"Bütövləşən Vətənim"
- Arif Əbdüloğlunun yeni ədəbi töhfəsi
Şair Arif Əbdüloğlunun "Bütövləşən
Vətənim" adlı yeni kitabı çapdan
çıxıb. İki dildə - Azərbaycan dilində və
türkcə nəşr edilmiş kitabda müəllifin son
illərin yaddaqalan hadisələrinə həsr olunan şeir
və poemaları yer alıb. Kitabdakı əsərlərin əsas
mövzusu və qayəsi Vətən müharibəsində
qazanılan Böyük Zəfər, bu Zəfərə imza
atan, Şuşanı düşmən tapdağından azad edən
igid oğullarımızın qəhrəmanlığının
vəsfidir. Müəllif, eyni zamanda, doğma kəndi
Maştağanın da tarixini səhifələyərək
insan talelərinə işıq salıb, öz ibrətamiz
fikirlərini və deyimlərini oxucularla
bölüşüb.
Arif Əbdüloğlu 1939-cu ildə Bakının
Maştağa qəsəbəsində ziyalı ailəsində
dünyaya göz açıb. 1958-ci ildə C.Cabbarlı
adına orta məktəbi bitirib. Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya
fakültəsinin jurnalistlika şöbəsinə daxil olub. Təhsil
aldığı illərdə həm də universitet qəzetində
müxbir kimi fəaliyyət göstərib.
O, 1963-cü ildə ali təhsilini başa vurub
göndərişlə Zaqatalada çıxan rayonlararası
"Qırmızı bayraq" qəzetində işə
başlayıb. Üç il sonra "Sovet kəndi" qəzeti
redaksiyasına dəvət olunub.
Onun ilk şeir və məqalələri universitet qəzetində
dərc edilib. Xalq şairi Bəxtiyar Vahabzadənin 1960-cı
ildə tərtib etdiyi "Aprel çiçəkləri"
almanaxında onun da iki şeiri yer alıb. Həmin il "Azərnəşr"in
çap etdiyi "Mənzərin kəhrizi" oçerk
kitabının ikinci müəllifidir.
Şairin xalqlar dostluğundan bəhs edən müxtəlif
janrlı yazıları 1979-cu ildə Azərbaycan Jurnalistlər
İttifaqının "Qızıl qələm"
mükafatına layiq görülüb.
Arif Əbdüloğlunun ilk şeirlər və
poemalar kitabı olan "Vətəndir - sevdiyim, sevildiyim yer"
2019-cu ildə işıq üzü görüb. 2024-cü
ildə isə "Bütövləşən Azərbaycan"
adlı növbəti kitabı çap olunub.
Kitabın "Tale və nəsihət kitabı" sərlövhəli
ön sözünün müəllifi filologiya elmləri
doktoru, professor Telman Cəfərov "Bütövləşən
Vətənim" haqqında ürək sözlərini
yazıb. T.Cəfərovun fikrincə, hər bir xalqın əsl
tarixi öz yeni səhifəsini o vaxt yaşayır ki, onun
taleyində əsaslı bir dönüş olsun, o öz
gücünü, iradəsini, müdrikliyini dərk eləsin.
Xalqımız uzun illərin acısından, 100 il bundan əvvəl
Bakının və digər bölgələrimizin erməni
qırğınlarından sonrakı savaşda qalibiyyətimizdən
və Şərqdə ilk Demokratik cümhuriyyət yaratma
qüdrətimizi göstərəndən sonra 2020-ci ildə
yenidən tarixinin növbəti şanlı səhifəsini
yazdı. Bu düşüncə və qeydlərimizin səbəbi
olan "Bütövləşən Vətənim" kimi
kitabların ərsəyə gəlməsi sadəcə, bir ədəbiyyat
hadisəsi deyil. Onu təkcə ədəbi əsər kimi dəyərləndirmək
düzgün olmazdı. Kitabın 85 yaşlı müəllifi,
el ağsaqqalı, mili koloritimizi,
varlığımızı, mentalitetimizi, xarakterimizi yaşadan
Bakıətrafı kəndlərdən biri - Maştağa
sakini Arif Əbdüloğlunun "Bütövləşən
Vətənim" şeir və poemalar toplusu ilə
tanışlıq məndə söylədiyim fikirlərlə
assosiasiyalar yaratdı.
Telman Cəfərov qeyd edir ki, indi Qarabağ
mövzusunda əsərlərin sayı yüzlərlədir.
Bu da təbiidir. Birinci və İkinci Qarabağ
savaşlarında, Vətən müharibəsində nə qədər
qəhrəman, nə qədər şəhid, nə qədər
faciəvi və şanlı tale yaşanıbsa, hər biri
diqqətəlayiqdir. Axı qəhrəmanlığa imza atan
igidlər təsadüfi isimlər deyil. Otuz il ərzində
çox igidlər, çox ailələr, çox talelər
itirdik. Bu faciələr fonunda Əlif Hacıyev, Allahverdi
Bağırov, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad
Həşimov kimi onlarla şəhidin qəhrəmanlığını
ürəkdolusu vəsf etməkdən çəkindik.
Çünki torpaqlarımız hələ də işğal
altında idi. "Bütövləşən Vətənim"
toplusunda tam başqa bir əhval-ruhiyyə var: müəllifin
həyat təcrübəsi, dünyagörüşü,
yaddaşı, milli qürur hissi son tarixi qələbəmizin
fonunda maraqlı həyat tarixçələrini, insan talelərini,
ilk növbədə, bədnam qonşularımızın
nankorluğu, quduzluğu ucbatından yaşanan çətinlikləri
yüksək emosionallıqla yanaşı, inam və əminliklə
yaşanan real hadisələr kimi təqdim edir. Bakıətrafı
kəndlərin mədəni-musiqi mühiti, məişəti,
toy və yas mərasimləri, söz dünyası, dinə
münasibəti, insanların təbiəti,
çalışqanlığı, ellilik və
bütövlük bu yerlərin özəlliyini sübut edir.
"Şuşa zirvəsi" poeması, sanki
Maştağanın çətin və şərəfli
tarixini əks etdirən "Qeyrət qalası" poeması
ilə tamamlanır. Birinci poemanın ilk misraları -
"Şuşa bizim qeyrətimiz,
Şuşa bizim sərvətimiz.
Şuşa qaynar qanımızda,
Şuşa candır canımızda.
Şuşasız olarmı Vətən?!
Şuşa mənəm, odur, sənsən!"
və ikinci poemada ilk hissənin son misraları -
"Otuz iki kəndin böyük qardaşı,
Bakının arxası, mərd silahdaşı
Burda buxovlanıb düşmənin başı,
Bir daha yadına sal, a Maştağam!
Yollar ayrıcında qala Maştağam!"
olmaqla, Vətənə, torpağa sevgi və
bağlılığı təcəssüm etdirən,
bütöv Vətən obrazı yaradan, birnəfəsə
yazılan poetik mətnlərdir. Onların kökündə,
mayasında isə böyük ustadlarımız Şəhriyar
və Bəxtiyar Vahabzadənin ürək yanğısı
ilə istinad olunan sətirləri durur:
"Bir soruşun, bu qarğımış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?!
Deynə keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer üzü
dağılsın,
Bu şeytanlıq qurğusu bir
yıxılsın!"
(M.Şəhriyar. "Heydərbabaya salam")
"Hanı bu ellərin mərd oğulları,
Açın bərələri, açın
yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu,
Qılınc Koroğlusu, söz Koroğlusu?"
(B.Vahabzadə.)
Arif Əbdüloğlunun şeir və poemaları
"Hər qaranlıq gecənin işıqlı bir sabahı
var" həqiqəti və məntiqinin təcəssümüdür.
Bu kitabda "Qeyrət qalası" adı altında
təqdim olunan poemanın süjet xətti 100 ildən bir qədər
əvvəl xalqımızın yaşadığı və
sinə gərdiyi qanlı tarixi hadisələrə həssas
bir münasibəti əks etdirir. Silahlanmış, təşkilatlanmış,
hərbi təlim görmüş daşnak dəstələrinin,
mənfur komissar Şaumyanın başkəsənlərinin
törətdiyi fitnələrin qarşısını alan kənd
qoçuları - Nəcəfqulu və Əziz, Kərbəlayi
Əliheydər, Qulamhüseyn Bəhlul oğlu, Maştağa
qarnizonunun döyüşçüləri, kəndin
mühafizəsinə dəstək verən türk sərkərdələri
Tofiq paşa ilə Mürsəl paşa, burada adları
çəkilən digər qəhrəmanların real şəxslər
olması oxucuda şübhə doğurmur. Nə yaxşı
ki, Arif Əbdüloğlu kimi bu tarixi hafizələrdə
yaşadan və canlandıran yaradıcı insanlar var. O
qoçulara, kərbəlayilərə, hacılara, xilaskar
türk paşalarına nə qədər iftiralar
yapışdırılsa da, xalq əsl qəhrəmanlarını,
xilaskarlarını unutmayıb.
Ömrünün müdriklik dövrünü
yaşayan müəllif insanları ev dustağına
çevirmiş, sərhədləri insanların üzünə
qapamış Şeytan əməli - koronavirus bəlasının
törətdiyi eybəcərlikləri də yada salıb.
Şair "Möcüzələr səhrası"nda
təsvir etdiyi ölkənin timsalında isə Azərbaycanda,
Qarabağımızda, digər regionlarımızda, elə
Bakıətrafı kəndlərdə gedən quruculuq,
abadlıq, yaşıllaşdırma və dirçəlişin
nəticələrini təsvir edir.
Bir sıra satirik-tənqidi deyimləri, maraqlı
faktlar və müşahidələrlə dolu digər
şeirləri, poemaları əks etdirən kitabı diqqətlə
oxumağa, orada təsvir edilən insan taleləri, hadisələr,
duyğularla tanış olmaq üçün, bütün
bunların tarix və tale yolumuz üçün əhəmiyyətini
anlayıb gələcək nəsillərə
çatdırmaq, anlatmaq barədə ətraflı
düşünməyə dəyər.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.13.