Şəbəkə marketləri:
Yerli istehsala dəstək modeli
Qloballaşan dünyada yerli istehsal və tədarükçülərin
gücləndirilməsi iqtisadi müstəqilliyin və
davamlı inkişafın əsas şərtlərindən
biridir. Şəbəkə marketləri bu sahədə yeni
imkanlar yaradaraq, yerli iqtisadiyyata dəstək rolunu oynayır.
Yerli istehsalın və tədarükçülərin
inkişafında şəbəkə marketlərinin rolu
olduqca vacibdir, çünki bu model bir neçə əsas
aspekt üzrə iqtisadi, sosial və logistika baxımından
real dəstək mexanizmi kimi çıxış edir. Şəbəkə
marketləri yalnız satış modeli deyil, həm də
iqtisadi inkişaf üçün mühüm alət hesab
olunur. Bu model yerli istehsalçıların dəstəklənməsi,
məhsullarının bazara çıxarılması və
davamlı tələbatın formalaşdırılması
baxımından çox böyük rol oynayır. Şəbəkə
marketləri vasitəsilə yerli istehsalçılar geniş
distributor şəbəkəsinə qoşularaq öz məhsullarını
daha tez və effektiv şəkildə bazara çıxara
bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar
üçün böyük üstünlükdür. Şəbəkə
marketi modelləri vasitəçiləri aradan qaldıraraq,
istehsalçı ilə alıcı arasında birbaşa əlaqə
yaradır. Bu isə nəqliyyat və anbar xərclərinin
azalması, məhsulun daha tez çatdırılması, qiymətlərin
sabit qalması kimi üstünlüklər verir.
Şəbəkə market şirkətləri yerli
istehsalçıların məhsullarını geniş
müştəri bazasına çatdırmaqda vasitəçi
olur. Bu, kiçik və orta sahibkarlığın
inkişafına təkan verir.
Ənənəvi sistemdən fərqli olaraq, şəbəkə
marketlərdə məhsul birbaşa istehsalçıdan
istehlakçıya çatdırılır. Bu da logistika xərclərini
azaldır və tədarük prosesini sürətləndirir.
Məhsullar stabil və davamlı satış kanalı vasitəsilə
dövriyyəyə buraxıldığından, yerli
istehsalçıların planlaşdırma və istehsal
imkanları da artır. Şəbəkə marketləri yerli
təchizatçılarla birbaşa əməkdaşlıq əlaqələri
quraraq onların böyüməsinə və bazarda möhkəmlənməsinə
səbəb olur.
Daimi satış və rəqabət mühiti yerli
istehsalçıları məhsul keyfiyyətini
artırmağa və beynəlxalq standartlara
uyğunlaşmağa sövq edir.
Şəbəkə marketləri iqtisadiyyatın
lokallaşmasına dəstək verir. Yerli məhsulun
satışı artırıldıqca, xarici
asılılıq azalır, daxili bazar güclənir və
milli iqtisadiyyatın dayanıqlılığı təmin
olunur. Bu da strateji baxımdan olduqca vacibdir.
Şəbəkə marketləri təkcə fərdi
gəlir qazancı ilə deyil, həm də yerli
iqtisadiyyatın dəstəklənməsi, tədarükçülərin
inkişafı və milli məhsulların bazarda mövqeyinin
gücləndirilməsi ilə əhəmiyyətli rol
oynayır. Bu model, yerli və milli iqtisadi maraqlara xidmət edən
çağdaş yanaşmadır.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
yerli istehsalın inkişafı istənilən ölkənin
iqtisadi müstəqilliyinin və dayanıqlı
inkişafının təməlini təşkil edir. Yerli məhsulların
istehsalı və istehlakı ölkənin xaricdən
asılılığını azaldır, valyuta
axınının ölkə daxilində qalmasına şərait
yaradır. Yerli istehsal müəssisələrinin artması məşğulluğun
artırılmasına, xüsusilə regionlarda sosial-iqtisadi
inkişafın gücləndirilməsinə səbəb olur.
Ölkədə mövcud olan təbii və insan resursları
istifadə olunaraq daxili potensial reallaşdırılır,
milli dəyərlər qorunur və inkişaf etdirilir. Yerli
istehsalçılar məhsullarının keyfiyyətinə
daha çox nəzarət edə bildiklərindən,
istehlakçılar üçün daha təhlükəsiz
və etibarlı məhsullar təqdim olunur. İstehsal sahəsində
fəaliyyət göstərən yerli sahibkarların
inkişafı daxili bazarın güclənməsinə və
innovasiyaların artmasına səbəb olur. Yerli istehsal
yalnız iqtisadi göstəricilər üçün deyil, cəmiyyətin
rifahı, məşğulluq və milli identikliyin qorunması
baxımından da həyati əhəmiyyət daşıyır.
Buna görə də onun inkişafı hər bir ölkə
üçün prioritet olmalıdır.
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi
Araşdırmalar Mərkəzinin rəhbəri, professor
Elşad Məmmədovun sözlərinə görə, bu
gün ölkədə yerli istehsalın və tədarükçülərin
inkişafında şəbəkə marketlərinin rolu
böyükdür. Şəbəkə marketləri yalnız
fərdi satış imkanları ilə deyil, yerli
iqtisadiyyatın canlanmasında və milli istehsalın təşviqində
də mühüm rol oynayır. Bu model, xüsusilə yerli
istehsalçıların və tədarükçülərin
inkişafına real dəstək verir. Yerli məhsulların
satışının artması daxili bazarda pul dövriyyəsini
artırır, bu isə ümumi iqtisadi inkişafa müsbət
təsir göstərir. Şəbəkə marketləri yerli
istehsalın təşviqi, tədarükçülərin
inkişafı və milli iqtisadiyyatın güclənməsi
baxımından əhəmiyyətli platformadır. Bu model,
regionlarda da iqtisadi fəallığı artırmaqla ölkənin
dayanıqlı inkişafına töhfə verir: "Şəbəkə
marketləri yerli istehsalçıların məhsullarını
daha geniş auditoriyaya təqdim etmək və sabit
satış dövriyyəsi yaratmaq baxımından faydalı
platformadır. Bu da yerli iqtisadi dövriyyəni gücləndirir.
Bu sistem onlayn satış, rəqəmsal marketinq və sosial
media platformaları üzərindən qurulduğu
üçün rəqəmsal bacarıqların
inkişafını və rəqəmsal iqtisadiyyatın
genişlənməsini dəstəkləyir. Şəbəkə
marketləri vasitəsilə dövriyyəyə buraxılan məhsullar
və göstərilən xidmətlər ölkə
üçün vergi gəlirləri, iqtisadi aktivlik və
daxili bazarın genişlənməsi ilə nəticələnir.
Şəbəkə marketləri ölkə
iqtisadiyyatının müxtəlif sahələrinə dinamik
və çevik təsir göstərən bir modeldir. Məşğulluq,
sahibkarlıq, yerli istehsal, rəqəmsal transformasiya və
daxili bazarın inkişafı sahəsində bu modelin dəyəri
və rolu hər keçən gün daha da artır".
Bu gün yerli istehsal hesabına tələbatı tam
ödəmək qarşıya qoyulan əsas hədəflərdən
biridir. İstehlakın daha çox yerli məhsullar
hesabına ödənilməsi vacib amillərdəndir. Yerli
istehsalın inkişafı yalnız istehlakdan
asılılığı aradan qaldırmaq deyil. Yerli
istehsalın güclü olması manatın devalivasiyası və
yumşalması hallarında bazarda qiymət
artımlarının qarşısını almağa kömək
edir. O baxımdan Azərbaycan üçün yerli istehsal
xüsusilə də ərzaq təhlükəsizliyi
baxımından olduqca vacibdir. Şəbəkə marketləri
yerli istehsalın inkişafına dəstək
missiyasını öz üzərinə götürüb. Bu
missiyanın layiqincə yerinə yetirilməsi
üçün bütün lazımi imkanlardan istifadə
olunur.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, bu
gün ölkədə ərzaq məhsullarına olan tələbatın
ödənilməsində yerli istehsalın payı artıb:
"Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın
təxminən 80 faizə qədərini yerli məhsullar
hesabına ödənilməsinə nail ola bilib. Amma qeyri-ərzaq
məhsullarında hələ də idxaldan asılıyıq
və bu asılılığı aradan qaldırmaq
mümkün olmayıb. Təbii ki, ərzaq təhlükəsizliyi
və ərzaq təminatı baxımından yerli
istehsalın gücləndirilməsi və istehsal sahələrinin
yaradılması daha vacibdir. Ona görə də yerli istehsal
formalaşdırılan zaman daxili bazarda olan tələbat və
istehsal olunan məhsulların ixrac imkanları nəzərə
alınmalıdır. İxrac imkanlarına uyğun yerli
istehsalın təşkil edilməsinə ehtiyac var".
Kənd təsərrüfatı məsullarının
emal edilərək bazara çıxarılması yerli
istehsalın inkişafını stimullaşdırır. Bu məhsulların
istehlakçılara təqdim edilməsində əsas
rolu şəbəkə marketləri
oynayır.
Vüqar Bayramov qeyd edib ki, bu gün dünyada məhsul
idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin
yerli istehsalının zəif olması demək deyil.
İstehlakçılar hər zaman digər ölkələrdə
istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə
də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi
hədəf olmamalıdır. Amma Azərbaycan
üçün ənənəvi sektorlar üzrə idxaldan
asılılığın aradan qaldırılması əsas
hədəf kimi götürülməlidir. Azərbaycanda
yerli istehsalın bir çox sahələrinin inkişaf
etdirilməsi üçün geniş potensial var.
Şəbəkə marketlərinin yerli istehsalı
inkişaf etdirmək üçün real imkanları var. Belə
marketlər yerli istehsalın təşviqi, satış
kanallarının genişləndirilməsi və məhsulun
tanınması baxımından çoxsaylı imkanlara
malikdir. Bu model, düzgün şəkildə tətbiq
olunduqda, yerli iqtisadiyyatın güclənməsi və milli məhsulların
rəqabət qabiliyyətinin artması üçün
güclü alətə çevrilə bilər.
Ölkədə şəbəkə marketləri tərəfindən
yerli məhsulların təşviqi və
istehsalçılarla əməkdaşlıq sahəsində
mühüm addımlar atılır. Bu fəaliyyətlər
yerli istehsalın gücləndirilməsi, brendlərin
formalaşdırılması və daxili bazarın
stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Bir çox şəbəkə market şirkəti öz məhsul
çeşidində yerli istehsalçılar tərəfindən
hazırlanmış kosmetik, qida, sağlamlıq və gigiyena
məhsullarına yer verir. Bu addım yerli məhsulların
daha geniş auditoriyaya çıxmasına şərait
yaradır. Şirkətlər yerli istehsalçılarla
birbaşa müqavilələr bağlayaraq, onların məhsullarını
daimi əsasda şəbəkələrinə daxil edir. Bu da
istehsalçıya stabil sifarişlər və maliyyə
sabitliyi təmin edir.
Bəzi şəbəkə marketləri yerli məhsulların
dizayn, qablaşdırma və təqdimat standartlarının
yaxşılaşdırılmasına kömək edir. Bu da həmin
məhsulların rəqabətə
davamlılığını artırır.
Şirkətlər yerli tərəfdaşlarına
istehsal proseslərində standartlara uyğunluq, gigiyena,
texnologiya və innovasiya sahəsində dəstək verirlər.
Bu da ümumilikdə yerli məhsul keyfiyyətinin yüksəlməsinə
səbəb olur. Şəbəkə market modelləri
regionlarda da geniş yayıldığı üçün
yerli istehsalçılar yalnız paytaxtda deyil, ölkənin
müxtəlif bölgələrində də satış
imkanları əldə edirlər.
Azərbaycanda fəaliyyət göstərən şəbəkə
market şirkətləri yerli istehsalçıları təşviq
etməklə həm öz biznes modellərini möhkəmləndirir,
həm də ölkə iqtisadiyyatına dəstək verir. Bu
yanaşma davamlı və daxili bazara əsaslanan iqtisadi
sistemin qurulmasına mühüm töhfədir.
Sevinc QARAYEVA
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan
Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin
İnkişafı İctimai Birliyinin "Orta və kiçik
biznesin inkişafında pərakəndə sektorun rolu"
mövzusundakı birgə müsabiqəsinə təqdim
olunur.
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.10.