Azərbaycan-Çin: Strateji əməkdaşlıq dərinləşir

Çinlə əlaqələrin inkişafı, daha da gücləndirilməsi Azərbaycan üçün prioritet istiqamətdir

 

 

 

Bu gün Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlər özünün yüksək səviyyəsinə çatıb. Strateji tərəfdaş olan ölkələrimiz demək olar ki, bütün istiqamətlərdə çox sıx əməkdaşlıq edirlər. Diplomatik əlaqələrin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələri qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, genişlənib.

Azərbaycan Qafqazın lider dövləti, güc və nüfuz sahibidir, eyni zamanda beynəlxalq aktora çevrilməkdədir. Çin də dünyada ikinci iqtisadiyyat olmaqla yanaşı, həm də siyasi cəhətdən də bu mövqeyə çatmaqdadır. Üstəgəl, min ildən çox əvvələ gedən tarixi bağlar, qədim İpək yolu vasitəsilə başlayan əlaqələr münasibətlərimizin inkişafına əlavə təkan verir. Azərbaycan və Çini təkcə iqtisadi əlaqələr, maraqlar birləşdirmir, ölkələrimiz həm də siyasi cəhətdən də daim bir-birini dəstəkləyib, ərazi bütövlüyü, suverenlik məsələsində birmənalı mövqe nümayiş etdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.

Dövlət başçısı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına da diqqət çəkib: "Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb".

Dövlət başçısı əlavə edib ki, iki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur.

Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Prezident bildirib ki, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bakı bu istiqamətdə ciddi praktik layihələr həyata keçirir: "Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol" Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Biz "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır".

Dövlət başçısı vurğulayıb ki, Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Azərbaycan və Çin, eyni zamanda Qlobal Cənubun önəmli üzvləridir. Prezident öz müsahibəsində qeyd edib ki, Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə edib: "Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Bizim sədrliyimiz dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərilib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması bizim COP29-da sədrliyimiz çərçivəsində ideyalardan biri olub.

Bu gün Qlobal Cənubun tərkibinə daxil olan Asiya, Afrika və Latın Amerikası ölkələri birlikdə BMT-yə üzv dövlətlərin təqribən üçdə ikisini təşkil edir. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir".

Azərbaycan-Çin əməkdaşlıq gündəliyi kifayət qədər geniş sahələri əhatə edir, göründüyü kimi, bu, təkcə ikitərəfli deyil, çoxtərəfli, qlobal məsələləri və əməkdaşlığı əhatə edən gündəlikdir. Bakı-Pekin münasibətlərinin daha da inkişafı üçün potensial olduqca böyükdür. Dövlət başçısının dediyi kimi, qarşıdakı yüksək səviyyəli səfər Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, bu gün iki ölkə liderinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri yeni bir mərhələyə yüksəlib: "Dövlətlərimiz arasında münasibətlər sürətlə inkişaf etməkdədir. Burda təbii ki, iki ölkənin liderinin rolunu qeyd etmək lazımdır. Hazırda bizim əlaqələrimiz strateji müttəfiqlik səviyyəsindədir. Yəni bu gün Azərbaycan və Çin bir sıra layihələr üzərində işləyirlər. Nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhliz, yüklərin Azərbaycan ərazisindən daşınması və s. istiqamətində işlər həyata keçirilir. Təbii ki, Azərbaycan Çinlə əlaqələrin daha da güclənməsində maraqlıdır. Biz nəzərə almalıyıq ki, Çin sürətli iqtisadi sıçrayış əldə edib. Bu gün özünün potensialını, imkanlarını genişləndirir. Yüksək ixrac qabiliyyətinə malikdir. Demək olar ki, bütün sahələrdə liderlik üçün addımlarını atır. Bundan sonra da bizim əlaqələrimiz daha da inkişaf edəcək, Yəni cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan üçün Çinlə əlaqələrin inkişafı, daha da gücləndirilməsi prioritet bir istiqamətdir. Bu istiqamətdə Azərbaycan səylərini davam etdirəcək. Əlaqələrimizin daha da güclənməsi, möhkəmlənməsi üçün addımların atılması uğurla davam etdiriləcək".

Deputat Vüqar Bayramov isə bildirib ki, Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə məxsusi müsahibəsində yalnız ölkəmiz üçün deyil, region üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərə toxunub: "Bir tərəfdən, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşüb.

Vacib məqamlardan biri Azərbaycanın regionun nəqliyyat habına çevrilməsidir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib. Qərb-Şərq nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 miyon tondan 5 milyon tona çatdırılır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyası və geoiqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir. Bu isə Azərbaycanın qlobal miqyasda "orta güc" mərkəzlərindən birinə çevrilməsi deməkdir".

 

Pərvanə SULTANOVA

525-ci qəzet .- 2025.- 23 aprel(№68).- S.4.