixi məlumatlarına dürüst tarixi sənədlər,
mənbələrlə qarşı çıxmaq, layihə
çərçivəsində əldə etdiyimiz
materialları müxtəlif dillərdə oxucu-izləyicilərə
təqdim etməkdir. Həmçinin fəxrlə “Qarabağ
Kitabxanaları” layihəsi haqqında deyə bilərəm ki,
bu da ölkədə bir ilk idi. Bizə qədər bununla bağlı
elə də ciddi araşdırmalar aparılmamışdı
və sevindirici tərəf ondan ibarətdir ki, bu gün
Qarabağ kitabxanalarının bərpası, yenilənməsi
gündəmdədir, hər birimiz də bu istiqamətdə
var gücümüzlə çalışmağa
hazırıq. Kitabxanamızı digərlərindən fərqli
edən, bizimlə birgə çalışan,
uğurlarımızda danılmaz yeri olan, nəhayət, qəlbində
bu məkana, məsələyə sevgi payı ilə
seçilən kitabxana könüllülərimizdir”.
Kitabxanasının müdirinin dediyinə görə,
24/7 kitabxanasının layihəsi 2017-ci ildən həyata
keçirilməyə başlamış və 2018-ci ilin may
ayında başa çatmış və
açılış gününə kimi tamamlama işləri
görülmüşdür. Bu müddət ərzində məhz
kitabxana könüllüləri yanımızda olub, öz
yardımlarını əsirgəməyiblər. Hazırda
22-yə yaxın könüllü tələbə və
müəllimimiz var. Könüllülərimizin
kitabxanamıza olan böyük sevginin təcəssümünü
keçən il avqustda bayrağımızın
Bazardüzü zirvəsində dalğalanması ilə
gördük. Bir kitabxana rəhbəri kimi hər dəfə
bu hadisəni qürur və sevinclə xatırlayıram.
Çünki bayrağı zirvələrdə dalğalanan
ilk kitabxanayıq: “Qeyd etməliyəm ki, UNEC-in 24/7
Kitabxanası fəaliyyətini ölkəmizin və
universitetin təsdiq edilmiş cari ili çərçivəsində
hazırladığı tədbirlər planı üzərindən
təşkil edir. 2024-cü il “Yaşıl dünya naminə
həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsindədə
maraqlı, faydalı layihələr həyata keçirilib.
Belə ki, dünyanın aparıcı ekoloji təmiz və
dayanıqlı kitabxanaları haqqında
araşdırmaları məqsədi daşıyan
“Yaşıl kitabxana” layihəsinin 12
buraxılışını mütəxəssislərə,
geniş ictimaiyyətə təqdim edib. Həmçinin, “Gələcəyi
qoruyaq!” layihəsi çərçivəsində ilboyu
kitabxana toplanmış 10 minə yaxın birdəfəlik su
stəkanları ilə “Tullantıları hədiyyəyə
dəyiş” festivalına qatılıb. Eləcə də
UNEC-in tələbələri bu stəkanlardan Yeni ildə
yolka hazırlayaraq, “Tullantıdan sənətə”
aksiyasında iştirak ediblər. Kitabxananın kuratorluğu
ilə UNECCLUBRARY kitab klubunun təsis edilməsi və
geniş fəaliyyəti təqdirə layiqdir. Hər dəfə
dönüb geriyə baxanda arxada qoyduğumuz işlərlə
qürurlanmışıq. Öz prinsiplərimizə həmişə
sadiq qaldıq: inkişaf etdik, xidmətlərimizi yenilədik,
daha da təkmilləşdirdik, əməkdaşlıqlarımızı
genişləndirdik, oxucu-istifadəçilərimizə
durmadan yardım göstərməklə bərabər,
davamlı yanlarında olmağa çalışdıq, necə
deyərlər, hər birisi üçün doğma evi qədər
rahat olan, inandığı, güvəndiyi, sevdiyi 24/7 ailəsi
yaratdıq. Onların əldə etdikləri uğurlarda az da
olsa, dəstəyimiz, əməyimiz varsa, nə xoş bizə.
Yeni nəsil kitabxanaçıların yetişməsinə
verdiyimiz töhfə isə ən çox
qürurlandığımız üstünlüklərimizdəndir.
Əgər “müasir kitabxanaçılar”, “kreativ
kitabxanaçılar”, “rəqəmsal kitabxanaçılar”
sırasında bizim mütəxəssislərın bəlli
bir yeri, örnək nümunəsi varsa, xidmətlərimiz və
təcrübəmiz elmi kitabxanalarda tətbiq edilirsə, deməli,
qarşıya qoyduğumuz məqsədlərə doğru
düz yoldayıq”.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 22 aprel(¹67).- S.15.