Tanınmaq istəyi: yaradıcı
ehtiyac, yoxsa sosial aclıq?
Esse
XX əsr fransız filosofu, yazıçı və
dramaturq Jan Pol Sartr deyirdi ki, bütün insan həyatının
məqsədi, əslində, yalnız görünməkdir.
Amma görünmək ehtiyacı da bir növ aclıqdır.
Bu aclıq isə doyduqca artar. Sartrın dövründə də
beləydimi ki, o bu cür fikir səsləndirməyə məcbur
qalmışdı, yoxsa yazıçı fəhmi bu günləri
öncədənmi duymuşdu, bilmirəm. Bildiyim odur ki,
müasir dövr insanı üçün tanınmaq, sanki nəfəs
almaq qədər təbii bir ehtiyaca çevrilib. Bəziləri
üçün bu istək şəxsi ifadə
formasıdırsa, bəziləri üçün sadəcə
görünmək, görünməsə də,
görünürmüş kimi davranmaq arzusudur. Xüsusilə
də sosial şəbəkələrin - TikTok başda olmaqla
- həyatımıza daxil olması ilə bu istək, deyə
bilərik ki, kütləvi bir aclığa çevrilib.
Əvvəllər tanınmaq üçün insan ya
bir sənət nümayəndəsi, ya da cəmiyyətə
təsir göstərən biri olmalı idi. İndi isə
bunun üçün sadəcə telefon və bir az da diqqət
cəlb edən davranış kifayət edir. Bəzən bir
neçə saniyəlik absurd video ilə milyonların
qarşısına çıxmaq mümkündür. Beləcə
əsas sual ortaya çıxır: bu tanınmaq istəyinin
qaynağı nədir? İnsanın içindəki
yaradıcı ehtiyacmı, yoxsa uzun müddət doyurula bilməyən
sosial aclıqmı?
TikTok sindromu: görünmək üçün hər
şey mübahdır?
TikTok və bənzər platformalar, istifadəçilərə
bir növ "məşhur olmaq azadlığı" verir.
Bununla belə, bu azadlıq çox vaxt nə məzmun tələb
edir, nə də məsuliyyət. Sıravi insanlar bu
platformalarda viral olmaq üçün düşünmədən,
bəzən də həddini aşan davranışlara
çox rahatca yol verə bilirlər. Qeyri-etik səhnələr,
vulqar ifadələr, saxta emosiyalar, riskli və təhlükəli
"çelenc"lər - bütün bunlar tək bir məqsədə
- tanınmağa xidmət edir.
Bir misal olaraq, son illərdə viral olan
"influencer" fenomenini nəzərdən keçirək.
Bu şəxslər çox zaman həyatlarının
yalnız bir hissəsini - ya da bəzən heç bir real hissəsini
- şəbəkələrdə nümayiş etdirərək,
bir anda məşhur olurlar. Amma bu məşhurluğun
çoxu səthidir, arxasında dərin düşüncə,
faydalı fəaliyyət deyil, sadəcə bir neçə
saniyəlik diqqət cəlbi dayanır. Sosial şəbəkələrin
təqdim etdiyi sürətli tanınma real həyatda yalnız
"sosial aclıq" hissini daha da dərinləşdirir.
Yaradıcı tanınma ilə sosial görünmə
fərqlidir
Yaradıcı tanınmaq uzun bir yolun, zəhmətin
ciddi məsuliyyətin və dərin daxili ehtiyacın nəticəsidir.
Bu prosesdə insan əvvəlcə özünü ifadə
etməyi, sonra isə başqaları ilə ünsiyyət
qurmağı qarşısına məqsəd qoyur. Sosial
platformalarda məşhurlaşmaq isə çox zaman anlıq
diqqət üçün atılan səthi addımlardan ibarətdir.
Bu məşhurluq sabun köpüyü kimi tez
formalaşır və tez də unudulur.
Ən təhlükəlisi isə odur ki, bu
"anlıq məşhurluq" hissi gənc nəsildə
saxta özünüdəyər formalaşdırır. Getdikcə
dəyəri "like" və ya "izlənmə"
sayı ilə ölçən nəsil yetişir.
"İzlənirəmsə, deməli, dəyərliyəm"
düşüncəsi son nəticədə emosional və
psixoloji problemlərə səbəb olur. Kimliyini sosial
medianın reaksiyaları üzərindən müəyyən
edən bir gənc, real həyatla qarşılaşanda ciddi
ziddiyyətlər yaşaya bilir.
Sosial media aclığı necə yaranır?
Əslində insanın tanınmaq istəyi yeni deyil.
Sosial varlıq kimi insan həmişə cəmiyyət
içində görünmək, qəbul olunmaq arzusunda olub.
Bunu hələ ötən əsrdə yaşamış
Sartrdan sitatda da gördük. Deməli, bütün dövrlərdə
insan öz daxilində bu ehtiyacla yaşayıb. Amma bu ehtiyac
real sosial əlaqələr, ailə, dostluq və peşə
mühiti vasitəsilə qarşılandıqda sağlam forma
alır. Əgər bu kanallar zəifləyibsə, müasir
insan bu boşluğu başqa yerdə - yəni sosial mediada doldurmağa
çalışır.
Burada isə yaranan problem odur ki, sosial şəbəkələr
bu ehtiyacı müvəqqəti qarşılayır, amma dərinləşdirmir.
Şərhlər, bəyənmələr, paylaşmalar -
insanın daxilindəki ehtiyacı qidalandırmaq əvəzinə,
daha da artırır. Beləcə, yaranan son nəticə
aclığın doyması yox, asılılıq olur.
Görünmək üçün yox,
iz buraxmaq üçün...
Tanınmaq istəyi təbiidir. Amma onu necə və
niyə istədiyimiz də son dərəcə önəmlidir.
Bu istək bizi yaradıcı düşüncəyə,
özümüzü ifadəyə, ictimai faydaya aparırsa -
müsbət nəticə verir. Yox, əgər bu istək bizi
başqalarının diqqətinə möhtac,
özümüzə yad bir obraz yaratmağa məcbur edirsə,
bu zaman biz nə tanınırıq, nə də
tanıyırıq - özümüzü də,
başqalarını da.
Bugünkü texnoloji imkanlar hər birimizin səsini
eşitməyə, eşitdirməyə qadirdir. Amma səsimizin
içi boşdursa, o, sadəcə gurultudur. Gəlin,
tanınmaq istəyimizi yaratmağa, dəyərləndirməyə
və dərinləşməyə yönəldək.
Unutmayaq ki, görünmək asandır, iz buraxmaq isə məsuliyyət
və zəhmət tələb edir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 22 aprel(№67).- S.13.