Azərbaycan-Çin münasibətləri
uğurla inkişaf edir
Azərbaycanın malik olduğu multiregional xarici siyasət
kursunda müxtəlif inkişaf səviyyəsinə malik olan
dövlətlərlə sıx əməkdaşlıq əlaqələri
qurmağa nail olması ölkəmizin böyük
üstünlüyüdür. Prezident cənab İlham
Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq
bu əlaqələr dövlətlərin
böyüklüyündən və yaxud kiçikliyindən
asılı olmayaraq, qarşılıqlı maraqlar və
bir-birinə hörmət prinsipi əsasında inkişaf
etdirilir. Azərbaycan-Çin münasibətləri buna
yaxşı nümunədir.
Azərbaycan-Çin əlaqələrinin tarixi qədim
“İpək Yolu”na qədər uzanır. Hələ 2500 il
bundan öncə qədim “İpək Yolu” vasitəsilə
xalqlarımız arasında ticari və mədəni əlaqələr
mövcud olub. Xalqlarımız arasında olan tarixi
bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin
12-ci əsrdə yazdığı əsərlərdə də
öz əksini tapıb. Nizami Gəncəvi Çin
xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl”
poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə
edib.
Azərbaycanın müstəqilliyinin 1991-ci ilin
dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən
tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli
diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin
münasibətləri yeni mərhələyə qədəm
qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə
isə Azərbaycan Respublikasının Çin Xalq
Respublikasındakı Səfirliyi açılıb. Azərbaycanın
müstəqilliyi illərində ikitərəfli münasibətlər
yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə
Azərbaycan-Çin münasibətlərinin yaranmasında və
inkişafında Ulu öndər Heydər Əliyevin müstəsna
rolu olub.
Ənənəvi olaraq dövlətlərarası
münasibətlərin formalaşmasında və
inkişafında liderlərin şəxsi münasibətləri
mühüm rol oynayıb. Hazırda da bu ənənə beynəlxalq
münasibətlərin mühüm trendlərindən birini təşkil
edir. Dünyada liderlərin
dostluq əlaqələrinin töhfələri sayəsində
yaxşı dövlətlərarası münasibətlər
nümunəsindən söhbət açdıqda Azərbaycan-Çin
əməkdaşlığını da qeyd edə bilərik.
Dövlət başçılarının üzbəüz
görüşləri, telefon danışıqları, məktub
mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar
əsasında formalaşmış sıx dialoqu,
qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin
münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində
əvəzsiz rol oynayır. Dövlətimizin
başçısı Sədr Si Cinpinin dəvəti ilə
2014-cü ildə Çində işgüzar, 2015-ci ildə
isə dövlət səfərində olub. 2019-cu ildə isə
Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq
əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə
dövlət başçısı məhz Prezident İlham
Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas
qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol”
strategiyası üzrə Azərbaycana yüksək dəyər
verməsi təkcə ölkəmizin əlverişli
coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də
dövlətimizin başçısına bir lider kimi olan
etimadı ilə bağlıdır.
Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın
genişlənməsi diqqətəlayiq haldır. Çində
Azərbaycan üzərindən keçən dəhlizlərin
önəmi yüksək dəyərləndirilir. Bu ölkə
10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına
və qarşılıqlı əlaqələrin
qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini
elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə
tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz
İpək Yolu”. Burada söhbət malların Şərqdən
Qərbə güzəştli şərtlərlə
birbaşa daşınması üçün ticarət dəhlizinin
yaradılmasından gedir. Azərbaycan Çinin irəli
sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə
Qafqaz regionunda dəstək verən ilk ölkə olub.
Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə
rəsmi səfəri çərçivəsində “Azərbaycan
Respublikası Hökuməti və Çin Xalq Respublikası
Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin
yaradılmasının birgə təşviqinə dair
Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də
isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində
“Bir kəmər, bir yol” təşəbbüsünün
inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq
baxışı” mövzusunda sessiya keçirilib. Prezident cənab
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
sessiyada iştirak ediblər. Hazırda respublikamız
yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir
yol” layihəsinin, eləcə də Orta Dəhliz
strategiyasının həyata keçirilməsində logistika
mərkəzi, qovşaq və körpü rolunu oynayır.
21 aprel 2025-ci il tarixində Çin Xalq
Respublikasına rəsmi dövlət səfəri ərəfəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Çinin “Sinxua” agentliyinə məxsusi müsahibə verib.
İki dost dövlət arasında münasibətlərin bir
çox istiqamətlərinə toxunan dövlət
başçısı qeyd edib ki, Çin dünyanın ən
çox dinamik inkişaf edən ölkələrindən
biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və
müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə
qazandığı nailiyyətlər və uğurlar onu
dünyanın ən güclü və qabaqcıl ölkələri
sırasına çıxardı, ölkənin beynəlxalq
arenada mövqelərini daha da möhkəmləndirdi. Si
Cinpinin başçılığı ilə Çin
böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə
Çin xalqının deyil, həm də dünyanın
maraqlarına cavab verir.
Qeyd edilməlidir ki, son illərdə iki ölkə
arasında humanitar mübadilələr, xüsusən dillərin
tədrisi və turizm sahələri inkişaf edir. Azərbaycan
mənbələrinin məlumatına görə, ötən
il Azərbaycana səyahət edən çinli turistlərin
sayı əvvəlki illə müqayisədə iki dəfə
artıb. Azərbaycan və Çinin ali təhsil müəssisələrində
müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və
doktorantura səviyyələrində təhsil almaq imkanı əldə
edən ölkələrimizin vətəndaşlarının
sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları
olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində
Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə
Çində də Azərbaycan dilinin və mədəniyyətinin
öyrənilməsi mərkəzləri fəaliyyətə
başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin
universitetləri arasında məhsuldar əməkdaşlıq
həyata keçirilir, zəruri müqavilə-hüquqi baza
yaradılır. Çin və Azərbaycan dillərinin təhsil
müəssisələrində tədrisinin, müəllimlər
arasında mübadilənin və mütəxəssislər
hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi
dövlətlərin müxtəlif sahələrdə
qarşılıqlı fəaliyyətinin səmərəliliyinə
imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və
qarşılıqlı mədəni zənginləşməsinə
xidmət edəcək. Ötən il Azərbaycan turizmin
inkişafı və işgüzar fəaliyyətin
artırılması məqsədilə Çin vətəndaşlarına
münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq
etdi. Ölkələrimizin vətəndaşlarının
vizasız gediş-gəlişinin
asanlaşdırılması turist axınının
artmasına kömək edəcək və bununla da iqtisadi,
humanitar və mədəni əlaqələr genişlənəcək.
Elxan Quliyev,
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 23 aprel(¹68).- S.8.