Söz, kitab, müəlliflik...
23 APREL - MƏDƏNİ SƏVİYYƏYƏ
GÜZGÜ TUTULAN GÜN
İnsanlığın ilk ixtirası, zamanın
saxlancı, insan düşüncəsi və ruhunun
daşıyıcısıdır Söz. Onu bəzən
daşlara həkk etdik, bəzən papirusda qoruduq, bəzən
də qəlbin dərinliklərindən süzülüb gələn
fikirlərlə kağıza hopdurduq.
Bəşəriyyət tarixində elə günlər
var ki, onlar sadəcə bir təqvim vərəqi deyil, həm
də mədəniyyətin, ideyaların və
yaradıcılığın rəmzinə çevrilmiş
xüsusi tarixlərdir. 23 Aprel də məhz belə günlərdən
biridir. Bu gün Dünya Kitab və Müəllif
Hüquqları Günü kimi qeyd olunur. UNESCO-nun 1995-ci ildə
bu tarixi elan etməsi heç də təsadüf deyildi. Həmin
gün 1616-cı ildə dünya ədəbiyyatı
üç nəhəngini - Servantesi, Şekspiri və
İnka Qarsilaso de la Veqanı itirmişdi. Bu simvolik tarix mədəniyyət
tarixində bir dövrə yekun vurub, yeni bir mərhələyə
"mərhaba" dedi. Onların yaratdığı ədəbi
irs təkcə dilləri və millətləri deyil,
bütöv insanlığı formalaşdırdı.
"Don Kixot"un içimizdəki idealları,
"Hamlet"in əbədi sualları, Qarsilasonun poetik lirizmi
bu gün də nəfəs alır. Dahi mütəfəkkirlərin
sözlə qurduğu dünyalar bu günümüzə qədər
yaşayıb, yaşadıb.
Kitab - sükut içində danışan, hər
oxuyanda yeni cümlələr quran sirli varlıqdır. O, sadəcə
oxunan deyil, yaşanan, hiss olunan, tərbiyə edən bir
fenomendir. Bəzən bir cilddə gizlənmiş talelər,
bir cümləyə hopan çağırışlar, bir sətirə
sığan əsrlər olur. Bu gün dünyada kitab
bayramı qeyd olunarkən, bizim üçün də yenidən
və təkrarən düşünməyə tanış
mövzumuz yaranır: bizim cəmiyyətin kitabla münasibəti,
eləcə də kitaba münasibəti nə yerdədir?
Azərbaycanda kitab sevgisi dərin köklərə
malik olsa da, müasir dövrün reallıqları ilə
ayaqlaşmaq bəzən çətinləşir. Oxucu
kütləsinin azalması, kitab dükanlarının gündən-günə
"yoxa çıxması" və elektron mediaya yönəlmə,
təəssüf ki, ənənəvi kitab sevgisinə təsir
edir. Digər tərəfdən, müasir nəşriyyatların
fədakar fəaliyyəti, gənc yazarların artan təşəbbüskarlığı
və sosial şəbəkələrdə kitabsevərlərin
yaratdığı icmalar bir ümid işığı da
yandırmamış deyil.
Əgər "kitab oxuyan yoxdur" desək, ilk
növbədə, elə bu yazıya, öz
gördüyümüz işə haqsızlıq etmiş
olarıq. Kitab oxunmursa, bəs niyə yazılır, niyə nəşriyyatlar
cild-cild kitablar tərcümə edirlər? Nədir bu
keçirilən kitab sərgilərinin məqsədi? Bəs
oraya yığılan insan selini necə açıqlayaq?
Əlbəttə, var kitab oxuyanlarımız. Hətta sevinclə
deyə bilərik ki, son illərdə Azərbaycanda kitaba
qayıdış müşahidə olunur. Gənclərin ədəbiyyata
marağı artır, tez-tez kitab müzakirələri
keçirilir, oxu klubları yaradılır, müasir müəlliflərə
yönələn maraq diqqət çəkir.
Lakin problemlər də az deyil: kitabların qiymətinin
baha olması, kitab mağazalarının azlığı,
müəlliflərin nəşr xərclərini
özünün qarşılaması, dövlət dəstəyinin
məhdudluğu, tərcümə işində çox
rastlanan səhlənkarlıq - bunlar oxucu ilə kitab
arasında görünməyən divarlar yaradır.
Nəşriyyatların fəaliyyəti, zəif tərcümələr,
tiraj problemləri, satış sistemindəki çətinliklər
bu sahənin ciddi müzakirə tələb edən məsələləridir.
Müəlliflərin öz əsərlərini nəşr
etdirmək üçün maddi və mənəvi əziyyət
çəkməsi, bir çox hallarda müəllif
hüquqlarının qorunmaması, plagiat hallarının cəzasız
qalması, nə yazıq ki, bu gün də aktualdır.
23 Aprel Dünya Kitab və Müəllif
Hüquqları Günü Azərbaycanda 1997-ci ildən qeyd
edilir. Ölkəmizdə müəllif hüquqları
bütün mövcud imkanlarla qorunur. Amma hələ də bir
çox müəllif öz kitablarının iznsiz
yayımlandığını, yaradıcı
ideyalarının başqa şəxslər tərəfindən
mənimsənildiyini görür. İnternetdə PDF
formatında yayılmış kitablar, müəllifin icazəsi
olmadan paylaşılan mətnlər və ya tərcümələrin
müəllif adı dəyişdirilərək təqdim
olunması - bütün bunlar yaradıcının maddi və
mənəvi hüquqlarının pozulmasıdır.
Müəllif hüququ - sadəcə hüquqi sənəd
deyil, müəllifin əməyinə, ruhuna, intellektinə
verilən dəyərdir. Bu hüquqlar qorunmadıqda,
yazarın ruhu tükənir, yaradıcılıq enerjisi itir,
nəticədə ədəbiyyat da susur. Əsəri
oğurlanmış bir yazar, səsi oğurlanmış bir
musiqiçi və ya fikri mənimsənmiş bir publisist -
hamısı eyni travmanı yaşayır: görünməmək,
dəyərsizləşmək. Bu səbəbdən, 23 Aprel həm
də müəllifin adını və imzasını
tanımaq, onu qorumaq günüdür.
Kitab oxumaq təkcə savad deyil, təfəkkür,
dünyagörüşü, empatiya qazandırır. Cəmiyyətin
gələcəyi oxuyan nəslin çiynində yüksəlir.
Bu gün valideynlər, müəllimlər, cəmiyyətin
sayılıb-seçilən ziyalıları bir suala cavab verməlidirlər:
gənc nəslə kitabı necə sevdirə bilərik?
Cavab sadədir - nümunə göstərərək. Oxuyan
valideyn, oxuyan müəllim, oxuyan jurnalist, oxuyan məmur -
bunlar təkcə obraz deyil, həm də təbliğatdır.
23 Aprel təkcə bayram deyil, mədəniyyətin
güzgüsüdür. Hər kitab bir ömür, hər
müəllif bir dünyadır. Bu gün bir kitab vərəqləmək,
bir müəllifi yad etmək, bir yeni nəşri almaq - sadəcə
jest deyil, həm də bir mədəniyyət və
şüur nümayişidir. Gəlin sözə, kitaba və
onun arxasındakı əməklərə sahib
çıxaq. Çünki millətin yaddaşı kitab rəflərindədir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 23 aprel(№68).- S.12.