Milli Hökumət dövrü Həsən
Həsənovun xatirələrində
Həsən Məmməd oğlu Həsənov
1945-1946-cı illərdə Cənubi Azərbaycanda qurulmuş
Muxtar Milli Hökumətin əsas qurucu və rəhbərlərindən
biri olub. O, İ.Stalin, M.C.Bağırov, Mirzə İbrahimov,
M.C.Pişəvəri kimi şəxsiyyətlərlə
yanaşı, Cənubdakı Milli hərəkatın
yaranmasını və gedişini planlaşdırıb icra
etmiş, əsas sənədlərini hazırlamış
aparıcı tarixi şəxsiyyətlərdən biri
olmuşdu. Təəssüf ki, bizim tarixşünaslıqda
onun bu fəaliyyətləri az işıqlanır.
Milli Hökumət dövrü hadisələrindən
80 il ötür, bu ilin sonunda bu şərəfli yubileyi qeyd
edəcəyik. Sovet vaxtı Milli Hökumət haqda yazmaq
qadağan edilmiş və bu mövzuya senzura qoyulmuşdu.
Bunun iki səbəbi vardı. Birinci, Milli Hökumət
Moskvadan idarə olunan dünya Kommunist hərəkatının
qanlı və uğursuz səhifəsi idi, onu xatırlamaq bu
hərəkatı gözdən sala bilərdi. İkinci,
1946-cı ilin 12 dekabrında Culfadan Sovet-İran sərhədini
keçən 167 əsas hərəkat fəalı
SSRİDTK-sının Birinci Kəşfiyyat idarəsinin
kurasiyasına verildi, hərbi intizam qaydasında Milli Hökumətin
tarixi məxfi elan edildi. Yalnız İran Xalq (Kommunist)
partiyasının tarixi barədə yazmağa və
danışmağa icazə verildi, o da xüsusi səlahiyyəti
olan adamlara. Azərbaycan Demokrat Firqəsi isə mühacir təşkilatı
kimi Bakıda yarımleqal şəkildə fəaliyyət
göstərdi. Moskva onlara sovet vətəndaşlığı
vermədi. Çünki onlar İran Kommunist
partiyasının qurultaylarında İran vətəndaşı
kimi, Azərbaycan və Moskva Kommunist qurultaylarında Azərbaycan
vətəndaşı kimi lazımlı idilər.
SSRİ dağılandan sonra Milli Hökumət
mövzusu leqallaşdı. Məlum oldu ki, hərəkatın
təşkili və idarə olunması barədə ən əsas
sənədlər Azərbaycanda da qalıbdır, xüsusilə
bizim milli düşüncə tariximiz üçün
misilsiz xidmətləri olmuş adamlar haqqında. Azərbaycandan
kimlər bu hərəkatda iştirak edib və necə
iştirak edib? Etiraf etməliyik ki, İkinci Dünya
müharibəsindən sonra Sovet Azərbaycanındakı
misilsiz milli şüur yüksəlişi Milli Hökumət
hadisələrindən gəlirdi.
Milli Hökumət dövrü haqda sənədlərin
birinci əsas qismi M.C.Bağırovun arxivinə aiddir. O, Moskva
Siyasi Bürosunun və İ.Stalinin rəsmi qərarı ilə
Milli Hökumət layihəsinin Bakıda oturan kuratoru təyin
olunmuşdu. Üstəlik, hərəkatın operativ idarəçiliyi
coğrafi yaxınlığa görə Azərbaycan Dövlət
Təhlükəsizliyi Komitəsi tərəfindən həyata
keçirilirdi. Hərəkatla bağlı Moskvadan Azərbaycan
DTK-sına gələn xırda sənədlərin belə
bir surəti M.C.Bağırovun stolunun üstünə gəlirdi.
M.C.Bağırov onlara baxandan sonra onlar Azərbaycan K(b)P
MK-nın Məxfi şöbəsinə, oradakı müvafiq
qovluqlara gedirdi. Ruslar 1991-ci ildə SSRİ DTK-sı arxivinin Azərbaycan
filialını tələsik Moskvaya daşıyanda Bakı
MK-sının məxfi arxivi yada düşmədi və
Bakıda qaldı. Bu, xəzinə idi. Əbülfəz
Əliyev (Elçibəy - red.) prezident olanda tarixçi Cəmil
Həsənli onun müşaviri idi. Azərbaycan KP MK-nın Məxfi
Şöbəsinin arxivindəki hərəkatla bağlı
qovluqlardan biri onun əlinə keçdi. Həmin qovluqlar əsasında
onun hərəkat barədə birinci kitabı (Həsənli
Cəmil, Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında, Bakı,
1998) çıxdı. Bu kitab Azərbaycanda Milli Hökuməti
öyrənmək sahəsində çevriliş yaratdı.
Milli Hökumət dövrü haqda yerli mənbələrin
ikinci qismi 2004-cü ildə ortaya çıxdı. Bu da Həsən
Məmməd oğlu Həsənovun 100 illik yubileyinin
(1904-1977) onun böyük oğlu Arif Həsən oğlu Həsənov
tərəfindən qeyd edilməsi təşəbbüsü
kimi. Həmin ildə Arif Həsənov (1939-2008) AMEA-nın
müxbir üzvü, Akademiya nəzdindəki Seysmologiya Mərkəzinin
direktoru idi. O, əvvəlcə atasının 1974-cü ildə
rusca yazdığı "Avtobioqrafik memuar"ını ana
dilinə tərcümə etdirib "Ləyaqətli şəxsiyyət"
adlı kitabda (Ləyaqətli şəxsiyyət. Görkəmli
dövlət xadimi, diplomat, tarixçi alım Həsən Həsənovun
ömür yolu, Bakı, Elm, 2004, 350 s.) çap etdirdi.
Kitabın ruscadan tərcüməçisi göstərilmir.
Onun əsas məzmunu sözügedən xatirələr
olduğu halda, kitaba Həsən Həsənov haqda müasirlərinin
xatirələri də əlavə edilib. Bu, kitabın təyinatından
yayındırır oxucunu. Amma şübhəsiz ki, Həsən
Həsənovun "Avtobioqrafik memuar"ı Azərbaycanın
M.C.Bağırov dövrü (1934-1954) və Milli Hökumət
hadisələri tarixini əks edən ən obyektiv və qiymətsiz
mənbələrdən biridir. Arif Həsənov haqlı
olaraq yazır ki, atam bunu "çap üçün
yazmadı, amma yazmaya da bilmədi". Təəssüf ki,
xatirələrin bəzi hissələri tarixi elmiliklə
deyil, sərbəst və ixtisarla tərcümə edilib. Buna
görə abidənin orijinalda və ana dilində yeni akademik
nəşrinə ehtiyac var. Quruluşda bu memuar avtobioqrafik
romana çox yaxındır.
Bu kitabdan üç il sonra, 2007-ci ildə Arif Həsənov
atasının daha bir memuarını nəşr etdirdi. "İran
gündəliyi" adlanan (Qasan Mamed oqlı Qasanov, İranskiy
dnevnik, (1944-1946). Baku, Glm, 2007) bu əsərin tarixçəsi
unikaldır. 1945-1946-cı illərin hərəkat hadisələrində
Həsən Həsənovun gündəlik
iştirakının günbəgün xronikası olan bu
gündəliklər Milli Hökumət ərəfəsində
və o qurulandan dağılanacan azərbaycanlı
iştirakçıların mövqeyi və
qarşılıqlı münasibətləri haqqında ən
obyektiv və etibarlı mənbədir. Yəni hərəkatın
Azərbaycan şüuru üçün ən maraqlı və
qiymətli mənzərəsi bu kitabdadır. Həsən Həsənov
bu hadisələrdə məxfi şəkildə iştirak
edirdi, ona görə bu qeydləri yazması, əslində,
bütün məxfilik protokollarını pozurdu. Lakin məhz
bu "pozuntu" nəticəsində bu gün Azərbaycan
xalqı Milli Hökumətin nə olduğunu, kimlər tərəfindən
yaradılıb necə idarə olunduğunu bilir.
Həsən Həsənov 1960-cı ilin dekabrında
Moskvada, Marksizm-Leninizm institutunda "Cənubi Azərbaycanda
milli demokratik hərəkat (1945-1946-cı illər)"
mövzusunda namizədlik dissertasiyası müdafiə edib,
bundan əvvəl Bakıda bu mövzuda balaca kitabçası
və məqalələri də çıxıb. 2004-cü
ildə bu dissertasiyanın doktorluq işi kimi işlənmiş
geniş variantı müəllifin 100 illik yubileyi münasibətilə
ana dilinə tərcümə olunaraq Bakıda ixtisarla
çap olunub (Həsən Həsənov, Cənubi Azərbaycanda
milli demokratik hərəkat (1945-1946-cı illər), Bakı,
Elm, 2004, 204 s.). Bu, artıq Milli Hökumət quruculuğunu
İran Kommunist partiyasının tarixi baxımından
işıqlandıran beynəlmiləlçi
baxışlı bir əsərdir. Lakin əsər göstərir
ki, H.Həsənov elmi işçi kimi
çalışdığı 1962-ci ildən sonrakı
bütün ömrünü Milli Hökumət dövrü və
xalqımızın İrandakı milli-demokratik hərəkatını
araşdırmağa həsr etmişdi.
Lakin H.Həsənovun ən qiymətli əsəri
"İran gündəlikləri"dir. Mən bu gündəlikləri
elmi dövriyyəyə gətirən ilk
araşdırıcılardan olmuşam. 2009-2010-cu illərdə
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində
işləyəndə Milli Hökumət dövrü hadisələrini
özüm üçün aydınlatmaq qərarına gəldim.
Kitabı mənə "Elm" nəşriyyatının
direktoru, unudulmaz dostum Şirindil Alışanlı verdi, dedi
ki, Arif Həsənov bu kitaba görə nəşriyyata 15
milyon pul köçürüb. Mən kitabı oxuyub dəhşətə
gəldim: ona qədər Milli Hökumət dövrü haqda
rusca və ana dilində oxuduqlarım hadisələrin 10-15
faizini əks edirdi, qalanı gizlədilmişdi
xalqımızdan. Mən 2013-cü ildə çıxan
İranda Milli hərəkata aid kitabımda (Əliyev Rəhim,
Cənubi Azərbaycanda milli hərəkat 1945-1946., Bakı,
Mütərcim, 2013.) bu kitabdakı bəzi həqiqətləri
yazdım. Məlum oldu ki, Milli Hökumət qurulandan bir ay
sonra Moskva onun rəhbərləri M.C.Pişəvərinin, məxfi
"Üçlüy"ün arxasında Tehranla gizli alverə
başlayıblar. 1946-cı ilin martından İ.Stalin
İrana yeni səfir göndərib, Milli Hökumətin ləğv
edilməsi ilə məşğul olub 11 dekabra qədər,
M.C.Bağırov isə bunun icraçısı olub.
"Gündəliklər"də Moskvanın Milli Hökumət
qurucularına qarşı daha iki xəyanət faktı üzə
çıxdı. "Üçlük"dən Moskva tələb
etdi ki, M.C.Pişəvəri və Kürd Demokrat partiyası
gələcəkdə İrandan ayrılmaq istəyib-istəmədiyi
barədə arayışlar versinlər. Arayış tələbi
xalis provokatorluq və xəyanət idi hər iki partiyaya
qarşı. Onların dünyaya elan edilmiş
proqramlarında İran tərkibində Muxtariyyət istəyindən
söhbət gedirdi. İkinci, İran Baş naziri Əhməd
Qəvvamın 17 fevralda başlayan Moskva səfəri haqda
sovet rəsmi xəbərlərində Milli Hökumətin
adı belə yox idi, ancaq İranın şimali qərbində
birgə neft çıxarılacağından söhbət
gedirdi. Bu iki hadisə ortaya çıxandan sonra ADF rəhbərlərində
Milli Hökumətin ləğv ediləcəyi barədə qənaət
yarandı. Amma Milli Hökumət də M.C.Pişəvərinin
dəmir iradəsi və müdrikliyi sayəsində doqquz ay
yaşadı.
(Ardı var)
Rəhim Əliyev
525-ci qəzet .- 2025.- 22 aprel(№67).- S.11.