"Qarabağ"ın
12-ci çempionluğu...
Həftə sonu Azərbaycan Premyer Liqasında 31-ci
turun oyunları keçirildi. Turun açılış
matçında medallar uğrunda mübarizə aparan "Araz
Naxçıvan" "Turan Tovuz"la heç-heçə
etdi - 1:1. "Sabah" autsayder "Səbail"ə 3:2,
"Şamaxı" "Kəpəz"ə 2:1 hesabı
ilə qalib gəldi. Lider "Qarabağ"
"Neftçi"ni 3:0 hesabı ilə məğlub edərək
xal sayını 76-a çatdırdı. Yeri gəlmişkən,
"Neftçi" sonuncu dəfə "Qarabağ"ı
2021-ci il mayın 19-da 1:0 hesabı ilə məğlub edərək
çempion olmuşdu. O vaxtdan bəri bu komandalar arasında
keçirilən 18 oyunun yalnız birində 1:1 hesablı heç-heçə
qeydə alınıb. Qalan 17 oyunda "Qarabağ" qalib gəlib.
Özü də son 5 oyunda "Neftçi" 1 qol belə
vura bilməyib, qapısında 19 top görüb. Həftənin
son matçında 18 oyundur ki, "Zirə"ni məğlub
edə bilməyən "Sumqayıt" səfərdə bu
komanda ilə növbəti dəfə bacarmadı - 1:3.
"Zirə" aktivinə 3 xal yazdırmaqla yanaşı, həm
də "Qarabağ"ın növbəti
çempionluğunun rəsmiləşməsini ertələmiş oldu.
Statistik məlumatlar öz yerində. Keçək
yazının məğzinə. Çempionatın bitməsinə
5 tur qalmış "Qarabağ" 2-ci yerdə qərarlaşan
"Zirə"ni 15 xal qabaqlayır. 2-3 il əvvəlki
reqlamentə görə Ağdam təmsilçisi 12-ci
çempionluğunu qeyd etməli idi. Çünki bu
komandaların öz aralarında keçirdikləri 4 oyunda
üstünlük "Qarabağ"ın tərəfindədir
- 3 qələbə, 1 məğlubiyyət. Gəl ki, reqlament
dəyişib. Əgər komandaların xalları eyni olarsa, əvvəlcə
qazandıqları qələbə sayı, bu da eyni olarsa,
vurulub buraxılan topların fərqi, daha sonra vurulan
qolların sayı və s. nəzərə alınır. Bu,
riyazi baxımdan mümkündür. Gərək
"Qarabağ" qalan 5 oyunun hamısında məğlub
olsun, "Zirə" isə 5-6 top fərqilə qalib gəlsin.
Ki, həm qələbə sayı bərabərləşsin,
həm də top fərqi aradan qalxsın. "Vallah əmələ
gəlmir"!
"Qarabağ"ı 12-ci çempionluğu
münasibətilə bəri başdan təbrik edirik,
Çempionlar Liqasında uğurlar arzulayırıq! O cümlədən,
avrokuboklarda Azərbaycanı təmsil edəcək 3
komandamıza. Bəs, bu il Avropa Liqasında və Konfrans
Liqasında təmsilçilərimiz kim olacaq?
Ümumiyyətlə, son bir neçə ildə
çempionatda "Qarabağ" xaric qalan komandaları 2 yerə
bölmək olar - avrokuboklar uğrunda mübarizə aparanlar
və Premyer Liqada yerini qorumağa çalışanlar. Yəni,
çempionluq üçün "Qarabağ"a şərik
olmaq istəyən demək olar ki, yoxdur və əksəriyyət
bunu qəbul edib. Bu mövsüm "Zirə" böyük
ölçüdə gümüş medalları, eyni zamanda
Konfrans Liqasına vəsiqəni təmin edib. Qeyri-adi bir hal
baş verməsə, "Araz-Naxçıvan" 3-cü
yeri tutacaq. 4-cü yerdəki "Turan Tovuz"dan 5 xal öndə
olan Naxçıvan təmsilçisi çətin ki, xal fərqinin
"əriməsinə" imkan verə. Üstəlik,
"Araz-Naxçıvan" həm də Azərbaycan
Kubokunda mübarizəni davam etdirir. Kubokla bağlı bir qədər
sonra...
Bir neçə kəlmə bu 3 komanda barəsində.
Əminliklə "Zirə"ni "Qarabağ"dan sonra
ölkənin həm ən stabil klubu, həm də
komandası adlandırmaq olar. Rəşad Sadıqovun gəlişindən
sonra "Zirə" ortabab statusundan çıxmağı
bacarıb və ardıcıl bir neçə
mövsümdür ki, çempionatın ən güclü
komandalarından birinə çevrilib. Bu minvalla davam etsə,
gələcəkdə daha güclü "Zirə"ni
görə bilərik. "Araz-Naxçıvan" Premyer
Liqanın "gənclərindəndir". Buna baxmayaraq,
komandaya gəlişindən sonra Elmar Baxşiyev mübariz
kollektiv formalaşdıra bilib. Həm də komanda
baxımlı futbol sərgiləyir.
Çatışmazlıqlar var. Ən böyüyü isə
Naxçıvan təmsilçisinin Naxçıvandan uzaq
düşməsidir. Klub rəhbərliyi qarşıdakı
illərdə bu problemi həll etsə... İstəsələr,
edərlər. İnanaq ki, istəyirlər. O ki qaldı
"Turan Tovuz"a, "Hünər Group"un komandaya
sponsorluq etməsi, Kurban Berdıyevin gəlişi komandanı
çox gücləndirdi. 1994-cü ildə ölkəmizi ilk
dəfə avrokuboklarda (UEFA Kuboku) təmsil edən
"Turan"ın qeyri-rəsmi olsa da, varisi 31 ildən sonra
Konfrans Liqasına vəsiqə qazana bilər. Əgər
4-cü pilləni qorusa və bununla bərabər kuboku ya
"Qarabağ", ya da "Araz-Naxçıvan" qazansa.
Azərbaycan Kuboku barədə danışacaqdıq.
Artıq yarımfinal mərhələsinin ilk oyunları
keçirilib. İlk oyunda "Araz-Naxçıvan"a 0:1
hesabı ilə məğlub olsa da, "Qarabağ"ın
yarışdan ələnəcəyi inandırıcı
görünmür. Qurban Qurbanovun komandasının bu il də
"qızıl dubl" etmə ehtimalı
böyükdür. Ağdamlılar finala
çıxacaqları təqdirdə rəqibləri bu
mövsümün ən bərbad oyun sərgiləyən
komandalarından olan "Sabah", ya "Neftçi"
olacaq. Digər yarımfinal matçında "Sabah" ilk
oyunda "Neftçi"ni məğlub edib - 2:1. Sabah
Masazırda keçiriləcək cavab oyununda əsl
"qırğın" olacaq. Söhbət təkcə
hansı komandanın finala çıxmasından getmir. Bu oyun
həm də hər 2 komanda üçün Avropa Liqasına
vəsiqə qazanmaq üçün son şansdır. Finala
çıxan "Qarabağ" -
"Araz-Naxşıvan" cütünün qalibini məğlub
etməklə istəyinə çata bilər.
"Sabah" və "Neftçi" haqda da 1-2 kəlmə
yazmaq yerinə düşər. Azərbaycanın ən
imkanlı klublarından olan bu cütlüyün bərbad nəticələri
çox müzakirə olunur. Uğursuzluğun səbəbi nədir?
"Sabah" bu mövsüm 3-cü məşqçi ilə
yoluna davam edir. Söhbət Vasili Berezutskidən gedir. Son illər
məşqçiləri əlcək kimi dəyişən
"Sabah"da Berezutskinin gedişi də an məsələsidir.
Kubokda mübarizəni dayandırsalar, böyük ehtimalla,
növbəti çempionatda komandanı başqa mütəxəssis
çalışdıracaq. Ümumiyyətlə, Berezutski məşqçi
kimi hansı nəticələrinə və
bacarığına görə komandaya gətirilib? Axı,
heç bir komandanı çalışdırmayıb.
"Sabah" onun baş məşqçi kimi ilk iş
yeridir. Mövzudan yayınmayaq.
Bənzər mənzərə "Neftçi"dədir.
Tez-tez məşqçi dəyişikliyi, səhv transferlər
və s. yanlışlıqlar komandanın bu günə
düşməsinə gətirib çıxarıb.
Əslində, "Neftçi"nin son çempionluğunun
memarı Samir Abasovun komandaya qayıtması doğru
addımdır. Fikrimcə, idarəçilikdəki problemlər
aradan qaldırılsa, "Neftçi" qarşıdakı
illərdə əvvəlki əzəmətini qaytara biləcək.
Bəs, Premyer Liqanı bu il kim tərk edəcək?
Suala indidən cavab vermək olar - "Səbail".
Bayıl təmsilçisi 9-cu
yerdəki "Kəpəz"dən 8 xal geridir. "Kəpəz"in
bütün oyunları uduzacağı təqdirdə belə,
“Səbail” son 5 turda 9 xal qazanması inandırıcı deyil.
Məncə, klub funksionerləri də, futbolçular da, məşqçi
heyəti də reallıqla artıq barışmalıdır.
"Səbail"in zəif çıxışının
bir neçə səbəbi var. Onlardan ən əsası hələ
mövsüm başlamamışdan əsas sponsor ASCO-nun maliyyəni
azaltması oldu. Bunun fonunda ardıcıl məşqçi dəyişiklikləri
gerçəkləşdi. Şahin Diniyevin gedişindən
sonra Cavid Hüseynov, indi isə Elvin Məmmədov
komandanı çətin durumdan çıxara bilmədi.
"Sabah" kimi kor-koranə məşqçi dəyişməkdə
"het-trik" etməyin acı nəticəsi...
Hamıdan bəhs etmişkən, bir abzas da digər 3
komandamız haqda. Adil Şükürovun gedişindən sonra
keçmiş dostunun yerinə gətirilən Azər
Bağırov "Kəpəz"i bataqlıqdan
çıxara bildi. Azər yaxşı məşqçidir.
Bir qədər xarakterindəki problemləri düzəltsə
və klub yaxşı sponsop tapsa, gələn mövsüm
daha güclü "Kəpəz" görə bilərik.
Yeri gəlmişkən, gələn mövsüm
üçün Gəncə təmsilçisinin yeni baş məşqçi
axtarması barədə söz-söhbət gəzir. Samir
Abasovun gedişindən sonra Vaqif Cavadova tapşırılan
"Sumqayıt" xeyli zəifləyib. Hər kəsin
"3 xallıq komanda" gözü ilə
baxdığı "Sumqayıt" hətta bir ara 10 oyunda 1
qol belə vura bilmədi. Hər halda, komanda Premyer Liqada
qalmağı bacarır. Gələn mövsüm uğur
qazanmaq üçünsə əməlli-başlı
islahatlar vacibdir. O ki qaldı "Şamaxı"ya,
böyük uğurları olmasa belə, əyalət təmsilçisini
alqışlamaq lazımdır. Xüsusilə, baş məşqçi
Ayxan Abbasovu. Adam işlədiyi bütün yerlərdə
üz ağardıb.
AFFA-nın son illər qəbul etdiyi azsaylı
doğru qərarlardan biri gələn mövsümdən
Premyer Liqada komanda sayının artırılmasıdır.
2025/26-cı illər mövsümündə çempionatda 12
komanda mübarizə aparacaq. Böyük ehtimalla 1-ci Liqadan
"Qəbələ", "Karvan" və
"İmişli" "yuxarı" qalxacaq. Yeri gəlmişkən,
aprelin 25-də MOİK-i qəbul edəcək "Qəbələ"
"kiçik" çempionluğunu rəsmiləşdirə
bilər. Böyük ehtimalla, bu, baş verəcək və əyalət
təmsilçisini də bəri başdan təbrik edirik! Bəzi
klublarımız ötən mövsüm Premyer Liqanı tərk
edən "Qəbələ"nin peşəkarlığından
örnək götürsə, yaxşıdır. Xüsusilə,
bu il Premyer Liqanı tərk edəcək klub. Kaxaber Sxadadze
kimi təcrübəli məşqçisi və peşəkar
rəhbərliyi olan "Qəbələ"ni gələn
mövsüm medalçılar sırasında görsəniz,
təəccüblənməyin. Çempionluqdan isə... Nəinki
"Qəbələ", heç digər klublarımız
bir müddət danışmasalar, yaxşıdır.
Çünki bu gedişə "Qarabağ" daxili
birincilikdə hələ uzun müddət "at
oynadacaq".
İlqar TAĞIYEV
525-ci qəzet .- 2025.- 22 aprel(¹67).- S.14.