Milli Hökumət
dövrü Həsən Həsənovun xatirələrində
(Əvvəli ötən sayımızda)
1944-cü ilin yayında SSRİ Neft Sənayesi
Nazirliyinin böyük nümayəndə heyəti də
Tehranda idi və birgə neft çıxarmaq barədə
İran hökuməti ilə danışıqlar
aparırdı. Nümayəndə heyətinin
başçısı Sergey Kavtaradze formal olaraq SSRİ Neft
komissarının müavini idi. Amma Həsən Həsənovun
1944-cü ilin çevriliş planına hazırlıq barədə
xəsis qeydlərindən görünür ki, bu şəxs
Moskvada stajirovka keçən azərbaycanlı kadrlara orada
operativ rəhbərlik etmişdi. Memuarında H.Həsənov
yazır: "Bizimlə hər zaman nazir müavini Kavtaradze məşğul
olurdu. Molotovla olan görüş, onun bizim
qarşımızda qoyduğu məsələlər haqda
artıq yazmışam" (Ləyaqətli şəxsiyyət., s.168). İlk baxışda adi
detallardır, amma əslində, İranda Kommunist
çevrilişi planına Moskvada necə geniş və
detallı hazırlıq aparıldığını göstərən
faktdır. S.Kavtaradze həm də SSRİ məxfi
orqanlarının zabiti olub.
Həsən Həsənov yazır ki, əvvəlcə
1944-cü ildə İrana gedəcək Azərbaycan kommunist
kadrların rəhbəri kimi Əhəd Yaqubov (1908-1979) nəzərdə
tutulurdu. Mənbələrdən görünür ki,
1944-cü ilin çevriliş cəhdi zamanı o da İranda
olmuşdu, lakin Cənubi Azərbaycanda yox, Tehranda fəaliyyət
göstərmiş və Tehranda Sovet vitse-konsulu statusu
daşımışdı. Bu status Əhəd Yaqubova da
diplomatik toxunulmazlıq immuniteti verirdi və onun hadisələrdə
ciddi vəzifələr icra etdiyini göstərir. Güman ki,
o, Azərbaycandan getmiş digər kommunist rezidenturaya rəhbərlik
etmişdi və Həsən Həsənovun bundan xəbəri
olmaya bilərdi. O, ixtisasca geoloq, elmlər doktoru, Azərbaycan
EA-nın akademiki (1947) olub.
1944-cü ilin 29 avqustunda İran hökuməti uzun
müzakirələrdən sonra Sovetlərlə neft
anlaşmasından birmənalı imtina etdi. Həmin gündən
şaha sadiq olan İran hökumətini bütün vasitələrlə
devirmək barədə Moskvadan göstəriş gəldi (Həsənli
Cəmil., Güney Azərbaycan: tarixin yol ayrıcında.,
Bakı, Qanun, s. 150.) Lakin neft layihəsi, bizcə, pərdə
idi, onun cavabı müsbət olsaydı belə, İ.Stalinin
İranda çevriliş planı icra ediləcəkdi.
Çünki onun həyata keçirilməsinə külli
miqdar maddi vəsait sərf edilmişdi.
İ.Stalinin İranda 1944-cü ilin sentyabr-noyabr
kommunist çevrilişi bir çox səbəblərdən
baş tutmadı. Yanvarda Bakıdan getmiş dəstə və
Azərbaycan Kommunist təşkilatının
üçüncü katibi H.Həsənov Bakıya
qayıdıb, oradakı uğursuzluğa görə vəzifəsindən
azad edilib və təbliğat üzrə adi katib vəzifəsinə
endirilib. Tarixşünaslara az-çox məlum olan bu hadisələr,
əslində, Milli Hökumət layihəsinin müqəddiməsi
və əsas səbəblərindən idi. Sovet vaxtı bu
giriş hissə gizlədilir, bununla da SSRİ-nin xarici siyasəti
planlarından kənar hadisələr kimi təqdim olunurdu.
Amma SSRİ dağılandan sonra Rusiya tarixçiləri
özləri İ.Stalinə ittiham yönündə bu məsələni
açdılar. Azərbaycanda isə bu məsələləri
hələ 1974-cü ildə Həsən Həsənovun
memuarları işıqlandırmışdı. İndi
SSRİ yoxdur, Azərbaycan Kommunist təşkilatının
1941-1946-cı illərdə İrandakı demokratik Milli hərəkatda
iştirakı tam şəkildə tarix və dərsliklərimizdə
əks olunmalıdır. Azadlıq - həqiqəti bilməkdən
başlayır. Keçmişi düz anlamaq gələcəyə
nəzarət etməkdir. Keçmiş haqda yalan versiyalar gələcəyə
yol axtaranları azdırmağa xidmət edir.
lll
İndi keçək Həsən Həsənovun
İranda məxfi fəaliyyətinin ikinci mərhələsinə.
Bu mərhələ, əslində, 1944-cü ilin
payızında antişah çevrilişin iflasına görə
İ.Stalinin qisas almaq cəhdi idi. Memuarından görünür
ki, antişah kommunist qiyamçılar İrandan əliboş
qayıdandan sonra İ.Stalin 1945-ci ilin birinci yarısında
İrandakı uğursuzluğun səbəblərinin təhlili
ilə məşğul olub. 1944-cü ilin
payızındakı hadisələrdə İştirak edənlərin
hamısından uğursuzluğun səbəbləri haqda
izahedici arayışlar tələb edilib. Həsən Həsənov
da Azərbaycan qrupunun rəhbəri kimi böyük
arayış yazıb yanvar-fevral aylarında və bu sənəd
üzərində işini xüsusi həvəslə
işıqlandırır. Uğursuzluğun əsas səbəbi
kimi "Tehranın qətiyyətsiziyi"ni göstərir, yəni
İran Kommunist partiyası rəhbərlərinin zəifliyini.
Belə arayışlardan birini də Moskva
üçün Mirzə İbrahimov yazmışdı və
bu barədə Yasif Nəsirlinin xatirələrində
(Müasirləri Mirzə İbrahimov haqda., xatirələr
toplusu, Bakı, Elm,2008, s.179-191) üstüörtülü
şəkildə söhbət gedir. Xatirədə bu
arayış məktub adlandırılır, lakin onun
haqqında ədibin bioqrafiyasının mühüm faktı
kimi bəhs edilməsi göstərir ki, çox mühüm
tarixi sənəddən söhbət gedir. Bu arayışda
Mirzə İbrahimov bildirir ki, İranda şah rejimini azərbaycanlıların
milli demokratik hərəkatı aradan götürə bilər.
Bu təklif İ.Stalinin xoşuna gəldi, birinci ona görə
ki, İrandakı Qızıl Ordu və İran Kommunist
partiyası üzərindən İrandakı çevriliş
şübhələrini götürürdü. İkincisi,
bütün Asiya və Afrika ölkələrində Milli
azadlıq hərəkatları bir adilik idi İkinci Dünya
savaşı dövründə.
1944-cü ildə İ.Stalinin siyasi iradəsi
keçmədi İranda, halbuki bu ölkə onun ən
yaxşı bələd olduğu bir yer idi və o özü
də belə hesab edirdi. Ona görə İ.Stalin İranda
revanş almaq barədə qəti qərara gəldi.
İranda separatçı Azərbaycan və Kürdüstan
Demokrat partiyalarının yaranması qərarı bu
revanşın əsas aləti seçildi. Rusiya K(b)P
MK-nın bu barədə Qərarının adında hələ
"və digər yerlərdə" ifadəsi var idi.
Lakin 1945-ci ilin iyul-avqustunda Cənubi Azərbaycanda tələsik
yaradılan yeni hərəkatın rəhbəri Həsən
Həsənov olmadı. Məlum olduğu kimi, Təbrizə
göndərilən "Üçlüy"ün rəhbəri
Mirzə İbrahimov oldu. Bu onunla izah oluna bilər ki, İranda
separatçı kommunist partiyaları yaratmaq təklifi ondan gəlmişdi
və Moskvada bəyənilmişdi. Milli Hökumətin və
ADF-nin leqal qurucusu və təşkilatçısı Mir Cəfər
Pişəvəri təyin olunmuşdu. Lakin rəsmən o
"Üçlüy"ün üzvü olmadı, amma
Milli Hökumət qurucularından yalnız ona məxfi
"Üçlüy"ün iclaslarında iştirak etmək
hüququ verildi. Lakin Həsən Həsənovda kənarda
qalmadı, "Üçlüy"ün üzvü təyin
olundu, amma bu dəfə Kürdüstan Demokrat Firqəsinin
kuratoru kimi. Bu da anlaşılan təyinat idi: o,
Kürdüstan qəzasında doğulub
böyümüşdü. "Üçlüy"ün sonuncu
üzvü çekist general Ağasəlim Atakişiyev təyin
olundu. Maraqlıdır ki, o, Azərbaycan Dövlət Təhlükəsizliyi
komissarının müavini idi. Beləliklə, yeni hərəkatın
tam milli və separatçı xarakterinə uyğun şaquli
rəhbərlik pilləkəni yarandı. Ümumi siyasi rəhbər
M.C.Bağırov, Təbrizdə siyasi rəhbər Mirzə
İbrahimov, icraçı M.C.Pişəvəri təyin
olundu. Üstəlik, hərəkatın gedişində onun
xalis Azərbaycan hadisəsi kimi qəbul edilməsi
üçün hər şey edilirdi. Bu niyyət baş
tutdu: dünya mətbuatı hadisələri Azərbaycan məsələsi
kimi işıqlandırdı. Lakin
iştirakçıların hər birinin səlahiyyətləri
Moskvada rəsmi qərarlar şəklində təsdiq olunurdu,
o sıradan Mir Cəfər Bağırovun ümumi rəhbərlik
səlahiyyəti. 1944-cü ildəki hadisələrdən fərqli
olaraq SSRİ Xarici işlər Komissarlığı və
İran Kommunist partiyası, Tehrandakı sovet səfiri bu
işlərdə birbaşa iştirak etmirdi. Onlar və Ermənistanın
İrandakı nümayəndələri hərəkat barədə
müxalif mövqedən çıxışlar edirdi. Lakin
İran erməniləri ADF-nin fəaliyyətində
iştirak edirdilər və bunu da Moskvanın müsəlmanları
nəzarətdə saxlamaq siyasətinin tərkib hissəsi
saymalıyıq. Moskvadan hərəkatın baş kuratoru
İ.Stalin özü idi. Ona görə Azərbaycan məsələsinin
dünya və BMT səviyyəsinə
çıxmağına görə ona minnətdar
olmalıyıq. Nə o, nədə L.Beriya bizə qarşı
heç zaman mənfi mövqedə olmayıb.
Əsas iştirakçılar, o sıradan
"Üçlüy"ün üzvləri gündəlik
olaraq olayları, iştirakçıların
dialoqlarını sözbəsöz yazıb
ayrı-ayrılıqda M.C.Bağırova yollayırdılar. O
da bu arayışları səliqəyə salıb
özünün və bəzən Azərbaycan DT komissarı
Krasilnikovun qoşa imzası ilə İ.Stalinə
yollayırdı. Rəhbər də bunların
hamısını hövsələ ilə oxuyurdu.
Bəzən tarixçilər
"Üçlüy"ün 1944-cü ildən işlədiyin
göstərirlər. H.Həsənovun memuardakı bəzi
qeydləri bunu təkzib edir. Məlumdur ki, ADF-nin I qurultayı
1945-ci il oktyabrın 2-4-də keçirilib. H.Həsənov
memuarda Mirzə İbrahimovla birgə qeyri-leqal şəkildə
qurultaya getmələrini, azıb Təbriz əvəzinə
Xoya gedib çıxmalarını təsvir edir. Bu təsvirlərdən
görünür ki, onlar qurultaya qədər hələ Təbrizdə
yaşamırdılar. Halbuki "Üçlük" Təbrizdə
olanda onların şəhərə yaxın Marai qəsəbəsində
iqamətgahları vardı və daimi şəhərdə
yaşayırdılar. "Üçlük" oktyabrın əvvəllərində
rəsmən təsis olunub. H.Həsənov ADF-nin I
qurultayı barədə M.C.Bağırova məruzə etdiyini
yazandan sonra qeyd edir ki, "o, qurultayın işini bəyəndi
və bizə dedi, yığışın və Təbrizə
gedin. Biz orada Pişəvəriyə və onun dostlarına məsləhət
verməliyik. Biz az bir vaxtda getməyə
hazırlaşdıq. Mən iki maşınımızı da
- Vandar və MKU-nu da götürdüm. İrana gedənə
qədər mən bütün işləri Kirsanova
tapşırdım... Mirzə İbrahimov Azərbaycan Sovet
Sosialist Respublikasının Xalq Maarif komissari vəzifəsində
işləyirdi, mənsə AK(b)PMK-nın katibi idim" (Ləyaqətli
şəxsiyyət.,s. 176).
Bu qeydlərdən görünür ki,
"Üçlüy"ün üzvlərinin Təbrizdə
xidməti maşınları olub və bu maşınlar Təbrizə
ancaq I qurultaydan sonra aparılıb.
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.11.