DÜNYANI
MƏHVƏRİNDƏN ÇIXMAĞA QOYMAYAN
Bu məktubların hərəsi neçə dəfə
oxunub? Yüz dəfə, bir neçə yüz dəfə,
min dəfə, ya daha çox? Daha kiçik rəqəmlərdən
deyil, elə birbaşa yüz dəfə ona görə
yazıram ki, o məktubların oxunmasının şahidlərindən
biri - Mehdi Hüseynzadənin bacısı qızı Gülarə
xanım söyləyirdi ki, anam mən uşaq olanda da o məktubları
hər gün dəfələrlə oxuyurdu,
böyüdüm, yekə qız oldum, yenə o məktublar
qarşısındaydı, elə əvvəlki illərdəki
kimi, ilk dəfə görürmüş kimi oxuyurdu, ana oldum,
yaşa doldum, anam yenə o məktublarla idi və hər
görəndə ki yenə dayımın məktublarını
masanın üstündə sıralayıb, içəri girməyə,
onu dindirməyə cürət etməzdik.
O məktubları oxuya-oxuya anası, bacıları, əzizləri
neçə dəfə qəhərlərini udublar, neçə
dəfə gözləri yaşarıb? Hər o gözlər
yaşaranda, hər o qəhər udulanda, hər o məktublar
oxunanda həmin məktublardakı anlar diriydi, təzədən
dünənləri qaytarırdı və həmin dünənlərin
içərisindəki o cavan da sağ-salamat, sabahlara
ümidli idi.
Gün gəldi, o məktubları oxumaqdan doymayanlar
bir-bir dünyadan getdilər. Hər gedənlə də həmin
məktublardakı cavan da qocalmağa, vaxtca uzaqlaşmağa
başladı.
İkinci Dünya müharibəsinin bitməsindən
80 il, Mehdinin həlak olmasından 81 il keçir.
Bacısının oğlu, babasının
adını daşıyan, Mehdinin üzünü görməmiş,
ancaq ailədəki söhbətlərdən onu elə
görmüş kimi olan Hənifə qəzetlərdə qəhrəmanımız
haqqında dərc edilən məqalələrimdən sonra mənə
təşəkkür etməkçün zəng vurub,
sözlərini deyə bilmir, doluxsunur. Bu doluxsunan o deyil,
anasıdır, bibisidir, nənəsidir. Mehdinin adı çəkilincə
duyğulananlar, kövrələnlər varsa, demək, o, hələ
də lap yaxındadır.
...Bu məktublarda da Mehdi darıxır. Ancaq bu, müvəqqəti
ayrılıqdır, Leninqraddadır, ali məktəbdə dərs
alır, xarici dilləri öyrənir. Doğrudur, buraların
havası ona düşmür, amma hələlik dözür,
nə qəm, lazım gəlsə, görsə ki, daha tab gətirmir,
müraciət edib institutdan instituta köçürülə,
qaydıb oxumağını Bakıda da davam etdirə bilər.
Dostu, özünün görməyəcəyi gələcəyin
tanınmış rəssamı, sənətşünası
Mürsəl Nəcəfova yazır: "Mürsəl, mənə
kitab göndər, qəzetə bük və 50 qəpiklik
marka vurub mənim adresimə göndər. Bacar
"Qoşmalar" olsun, özü də cildi zərli
olsun".
Hələ həyat zər-zibalı, işıqla, rənglərlə
doludur, sabahlarda ümidlər sayrışır.
Gözəlcə anlayır ki, əli-qolu bağlı
deyil, yollar açıq, imkan olsa lap günü sabah Bakıya
yola düşə bilər, ən azı bir qədər sonra
qış tətili, ondan da bir neçə ay
ötmüş yay dincəlişi başlanacaq, onsuz da
buraxılacaqlar, asudəcə heç olmazsa qışda 10
gün, yayda 2 aylığa evə dönə biləcək.
Ancaq doğmalarından ötrü burnunun ucu göynəyir:
"Bibi, qadanı alım, səndən ötrü
darıxıram. Əgər yanvarda gəlməsən,
bağrım çatlar".
Həyat insana yaşada-yaşada, sınaqlardan
keçirə-keçirə hər sıxıntıya sadəcə
dözməyi deyil, alışmağı öyrədir.
İnsan torpağın oğludur, əvvəli də, sonu da
torpaqdır. Yəqin, elə bununçün də belə
dözümlüdür.
El, torpağı dözümün son həddi sayanda,
"daş olsaydım əriyərdim, torpaq idim
dayandım" söyləyəndə elə
düşüncəsində tutduğu bu mətləblər
olub.
Bu məktublarında da Bakıda deyil. Amma hər halda
Vətənə Leninqraddakından yaxındadır - Tbilisidədir.
Əsgər gedib, artıq dəhşətli müharibə
başlanıb və sanki qısa vaxtda Mehdi yaşından daha
yaşlı olub. Tbilisidə top-tüfəngdən, dava
qırğınlarından uzaqdadırsa da, o da lap yaxın
zamanda həmin atəşlərin qoynuna atılmağa
hazırlanır, hərbi əhatədə olduğundan vəziyyətin
nə qədər böhranlı olduğunu yaxşı dərk
etsə də, Bakıdakı əzizlərini ovundurur,
ümidləndirir, hər şeyin yaxşı olacağına
inandırmağa çalışır.
Bu, Mehdinin əsgər gedəndən bəri
yazdığı ilk məktublardandır. Tbilisiyə çatan
kimi tanışlar vasitəsilə Bakıya, evlərinə
ünvanını da göndəribmiş, qısa məktublar
da yollayıbmış. Deyəsən, məktubları gəlib
çatmayıb, amma ünvanı ailəsinə xəbər
veriblər. Məktubların çatmadığını ona
görə ehtimal edirəm ki, Mehdidən gələn hər
kağızı ailəsi illərcə qoruyub saxlayıb.
Əldə olan ilk məktub 1941-ci il dekabrın 5-də
yazılandır.
Aqşin Əlizadə dayısının əsgər
gedən gününü də xatırlayırdı.
Xırdaca uşaqmış, hələ heç 5 yaşı
yoxmuş, ancaq açıq-aydın bir fotoşəkil kimi o
anlar yaddaşına biryolluq həkk olunmuşdu. Anası Bikəxanım,
xalası Hürriyyət, "Bibinənə"
çağırdıqları Kəblə Meyransa, Aqşindən
də 2 yaş kiçik olan bacısı Gülarə gediblərmiş
Mehdini yola salmağa: "Mehdi dayımı ilk dəfə o
vaxt şineldə gördüm. Elə bil boyu bir az da
uzanmışdı. Amma üzü hafizəmdə kədərli
qalıb".
Bəlkə Mehdi ona görə pərişanmış
ki, məchul bir fəhmlə bu gedişin
qayıdışsız olduğunu hiss edir, bir daha əzizləriylə
görüşməyəcəyini öncədən
görürmüş?!
Artıq altıncı aydır ki, sonu görünməyən
dava gedir. Mehdi Tbilisidən yazır: "Qardaşım
Əli, (Məşədi Əzizbəyovun kiçikoğlu,
Mehdinin bacısı Bikəxanımın həyat
yoldaşı - R.H) Aslan (Mehdinin bacısı Hürriyyətin
əri - R.H.), bacım Bikə, Şura və anam, salam. Bu gün
Bakıdan bir arayış aldım ki, sənə 50 manat pul
yollanıb. Bu xəbər məni sevindirdi ki, adresimi sizə
çatdırıblar və ya yazdığım
kağızları almısınız. İkinci tərəfdən
çox pis oldum ki, sizdən kim pul istəyir ki, mənə
pul yola salmısınız. Olduqca ricam budur ki, mənə
heç nə göndərməyiniz. Pulum var, heç şeyə
də ehtiyacım yoxdur. Mənə belə gəlirdi ki, məni
buraxacaqlar. Mən də pulumu xərcləməyib gözləyirdim
ki, medkomissiya buraxsa, evə gələndə bir, ya iki kilo
çay alıb gətirəm. İş belə oldu ki,
medkomissiya buraxmır. Odur ki, puluma İranın "Setac"
firmasının ülgücünü götürdüm və
qalanını da xərclədim. Burada olduqca gözəl
keçir. Şəhərdən müharibə iyi gəlməyir.
Buraya gələnlər elə bil öz evlərindədir,
heç orduya getməyib. O bizim vilayətlərdir tez
boşaldı. Mən də axırı bu fikrə gəldim
ki, "çünki oldun dəyirmançı,
çağır gəlsin dən, Koroğlu". Dərsdə
əla oxuyuram. Müharibəyə tezliklə yola
düşürəm. Orada da görünməyən cəsurluq
göstərəcəyəm. Məndən üz döndərməyin,
hələ sağ ikən məni unutmayın. Yəni sizin məndən
yaxşı adamınızmı var? Bu yaxında burada Xan,
Zülfi çıxışda oldular. Mən səhər
Seyidin (Xanəndə Seyid Şuşinski nəzərdə
tutulur - R.H.) görüşünə getmişdim. Məndən
rica etdi axşam gəl. Odur ki, mən də axşam bilet
alıb onların konsertinə getdim. Olduqca razı qaldım.
Yaman darıxıram. Burada bizi sıxmayırlar. Bizi günorta
tiatroya aparırlar. Mən isə getmirəm. Dünən
"Əsli və Kərəm"ə getdilər, yenə mən
getmədim. Bu yaxında Xanımın qardaşı Abbası
gördüm. Amma bizim məktəbin hansı sinfində
oxuduğunu tapa bilmirəm. Hidayət (sonraların
tanınmış ədəbiyyatşünas alimi Hidayət
Əfəndiyev /1908-1979/. Onun zövcəsi Səfurə
xanımla Mehdinin bacısı Bikəxanım rəfiqə
idilər. Ailələrin yaxınlığı və
dostluğu sonrakı onillərdə də davam etdi - R.H.) burada intendant dərsi oxuyur. Onun da yalanbaşdan
adresini tapdım, kağız qoydum. Bu yaxında düzgün
adresini taparam. Xəndana (Mehdinin məktublarındakı
kimliyini hələ dəqiqləşdirə bilmədiyim
adları ixtisara salmadım. Ailə üzvlərindən
soruşsam da, dəqiq cavablar almaq mümkün olmadı.
Köhnə nəsildən qalanlar olsaydı, heç olmazsa,
Aqşin müəllim yaşasaydı, yəqin ki, anındaca
cavab alardım. Amma hər halda Mehdigilin qohumlarından
xahiş etmişəm ki, maraqlansınlar. Tbilisidə təmasda
olduğu şəxslərin kimliyini müəyyənləşdirməkdə
mənə kömək etsinlər - R.H.) kağız
yazmışam, cavab yoxdur".
Müharibə davam edir, "qara kağız"lar da
gəlir, düşmən də irəliləyir, faşistlər
bir-birinin ardınca kəndləri, şəhərləri də
zəbt edirlər. Amma buralar alovlu döyüş
meydanlarından uzaqdadır. Vahimədən də əsər-əlamət
yoxdur. Görünür, bu ucqarda heç davanın əsl dəhşəti
nəhəng miqyaslarıyla hələ gərəyincə
qavranılmır. Sanki Tbilisi, elə Mehdinin də
yazdığı kimi, bir dinclik adasıdır. Konsertlər də
verilir, tamaşalar da göstərilir, Mehdi Tbilisidə
özünü elə Bakıdakı kimi hiss edir. Artıq
42-ci ildir, aprel ayının 22-si. Mehdi doğmalarına
növbəti məktubunu yollayıb, elə özü də
yol üstündədir: "Əziz anam, bacım,
qardaşlarım! Salam. Söz yox ki, bu məktub sizə
çatana qədər mən burada olmayacağam. Getdiyim vaxt və
getdiyim yerdən tel (teleqram - R.H.) vuraram. Məndən nigaran
qalmayın. Teli aldım. Əziz bacılarım və anam. Mənə
belə gəlir ki, mən sizi görə biləcəyəm.
Odur sizə yaxşı bəxşişlər almaq tədarükündəyəm.
Əlbəttə, ala bilməsəm, indiyə qədər
aldığım bəxşişlərlə gələcəyəm.
Əgər mənə gəlmək mümkün olmasa, onda
aldıqlarımı Səfurənin evində qoyaram ki, o, sizə
versin. Bəlkə o sizə son yadigarım oldu, kim bilir?!
Nəşənin qədrini bilməzdi insan,
Qüssə olmasaydı, qəm olmasaydı.
Mənə kağız yazmayın, nigaran da
qalmayın. Səfurəgilə də hərdənbir gedirəm.
Adət üzrə bu xarabanı da əla qurtarıram
(Tanıyanların hamısı təsdiqləyir ki, Mehdi
çox zarafatcılmış. Elə burada da
zarafatcıllığındaan qalmır. "Xaraba" dediyi
də Tbilisidə keçdiyi hərbi kurslardır - R.H.).
Məndən özünüzə "salam"
almaqla yalnız ürəyində olduğum və unutmayan
dostlara çoxlu salam yetirin. Vəzifəm minaatandır,
minomyot işi üzrə leytenantam.
Öpürəm, Mehdiniz".
"Mənə elə gəlir ki, sizi görəcəyəm"
yazır, əzizlərini ümidləndirir ki, lap yaxın
vaxtlarda görüşə də bilərik. Ancaq hər halda
özünə hər kəsdən dah çox agahdır ki,
yolu uzağadır
"Öpürəm" yazır, amma ona daha
heç vaxt istəklilərini qucaqlamaq, bağrına basmaq,
elə gerçəkdən öpmək qismət deyil. Bundan
belə yalnız qiyabi, uzaqdan-uzağa, elə məktublardakı
öpüşlər olacaq.
Hələ şiddətli döyüşlər gedən
cəbhələrdən uzaqdadır. Təhsilini, təlimlərini
başa vurub, onu cəbhəyə sabah da göndərə bilərlər,
bir neçə həftə sonra da. İstənilən halda
lap az qalır.
Hələ ki Gürcüstandadır, hələ ki
asudə məktublar yazmaq imkanı var, bunu qənimət
sayır. Az sonra səsi cəbhədən gələcək,
düzdür, oradan da məktublar göndərə biləcək.
Ancaq həmin məktubların qarışıq xəttindən,
Mehdinin daimi səliqəliliyinə tən gəlməyən
nahamvarlığından, qırıqlığından elə
vəziyyətinin, şəraitinin də nə qədər
narahat olması seziləcək.
Hələ o nigaran günlərə həftələr,
aylar qalır. Ancaq lap tezliklə cəbhəyə göndəriləcəyi
də müəyyənləşib. Hələ ki Tbilisidədir,
səliqəli xətti ilə Bakıya daha bir məktubunu
yollayır: "5 may 1942-ci il. Əzizlərim, salam. Bu gün
sizə tel vurdum. Artıq mənim adresim bəlli olmayınca
kağız yazmayın. Ehtimal ki, Krım tərəfə yola
düşdük. Yemək isə 4-5 günlüyə verilib.
Deməli, səfərimiz çox da könülaçan tərəfə
deyil. Nə etməli?! Tale yazanı pozmaq olmaz. Bunu el belə
işarə edir:
Əzizinəm qalasız,
Şəhər olmaz qalasız.
Mən ki getməli oldum,
Siz sağlıqla qalasız.
Bu qala daşlı qala,
Torpağı daşlı qala.
Qorxuram cavan öləm,
Yar gözü yaşlı qala
Şeirlərimin bəzilərini Hidayətin evində
qoydum.
Öpürəm, Mehdiniz".
Nəhayət ki, bir dəstə başqa kursant
yoldaşı ilə bərabər Tbilisidən ayrılıb,
lakin bura hələ cəbhə deyil, yolayrıcıdır.
1942-ci il may ayının 14-də Qaqradan yazır:
"Əziz, mehriban anam və bacım, salam. Sağ və
salamat gəlib Qaqraya çıxdım. Burada Qara dənizin
sahilində gözəl mənzərəli bir yerdə əyləşib
sizi unutmadığımı isbat etmək üçün
sizə kağız yazıram. Kefim lap yaxşıdır.
Burada qonağam. Kağız yazmayın. Çünki
çatmaz. Ehtimal ki, 9-10 gündən sonra Krım tərəfə
səyahət edəcəyik. Nə isə. Gələcəyi
gələcək göstərər. Öpürəm sizi. Pul
almalı olsa, anama deyin ki, ayıq olsun, onu aldatmasınlar. Mən
9 avqustdan oradayam. Bu hesabla 1000 manat edir. Uşaqları
öpürəm. Aqşınıma, Gülarama, Svetlanama
(Mehdinin bacısı Hürriyyətin qızı) salam.
Mehdiniz".
İş elə gətirir ki, həmin gün daha bir məktub
yazası olur. Mayın 14-də gəlib yetişir Stalinqrada. Elə
çatan kimi də "birdən sonra yazmağa macal
olmaz" gümanı ilə yazmağa başlayır. Bunu
böyük bacısı Bikəxanıma yazır:
"Qadasını aldığım anam əvəzi, salam.
Bibiyə 400 manat pul göndərdim. Sizə üç
kağız yazmışam ki, nigaran qalmayasız. Mənim
doğru adresim sabah məlum olar. Bu haqda tel vuraram. Öpürəm
Aqşını, Güllünü və Kamranı (Gülarə
xanım söyləyirdi ki, Mehdinin anasının adı
Güllüxanım olmuşdu. O, erkən vəfat
etmişdi (bu, 1936-cı ildə
olub) və Mehdi anasının adı dilində olsun deyə
Gülarəni həmişə "Güllü"
çağırarmış - R.H.). Çoxdan kağız
yazmadığınız üçün mənim adresimi alan
kimi mənə əvvəl ətraflı kağız
yazınız. Unutma. Mehdiniz. Öpürəm.
Qıyya deyib orduya yola düşdüm".
Növbəti məktubu artıq barıt qoxulu olacaq.
Tbilisidən yolladığı kağızları mürəkkəblə
qələmə alardı, bunusa daha elə silah kimi həmişə
üstündə gəzdirəcəyi qara karandaşla
yazıb. Bu məktubda 1942-ci il iyunun 17-sidir: "Əziz anam,
salam. Məndən hamıya çoxlu salam deyin. Top səsləri
gurlayır. Mən qvardeyski leytenantam. Nigaran qalmayın (Burada
bir-iki cümlə qaralanaraq pozulub. Özümü edib, ya bəlkə
o vaxt hərbi hissələrdən çıxan məktublara
nəzarət edənlər məxfilik xatirinə belə ediblər?
- R.H.). Kağız yazın. Sağlıq və
salamatlıqdır. Öpürəm".
...Mehdinin o məktubları ilə indi əlimdə
tutduğum bu yazısı arasındakı vaxt üzdən
baxanda sanki çox da deyil. Heç 2 il etmir. Ancaq bu 2 il 20 il qədər
uzundur. Mehdinin bu yazısını da məktub saymaq olar. Ancaq
bu bir parçanı əvvəllərdəki kimi Vətənə,
evə, doğmalarına göndərməkçün
yazmamışdı. Heç gedib ünvanına
çatacağına əmin olsa da, bəlli səbəblərə
görə doğmalarına çətinliklər
yaratmamaqçün məktub göndərməzdi. İndi elə
uzaqlardaydı ki, özü məktub olmaq, küləyə
çevrilmək, yağışa dönmək, bir yarpaq kimi
uçaraq Vətənə çatmaq arzusundaydı.
İtaliyadadır, 1944-cü il aprelin 4-üdür:
"Mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşıb başı qarlı hündür
dağları
Vətən torpağına salaydı məni,
Sabahın yelləri alaydı məni!..
Əzizim ellər ayrısı,
Bülbüləm, güllər ayrısı.
Bir gününə dözməzdim, yar,
Olmuşam illər ayrısı".
Yəqin ki, bu sətirləri yazdıqca 4-5 il öncə
hələ Leninqradda, Tbilisidə ikən, Bakıya o qədər
yovuqkən doğmalarından ötrü o təhər
uşaq kimi qəribsəməsi ona sadədillik kimi gəlirmiş...
...1957-58-ci illərdə Mehdi Hüseynzadəyə həsr
edilmiş "Uzaq sahillərdə" filmi çəkilirdi.
Dövlət Təhlükəsizlik Komitəsi bütün
çəkiliş gedişində kinostudiyanın və
çəkiliş qrupunun yanında olduğundan bir sözlərini
iki eləyən yoxdu. Sovet İttifaqının müxtəlif
kinostudiyalarına bağlı istənilən aktyoru dəvət
etməklə əlaqədar, ən müxtəlif texniki təminat
məsələləri dolayısınca, ən yaxşı bəstəkar,
operator, rəssam dəvət etməkdə sorğu-sual yoxdu.
Nəticədə filmin o cür uğurlu alınmasında
bunun birbaşa təsiri olmuşdu. Təbii ki, çəkilişlərdə
hərbi mütəxəssislərin də məsləhətlərinə
ehtiyac duyulmuşdu, bunun həlli də çətin deyildi.
Ancaq nisbətən asan həll olunmayası bir işbilən də
umulurdu. Filmdə Mixaylonun da daxil olduğu partizan dəstəsinin
gizli düşərgədəki günlərini əks etdirən
səhnə də nəzərdə tutulurdu. Bu məqamda o
işdən yetərincə başı çıxan adamı
tapıb çəkilişə cəlb etmək nə
rejissorun, nə kinostudiyanın gücü çatacaq məsələ
idi. Bu müşkülün öhdəsindən gəlsə-gəlsə,
elə Dövlət Təhlükəsizlik Komitəsi gələrdi.
Belə məqamda faydalı tövsiyələrini
Mehdinin vaxtilə sıralarında olduğu partizanlar
arasından birisi verə bilərdi. O cür adamların əksəri
isə faşist həbs düşərgələrindən
qaçıb qurtulandan sonra partizanlara qoşulanlar idi. Belələrininsə
bir qismi müharibədən sağ
çıxmışdısa belə, adlarının sovet təhlükəsizlik
şəbəkəsinin "qara siyahı"larında
olduğunu bildiyindən, qarşıdakı acınacaqlı
aqibəti təsəvvür etdiyindən SSRİ-yə qayıtmamış,
mühacirətdə qalmağı üstün tutmuşdu.
Qayıdanlarısa hansı şəraitdə əsir
düşməyindən asılı olmayaraq ya həbsə
atmışdılar, ya sürgün etmişdiər.
Mənə nəsib oldu ki, Sloveniyada partizanların
dağlarda düşərgə saldıqları meşələri
də, qayalıqları da, sığındıqları
mağaraları da gördüm və həmin yerlərdə
neçəsi elə vaxtilə Mixaylo ilə birgə
çarpışmış, indi də xüsusi günlərdə
partizan geyimi əyinlərində olan qocalmaz cəsurlarla gəzib-dolaşdım
(Faşizm üzərində böyük Qələbənin
80-ci ildönümündə yenə 2025-ci ilin 7 mayında
Sloveniyada olacağam, yenə həyəcansız seyr etmək
mümkünsüz olan həmin məkanlara qayıdacağam.
5 il qabaq - 2020-nin mayında da orada idim, hələ köhnə
partizanlardan neçəsi Mixaylo abidəsinin ziyarətinə,
Mixaylonun muzeyinin həndəvərindəki mitinqə
toplaşmışdılar, bizimlə oradan dağlara da
qalxdılar. Görəsən, bu səfərimdə onlardan
hansınısa yenə görə biləcəyəmmi?
"Uzaq sahillərdə" filmində Mixaylo və
silahdaşlarını kənar gözlərdən uzaq
düşərgədə göstərən kadrlar var.
Söz yox, hamısı aktyorlardır. Ancaq partizan rolu oynayan o
qədər aktyorun arasında aktyorluq edən bir gerçək
partizan da var - Cavad Həkimli. Əslən Ermənistandakı
Noyemberyandan (əslində İncəsu, Barana) olan Cavad Həkimli
o çəkilişlər əsnasında Gürcüstanda
yaşayırdı və bu da sürgünün,
dustaqlığın bir növü idi ki, onunçün
ayrılmış kənddən qırağa çıxa
bilməzdi. DTX onun Bakıya gəlişinin icazəsini həll
etmişdi və partizanların gündəlik həyatı və
fəaliyyətlərinin gerçək təfərrüatları
ilə çəkiliş heyətini məlumatlandırmaqçün
o, bir neçə aylığa Bakıya gətirilmişdi.
Filmin rejissoru Tofiq Tağızadə də fürsətdən
yararlanaraq tarix içində tarix yaratmağa müvəffəq
olmuşdu, Cavad Həkimlini də partizanları düşərgədə
nişan verən səhnədə
"silahdaşlarıyla" birgə lentə
almışdı.
Bu isə Cavad Həkimlinin Bakıya gəlməsi yasaq
olduğu vaxtlarda Mehdinin bacısına göndərdiyi məktublardır.
Sonra ilk girəvədə özü də gələcək,
Mehdiyə görə qaibanə qəlbən bağlı
olduğu bu ailəni ziyarət edəcək, Mehdidən qalan
xırda-para yadigarları da bacısına çatdıracaq.
Ancaq özündən qabaq məktubu gəlmişdi və
həmin məktubu Mehdinin doğmaları heç vəchlə
həqiqət kimi qəbul etmək istəməmiş, qəbul
etməmək bir yana, o məktubda yazılanları yaxına
buraxmayaraq təxribat kimi qavramışdılar.
Necə yəni Mehdi əsir olub?
Necə yəni Mehdi həlak olub?
Bikəxanıma elə Mehdi kimi "bacım"
müraciəti ilə başlayan Cavad Həkimli 1945-ci il
avqustun 16-da belə yazırdı: "Mehriban bacı. Ən əvvəl
səmimi qəlbdən sizin qohum-əqrəbanızı
salamlayıram və xahiş edirəm, siz təəccüb
edib bu məktubu yazan kimdir deyə çox da fikir etməyin. Məktubumun
başlanğıcında sizə tanışlıq vermək
istəyirəm. Mənim adım Cavad Həkimovdur,
Gürcüstanın Borçalı rayonunda yaşayıram. Mən
əsirlikdə və partizanlıqda sizin ən əziz və
sevimli olan qardaşınız Hüseynzadə Mehdinin
qardaşı olmuşam. İkimiz də əl-ələ
verib, bir-birimizə qardaş deyib, bir yerdə çörək
yeyib dolanırdıq. Bilirəm, bu xəbəri eşidən
kimi çox ağlayacaqsınız. Amma nə etməli?! Sizdən
də çox mənim ürəyim yanır. Olan işi və
yaxud hadisəni qaytarmaq mümkün deyil. Çox əfsuslar
olsun ki, mümkün olmadı sizinlə görüşəm
ki, sizə qardaşınız Mehdinin barəsində bir
neçə ətraflı məlumatlar verəm. Ona görə
məcbur oluram məktub vasitəsilə sizə ürəkdən
salam yetirim və qardaşımdan artıq istədiyim Mehdi
qardaşımın başına gələn əhvalatdan bir
neçə məlumat verəm. Bütün bunların sizi
necə ağrıdacağı və nə qədər
ürəyinizi üzəcəyi məlum bir məsələdir,
bu, çətin və ağır bir xəbərdir. Noyabr
ayının 2-də 1944-cü ildə Qoritsa (Sloveniya) şəhərinin
yaxınlığında əziz qardaşım Mehdi öz vətən
torpağında vəhşi alman faşistlərinə
qarşı vuruşmada cavan canını qurban etdi. Mehdinin
qanı nahaq yerə batmadı. Tək Mehdinin özü bir
neçə yüz məlun alman faşistini məhv etdi. Hətta
bizim cəngavər rus briqadası Mehdinin dəfnindən sonra
bir neçə vuruşmada yüzlərlə vəhşi
alman faşistini məhv etdi. Mərhum Mehdinin adı
bütün Yuqoslaviyada məşhurdur. Bütün Sloveniya
xalqı Mehdini "xalq qəhrəmanı" deyə
adlandırır. Hətta Mehdinin gördüyü işlər
barəsində vətənimizin mərkəzi şəhəri
Moskva belə bilir. Bu yazdıqlarım nağıl deyil, həqiqətdir.
Qardaşım Mehdinin gördüyü işlər, yəni
düşmənə qarşı vuruşması barədə
məndə çox dokumentlər, vəsiqələr
vardır. Bu sənədlər qəhrəman Mehdinin igidliyini,
yüzlərcə alman faşistini qırmağını təsdiq
edir. Əzizim Mehdinin məndə bir neçə şeiri
vardır. Əgər mümkün olarsa, özünüz istəsəniz,
mənim yanıma gəlib o şeirləri ala bilərsiniz. Mən
çox istərdim ki, sizinlə görüşəm. Amma
mümkün deyil. Əgər sizlərdən bir nəfər
gəlsə, Mehdinin gördüyü işlər, özü
barədə məlumatları və dokumentləri verə bilərəm.
Mehdinin dəfn olunması barədə heç bir fikir etməyin.
Çünki onun tabutunu öz çiynimdə aparıb
qanun-qayda ilə dəfn etmişik. Məktub ilə onun şəkillərindən
birini göndərmək istəyirdim. Amma qorxdum ki, gəlib
çatmaya. Sizdən çox xahiş edirəm ki,
mümkün olsa, mənim yanıma bir nəfər göndərin,
əmioğlu Ələkbəri, yaxud başqa bir adam. Məktubla
hər bir şeyi yazmaq mümkün deyil. Bununla məktubu
bitirib əllərinizi sıxıb ayrılıram. Sizin ailəni
ən səmimi qəlbdən sevən qardaşınız
Cavad Həkimli. Cavabı tezliklə gözləyirəm. Mənim
yazdığım ikinci məktubumu da alacaqsınız. Mən
hələlik gəlib müəyyən yerə
çatmamışam. İkinci məktubumu alan kimi tez cavab
verin".
Cavad Həkimli ona görə özü gələ
bilmir, o səbəbdən "kimsə gəlib
aparsın" deyir ki, gələ bilmir, gəlməsi
yasaqdır.
Cavad əslən Ermənistandan idi. Noyemberyan rayonundan.
Partizanlıq dövründə Mehdinin komandiri olmuşdu. Vətənə
qayıdan kimi vaxtilə əsir düşdüyünə
görə bütün SSRİ boyu yüzlərlə, minlərlə
insanın başına gələnin ondan da yan keçməyəcəyini,
dərhal nəzarətə götürüləcəyini təxmin
etsə də, həbs düşərgəsindən
qaçandan sonra Yuqoslaviyada faşistlərə qarşı
mübarizədə göstərdiyi hünərlərin
çoxlarına bəlli olduğunu fərz edərək ona fərqli
yanaşılacağını
düşünmüşdü. Ancaq belə
olmamışdı. Qayıdan kimi onu da tutmuşdular, ancaq
araşdırandan sonra nisbətən yumşaq
yanaşmış, "vətən xaini" saydıqları
kimi uzunmüddətli həbsə, ya Sibirə sürgünlə
cəzalandırmamış, elə yaxına -
Gürcüstana sürgün etməklə kifayətlənmişdilər.
Ancaq əslində bunun özü də elə həbsin, hərəkət
imkanının məhdudlaşdırılmasının daha
bir şəkli idi. Təyin olunduğu rayon nədir, kənddən
belə qırağa çıxmaq ixtiyarı yoxdu. Mehdinin
bacısına ilk məktubunu göndərəndə hələ
heç yeri-yurdu da sonacan dəqiqləşməyibmiş. Ona
görə də təvəqqe edir ki, cavabı son təyinat
məntəqəsinə gedib çatandan sonra bildirəcəyi
ünvana göndərsinlər.
Cavad Həkimli yeni ünvanında yerləşəndən
az sonra Bakıdan həsrətlə gözlədiyi məktubu
alır və ləngimədən yenə qələmi
götürür: "Hörmətli bacım Bikə! Sizin 25
sentyabr 1945-ci il tarixli məktubunuzu dekabrın 12-də 1945-ci
ildə aldım. Mehriban bacı! Siz yazırsınız ki, mənim
əziz qardaşım Mehdi barəsində verdiyim xəbərə
sizlər o qədər də inanmayırsınız. Amma
çox əfsuslar olsun ki, sizə yazdığım xəbərlər
doğru və düzgündür. Mən əsirlikdə və
partizanlıqda doğma qardaşdan artıq istədiyim
qardaşım Mehdi ilə bir yerdə olmuşam. Mehdi ilə nə
kimi işlər görmüşük, onun hamısını
yazmağa kağız çatmaz. Ən ürəkdən
sevdiyim mərhum qardaşım Mehdi bütün bizim hərbi
hissələr arasında və yerli əhali içərisində
qəhrəman oğul hesab olunur. Bunu söz ilə yox, bir
neçə vərəqlərlə təsdiq etməliyəm
və mərhum Mehdi qardaşın partizanlıqda düşmənə
vurduğu zərbələr kimi şəxsən heç bir
kəs o qədər zərbə vurmayıb. Azərbaycan əsgərləri
arasında Mehdiyə bərabər qəhrəman hələlik
olmayıb. Noyabr ayının 2-də 1944-cü ildə Qoritsa
deyilən kəndin (Sloveniya) yaxınlığında 600 vəhşi
alman soldatları onu mühasirəyə salmışdır.
Bir neçə müddət vuruşandan sonra düşmən
gülləsi əziz qardaş Mehdini əlimizdən
almışdır. Düşmənin əlindən onun
meyitini vuruşma ilə aldıq, onu noyabr ayının 19-da
qanun-qayda ilə özüm dəfn etmişəm. Mehriban
bacı! Səndən də çox mənim və Mehdini
tanıyan yoldaşların ürəkləri yanır. Nə
etmək? Olan olub. Daha onu qaytarmaq qeyri-mümkündür. Onun
məndə bir neçə dokumentləri var. Amma indi
onları poçta ilə göndərmək istəməyirəm.
Çünki siz Yuqoslaviya dilindən Azərbaycan dilinə tərcümə
edə bilməzsiniz. Ondan başqa, qorxuram ki, postada itər. Bu
məktub ilə sizə Mehdinin bir neçə şəklini
və şeirlərini də göndərirəm. Mehriban
bacı. Əgər mümkün olub evə getməli olsam,
mütləq sizə gələcəm. O zaman ətraflıca
onun barəsində danışaram. Mehriban bacı! Bu məktubu
alan kimi mənə tez cavab veriniz ki, bu məktubla sizə
göndərdiyim şəkilləri aldınız və ya
yox. Bağışlayınız, ətraflı olaraq
yazmağa mümküniyyat olmadı. Məndən çoxlu
salam sizə və anaya, Ələkbərə (Mehdinin əmisi
Əlinin oğlu - R.H.).
Qardaşım Mehdi yatanda axşamlar bəzən
söhbət edərdi Ələkbərin barəsində.
Bununla məktubu bitirib sizə, sizin ailəyə artıq dərəcədə
mütəəssir olaraq başsağlığı verirəm.
Salamat qalın. Sizin qardaşınızı səmimi qəlbdən
sevən qardaşınız Cavad. Cavabınızı gözləyirəm".
Cavad Həkimli təcrübəli adamdı,
odlardan-alovlardan keçmişdi, kəşfiyyatçı
olmuşdu, anlayırdı ki, Mehdinin ailəsi şəklənə,
bu məktubun qurama olduğunu da düşünə bilər.
Ona görə ikinci bir məktub da yollamışdı, birinci
məktubunda yazdıqlarını bir də təkrarlayırdı.
Amma belə görünür ki, Mehdinin doğmaları bu məktuba
da etibar etməmişdi, hətta doğru saysalar belə,
heç vəchlə bu həqiqəti ürəklərinə
yaxın buraxmağa ürəkləri gəlməmişdi.
Bakıdan, Mehdigildən gələn cavab məktublarında
bir tərəfdən tərəddüdü hiss etdiyindən,
digər tərəfdən də elə gerçəkdən
qardaş kimi bağlandığı Mehdinin ailəsi ilə
şəxsən görüşməkdən ötrü ilk
imkanda bir dostunu da götürərək Bakıya gəlmiş,
bir zamanlar Mehdinin özünün ona verdiyi ünvana -
Qasım İsmayılov küçəsinə
yollanmışdı.
Bu gənc insanların - Mehdi və
silahdaşlarının ən çətin anlarda da əzmi və
inamı itməmişdisə, onlar
qarşılaşdıqları müdhiş
qarşıdurmalarda sınmamış, sarsılmamış,
bezməmişdilərsə, ruhdan düşməyərək
gələcəyə qətiyyətlə
baxmışdılarsa, ümidin hətta lap zəif
işıqla sozaldığı nicatsız kimi görünən
anlarda da daim qələbələrə can
atmışdılarsa, bu, sadəcə gənclik
qanıqaynarlığı deyildi.
Onları idarə edən qüvvə, qəlbən
bağlandıqları, uğrunda ixtiyarsız bir fədakarlıqla
hər cəfaya sinə gərməyə hazır olduqları
dəyərlər vardı!
Ən başda Vətən və ailə!
Əslində bunlar ikisi də fəlsəfəsi ilə
eyni dəyərlərdir.
Mahiyyətcə bir olan bu iki dəyərə sevgini
yavrularına bağışlamağı bacaran millət və
yurd heç zaman yenilməz!
Bu şeiri Mehdi 1943-cü ildə Almaniyada
yazmışdı. Onda sadəcə Almaniyada deyildi, nasistlərin
arasında idi - guya onlarla idi.
O anlarda da əslində harada olduğu isə bu
misralarındadır:
Od tutub bədənim, yanır ürəyim,
Qovuşur varlığım eşqinlə, Vətən!
Bu uzaq ölkədə səni anıram,
Andıqca yanıram sevginlə, Vətən!
Doğuldum, böyüdüm, səndə boy
atdım,
Günəşinlə durub, ayınla yatdım.
Qəlbimi eşqinlə, nurla boyatdım,
Məzara gedərəm səninlə, Vətən!
Kim deyər qəlbimdə kinim sönəcək?
Kim deyər ürəyim səndən dönəcək?
Ağlayan gözlərim, bil, sevinəcək,
Tarixlər dolanar səninlə, Vətən!
Eşitsin qoy məni yarım, yoldaşım,
İftixar eyləsin torpağım, daşım.
Adımı səsləsin qohum-qardaşım,
Qollarım güclüdür elimlə, Vətən!
...Cavad Həkimli qardaşa bərabər tutduğu
Mehdini şücaətdə, göstərdiyi hünərlərə
görə bütün tanıdığı partizanların
arasında ən birinci sayırdı və bunu bütün nəsil
iftixar etsin deyə qəhrəmanın bacısına hələ
1945-ci ildə xəbər verirdi.
Bunu ən əvvəl ona görə edirdi ki,
özü az öncə KQB müstəntiqləri ilə
üz-üzə olmuşdu, əsir düşdüyünə
görə üzünə çırpılan ittihamlara cavab
verməli olmuşdu. Anlayırdı ki, sabah Mehdinin ailəsinə
də o əsirlik söhbəti hansısa sıxıntılar
yaradar, əsl həqiqətlərdən bixəbər
hansısa nadanlar bunu ailənin başına qaxa bilər.
İstəyirdi ki, ən azı haçansa belə umulmaz
söhbətlər ortaya çıxanda ailə bilsin ki,
onların balası necə mərdmiş, necə əfsanəvi
bir cəngavərmiş! Ən azı ürəkdə təsəlli
tapsınlar.
1945-ci ildə Mehdi Hüseynzadənin qəhrəmanlığının
hamıya elan ediləcəyi illər çox uzaqda idi.
O dövrdə hələ ki ailəsinin də xəbəri
olmadan Dövlət Təhlükəsizlik Komitəsində
Mehdiyə "vətən xaini" kimi cinayət işi
açılmışdı. Çox da artıq həyatda
olmadığını bilirdilər, qovluq yerində idi. Həmin
sənədlərin arasında da yaxın ailə üzvləri
haqqında məlumatlar.
Digər tərəfdən də, o məktubları
göndərməsi, inadla Mehdinin ailəsi ilə
görüşə tələsməsi, onun şücaətləri
haqda ağız dolusu bəhs etməsi, Mehdinin bütün
başqa partizanlardan daha qabil olmasını dönə-dönə
vurğulaması Cavad Həkimlinin, o unudulmaz kişinin nəcibliyindən,
insani təmizliyindən, pak mənəviyyat sahibi olmasından
deyir.
Hər şey olub keçmişdi. Onlarla birgə
döyüşmüş partizanların çoxunun da son
saatı o qanlı çarpışmalarda
çatmışdı. Cavad özü Mehdinin də daxil
olduğu dəstəyə rəhbərlik etmişdi. Hünərləri
öz adına da çıxa bilərdi, uğurların onun
yaxşı təşkilatçılığı ilə
bağlı olduğunu nağıl edərdi. Kim gəlib
dilindən tutacaqdı? Bunu səbəbsiz yazmıram. Axı
onların sabiq partizan yoldaşları arasında belələri
də tapılmışdı. Həm də çox sonralar,
artıq Mehdiyə rəsmən Sovet İttifaqı Qəhrəmanı
adı veriləndən, haqqında kitab yazılıb, film
çəkiləndən sonra. İddia etmişdi ki, Mehdiyə
aid edilən o igidliklərin hamısı əslində mənim
işimdir.
Odur ki, adama çıxılmaz kimi gələn
girdablardan salamat qurtararaq ömrünü davam etdirən Cavad
Həkimli kimi şəxsiyyətləri Allah Özü
qoruyur, Pərvərdigar Özü onları şahid kimi
sabahlarçün hifz edir. Cavad kişinin öz
sözüdür, deyirmiş ki, mən və
döyüşçü yoldaşlarım o illərdə
ölümü bir yox, bir neçə dəfə
görmüşük, bir yox, bir neçə dəfə
ölüb-dirilmişik. Demək, o gedən dostlarımız
da əslində ölməyib, onlarla mütləq yenə
görüşəcəyik. Haqqı deməsəm,
onların yanında üzüqara olaram.
Əziz Cavad əmi, dəyərli yurddaşım! Siz
və sizin kimi uca insanlar bu millət və yurd, əslində
insanlıq qarşısında həmişə
üzüağsınız. Bu qatmaqarışıq, bu
haqsızlıqları ədalətindən qat-qat çox
dünyanı məhvərindən çıxmağa qoymayan
elə sizin kimi dürüst, büllur saflıqlı, mərd
kişilərin varlığıdır. Əlbəttə ki,
həmişə varsınız! Bu cür pak ruhlar uçub
getmir ki! Qalır və insanlara insanlıq dərslərini verməyi
davam edir!
6 aprel 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 23 aprel(№68).- S.10-11.