AMEA-da akademik
Mikayıl Useynovun 120 illiyinə həsr olunan elmi sessiya
keçirilib
Aprelin 22-də AMEA-nın Əsas binasında Humanitar
Elmlər Bölməsi və Memarlıq və İncəsənət
İnstitutunun birgə təşkilatçılığı
ilə görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatları laureatı, SSRİ Xalq
memarı, Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən
biri olan akademik Mikayıl Useynovun 120 illiyinə həsr
olunmuş elmi sessiya keçirilib.
Əvvəlcə tədbir
iştirakçıları Fəxri Xiyabanda görkəmli Azərbaycan
memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun məzarlarını
ziyarət edərək üzərlərinə gül dəstələri
qoyub, onların xatirələrini ehtiramla anıblar.
Daha sonra iştirakçılar foyedə Mikayıl
Useynovun yaradıcılığını əks etdirən sərgi
ilə tanış olublar.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli açaraq görkəmli memar
Mikayıl Useynovun zəngin yaradıcılığından,
elmi-təşkilati fəaliyyətindən və Azərbaycanın
milli memarlıq sənətinə verdiyi əvəzsiz töhfələrdən
danışıb.
Akademik İsa Həbibbəyli Prezident İlham
Əliyevin 18 mart 2025-ci il tarixində “Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam
imzaladığını vurğulayaraq, həmin qərarın
işığında AMEA-da yubiley tədbirlərinə start
verildiyini bildirib. O, Azərbaycan SSR Elmlər
Akademiyasının ilk təsisçilərindən biri olan
akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş elmi
sessiyanın da AMEA-nın 80 illik yubileyi çərçivəsində
əhəmiyyətli tədbirlərdən olduğunu qeyd edib:
“Akademik Mikayıl Useynov AMEA-nın əsasını qoyan
görkəmli şəxsiyyətlərdən biri,
Akademiyanın sənətşünaslıq və memarlıq
elmi istiqamətlərinin ilk görkəmli
yaradıcısı və bu elm ocağının sonrakı
inkişaf mərhələlərində böyük rol
oynamış alimdir”.
AMEA rəhbəri bildirib ki, akademik Mikayıl Useynov Azərbaycanın
milli memarlıq ənənələrini öz yeni
axtarışları ilə zənginləşdirib və
müasir texnologiyalardan istifadə edərək monumental tikililərin
qiymətli nümunələrini yaradıb. O, Azərbaycan
memarlıq tarixinə yeni bənzərsiz üslub gətirib.
AMEA-nın yerləşdiyi binanın da müəllifi
olduğu Mikayıl Useynov 200-dən çox layihə
yaradıb və bunların hamısı çox peşəkarcasına,
yüksək səviyyədə həyata keçirilib.
Görkəmli memarın layihələri əsasında
Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə
də Düşənbə, Moskva və digər şəhərlərdə
mədəni-məişət binaları tikilib.
AMEA prezidenti Azərbaycan memarlığının elm
kimi təşəkkülündə xüsusi rolu olan akademik
Mikayıl Useynovun yüksəkixtisaslı kadrların
hazırlanması istiqamətindəki xidmətlərindən
də danışıb. Qeyd edib ki, alim Azərbaycanda
memarlığın inkişafına və milli memarlıq
elminin kadr potensialının formalaşdırılması
işinə dəyərli töhfələr verib.
O, akademik Mikayıl Hüseynovun tarixi memarlıq abidələrinin
Azərbaycan memarlıq sənətinin əbədi nümunələrindən
sayıldığını və əsrlər boyu daim
yaşayacağını bildirib: “Mikayıl Hüseynov 50-ci
illərdən sonra, müəllifi olduğu əsərlərində
klassik üslubu ənənələrə sadiq qalmaqla
inkişaf etdirib, onları Azərbaycan reallığına,
müasir dövrün çağırışlarına
uyğunlaşdıraraq mühüm nailiyyətlərə
imza atıb. Onun tanınmış memar Sadıq Dadaşovla
fikir-ideya birliyi əsasında yaratdığı əsərlər
Azərbaycan milli memarlığının ən parlaq səhifəsi
hesab olunur. Möhtəşəm əsərlərin
yaranmasında qısa ömür yaşamış Sadıq
Dadaşovun da xidmətləri və əməyi
danılmazdır”.
Çıxışının sonunda akademik İsa Həbibbəyli
ölkəmizin memarlıq sənətinin təbliği və
memarlıq elminin inkişafı baxımından tədbirin
önəmini qeyd edib, konfransın işinə uğurlar
arzulayıb.
Sonra Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova
çıxış edərək Mikayıl Useynovu həqiqi
alim, sadə insan və görkəmli memar kimi xarakterizə
edib. O, XX əsr Azərbaycan memarlıq məktəbinin
qüdrətli nümayəndəsi Mikayıl Useynovun zəngin
memarlıq və dövlətçilik ənənələrini
saxlamaqla müasir üslubda memarlıq kompleksləri
yaratdığını bildirib. Görkəmli memarın
yaradıcılığında sovet dövrü Azərbaycan
memarlığı tarixinin əks olunduğunu diqqətə
çatdırıb.
Professor Gülçöhrə Məmmədova
Mikayıl Useynovun elmi fəaliyyətinə nəzər salaraq
alimin həmmüəllifi olduğu “Azərbaycan
memarlığı tarixi” kitabının Azərbaycan
memarlıq tarixinin ən böyük və fundamental əsəri
olduğunu vurğulayıb.
AzMİU-nun Memarlıq fakültəsinin
binasının da Mikayıl Useynovun layihəsi əsasında
tikildiyini söyləyən rektor qeyd edib ki, tarixi Azərbaycan
memarlığından gələn nümunələr əsasında
inşa edilən bu bina Azərbaycan paytaxtını bu gün
də bəzəməkdədir. O, görkəmli alimin elmi
irsinin gənc memarlar üçün böyük tədqiqat
mövzusu olduğunu bildirib.
Azərbaycan Memarlar İttifaqının İdarə
Heyətinin sədri Elbay Qasımzadə isə
çıxışında görkəmli memar Mikayıl
Useynovla bağlı xatirələrini bölüşüb,
onun Azərbaycan memarlıq sənətində parlaq iz
buraxdığını söyləyib.
“Memarlıq tarixçisi Mikayıl Hüseynov
memarlıq və nəzəri əsərlərini Sadıq
Dadaşovla birgə yaradıb”, - deyən Elbay Qasımzadə
ustad sənətkarların yaradıcılığını
müqayisə edib, onların birgə
çalışdığı dövrü “milli romantizm
dövrü“ adlandırıb. Qeyd edib ki, akademik Mikayıl
Useynovun Sadıq Dadaşovun vəfatından sonra
yaradıcılığı xeyli dəyişib və onun ilk
yalnız ərsəyə gətirdiyi layihə Mirzə Fətəli
Axundov adına Azərbaycan Milli Kitabxanası olub.
Akademik Mikayıl Useynovu müasir Azərbaycan
memarlığının dayaqlarından biri kimi xarakterizə
edən Elbay Qasımzadə onun SSRİ məkanında memar
ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı
adı alan şəxs olduğunu bildirib. O, Mikayıl Useynovun
siyasi-ictimai fəaliyyətindən də bəhs edərək
Mikayıl Useynovun dəfələrlə Ali sovetin deputatı
olduğunu, uzun illər Azərbaycan Memarlar
İttifaqının sədri vəzifəsində
çalışdığını diqqətə
çatdırıb.
Daha sonra Memarlıq və İncəsənət
İnstitutunun direktoru AMEA-nın müxbir üzvü
Ərtegin Salamzadə çıxış edərək
bildirib ki, Azərbaycanda böyük memarlıq məktəbinin
yaradıcısı kimi, Mikayıl Useynovun yalnız ölkəmizdə
deyil, onun hüdudlarından kənarda da müxtəlif abidələrin,
sənət nümunələrinin ərsəyə gəlməsində
böyük əməyi olub. Mikayıl Useynov əsərlərində
memarlıq sənətinin irsindən çox ustalıqla
istifadə edib və onun yaradıcılığında
heç bir əcnəbi memarlıq nümunələrə
rast gəlinmir.
Ərtegin Salamzadə qeyd edib ki, görkəmli memar 40
ilə yaxın Azərbaycan Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutuna rəhbərlik
edib. Alimin rəhbərliyi altında onlarla dissertasiya müdafiə
olunub, milli memarlıq elminin kadr potensialı formalaşıb.
Tədbirdə memarlıq doktoru, professor Rayihə
Əmənzadə “Akademik Mikayıl Useynov Azərbaycan
memarlığının patriarxıdır”, memarlıq
doktoru, dosent Rahibə Əliyeva “Tarixə qovuşan Mikayıl
Useynov yaradıcılığı”, memarlıq üzrə fəlsəfə
doktoru, dosent Sevinc Tangudur “Mikayıl Useynov Şərq ölkələri
Beynəlxalq Memarlıq Akademiyasının qurucusu kimi” və
memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə
Abdullayeva “Akademik Mikayıl Useynovun
yaradıcılığında memarlıq elementlərinin bədii
dili” mövzusunda məruzələrlə
çıxış ediblər.
Sonda görkəmli memarın ailəsi adından
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
dosent Səidə Useynova çıxış edərək tədbirin
təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
525-ci qəzet .- 2025.-24 aprel(¹69).-S.9.