UNEC-in Zaqatala filialı: ali iqtisadi təhsil
üçün nüfuzlu ünvan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Zaqatala filialının əsaslı təmir olunmuş
yataqxana və idman zalının bu günlərdə
açılışı keçirilib. Əsaslı təmir
və yenidənqurma işlərindən sonra yataqxananın
tutumu 73 nəfərdən 155 nəfərə qədər
genişləndirilərək müasir tələblərə
uyğunlaşdırılıb. 2 və 3 nəfərlik
otaqlar beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli
mebel, zəruri məişət avadanlıqları və texnikası,
eləcə də istilik və soyutma sistemi ilə təchiz
olunub. Bütün otaqlarda yüksək gigiyenik standartlara
uyğun sanitar qovşaqlar və duş kabinləri qurulub.
Sağlamlıq imkanları məhdud tələbələr
üçün 2 ədəd müasir otaq ayrılıb və
həmin otaqlarda inklüzivlik baxımından xüsusi imkanlar
yaradılıb. Bütün otaqlar smart texnologiyalarla təchiz
olunub. Birinci mərtəbədə tələbələrin
rahat istirahəti və əyləncəsi üçün
xüsusi olaraq dizayn edilmiş istirahət otağı və
oxu zalı mövcuddur. Yataqxanada, həmçinin, müasir avadanlıqlarla
təchiz olunmuş camaşırxana
quraşdırılıb. Eyni zamanda zəruri avadanlıq və
dərman preparatları ilə təchiz olunmuş ilkin tibbi
yardım məntəqəsi də yaradılıb.
Yataqxanada böyük və müasir yeməkxana, eləcə
də bütün mərtəbələrdə zəruri
avadanlıqlarla təchiz olunumuş geniş mətbəxlər
mövcuddur.
Yeni istifadəyə verilən idman zalı tələbələrin
sağlam həyat tərzi sürməsi və idmanla məşğul
olması üçün tam şəraitlə təmin
edilib. 6 funksional otaqdan ibarət idman zalında basketbol, voleybol
və fitnes üzrə ixtisaslaşdırılmış sahələr
yaradılıb.
Yataqxananın həyətyanı və ətraf sahəsində
genişmiqyaslı abadlaşdırma işləri
aparılıb, ərazidə yaşıllıq zolaqları
salınıb və təbiətə uyğun müxtəlif
ağaclar əkilib. Eyni zamanda, tələbələrin istirahəti
və sosial fəaliyyətləri üçün oturacaqlar
quraşdırılıb.
Tələbələrin təhlükəsizliyini təmin
etmək məqsədilə yataqxana 24/7 fəaliyyət
göstərən nəzarət sistemi və müşahidə
kameraları ilə təchiz olunub.
Regionların sosial-iqtisadi inkişafı
üçün yüksək ixtisaslı kadrlara tələbatı
təmin etmək, bölgələrdə yaşayan gənclərin
seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə
çıxış imkanlarını genişləndirmək,
eləcə də ali təhsil müəssisələrinin
mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini
artırmaq məqsədilə Prezidentin 29 aprel 2016-cı il
tarixli Sərəncamı ilə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan
Dövlət İqtisad Universitetinin Zaqatala filialı
yaradılıb. O ilin sentyabrında da filialın
açılışı olub. Filialda 2016-2019-cu illərdə
1 fakültə, 1 kafedra və 2020-2023-cü illərdə
Zaqatala İqtisadiyyat Məktəbi fəaliyyət göstərib.
Ölkə iqtisadiyyatının tələblərinə
uyğun olaraq ən mühüm ixtisaslar üzrə
iqtisadçı kadrların hazırlanması məqsədilə
2024-cü ildə Zaqatala İqtisad Məktəbi ləğv
edilib.
UNEC Zaqatala filialının idarə edilməsində səmərəliliyin
artırılması məqsədilə yeni ştat cədvəlinə
uyğun olaraq struktur dəyişikliyi olub. Struktur uyğun
olaraq "İqtisadiyyat və menecment" departamenti, Katiblik,
Maliyyə və təminat şöbəsi, Təsərrüfat
şöbəsi yaradılıb.
Filialda "İqtisadiyyat və idarəetmə",
"Texniki və texnoloji" bölmələrdən ibarət
"İqtisadiyyat və menecment" departamenti fəaliyyət
göstərir.
Filial UNEC-in regional ali iqtisadi təhsil
missiyasının icrasını təmin edir, bundan irəli gələn
müsbət nəticələrdən region və dünya ali
təhsil məkanında dayanıqlı rəqabət
üstünlüklərinin formalaşması
üçün şərait yaradır. Tələbələrin
Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və
işgüzar idarəetmə vərdişlərinin
aşılanmasına və müasir biznes
informasiyalarının araşdırılması qabiliyyətinin
formalaşmasına, analitik düşünmə və qərarvermə
qabiliyyətinin qazanılmasına, onların müəssisə
və təşkilatlarda müxtəlif məsul vəzifələr
tutmasına peşəkarlıq nöqteyi nəzərdən
hazır olmalarına imkan yaradır.
Filialda iqtisadiyyat, maliyyə, menecment, marketinq, biznesin
idarə edilməsi, mühasibat, turizm işinin təşkili,
informasiya texnologiyaları, dövlət və bələdiyyə
idarəetməsi ixtisaslar üzrə ali təhsilli peşəkar
iqtisadçı mütəxəssislərın
hazırlanması həyata keçirilir.
Universitetimizin bakalavr səviyyəsinə qəbul
Dövlət İmtahan Mərkəzi tərəfindən
aparılır.
UNEC-də olduğu kimi, filialda da yeni təhsil
proqramları üzrə təhsil alan tələbələrə
4 günlük iş rejimi nəzərdə tutulub ki, bu da təhsilalanların
əlavə olaraq dərsdənkənar məşğələlərə
vaxt ayırmasına imkan yaradır. İqtisadiyyat və
menecment departamentinin "İqtisadiyyat və idarəetmə"
bölməsində olan Azərbaycan dilində işgüzar və
akademik kommunikasiya, Fəlsəfə, Azərbaycan tarixi fənlərinin
tədrisi onlayn aparılır.
Onlayn dərslərdə isə EDUMAN sisteminin tərkibində
elektron jurnal bölməsi Zoom platforması ilə inteqrasiya
edilmiş və tələbələrin dərsə
qoşulma davamiyyəti avtomatik sistem tərəfindən qeydə
alınır, qiymətləndirməni isə müəllim
kabinetində mövcud olan distant jurnal vasitəsi ilə həyata
keçirir.
UNEC Elektron Universitet Modeli (EDUMAN) kredit sisteminin effektiv
şəkildə tətbiq edilməsi üçün
qurulmuş elektron platformadır. Bu platforma vasitəsi ilə
UNEC-in və UNEC Zaqatala filialının tələbələri
www.kabinet.unec.edu.az keçidinə
daxil olmaqla lazımi məlumatları əldə edə bilirlər.
Tələbə EDUMAN sisteminə daxil olmaq
üçün istifadəçi adı və şifrəsini
fakültə tyutorlarından əldə edə bilər. Layihənin
məqsədi tələbələrin vahid mərkəzə
müraciət edərək, tələb olunan təhsil sənədlərini
ən qısa müddətdə əldə edə bilməsidir.
"Bir Pəncərə" sistemi vasitəsilə tələbə,
ona lazım olan təhsil arayışının
hazırlanması üçün şəxsi kabinetindən
günün 24 saatı, həftənin 7 günü xidmətə
müraciət edə bilir. Bir pəncərə xidməti tələbələrə
akademik transkript, təhsil almaq, təhsil haqqı, hərbi xidmətlə
bağlı arayış, məzun arayışı, eləcə
də qiyabi təhsil alanlar üçün arayış və
təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş
surəti verilir.
Sənədlər tələbənin istəyindən
asılı olaraq, Azərbaycan və ingilis dillərində
verilir. İngilis dilində arayışlar 2022-2023-cü tədris
ilindən verilməyə başlanılıb. Bu yenilik tələbələri
sənədlərin ingilis dilinə tərcümə və təsdiqi
üçün notarius xərclərindən azad edir.
Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr
operativ şəkildə apellyasiya müraciətlərini edə
və nəticələrini öyrənə bilərlər.
Bunun üçün "erize.asue.edu.az" saytına daxil
olmaq kifayətdir. Sistem imtahan sessiyasının obyektiv və
şəffaf təşkilinə, həmçinin tələbənin
vaxtına qənaəti təmin edir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun
sözlərinə görə, UNEC-in Zaqatala filialının
yaranmasının siyasi, iqtisadi və mədəni əhəmiyyəti
çox böyükdür. Sevindiricidir ki, bu regionda çox
yüksək səviyyəli bir ali təhsil müəssisəsi
qurulub. Yaraşıqlı binası, işıqlı və
isti auditoriyaları, yeməkxana və yataqxana şəraiti
arzuolunan səviyyədədir. UNEC-də bərqərar olunan
akademik pedaqoji və etik normalar Zaqatala filialında da qüvvədədir.
İmtahanların obyektivliyi və şəffaflığı
filialda da diqqət mərkəzindədir: "Bu yanaşma
qonşu dövlətlərdə fəaliyyət göstərən
və keyfiyyətsiz təhsil verən universitetlərə tələbə
axınının qarşısını alır. Bölgədə
yaşayan elmi dərəcəli insanlar filiala cəlb olunub və
onların intellektual potensialından istifadə olunur. Region
etnik baxımdan rəngarəng olduğundan universitet həm də
mədəni mərkəz rolunu oynayır. Bir çox millətlərin
nümayəndələri ali məktəbdə gənclərə
təhsil verir: "Filialda tədris yüksək səviyyədə
qurulub, həm rəhbərlik, həm də müəllim
kollektivi tərəfindən şəffaflıq, ədalət
prinsiplərinə ciddi riayət edilir. Burada ixtisas üzrə
oxumaq, lazımlı biliklər əldə etmək, eyni
zamanda, ümumi dünyagörüşünü inkişaf
etdirmək üçün hər cür imkan və şərait
var. Universitet tələbələrinə rəhbərliyin,
müəllimlərin diqqət və qayğısı,
demokratik yanaşması xüsusilə diqqət çəkir".
UNEC-in Zaqatala filialının məzunu Nurlan Həsənov
deyir ki, UNEC ona çox şey verib - geniş biliklər, təcrübələr
və dəyərli dostluqlar: "Filialda ixtisaslar üzrə
dərs deyən peşəkar müəllim heyəti var. Təhsil
aldığım müddət ərzində həqiqətən
də tədris keyfiyyətinin yüksək olduğunu və
beynəlxalq standartlara uyğun təhsil verildiyini
gördüm. Tədris müddətində əla dostlar
qazandım və birgə layihələrdə, tədbirlərdə,
müzakirələrdə iştirak edərək
dostlarımla güclü əlaqələr qurdum. Bu dostluqlar
universitet həyatımı daha da maraqlı və rəngarəng
etdi. UNEC-də təhsil almaq mənim üçün
çox böyük bir təcrübə oldu və burada
qazandığım biliklər və dostluqlar həyatımda əvəzolunmaz
bir yer tutur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 23 aprel(№68).- S.15.