"Aleksandr
Puşkinin portreti" - "Mən ki gözəl
deyildim!"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla məşhur rus rəssamı Orest Kiprenskinin
"Aleksandr Puşkinin portreti" - "Mən ki gözəl
deyildim!" əsəri haqqında
danışmışıq.
XIX əsrin birinci yarısı rus mədəniyyətində
qızıl dövr kimi qiymətləndirilir. Bu dövrdə
yaşayıb-yaradan məşhur rəssamlardan biri də Orest
Kiprenski olub.
Orest Kiprenski 1782-ci ildə doğulub. Bioqrafiyası
sirlərlə dolu olan bu rəssam haqqında hələ həyatda
ikən çoxlu əfsanələr dolaşırdı.
Ən geniş yayılmış versiyaya görə, onun
atası mülkədar, anası isə təhkimçi
qadın olmuşdu. Dövrün qanunlarına görə,
onların rəsmi nikah bağlaması mümkün deyildi.
Bastard, yəni nikahdan kənar övlad olduğu
üçün atasının soyadını
daşımağa icazəsi yox idi. Bütün bu sosial
tabulara baxmayaraq, atası dövrünə görə maarifpərvər
bir insan idi və oğluna həm maddi, həm də mənəvi
dəstək göstərirdi. Oğlunun gələcəyini
düşünən atası mülkədar Dyakonov Orest Kiprenskiyə
və anasına azadlıq verir. Maraqlıdır ki, ad və
soyad seçimi zamanı da atası fəal iştirak edir və
adının səsli, yaddaqalan olmasına xüsusi diqqət
yetirir. Belə ki, "Orest" o dövrün dəbli
adlarından biri, "Kiprenski" isə Kiprli Afroditadan
ilhamlanaraq seçilmişdi.
Məhz atasının dəstəyi ilə Orest
Kiprenski Peterburqda İmperator Rəssamlıq akademiyasına qəbul
olmuş, çox qısa zamanda böyük uğurlar əldə
etmişdi.
Akademiyanı bitirdikdən sonra o, Peterburqda ən dəbli
portret rəssamlarından birinə çevrilir. Lakin onun ən
böyük arzusu İtaliyaya getmək idi. Bu arzu uzun illər
sonra gerçəkləşir. İtaliyada keçirdiyi
dövr rəssamın yaradıcılığına və
şəxsi həyatına dərin təsir göstərir.
Qısa müddətə Peterburqa qayıtsa da, yenidən
Romaya dönür, burada ailə qurur və ömrünün
sonuna qədər orada yaşayır.
- Rəssam bu portretdə Puşkin ömrünün
hansı dövrünü təsvir edib?
- "Rus ədəbiyyatının günəşi"
adlandırılan Puşkinin çoxlu sayda portretləri
sağlığında və ölümündən sonra
qrafika, rəngkarlıq nümunələrində əks
etdirilsə də, məhz bu portret onun xarici görkəmini ən
dəqiq və uğurlu şəkildə əks etdirən
nümunələrdən biridir.
Aleksandr Puşkin burada iyirmi yeddi yaşında təsvir
olunub. Sözügedən dövrdə onu rus ədəbiyyatının
dahisi adlandırmaq çətin idi. Bir neçə
kiçik əsər yaradan gənc şairdə bu
potensialı heç kim görmürdü. O dövrdə
Jukovski kimi yazıçılardan gözləntilər daha
çox idi. Aleksandr Sergeyeviç Puşkin müflisləşmiş
zadəgan ailəsində anadan olmuşdu. Ana tərəfdən
ulu babası efiopiyalı knyaz olduğundan şərq üz
cizgiləri onun xarici görünüşündə diqqətə
çarpır və ömrü boyu şair özünü
çirkin hesab edir. Məhz bu səbəbdən o, heç
vaxt portretlər üçün poza verməz, təsvirdən
qaçardı.
Aleksandr Puşkinin portreti, məktəb dostu Anton
Delviqin sifarişi ilə çəkilib. Şairin natura kimi
durmağa razı salınması isə asan başa gəlməyib,
bu məqsədə böyük səylər nəticəsində
nail olublar. Portret tamamlandıqdan sonra Puşkin onun gerçəyə
uyğun, lakin bir qədər ideallaşdırılmış
şəkildə təsvir olunduğunu qeyd edir. Əsər
yazıçı tərəfindən yüksək qiymətləndirilmiş,
hətta bu portret gələcəkdə Puşkinin məşhur
rəssam Vasili Andreyeviç Tropininə də portret
sifariş etmək arzusunu doğurmuşdu.
- Əsərin rəng həlli necədir?
- Yağlı boya ilə çəkilmiş portretin
palitrasında bir neçə tondan istifadə olunması əsərə
təmkin və yumşaqlıq qatıb. Lakin bu monotonluq ürəyi
sıxmır, əksinə, nəzəri daha da cəlb edir. Bu
rənglərin fonunda şairin işıqlı çöhrəsi
önə çıxaraq tamaşaçının
bütün diqqətini özünə yönəldir. Rənglər
vasitəsilə rəssam şairin ikili xasiyyətini
tamaşaçıya ötürür. Şairin sol üz tərəfi
daha açıq tonlarla, yumşaq keçidlər və
işıq oyunları ilə işlənərək ona məlahət
və saflıq hissi verir. Sağ tərəfdə isə
tünd çalarlar və kölgələrin çoxluğu
onun daha ağır, bəzən isə demonik xarakterini
vurğulayır. Əsərdə əsas rəng tonu qəhvəyi-qızılı
və zeytun yaşılı təşkil edir və bu detallar
Puşkinin tünd üzünü yumşaldır. Əsərdə
əsas rəng tonları olan qəhvəyi-qızılı və
zeytun yaşılı Puşkinin tünd simasını
yumşaldaraq onun daxili aləmini və düşüncəli
təbiətini ön plana çıxarır. İncə
işlənmiş konturlar şairin romantik və təxəyyülə
qərq olmuş halını vurğulayır. Fon sadə
saxlanılıb, yalnız kiçik muza heykəli var ki, bu da
diqqəti yayındırmadan baxışları şairin
üzünə yönəldir. Baş ətrafında
açıq tonla yaradılmış nimb effekti Puşkinin
qeyri-adi şəxsiyyətini simvolizə edir. Geyimdəki qara
rəng və çiyninə atılmış şotland
tartanı kompozisiyaya statiklik və tarazlıq gətirir.
Saçlarda tunca çalan qırmızımtıl tonlar isə
Puşkinin obrazını heykəltaraşlıq təsiri ilə
tamamlayır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- "A.S.Puşkinin portreti" kamera portret
növünə aiddir. Kamera portretlərində, parad portretindən
fərqli olaraq, insanın daxili aləmi və ruh halını
vizual olaraq ifadə edir.
Bu tip portretlərdə çox vaxt insan çiyinə,
sinəyə və ya belə qədər neytral fonda təsvir
olunur. Neytral fon tamaşaçının fikrini
yayındırmır, obraza tam fonuslanmağa imkan yaradır. Bu
fonda təsvir edilən bəzi portretlər intim portret hesab
olunur.
Puşkinin portretdə statik, sanki bürüncdən
tökülmüş bir heykəl kimi təsvir olunması onu
antik heykəllərlə assosiasiya edir və rəssamın
İtaliyadakı təəssüratlarını dolğun
şəkildə əks etdirir.
Arxa planda yerləşdirilmiş kiçik muza heykəli
isə monoxrom rənglərlə işlənib ki, diqqəti
yayındırmasın. Bununla belə, heykəlin Puşkinin
fiqurundan yuxarıda yerləşməsi onu mifik, ali bir
varlıq kimi göstərir və tanrılarla
bağlılığını simvolizə edir. Muzanın
başın üzərində yer alması və rəssamdan
yuxarıda təsvir olunması onun ilahi himayədar
obrazını yaradır.
- Puşkinin gözləri xüsusilə diqqət
çəkir.
- Rəssam, Puşkinin gözlərini detallı şəkildə
işləyərək tamaşaçının diqqətini
onun daxili aləminə yönəldir. Bu da romantik portretin əsas
xüsusiyyətlərindən biridir. Gözlər vasitəsilə
xarakterin iç dünyasının açılması, eyni
zamanda kamera portretinə xas bir yanaşmadır. Əsərdə
gözlərin digər elementlərə nisbətən daha dəqiq
və üzün daha işıqlı təsviri
kompozisiyanın mərkəzini təşkil edir.
- Tablo harada saxlanılır?
- Əsər Moskvada Dövlət Tretyakov
qalereyasında qorunur.
- Rəssamın yaradıcılığına xas
xüsusiyyətlər bu əsərdə özünü necə
göstərir?
- Orest Kiprenskinin yaradıcılığında portret
janrı aparıcı rol oynayır. Tələbəlik illərində
o, bu janrın bütün metodlarını mənimsəməsinə
baxmayaraq, bu istiqaməti davam etdirmir, öz
yaradıcılığı üçün portret
janrını əsas kimi götürür.
Dövrünün romantik rəssamı olan Orest Kiprenski portret
janrında yenilik əlavə edərək təsvir etdiyi
insanların daha çox daxili aləminə və
psixologiyasının açılması xüsusiyyətlərini
ön plana çəkir. Bu da rus təsviri sənətində
romantik portretlərin yaradılmasına təkan verir. Belə
kamera portretlərində rəssam neytral fon istifadə edərək
bütün diqqəti fiqura yönəldir ki, bu da onun
yaradıcılığı üçün səciyyəvi
xüsusiyyətdir.
- Puşkinin portretində istifadə olunan statik poza əslində
Orest Kiprenskinin portretlərində çox da rast gəlinmir.
- Bu məqam əsəri bir qədər sərt və
təmkinli edir, üstəlik, romantik ovqatdan
uzaqlaşdırır. "Pyotr Alenin", "Gənc
bağban" və digər əsərlərinə nəzər
salsaq, romantik portretlərə xas sərbəst, bir qədər
ətraf aləmdən təcrid olunmuş insanlar təsvir
edilir. Onların aləmi tamaşaçı
qarşısında tamamilə açılaraq gizli qalmır.
Aleksandr Puşkində isə statik poza və əllərin
qucaqlayıb tutması onun sanki izləyici qarşısında
tam açılmaq istəməməsindən xəbər
verir. Digər əsərlərdən fərqli olaraq, gözlər
ilə yanaşı, rəssamın iç aləmi simvolik
obraz - muza vasitəsilə tamaşaçıya
çatdırılır. "Pyotr Alenin" və ya
"Qrafinya Rastopçina" portretində rəmzlərdən
söhbət belə gedə bilməz. Həm də romantik səpkili
portretlərdə simvollara yer verilmədiyindən bu portret digərlərindən
tam fərqlənir. Demək olar ki, Orest Kiprenskinin bütün
portretlərində insanlar yüngül gülümsəyir, bəzən
isə kədərli üzə malikdirlər. Biz bunu Aleksandr
Puşkin haqqında deyə bilmərik, onun üzü
emosiyalardan uzaq və bir qədər məğrur təsir
bağışlayır.
- Bu rəsm bizə nə deyir?
- 27 yaşlı Aleksandr
Sergeyeviç Puşkini təsvir edən Orest Kiprenski sadə
quruluş istifadə etsə də, burada hər detal şairin
iç aləmini və xislətini alleqorik tərzdə
açır. Puşkinin statik, heykəl təəssüratı
yaradan fiqurunda rəssam bürünc büst fiquruna istinad edir.
Antik dövrlərdə bürünc büstlər çox
vaxtı ictimai mahiyyət daşıyan və parlaq şəxslərin,
şair, filosof, yazıçıların xatirəsini əbədiləşdirmək
üçün düzəldilirdi. 27 yaşlı Puşkin hələ
rus mədəniyyətində tam olaraq formalaşmasa da, Orest
Kiprenski sanki dostu Delviqin dediklərindən ilhamlanaraq şairdə
o potensialı görür və onu antik dahi şairlər ilə
müqayisə edir. Bürünc büstə daha da oxşatmaq
üçün hətta şairin açıq qəhvəyi
saç rənginə bir az da tunc çalarlar qatır.
Puşkinin sol çiyninə atdığı milli
şotland geyim elementi şairin
yaradıcılığının Corc Bayron ilə müqayisə
olunması üçün əlavə edilib. Rəssam rus ədəbiyyatındə
Aleksandr Puşkini Corc Bayron kimi romantizmin istedadlı nümayəndəsi
kimi təqdim edir. Bu geyim elementinin dövrün dəbinə
uyğun şəkildə şairin çiyninə
salınması Aleksandr Puşkinin eyni zamanda onun dəbli və
dendi obrazını gücləndirir. Tamaşaçı bunu
həmçinin təmiz və baxımlı dırnaqlarda da
müşahidə edə bilər. XIX əsr rus
aristokratların əsas işlərindən biri də,
dırnaqlara qulluq idi. Bu proses saatlarla uzana bilərdi, buna
görə də zadəganlar bu zaman ərzində mülkiyyət
ilə bağlı əmrlər verər, məktublara qulaq asar,
yazıçı-şair olarsa, yeni şeirləri diktə
edirdilər. Aleksandr Puşkinin baxımlı əlləri onun
zadəgan mənşəyini bir daha sübut edir. Bəziləri
isə portretdəki əllərin qadın əlləri
olduğunu iddia edirlər. Lakin bu fikir dəlillərə əsaslanmır,
çünki ilk növbədə aristokratların əlləri
ağır iş görmədiklərinə görə həmişə
incəliyi ilə fərqlənirdi. Bundan əlavə, diqqətlə
baxdıqda barmaqlarda kişi əlinə xas incə əzələ
quruluşu da sezilir.
Yunan tanrılarından biri olan Apollon məlumdur ki, incəsənət
tanrısıdır. Mifologiyaya əsasən biz bilirik ki, onun hər
incəsənət sahəsini təmsil və hamilik edən
köməkçiləri, yəni muzalar mövcud idi. Onlardan
biri də poeziya hamisi muza Erato hesab olunur və onun təsvirini
biz arxa planda əlində yunan musiqi aləti olan lira ilə
görürük. Muzanın arxada təsviri Aleksandr
Puşkinin yaxın dostu Delviqin istəyi ilə buraya əlavə
edilmişdi. Bu da rəssamın poeziya ilə sıx əlaqəsini
və hətta ali güclər tərəfindən hamilik
altında olduğunu simvolizə edir. Beləliklə, rəssam
Aleksandr Puşkinin yaradıcılığını yüksək
qiymətləndirərək onu bir növ "ilahiləşdirir".
Əsərdə maraqlı məqamlardan biri də fon
hissəsində şairin başının ətrafındakı
nisbətən açıq rənglə verilməsidir.
Ətrafında olan bu açıq sahə başını
nimb kimi dolayır. Nimb məlum olduğu kimi, xristian aləmində
müqəddəslərin başının ətrafında
istifadə edilərək onların müqəddəsliyinin rəmzi
göstərilməsidir. Lakin bu element həm də
gücü və hakimiyyəti də göstərir.
Əlləri qucaqlayıb tutmaq ictimai davranış
qaydalarına görə bəzən qeyri-etik hesab olunsa da,
Aleksandr Puşkinin bu duruşu onun kübarlığına və
qamətinə zəriflik qatır. Psixologiyaya görə
insanlar qarşı tərəfdən özünü gizlətmək
üçün əllərini belə tuturlar. Buna əsaslanaraq
belə qənaətə gəlmək olar ki, Puşkin tarixən
özünə qapanmış insan olub və hər kəsə
öz ruhunu açmazdı. Şairin gözləri
tamaşaçıya deyil, yan tərəfə yönəlir
və onu düşüncəli obraza çevirir. Təsvir
edilənin tamaşaçıdan baxışı yana çəkməsi
romantizm səpkisində olan portretlər üçün səciyyəvidir.
Baxışlarını uzağa yönəlməsi
sanki yeni bir şeirin yaranması üçün ilham
axtardığını və hər fikri içində təhlil
etdiyini göstərir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 23 aprel(№68).- S.13.