Milli Hökumət
dövrü Həsən Həsənovun xatirələrində
(Əvvəli ötən sayımızda)
Həsən Məmməd oğlu Həsənov
1904-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində
doğulmuş, buradakı rus-tatar məktəbində
oxumuş, sonra isə orta təhsilini Qaryagindəki ikinci dərəcəli
məktəbdə tamamlamışdı. Zəngəzur qəzasında
Kommunist gənclər hərəkatında fəal iştirak
etmiş, təhsilə, xüsusilə rus dilinə
böyük maraq göstərmişdi. O vaxt rus-tatar məktəbləri
əsasən rus dilini öyrədirdi. Orta təhsilini
tamamladıqdan sonra 1929-cu ildə Ağdam Partiya təşkilatı
onu Moskvaya, Krupskaya adına Kommunist Tərbiyəsi akademiyasına
təhsilə göndərir, 1932-ci ildə oranın kütləvi
təşviqat şöbəsini bitirib vətənə
qayıdır. Onu Qasım İsmayılov raykomuna təbliğat
və təşviqat şöbəsinə müdir göndərirlər.
Burada fəallığı, rus dilində arayışlar tərtib
edə bilməsi ilə fərqlənir. 30-cu illərin əvvəllərində
bunu bacaran yerli kadrlar çox az idi, bu işi ruslar və yəhudilər
görürdü.
1934-cü ildə M.C.Bağırov AK(b)P-nin birinci
katibi seçiləndə H.Həsənovu MK aparatında
görürük. Yeni katib digər işçilər kimi,
onun da bioqrafiyası ilə tanış olub onu aparatda saxlamaq qərarı
verir. Buradan da memuarların roman kimi oxunan siyasi hissəsi
başlanır. O zaman azərbaycanlı kadrlar rus və ermənilərə
yarınmaqla özlərini qoruyurdular. Bağırova isə
birinci katib olandan sonra yerlilərdən olan sadiq adamlar lazım
idi, bunsuz aparatda işləmək olmazdı. H.Həsənov
isə öz fanatik zəngəzurlu düzpərəstliyi ilə
bu işə yarayırdı. O, M.C.Bağırov haqqında rəğbətlə,
amma emosiyalara yol vermədən, öz obyektivliyinə inamla
yazır. Ən xırda tapşırıqlara da
prinsipiallıq göstərir və rəhbərin
xırdaçılığına haqq qazandırır. Nəhayət,
illər keçdikcə H.Həsənovun da elastik bir
aparatçıya necə çevrildiyini müşahidə
edirik. M.C.Bağırovu isə memuar boyu xroniki nevrozdan əziyyət
çəkən, boş yerdə problem yaradıb həll edən
orta səviyyəli icraçı məmur kimi
görürük.
1935-ci ildə Azərbaycan MK-si Həsən Həsənovu
Moskvaya Qırmızı Professura institutuna göndərir,
1938-ci ildə Bakıya qayıdır və Partiya Tarixi
institutuna əvvəlcə direktor müavini, sonra isə
direktor təyin olunur. Bu təyinatla M.C.Bağırov
özünü erməni, rus, yəhudi aparat
yazarlarının monopoliyasından xilas edir. Ciddi partiya tədbirlərindəki
çıxışlarının, imzaladığı
arayışların hazırlanmasında və son redaktəsində
Həsən Həsənov iştirak etməyə
başlayır. 1944-cü ilin aprelinə qədər Azərbaycan
MK aparatında şöbə müdiri, katib,
üçüncü katib və sair vəzifələrdə
çalışır.
lll
1944-cü ilin aprelində Həsən Həsənov azərbaycanlı
ziyalı və hərbçilərin ikinci qrupunun rəhbəri
kimi Cənubi Azərbaycana işə göndərilir. Bu tam məxfi
partiya və dövlət əməliyyatı olubdur. Ona
görə memuarında bu barədə təxmini ifadələrlə
danışır, amma mətndən nədən söhbət
getdiyini anlamaq mümkündür. 1941-1942-ci illərdə
İrana ezam olunmuş birinci Azərbaycan qrupunun rəhbəri
AK(b)P-nin üçüncü katibi, görkəmli dövlət
xadimi Əziz Əliyev idi. O, Dağıstanın Partiya təşkilatına
rəhbər göndəriləndən sonra Bakıda
üçüncü katib yeri boş idi. Protokola görə
İrana partiya işinə gedən qrupun rəhbəri azı
respublika partiya MK-sının üçüncü katibi
olmalı idi ki, partiya xətti ilə rəhbərlik səlahiyyəti
olsun. Həsən Həsənov Təbrizə getmək ərəfəsində
bu vəzifəyə seçildi. Üçüncü katib kənd
təsərrüfatına və səhiyyəyə
baxırdı. Onun yeni təyinatı 1943-cü ilin baharın
axırında baş verdi. H.Həsənov Azərbaycan rəhbərinə
həmin ilin kənd təsərrüfatı məhsulunu
itkisiz toplamaq və dövlət anbarlarına təhvil vermək
üçün lazım idi. O zaman kəndlərdə
acından ölənlər az deyildi, amma biçilmiş zəmi
yerindən bir sünbülü evə aparmağa görə
on il həbs verirdi məhkəmələr. H.Həsənov
lazım gələndə sərt, partiya siyasətini hərfən
anlayan tipik bolşevik idi. 23 yaşacan yarımköçəri
maldar ailəsində, at belində böyümüşdü,
kənd yerlərinə həvəslə gedir, hər
xırdalıqlara müdaxilə edirdi, təftişi
xoşlayır, Bakıya qayıdıb hər şeyi
Bağırova danışırdı. Onlar arasında
oxşarlıq çox idi.
Lakin maraqlı olan İ.Stalinin idarə üslubu idi. Rəhbər
İranda Kommunist çevrilişinə
hazırlaşırdı, H.Həsənov və onlarla digərləri
bu işə cəlb olunmuşdu. Amma onlar heç biri
çevriliş planı barədə dəqiq məlumata malik
deyildilər. Nə üçün? Ona görə ki,
çevrilişi icra edənlər belə onu təşkil
olunmuş hadisə kimi yox, İranda kommunist və demokratik hərəkatların
nəticəsi kimi qəbul etməli idi. Bu, Moskvadan idarə
olunan Dünya Kommunist hərəkatının zorakı və
qanlı üzünü gizlətməli, onun hərbi yolla
icra olunmasını pərdələməli idi.
Üçüncü katib seçiləndən sonra
H.Həsənov SSRİ Xarici işlər Nazirliyinin xətti ilə
Təbrizdə vitse-konsul təyin edildi. Bu vəzifə
diplomatik status verir və H.Həsənovun İranda həbsi
ehtimalını aradan götürürdü. Bu fakt göstərir
ki, onun İrana qrup rəhbəri kimi getməsi barədə qərar
onun xəbəri olmadan İ.Stalin və M.C.Bağırov tərəfindən
artıq qəbul edilmişdi. Amma məxfilik protokollarına
görə qəbul edilən qərarlar bolşevik
aparatında gizli saxlanırdı. Həsən Həsənov
memuarında İranla bağlı əksər qərarları
M.C.Bağırovun iradəsi kimi təqdim edir. Amma Rusiya
diplomatiya tarixçiləri, bizdə isə Cəmil Həsənli
arxivlərdəki konkret faktlarla sübut edirlər ki,
İranla bağlı ən xırda qərarları belə
İ.Stalin özü qəbul edirdi. Kommunist hərəkatını
dünyaya yaymaq onun hobbisi idi. O, tək İranda yox, Çində,
Almaniyada, İtaliyada, Fransada və bir çox digər ölkələrdəki
Kommunist hərəkatları ilə gündəlik məşğul
idi.
Ona görə H.Həsənovun üçüncü
katib seçilməsi, şübhəsiz ki, İ.Stalinlə
razılaşdırılmışdı. Lakin İ.Stalin istəmirdi
ki, Azərbaycan KP aparatındakı çoxlu iranlı
kommunist bu işlə onun şəxsən məşğul
olduğunu bilsin, bu, səhəri gün İran bazarlarında
belə hamıya məlum olardı. Bunu 1921-ci ildən
bolşevik çekasında işləyən
M.C.Bağırov da gözəl anlayırdı. O, Bakıda
İ.Stalinin kölgəsi idi. Ümumiyyətlə, Milli
Hökumət dövrünü öyrənən hər kəs
bilməlidir: Milli Hökumət layihəsində hansısa Azərbaycan
vətənpərvərinin ideya müəllifi kimi
iştirakı, o sıradan M.C.Bağırovun vətənpərvərliyi
haqda söhbətlər mifdir. Onun üçün
İ.Stalinin bütün tapşırıqları müqəddəs
idi, soyuqqanlılıqla icra edilirdi. Milli Hökumət qurulan mərhələdə
də, 1946-cı ilin martından ləğv edilən mərhələdə
də belə idi.
Memuarlardan bir məsələ də
aydınlaşır. Bu, İran Kommunist Partiyasının idarə
olunmasıdır. 1941-1946-cı illərdə bu səlahiyyət
Moskvada qalırdı.M.C.Bağırova İranla bağlı
böyük səlahiyyətlər verilməsinə baxmayaraq,
onun İran Kommunist partiyası ilə heç bir rəsmi
münasibətləri yox idi. İrana göndərilən hər
üç hərbi və məmur desantı Azərbaycan K(b)P
aparatında formalaşdırılırdı. Birinci və
ikinci desantlara (1941-1942 və 1944-cü il qrupları) ümumi
rəhbərliyi SSRİ-nin İrandakı səfirliyi həyata
keçirirdi. Lakin üçüncü desant qrupu, yəni
Muxtar Milli Hökumətin qurulması işi Bakı şəhərində
oturan M.C.Bağırov tərəfindən idarə olunurdu. Bu
mərhələdə SSRİ-nin İrandakı səfirliyi hərəkatın
idarə olunmasında nəinki iştirak etmir, əksinə,
ona qısqanclıqla yanaşırdı. H.Həsənovun
gündəliklərində bu barədə xeyli epizodlar
vardır. Belə vəziyyətin bir səbəbi məxfiliyinin
qorunması, digəri isə Cənubi Azərbaycandakı hərəkatın
dünyadakı Kommunist partiyalarına Milli azadlıq hərəkatı
kimi təqdim etmək istəyi idi.
Milli Hökumət layihəsinin hazırlanıb həyata
keçirilməsini birbaşa M.C.Bağırov icra edirdi. Bu, birinci,
hadisələri Cənubi Azərbaycanda milli hərəkat kimi
təqdim edir, ikinci, Moskvanın təşkilatçılığını
pərdələyir, üçüncü, İran Kommunist
partiyasını gələcək üçün kənarda
saxlayırdı. Məsələn, Milli Hökumət layihəsindən
əvvəl Şahsevən tayfa başçıları ilə
Bakıda Azərbaycanın rəhbəri olan M.C.Bağırov
görüşmüşdü. Eyni münasibətlə
Bağırov Bakıda Əli Şəbüstəri ilə
görüşmüşdü, bu barədə H.Həsənovun
memuarında qeydlər var. O, İran Kommunist partiyasının
azərbaycanlı fəallarından idi. Bu detallar göstərir
ki, Milli Hökumət üçün kadrlar seçilməsini,
onların təyinatı məsələlərini də
iranlı inqilabçılar M.C.Bağırovdan eşidirdilər.
Lakin Bağırov təyinatları ancaq icra edirdi, onlar barədə
qərarlar istisnasız olaraq Moskvada İ.Stalin tərəfindən
qəbul edilirdi.
Bu baxımdan memuarlarda H.Həsənovun Azərbaycan rəhbəri
M.C.Bağırovla bir vaxtlar İran Kommunist partiyasının
birinci katibi olmuş M.C.Pişəvərinin təsdiq
görüşü barədə qeydləri çox
maraqlıdır. Mətndən görünür ki, H.Həsənov
bu barədə bildiklərini tam açıqlamır, amma qeyd
edir ki, 1945-ci ilin yayında Pişəvərinin İran
Kommunist partiyasının rəhbərləri ilə
münasibətləri pis idi. Güman ki, bu da onun Milli
Hökumət quruculuğuna rəhbər təyin edilməsinə
təsir edən səbəblərdən olub.
1941-1946-cı illərdə SSRİ və İ.Stalin
İran siyasətinə çox böyük maddi vəsaitlər
sərf etmişdi. Mərhum tədqiqatçı Cavanşir Vəkilovun
"1920-1940-cı illərdə Azərbaycan-İran mədəni
əlaqələri" kitabını (Bakı, Elm, 1978) vərəqləyəndə
heyrət edirsən: 1941-1946-cı illərdə SSRİ-də
adamlar acından öldüyü halda İ.Stalin nə
üçün İranda bu qədər vəsait xərcləyib?
Yəqin, güman edib ki, Dünya Kommunist hərəkatının
qələbəsi acından ölənlərin taleyindən
çox-çox önəmlidir.
lll
H.Həsənovun memuarında Milli Hökumətlə
bağlı "İran gündəlikləri"ndə
olmayan detallar var və onlar baş verənlərin tam
xronikasını bilmək üçün çox
mühümdür. Bunlardan birincisi odur ki, SSRİ-nin və
İ.Stalinin 1944-cü ildə İranda şah rejimini ləğv
edib respublika yaratmaq, ikinci mərhələdə kommunistləri
hakimiyyətə gətirmək planı olubdur. Həmin ilin
aprel-dekabr aylarında bu plan həyata keçirilməyə
başlayıb, H.Həsənov başda olmaqla Azərbaycan SSR
kommunistlərindən ibarət dəstə Cənubi Azərbaycanda
bu işdə iştirak edibdir.
Bu iştirak barədə memuarında H.Həsənov
xeyli maraqlı detallar verir. İrandakı məxfi missiya ilə
bağlı Azərbaycan MK-sı xətti ilə onunla
İrana gedəcək yoldaşlarla birgə Moskvada xüsusi
kursları keçib, İranın iqtisadiyyatını, siyasi
quruluşunu, etnik tərkibini, oradakı Kommunist
partiyasının tarixini öyrənib. Həmçinin məxfi
operativ işin əsaslarını mənimsəməyə
çalışıb.
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2025.- 23 aprel(№68).- S.14.