Ticarət müharibəsi
və bazar rəqabəti
Qloballaşma beynəlxalq ticarətə böyük təkan
vermiş, ölkələr arasında iqtisadi əlaqələri
xeyli möhkəmləndirmiş, genişlənən
bazarın tələblərinə uyğun gəlmək
üçün, həmçinin istehsalçı tərəfindən
əmtəələrin keyfiyyətinə diqqətin
artırılmasına səbəb olmuşdur. Bunlar isə
öz növbəsində istehlakçıların mənafeyinin
daha yaxşı ödənilməsinə şərait
yaratmışdır. Əvvəllər özünü təmin
etməyi ilə fərqlənən dövlətlər əcnəbi
ölkələrdən idxal edilən malların daha ucuz qiymətə
satılmasına görə, istehsalda gur inkişaf etməklə
yanaşı, daha sərfəli məhsul buraxanların nisbi
asılılığına düşmüşdür.
İstənilən alıcıya psevdovətənpərvərlik
hissləri yaddır, o, öz tələbatını ödəyən
mallara üstünlük verməklə onları alır. Bəzi
dövlət rəhbərləri bu vəziyyətlə
razılaşmayıb, öz istehsal müəssisələrinə
proteksionizm göstərməklə, idxal daşqınına
mane olmaq istəsə də, alıcı öz prinsipinə
sadiq qalmaqla, doğma dövlətinin siyasətinə də məhəl
qoymur. Bazar münasibətləri, onun yaratdığı rəqabət
həm də dünyada ölkələr arasında elan
olunmamış əmək bölgüsünü də
müəyyən edir.
XXI əsrin əvvəllərindən Çində sənayenin
yüksək sürətli inkişafı, həm də
ixracın miqyasının və coğrafiyasının
böyüməsinə səbəb oldu. Özünü
qısa müddətdə dünya istehsal fabrikinə
çevirən bu ölkə ixrac ekspansiyasını həyata
keçirmək üçün Amerikanın geniş
bazarını da işğal etməyə başladı.
İstehsalın inkişafı və mallarına tələbatın
böyüməsi həm də Çinin keyfiyyət məsələlərinə
diqqətinin artırılması ilə yanaşı, bazar
axtarışında onu yorulmadan çalışmağa
sövq etdi. Təkcə Asiyanın deyil, qismən Avropanı,
həm də Cənubi Amerikanı da öz ixrac nəzarəti
altına keçirməyi bacardı.
Birləşmiş Ştatlarda Çin geyim
paltarları, uşaq oyuncaqları və məişət
malları daha çox satılırdı, ölkə həm
də oradakı bir sıra xammal növlərini, həmçinin
nadir torpaq metallarının xeyli hissəsini, həm də
uranı bu kommunist ölkəsindən idxal edilirdi. Bir sözlə,
Çin öz mallarının ABŞ-ın nəhəng
bazarına daxil olması ilə,
bundan yaxşı mənfəət
götürürdü. Həm də mikroçiplərin
ABŞ-dan ixracını əsaslı qaydada azaltmaqla, qısa
müddətdə onlardan tamamilə imtina etməyi
planlaşdırır. Çünki sənayesində işlənən
mikrosxemləri bütünlüklə özünün daha
keyfiyyətli çipləri ilə təmin edə biləcəkdir.
Bu isə Amerika şirkətlərinə on milyardlarla dollar həcmində
ziyan vuracaqdır. Beləliklə, yüksək texnoloji məhsullar
istehsalında da Amerikanın Çini izolyasiya etmək cəhdi
baş tutmadı. Çünki Çin artıq ondan
asılılıqda deyildir, ən müasir istehsal sahələrində
də Birləşmiş Ştatlardan geri qalmır, yeni, lakin
fərqli inkişaf yolunu seçmişdir.
Bir həqiqəti də qeyd etmək lazımdır ki,
əgər amerikanların tələbatının daha sərfəli
qaydada ödənilməsi şərtləri nəzərə
alınmasa, əlbəttə, idxalın dominantlığı
heç də Birləşmiş Ştatlar
iqtisadiyyatının xeyrinə deyildi. İdxal, ixrac üzərində
xeyli üstünlüyə malik olduğundan, ölkənin
beynəlxalq ticarətində əmələ gələn
disbalansın nəinki aradan qaldırılması, hətta
ixtisarı belə, düşünülməmiş tarif siyasəti
hesabına da heç cür mümkün olmayacaqdır.
İqtisadi inkişaf əgər başqa istehsalçıya
ziyan vurmaq üstündə qurulsaydı, onda onu əldə
etmək o qədər çətin olmazdı. İqtisadi həyat
belə zorakı müdaxiləyə tabe olmur, onu əsla qəbul
etmir. İqtisadiyyatda komanda üsulunun tətbiqi panatseya rolunu
oynasaydı, Sovet İttifaqı tarixində heç vaxt dəbdən
düşməyən volyuntarizmin və onun digər eybəcərliklərinin
hesabına zirvələrə qalxıb, özünü,
heç olmasa dağılmaqdan qoruyardı,
yaradıldığı əsrdə də onun məhv
olması baş verməzdi.
Beynəlxalq ticarət üçün ən vacib sahədə
də Amerika Çinlə rəqabətə girə bilməz,
bu da ixrac üçün mühüm əhəmiyyət kəsb
edən, məhsulun xarici ölkələrə ucuz qiymətə
satılmasıdır. Çin istər məişət təyinatlı,
istərsə də yüksək texnoloji malların
istehsalında keyfiyyətə xələl gəlmədən,
ucuz əmtəələrin bol mənbəyi olaraq qalır.
Amerika bu sahədə onunla ayaqlaşa bilməz.
Çıxış yolu kimi öz istehsalını Vyetnama,
Hindistana, İndoneziyaya keçirə bilər, lakin bu da asan məsələ
deyildir, həmin ölkələrdə müvafiq infrastruktur
yaradılmalıdır. Bu isə böyük xərc və
xeyli vaxt tələb edir və yəqin ki, istehsal edilən məhsulun
bahalaşmasına da səbəb olacaqdır.
ABŞ-ın yeni prezidenti Donald Tramp keçmişi
bütünlüklə inkar etmək prinsipinə sadiq qalaraq,
bu vəziyyəti düzəltmək, yoluna qoymaq
üçün çox asan vasitə saydığı tarifləri
dəyişdirmək, idxal edilən malların gömrük
rüsumlarını artırmaq yolunu tutdu. Bu tədbir, həm
də heç şübhəsiz, pərakəndə
satış qiymətlərinin də yüksəlməsinə,
sadə amerikanların mənafeyinə zərbə
vurulmasına səbəb olacaqdır. Mağazalarda artıq ərzaq
mallarının, apteklərdə dərmanların qiyməti
artır. Bütün məişət
xərcləri yüksəlmişdir. İnflyasiya da
böyüməkdə davam edir. Kiçik mağazalar
idxalın yeni şərtlərinə görə
bağlanmağa başladı. Pensiya təminatına inam
azaldı. Fermerlərin isə malları alıcısız
qaldı. Amerikan ailəsinin büdcəsinə benzinin qiymətinin
yüksəlməsi də mənfi təsir göstərir.
İpoteka kreditləri, ondan istifadə edənlərə xeyli
baha başa gəlir. Orta amerikan ailəsi dünyada hamıdan əvvəl
minik avtomobillərinə sahib olmağa
başlamışdı. Tarif müharibəsi avtomobillərin
qiymətinin 4 min dollardan 10 min dollara qədər yüksəldəcəkdir.
Second hand mallarını almağa öyrənməmiş
amerikan təzə maşın aldıqda, maddi çətinliklə
üzləşməli olacaqdır. Bu, ölkədə
baş verəcək fəlakət perspektivinin simptomları
sayıla bilər, çünki tariflərin artması bumeranq
təsiri bağışlayıb, milyarderlərə deyil, sadə
amerikan əhalisinin büdcəsinə zərbə
vuracaqdır.
Amerikanlar qiymətlərin artmasından meydana gələn
sosial böhrandan qorxurlar. Bir əsr əvvəl, 1929-cu ildəki
Böyük Depressiya amerikanların maddi vəziyyətinə
ağır zərbə vurmuşdu, əhali görünməmiş
ehtiyac girdabına düşmüşdü. Bu vəziyyətin
sona çatmasına on ildən artıq vaxtı gözləmək
lazım gəldi.
Prezident isə ancaq dövlətə ziyan dəyməsinin
qarşısını almağa, onun gəlir götürməsinə
çalışır. əks reaksiyanın da meydana gələcəyini,
tətbiq etdiyi yüksək tariflərə cavab kimi,
müştərək dövlətin də buna əl
atacağını nəzərə almır. ABŞ-ın
dünyada hegemonluq etməsi artıq arxada
qaldığından, onun qarşısında təzim edənlərin
sayı xeyli azalmışdır.
Ticarət müharibəsi ABŞ-ın özü
üçün ağır bir hadisə olsa da, başqa
ölkələrə də mənfi təsirini göstərmişdir.
Bir neçə gündə dünya bazarı 6,2 trilyon həcmində
ziyan çəkməli oldu. Ən başlıcası isə,
bu fövqəldövlətin malik olduğu nüfuz eroziyaya
uğramışdır.
Köhnə zavodların ölkəyə geri
qaytarılması, yenidən işə salınması xilas
vasitəsi kimi irəli sürülür, onun iqtisadi cəhətdən
nə qədər faydalı olub-olmaması isə nəzərə
alınmır Amerikanlar artıq ağır zəhmət tələb
edən müəssisələrdə, mədənlərdə
işləməkdən uzaqlaşmışdılar, onlar xidmət
sahələrində işləməyə üstünlük
verirlər. Amerika sənayesi də ciddi dəyişikliyə
uğramışdır, yüksək texnoloji məhsulların
istehsalına keçməklə, əvvəlki dövrlərdən
daha artıq gəlir əldə edir. Amerikada bəzi
zavodların bağlanması işsizlik probleminin yaranmasına
da səbəb olmamışdır, burada işsizlik vur-tut 2
faizdən bir qədər artıqdır. Tarif tədbirlərindən
sonra vəziyyət bu sahədə də mənfi tərəfə
dəyişir.
Riskə onunla haqq qazandırılır ki, guya
istehsalı geri qaytarmaq müəyyən
dövr üçün retsessiya tələb etsə də,
bu, yalnız guya gələcək böyük inkişaf naminə
atılan addımdan başqa bir şey deyildir. Bu, Maonun
Çində həyata keçirdiyi uğursuz
"Böyük sıçrayışı" yada
salır. İrəliyə sıçrayış cəhdi
ölkə üçün ağır olan geriyə
atılmaqla nəticələndi. O da üç illik
ağır zəhmətin min illər üçün
xoşbəxtlik gətirəcəyini vəd etmişdi.
ABŞ, mallarını idxal etdiyi bütün dövlətlərə
tarifləri, gömrük rüsumunu artırsa da, az sonra bunu ləğv
etmək məcburiyyətində qaldı. Təkcə
Çinə qarşı olan tədbirlər daha da sərtləşdi
və ondan idxal etdiyi malların tarifləri 145 faiz artdı. Hədəf
seçilən ölkənin özünün sərt
cavabı ilə yanaşı, bu tədbirdən ziyan çəkən
yerli "Apple" şirkəti də kənarda qalmayıb,
öz dövlətindən qisas almağa girişdi.
"Apple" 600 ton çəkisində olan ayfonlarını
Asiyadan çıxarmaq üçün yük
aviasiyasından istifadə etməyə məcbur oldu. Hava logistikası
böyük xərc tələb edir. Ayfonun ABŞ-da
istehsalı az qala 1,5 dəfə baha başa gələcəkdir,
çünki Çin alternativi olmayan infrastruktura malik idi.
İstehslın Hindistana köçürülməsi baş
versə, böyük xərc çəkməklə yeni
infrastruktur yaratmaq lazım gələcəkdir. Bu isə məhsulun
qiymətinin artmasına səbəb olacaqdır.
Ayfon yüksək texnoloji məhsul olmaqla
yanaşı, heç də sadə telefon aparatı deyildir,
çox funksiyalı olduğuna görə öz sahibinə də
həmin sayda mühüm xidmətlər göstərir. Maliyyə
məsələləri ilə, mühasibatla və informasiya fəaliyyəti
ilə məşğul olan işçi ayfonsuz intellekt əlilinə
çevrilir. Adamlar bu telefona elə öyrənmişdir ki,
bunu, qəribə görünsə də, narkomaniyaya bənzətmək
olar.
İqtisadi müstəqilliyi ilə öyünən,
dünya ticarətində əzələlərini nümayiş
etdirən Çin ABŞ-a daha ağrılı olan zərbələr
vurmağa başladı, onun nisbətən sərfəli olan
digər idxal kanallarını da bağlamaqla, bəzi qiymətli
malları isə, məsələn, "Boinq" təyyarələrini
ondan almaqdan imtina etdi. İri həcmdə olan və ABŞ-a
ixracdan yaxşı gəlir gətirən soya və maye təbii
qaz almağını da dayandırdı. İri amerikan
şirkətləri milyard dollarla ziyana düşür.
Çin isə texnoloji inkişafda, həmçinin süni
intellektin tətbiqində rəqibindən geri
qalmadığına görə. öz iqtisadi orqanizminə
olan iynə batırılması həmləsinə, daha iri
skalpellə cavab vermək yolunu tutdu. ABŞ tariflərlə
Çinə ziyan vurmağa cəhd etsə də, ən
ağır zərbəni özünə vurmuş oldu.
Çünki Çin xeyli əvvəldən, onun ilkin təzahürlərini
2019-cu ildə gördüyündən, Amerikanın bu siyasətə
daha geniş ölçüdə əl atacağını
gözləyirdi və lazım olan hazırlığı
görmüşdü. Digər dövlətlər də, məsələn
Kanada və Meksika bütünlüklə, hətta daim onun
farvaterində üzən Yaponiya isə qismən Amerikadan
üz döndərdi.
ABŞ dolları da öz mövqeyini itirir. Çin
dolları məhv etmək üçün dünya ticarətini
öz valyutası olan yuana keçirir. Beynəlxalq maliyyə əməliyyatları
aparan SWIT-ə artıq ehtiyac olmayacaqdır. ABŞ-ın borc
bazarı etibarı itirdiyindən, Çin və Yaponiya Amerika
qiymətli kağızlarını satmağa
başlamışdır.
Avropa ölkələri də onlara qarşı
yönəldilmiş diskriminasiya tədbirlərinə
güzgü effekti şəklində cavab verməyə
başladı. ABŞ tədbirini 90 günlük təxirə
saldıqda, Avropa İttifaqı da parallel addım atdı.
Lakin düşünülməmiş, əks amilləri nəzərə
almadan görülən tədbirlər, gözlənilənlərin
ziddinə olan nəticələrlə müşayiət
olundu. Nasist Almaniyasına və militarist Yaponiyasına
qarşı müharibədə birgə vuruşanlar artıq
müttəfiqliklərini dayandırdılar. Yaxın qonşusu Kanada ona əyilməyəcəyini
bildirdi. Müqavilələrə əməl etməmək, əslində
xəyanət heç də başqa cür, müsbət bəhrə
verə bilməzdi. Tariflərin yüksəlməsinin nəticələri
ABŞ iqtisadiyyatını tənəzzülə uğrada
bilər. Səhmlərin kursunun aşağı düşməsinin
iqtisadi böhran xarakteri alacağına artıq elə bir
şübhə yoxdur. Nəticədə ölkənin
borcları arta bilər.
Amerikaya bəslənən etimad bir andaca yoxa
çıxdı. Prezident Tramp çox sayda dövlət rəhbərlərinin,
özünün dediyi kimi, əlini öpməyə gəlməsini
gözləsə də, əksinə, çoxu ona hətta
formal diplomatik təzim qılmağı da özlərinə
rəva bilmədi. Yalnız Yaponiya və Cənubi Koreya bir qədər
sonra ABŞ-la sövdələşmə bağlamaq arzusunda
olduqlarını bildirdilər. Bütövlükdə maqiyaya
bəslənən inam isə, böyük ölçüdə
götürüldükdə, puç oldu. Amerikaya olan
hörmət az da olsa yoxa çıxdı, artıq təxəyyül
edilən düşmənlər yoxdur, onunla
hesablaşmayanların real ordusu meydana gəldi. Mif, illüziya
gerçəkliyə təsir göstərə bilmədi.
ABŞ siyasi xadimlərinin qələbə raportları isə
farsla nəticələndi, reallığı zarafata
çevirmək acı nəticəyə səbəb oldu.
Markiz de Sadın pyesini XXI əsrdə həyat səhnəsinə
gətirmək, siyasətdə sadomazaxizmlə məşğul
olmaq, ondan ağır əzab çəkməyə gətirib
çıxardı.
XXI əsrin başlanğıcından gur start
götürən avtomobil sənayesinin istehsalı hesabına,
dünya bazarı Çin avtomobilləri və elektromobilləri
ilə doldu. Bu isə Amerika üçün daha güclü
hiss edilən bir zərbə idi. ABŞ
istehsalçıları - "Ford", "Ceneral Motors"
və "Kraysler" şirkətləri XX əsrin sonunda
Yaponiyaya, yeni əsrdə isə Çinə
uduzmalarını davam etdirdilər. Burada elə bir sirr də
yoxdur, amerikan avtomobilləri texniki keyfiyyətlərinə və
yüksək satış qiymətlərinə görə rəqib
istehsalçılardan geridə qalırdı. Yaponlar öz
maşınlarında yanacaq sərfini xeyli
azaltmışdılar, çinlilər isə bu sahədə
daha uzağa gedib, rəqiblərini ağır vəziyyətdə
qoydular.
Birləşmiş Ştatlar, novator tədqiqatçı
İlon Maskın "Tesla" elektromobillərinə
böyük ümid bəsləyirdi, onu ikonaya
çevirmişdi. Axı fantaziyanı real həyata
keçirməyə çalışan bu ixtiraçı
öz məhsulunu futuristik bir nəqliyyat növü, gələcəyə
ünvanlanmış maşın kimi nəzərdə
tutmuşdu və onda həqiqətən çoxlu yeniliklər
öz əksini tapmışdı. Bu, təkcə onun texniki
xüsusiyyətlərində deyil,
görünüşündə də nəzərə
çarpırdı. Lakin bu elementlər həm də ən
müasir sayılan elektromobil üçün "ayı xidməti"
rolunu oynadı. Maşının kuzası ənənəvi
axarlı, elektrodinamik formada olmaq əvəzinə, iti
bucaqlı panellərdən ibarətdir. Onlar dəydiyi adamlara
ağır travma vurmaqla yanaşı, toqquşduğu
avtomobilləri də sıradan çıxara bilər. Digər
bir qüsur isə ondan ibarət idi ki, maşın saatda 75 mil
sürətlə getdikdə, mexaniki cəhətdən bərkidilmək
əvəzinə, yapışqanla
yapışdırılmış panellər
dağılmağa başlayır, arxadan gələn nəqliyyata
da təhlükə törədir. Adi qəza vaxtı da elektromobil tam
dağılmaya məruz qalır. Digər tərəfdən,
panellər paslanmayan poladdan və digər metalların ərintisindən
düzəldildiyindən, maşının çəkisi
ağır olmaqla, 4 tona çatır. Bəzi ölkələrdə
isə çəkisi 3,5 tondan ağır olan minik
maşınlarının istifadə edilməsinə icazə
verilmir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.12.