Üzeyir Hacıbəylinin "Azərbaycan" qəzetində
çıxmış məqalələri (1918-1920-ci illər)
DAHİ BƏSTƏKARIN 140 İLLİK YUBİLEYİ
QARŞISINDA
Üzeyir bəy haqqında ilk yazımı 20
yaşımda olarkən yazmışdım. Bu, konservatoriyada
oxuduğum illərdə kurs işim idi. Ondan sonra artıq 50
ildən çoxdur ki, mən Üzeyir bəy haqqında
mütəmadi olaraq müxtəlif səpkilərdə
yazılar - diplom işi, məqalələr, kitablar,
monoqrafiyalar, dissertasiya, əsərlərinə elmi şərhlər
və sairə yazmışam.
Bu yazıları yazdığım vaxt mənim
Üzeyir bəy Hacıbəylinin 1918-1920-ci illərdə
"Azərbaycan" adlı qəzetdəki coşqun ədəbi,
siyasi fəaliyyəti haqqında məlumatım az idi, arxivlər
bağlı və bu yazılarla tanış olmaq da yasaq idi.
Yalnız son illər bu yazıların bir qismi çap
olunanda, mən Üzeyir bəy Hacıbəylinin
yaradıcılığının çox önəmli,
özü də əksər hallarda bu günümüzlə
səsləşən yazılarını böyük maraqla
oxudum. Elə bu məqalədə də həmin yazılardan
bəzi parçaları qısa şərhlərlə verməyi
qərara aldım. Lakin öncə Üzeyir bəyin adı və
soyadı ilə əlaqədar bəzi fikirlərimi gənc
oxucuların nəzər-diqqətinə çatdırmaq istərdim.
Məlumdur ki, Azərbaycanda əvvəllər "bəy"
adı, misal üçün, "baron", "qraf",
"knyaz" və sair kimi, bir titul olaraq, adlara yalnız
müəyyən şəhadətnamə olduqdan sonra əlavə
edilərdi. Özü də bu şəhadətnamə
nüfuzlu dairələrdə hörmətli şəxslər
tərəfindən imzalanıb təsdiqlənərdi. Daha
indiki kimi, kim kimin adına istəsə, "bəy" əlavə
edib çağıra bilməzdi. Təbii ki, çəkməçiyə,
alverçiyə, qəssaba heç vaxt "bəy" deməzdilər.
Maraqlıdır ki, görkəmli tədqiqatçı
Qulam Məmmədli "Üzeyir Hacıbəyov 1885-1948. Həyat
və yaradıcılığının salnaməsi" əsərində
Üzeyir bəyə aid belə şəhadətnaməni
nümunə gətirir: "Bir neçə nəfərdən
ibarət Qarabağ bəyləri tərəfindən
imzalanmış şəhadətnamədə Üzeyir bəyin
bəy nəslindən olduğu təsdiq edilir. Şəhadətnaməni
imzalayanlardan birincisi Xurşudbanu bəyin səbiyyəsi mərhum
general-mayor Mehdiquluxandır" (Bakı, Yazıçı,
1984, s.8).
Şübhəsiz ki, bu şəhadətnaməsiz də
Üzeyir bəy Hacıbəyli əsl bəy idi və bu ada
layiq ömür sürmüşdür. Lakin belə bir
maraqlı sənədin olması da, əlbəttə ki,
Üzeyir bəyin həyatı haqqında məlumatlarımızı
daha da zənginləşdirir.
Qeyd edək ki, 1918-1920-ci illərin
yazılarının bir qismi "Hacıbəyli"
imzası ilə çap olunduğuna baxmayaraq, sonralar həmin
yazılar "bəyli"siz - "Hacıbəyov"
imzası ilə verilərdi. Mənim yadıma gəlir ki,
"Üzeyir Hacıbəyov" ensiklopediyasının bəzi
müəllifləri və redaksiya üzvləri ilk iclaslarda
ensiklopediyanı da elə "Üzeyir Hacıbəyli
ensklopediyası" kimi vermək istəyirdilər. Bu o vaxt
müəyyən diskussiyaya səbəb oldu, axırda isə
ensiklopediya "Üzeyir Hacıbəyov" kimi çapdan
çıxdı.
Üzeyir bəy özünün "Hacıbəyli"
soy adından başqa "Filənkəs", "Bəhmənkəs",
"Bisavad", "Lal uşaq", "Tərəqqi",
"Həyat", "Molla Nəsrəddin" kimi qəzet və
jurnallarda "Ordan-burdan", "O yan bu-yan", "Dərədən-
təpədən" sərlövhələri altında
felyetonlar, məqalələr çap etdirirdi. Bu yazılar
sırasında "Küyçülük" adı ilə
çap olunan məqalə diqqətimi xüsusilə çəkdi.
Bu yazıda Üzeyir bəy elə bu gün üçün
də vacib olan bəzi məsələlərə toxunur, millətə
xas olan bəzi cəhətlərdən danışır. O
yazır ki, "tək bir dava söhbətlərində
küyçül deyilik ki, hər bir barədə
küyçüyük. Bir adamı pisləyəndə elə
pisləyirik ki, eşidənlər o adamdan nifrət edirlər...
Həmçinin birisini tərifləyəndə, onu
götürüb ərşi-fələkə
qalxızırıq... Belə-belə şeylərin və hər
bir kələ-kötürlərin səbəbi odur ki, tənqidçimiz
yoxdur. Hər kəs bildiyini eləyir, bildiyini işlədir,
bildiyini yazır, bildiyini deyir, bildiyini əmələ gətirir.
Bir adam da olmur ki, bu işlərin yaxşı tərəfini
yaxşı ayağına, pis tərəfini pis ayağına
verib, yaxşını yamandan ayırsın. Bil?ks, "tənqidçilərimiz"
var, yəni yalançı tənqidçilər ki,
yaxşıya pis və pisə də yaxşı deməyə
insafı yol verir. Bu yalançı tənqidçilər iki
cürədirlər: birisi anlaya-anlaya pisi yaxşı və
yaxşını pisləyir, çünki qərəzi-şəxsisi
var və o qərəzi-şəxsini hər bir şeydən əvvəl
tutur. Birisi də anlamadığına görə, pisə
yaxşı və yaxşıya da pis deyir, çünki
başa düşmür və ağlı da kəsmir".
Müəllif bundan belə nəticə çıxardır
ki, "hər ikisinin cəmiyyətə zərəri
vardır".
Üzeyir bəyin hələ 1915-ci ildə üzdəniraq
bu cür tənqidçilər haqqında söylədiyi
fikirləri bu günlə, təəssüf ki, necə də
səsləşir.
Üzeyir bəy elə həmin bu məqalədə
bildirir ki, "dünyada iki şey var: haqq və nahaq.
Kişilik ondadır ki, tutduğun işin nahaq olduğunu sənə
bildirəndə boynuna almaq və bir də özgəsinin
tutduğu işin də haqq olduğunu israr etmək. Hərgah
hər bir işlərimizdə belə mərdanə olsaq,
"böyük hünər sahibi olarıq". Necə də
gözəl arzudur! Üzeyir bəyin özü belə
"böyük hünər sahibi" idi.
İndi Üzeyir bəyin 1918-1920-ci illərdə
"Azərbaycan" qəzetində dərc olunan və bu
günümüzlə səsləşən məqalələrinə
müraciət edək. Bu məqalələrdən bir qismi Ermənistan
ilə Azərbaycan münasibətinə, Qarabağ məsələsinə
həsr edilmişdir. Onlardan "Andranikin məsələsi",
"Qarabağ haqqında","Başlanır",
"Kirimiyorlar", "Naxçıvan və
Qarabağ", "Ermənistan və Azərbaycan münasibəti"
və başqalarıdır. Məqalələrin bəzilərindən
ayrı-ayrı parçalar gətirərək, Üzeyir bəyin
hələ o illərdə bu məsələyə
böyük uzaqgörənliklə yanaşdığına təəccüb
etməyə bilmirsən. "Başlanır" məqaləsi
elə bil 1919-cu ildə yox, 1988-89-cu illərdə
yazılmışdır. Bu məqalədə Üzeyir bəy
qəzəbini bildirərkən belə yazır:
"Daşnaklar Qarabağ ermənilərini bizə
qarşı üsyana dəvət edirlər. Bu üsyanın
açıq-açığına qəzetə vasitəsilə
elan daşnakların bihəyalığını sübut edən
aşkar dəlillərdən birisidir. Paytaxtımızda bizimlə
diz-dizə oturan daşnakların bihəyalığı bu dərəcə
olduğu halda özgə yerlərdə və öz yerlərində
oturanlarınki nə dərəcədə
olacağını təsəvvürə gətirmək
olar..."
Məqaləsinin başqa yerində müəllif təəccüblənərək
yazır: "Bizim öz yerlərimizə sahib olmaq əməlimizi
daşnaklar imperializm məqsədi deyə adlandırırlar.
Çünki Pənah xanın, İbrahim xanın, Mehdiqulu
xanın yerləri ermənilərin yeri imiş! Və o qədər
mübahisəli imiş ki, onun həllini Paris konfransında
gizlətmək lazım gəlirmiş" - deyə istehza ilə
qeyd edir.
"Ermənistan və Azərbaycan münasibəti"
məqaləsində isə Üzeyir bəy "Zəngəzur
məsələsini" ermənilər tərəfindən
meydana çıxarılmış "Qarabağ məsələsinin
mabadi" hesab edərək yazır: Zəngəzur
Qarabağın bir hissəsi və Qarabağı təşkil
edən dörd uyezddən biridir...
Ermənistanın "Zəngəzur bizimdir" deyə
haqsız iddialarda bulunması aşkardır ki,
"ixtilafı hüdud məqsədlərini sülh və
sazişlə həll edəlim deyil, Azərbaycanın tamamiyyəti
- mülkiyyətinə qarşı sui-qəsd hiyləsidir.
Məqalənin digər yerində Üzeyir bəyqeyd
edir ki, "ermənisi çox olan bir yeri Ermənistana təəllüq
etdirmək doğru olsa, o surətdə Azərbaycanın hər
bir yeri ki, orada ermənisi çoxdur, Ermənistana məxsusdur
deyə hökm verilməlidir. O hesabdan deməli,
Bakının yanındakı"Ermənikənd" dəxi
Ermənistanınkı imiş".
Üzeyir bəy məqaləsini belə sözlərlə
bitirir: "Azərbaycan öz torpağını qorumaq
üçün qılınc çəkməli olacaqsa və
arada qan töküləcəksə, hamısının məsuliyyəti
Ermənistan üzərinə aid olacaqdır. Bunu bir Azərbaycan
deyil, bəlkə hər kəs və hətta Qafqazla əlaqə
peyda etmiş, Avropa hökumətlərinin nümayəndləri
də iqrar edirlər".
Üzeyir bəyin "Azərbaycan" qəzetində
dərc etdiyi məqalələrinin bir qismi də Rusiya siyasəti
barəsindədir. "Rusiya əhvalı" məqaləsində
o, yazır: "Bugünkü vəzifəmiz Rusiya işlərinə
kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə
qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid
edən təhlükələrdən özümüzü
qorumaqdır. Yeni cümhuriyyətlərdən Azərbacyan
olsun, Gürcüstan olsun, Ukrayna, Litva, İslandiya, Finlandiya, qərəz
özgə bir məqsəd təqib edən Ermənistandan
başqa, bütün hamısının fikri ancaq budur: Rusiya
işlərinə qarışmamaq və Rusiya təhlükəsindən
qorunmaq, təhlükə bolşevik tərəfindənmi və
ya Denikin tərəfindən vaqe olacaqmı bizdən
ötrü təfavüt yoxdur, qorunmaq və hər bir vasitə
ilə istiqlalımızı mühafizə etmək, vəssalam!"
"İçimizdəki Denikinlər" məqaləsində
isə Üzeyir bəy Azərbaycanımızda "asudəlik
ilə rahat-rahat yaşamaqda olan müxtəlif ünsürlərin
içində elə qaraqəlblilərin olmasını,
Denikini ürək döyünməsilə gözləməkdə
və rus qaradovoyunun həsrətini çəkənləri"
göstərmişdir. "Bunların bir çoxları xəzinəmizin
pulu ilə dolanıb da, "aldığım pul rus dövlətinin
puludur" - deyə özünü də, özgələrini
də aldatmağa təsəlliyab olub,
naşükürlüklə yedikləri çörəyimizi
özlərinə halal bilirlər".
Üzeyir bəy belələrini nəzərə
alaraq bildirir ki, "xaricdəki Denikin ilə aramızda bir
müharibə başlanırsa, heç şübhə edilməsin
ki, daxilimizdəki yemləyib bəstələdiyimiz denikinlər
öz həsrətkeşlərinin yollarını
asanlaşdırmaqdan ötrü içimizdə cürbəcür
xəyanət və cinayətlərə mürəkkəb
olub da bizə arxamızda xəncər yaraları vurmaq və
zərbələr yetirmək təşəbbüslərindən
çəkinməyəcəkdirlər".
Ana dilimizin böyük qayğıkeşi olan
Üzeyir bəyin digər yazısında "Təəssürat"
adlı məqaləsində parlamanın
açılışında danışanlardan biri haqda bu
cür yazıb təəssüflənirdi: "Xudavəndi-aləm
hər yerdə istibdad varsa, evini yıxsın, necə ki, rus
istibdadının evini yıxdı. Qoyurdularmı ki,
vaxtında dilimizi öyrənək ki, yeri düşəndə
danışarkən fikrimizi söyləməyə söz
axtarmağa möhtac qalmayaq!"
Üzeyir bəyin başqa bir yazısında, müstəqil
Azərbaycana heç bir dəxli olmayan "Türkmənçay
müahidəsi dabravollarının", - "Xəzərdə
Azərbaycanın ticarət və hərbi gəmiləri
olmasın" - haqsız tələbinə qarşı
çıxış edirdi. O, "Əsassız tələb"
adlı məqaləsində öz etirazını belə
bildirirdi: "Azərbaycan üçün dəniz məsələsi
can məsələsidir. Bu məsələyə əl vurmaq
Azərbaycanın canına toxunmaqdır. Azərbaycan Bakı
dənizində hərbi gəmilər saxlamaqda heç kəsi
qorxutmaq və heç bir kəsin yerinə təərrüz
etmək fikrində deyildir. Onun fikri özünü xarici
imperialist və qəsblər tərəfindən müdafiəyə
hazır bir halda durmaqdır. Azərbaycanın özgələr
yerinə göz dikdiyini heç kəs xəyalına belə
gətirməz. Halbuki özgələrinin Azərbaycan
torpağı haqqındakı təcavüzkəranə fikri
cümləcə məlumdur. Belə olduğu sırada
özünü quruda mühafizə etmək Azərbaycana borc
olduğu kimi, dəniz tərəfindən dəxi müdafiə
və mühafizə yolunu əldə saxlamaqla var qüvvəsilə
səy və qeyrət edəcəkdir".
Üzeyir bəy "Ordan-burdan" sərlövhəli
yazılarının birində isə belə yazırdı:
"İstiqlaliyyət... Müstəqil Azərbaycan!.. Cəmisi
bir neçə aydır ki, bu asudəlikdə
yaşayırıq... Hər kəs şaddır, yerimiz,
yurdumuz, torpağımız özümüzün, hökumətimiz,
cəmiyyətimiz, qoşunumuz özümüzün, dinimiz,
ayin və adətimizə edilən şəmatətdən
qurtulduq. Dilimizə, millət və milliyyətimizə vurulan
həqarətdən qurtulduq. Qapımız da
özümüzün, yiyəmiz də
özümüzük. Öz-özümüzü
yaxşı-yaman dolandırırıq. Kimsəyə
ehiyacımız yoxdur...
Qoy desinlər ki, hələ nöqsanımız
çoxdur, nə olar? Azadlıq, asudəlik: təkmilinə
çalışaq". Lakin həmin yazıda Üzeyir bəyböyk
uzaqgörənliklə belə bir fikir də irəli
sürür. "Hərdən bir başıma qara-qara fikirlər
gəlir: birdən bu azadəliyi, bu asudəliyi, yəni
istiqlaliyyətimizi əlimizdən geri alarlar..."
1918-1920-ci illərdə "Azərbaycan" qəzetindəki
fəaliyyəti vaxtı (bir müddət Üzeyir bəy həm
qəzetin redaktoru olmuşdur) Üzeyir bəy gündə və
ya günaşırı müxtəlif mövzulara aid
çoxlu yazılar yazırdı. Biz məqaləmizin həcmini
nəzərə alaraq, onun yazılarından yalnız bəzi
parçalar sizə təqdim etdik. 1918-ci ildə, yəni
"Azərbaycan" qəzetində işləməyə
başladığı vaxt Üzeyir bəyin cəmi 33
yaşı var idi. Hələ həyatının 30 ili qabaqda
idi. O bu illərdə musiqi tarixinə, nəzəriyyəsinə
aid çoxlu məqalələr, 1945-ci ildə isə "Azərbaycan
xalq musiqisinin əsasları" fundamental elmi əsərini
yazacaqdı, çoxlu mahnılar, marşlar, dövlət
himnimizi bəstələyəcəkdi. "Aşıq
sayağı" triosunu, "Çahargah" və
"Şur" fantaziyalarını, kantatalarını və
nəhayət, şah əsəri olan "Koroğlu"sunu
yazacaqdı.
Lakin Üzeyir bəyin 1918-1920-ci illərdə "Azərbaycan"
qəzetində böyük "hünər sahibi olub" cəfakeşliklə
işlədiyi dövr, həm onun
yaradıcılığında, həm də musiqimizin özəl
xüsusiyyətləri olan bir vaxt kimi həmişə
qalacaqdır!
Zemfira SƏFƏROVA
Akademik, Əməkdar Elm Xadimi
525-ci qəzet .- 2025.- 22 aprel(№67).- S.8.