Zəngin bilgi toplusu:
"Diplomatik-siyasi ensiklopediya"
Ümumi həcmi 2800 səhifədən artıq olan və
5 cilddə təqdim edilən "Diplomatik-siyasi
ensiklopediya" tanınmış elm xadimi, görkəmli
ziyalımız, Bakı Dövlət Universitetinin professoru,
1962-ci ildən bu günümüzədək elmi-ictimai fəaliyyətlə
məşğul olan, müxtəlif illərdə
respublikamızda ali inzibati, diplomatik, elmi-pedaqoji və ictimai vəzifələrdə
fədakarcasına çalışan Ağalar Abbasbəylinin
qələmindən çıxıb. Bu fundamental əsərin
ərsəyə gəlməsi böyük elmi və ictimai
hadisədir, çünki bu kimi elmi-tədqiqat xarakterli
araşdırma ölkəmizdə ilk dəfədir ki,
aparılır və elmi ictimaiyyətə təqdim olunur. Elmi
fəaliyyəti ərzində 45-dən çox
monoqrafiyanın və bütövlükdə 550-dən
artıq elmi əsərin müəllifi olan professor Ağalar
Abbasbəylinin geniş analitik, sistemli, müxtəlif elm sahələrini
əhatə edən dərin bilik və təcrübi bacarığı
hazırkı ensiklopediyanın hazırlanmasında
özünü yüksək səviyyədə göstərib.
Azərbaycan elminə layiqli töhfə olan bu dərin
məzmunlu, maraqlı faktlarla zəngin olan əsərin mahiyyətini
və əhəmiyyətini bir neçə istiqamət
üzrə təhlil etmək olar: siyasi, diplomatik, tarixi,
politoloji, beynəlxalq münasibətlər, dünya
iqtisadiyyatı, beynəlxalq jurnalistika,
regionşünaslıq, beynəlxalq hüquq və digər.
Bu sahələr üzrə çalışan və
ixtisaslaşan mütəxəssislər üçün
hazırkı ensiklopediya əhəmiyyətli faktlarla və dərin
fikirlərlə zəngindir.
Əsərin böyük üstünlüyü onun
elmi mahiyyətində olduğu qədər publisistik və həm
də, mənbəşünaslıq xarakterindədir. Diqqətəlayiqdir
ki, müəllif, bu tipli ənənəvi əsərlərə
xas olan quru terminoloji izahatdan yan keçərək siyasi və
diplomatik fəaliyyətə aid olan tarixi və nəzəri
material təqdim edir. Diplomatik və siyasi terminlərin təqdimatı
hər bir gənc mütəxəssis və gələcək
araşdırmaçılar üçün gözəl
etiket məktəbidir. Bu mənada ensiklopediya bir sıra sahələr
üzrə tədris vəsaitlərinin və dərsliklərin
davamı kimi çıxış edir.
Ensiklopediyanın əhəmiyyətli cəhətlərindən
biri Azərbaycan diplomatiyasının, milli tariximizin dərinliyinə
nəzər salmaqdadır. Ağqoyunlu dövlətinin xarici
siyasəti, Səfəvi dövlətinin beynəlxalq əlaqələri,
Azərbaycan Xalq Cümhuriyyətinin dünya birliyinə
qovuşmasına yönəlmiş fəaliyyət, ilk
demokratik respublikamızın dövlət xadimləri, Paris
sülh konfransının təşkili haqqında bölmələr,
müasir dövrdə ölkəmiz tərəfindən
bağlanmış beynəlxalq müqavilələr,
imzalanmış konvensiyalar oxucular üçün cəlbedici
şəkildə izah edilib. M.Ə.Rəsulzadə,
Ə.Topçubaşov, F.Xoyski, M.Hacınski, S.Mehmandarov və
ADR-in digər dövlət xadimləri həqqında ətraflı
məlumat verilmiş və bu tipli informasiya böyük elmi
sayğı və milli düşüncə əsasında təqdim
olunub. Onu da nəzərə almaq lazımdır ki, bu kimi
mövzular geniş formada dərin məzmunlu materiallar əsasında
verilir. Burada həm də bu sahə üzrə
çalışan tədqiqatçıların əsərləri
qeyd edilir, alimlərin əməyi vurğulanır və gələcək
təhlillərə yol açılır. Azərbaycan milli
elitasının formalaşması mövzusu öz tədqiqatçısını
gözləməkdədir. Əsərin elmi əhəmiyyəti
həm də bu kimi yeni mövzuların gündəmə gətirməsindədir.
Bu baxımdan sərhəd məsələlərini, tarixi Dərbənd
problemini araşdırmaq çox vacib və əhəmiyyətlidir.
Azərbaycan ictimaiyyətinin və
araşdırmaçıların davamlı olaraq maraq dairəsində
olan tarixi sənədlər, o cümlədən
Gülüstan və Türkmənçay sülh müqavilələri,
1921-ci il Qars sazişi, onların maddələri
ardıcıllıqla oxuculara çatdırılır, tarixi
problemlər və milli vəzifələr vurğulanır.
Əsərdə çox sayda yeni, indiyədək elmi
dövriyyədə olmayan faktlar təqdim olunur. Bu sırada
İkinci Dünya müharibəsi dövründə ABŞ
prezidenti F.Ruzveltin ölkəsinin təhlükəsizliyini
gücləndirmək məqsədilə bütün yapon əsilli
ABŞ vətəndaşlarının həbs edilməsi
haqqında əmr verməsini və yaxud 1941-1945-ci illərdə
Almaniyaya aparılmış sadə vətəndaşların
statistikasını və digər çoxsaylı faktları
göstərmək olar.
Təqdim edilən əsərə diqqət yetirdikdə
aydın olur ki, əslində hər bir terminin mahiyyətində,
onun real həyatda istifadə edilməsində, onun davamında
böyük elmi araşdırma, geniş məzmun dayanır.
Şübhəsizdir ki, bu anlayışların
araşdırılması, gündəmə gətirilməsi,
onların izahı böyük əmək və vaxt tələb
edir. "Afidevit", "Akklamasiya", "Klaka", "Konkordat",
"Polemologiya" və çox sayda terminlərin məzmunu
və mahiyyəti kifayət qədər maraqlıdır.
Professor Ağalar Abbasbəylinin fundamental əsəri
həqiqi mənada milli düşüncəyə söykənir
və milli ruhda yazılıb. Qarabağ hadisələri, bu
münaqişənin tarixi kökləri, erməni
faşizminin formalaşması, xalqımızın
başına gətirilən müsibətlər
ensiklopediyanın səhifələrində hərtərəfli
və açıq şəkildə göstərilir. Qeyd etmək
lazımdır ki, müəllif həm də hadisələrin
psixoloji atmosferini verib, yeri gələndə
iştirakçıların dili ilə təqdim edilib. Bu mənada
əsər soyuq informasiya mənbəyindən kənara
çıxaraq canlı, lazım gəldikdə emosional məlumat
bazası kimi çıxış edir. Oxucu olaraq, bəzən
bir çox tarixi mətnlərə qayıdaraq yenidən
oxumağa maraq göstərirsən və dəqiqləşdirmələr
aparırsan. Burada Xocalı soyqırım hadisəsinin ermənilər
tərəfindən törədilməsinin xarici mətbuatda əks
olunması, bu soyqırımın hansı dövlətlər,
ABŞ ştatları tərəfindən tanınması
ardıcıllıqla təqdim edilib. Müəllif Ermənistanın
Azərbaycana qarşı törətdiyi vəhşiliklərə
diqqəti cəlb edərkən, ensiklopediyanın digər
bölməsində beynəlxalq humanitar hüquq, konfliktlər
dövründə mədəni dəyərlərin
qorunması haqqında 1954-cü il konvensiyasının mətnini
təqdim edir, bütövlükdə "münaqişə"
anlayışının mahiyyətini və buna dair dünya
tarixindən nümünələr ortaya qoyur.
Milli yanaşma özünü həm də tarixi və
müasir türk dövlətləri haqqında bilgilərdə
göstərir. Tarixi axarda mövcud olan qüdrətli türk
imperiyaları, dövlətləri, onların mövcud
olduğu tarix ardıcıllıqla istifadəçilərə
təqdim edilir. Nəzərə almaq lazımdır ki, hətta
sadə formada Sakit Okean sahillərindən tutmuş Atlantik
okeanın sahillərinədək (Şimali Afrika, Avropanın
qurtaracağı - Pireney yarımadası daxil olmaqla) olan ərazilərdə
tarixən mövcud olmuş çox sayda türk dövlətlərinin
ərazilərinin və varlıq illərinin dəqiqləşdirilməsi
böyük əmək və vaxt tələb edir.
Hazırkı müstəqil türk cümhuriyyətlərinin
və xarici ölkələrin tərkibində olan türk
muxtar qurumlarının tarixinə dair məlumatlar da həmçinin.
Elmi-metodiki xarakterinə uyğun olaraq
"Diplomatik-siyasi ensiklopediya" öz səhifələrində
beynəlxalq təşkilatlara və onların fəaliyyət
istiqamətlərinə böyük yer ayırır. Birləşmiş
Millətlər Təşkilatı, onun müxtəlif
qurumları, beynəlxalq münasibətləri tənzimləyən
digər ümumdünya birlikləri, onların fəaliyyət
dairəsinə aid olan funksiyalar hazırkı ensiklopediyada yetərincə
işıqlandırılıb. YUNESKO, ATƏT, Avropa
İttifaqı, Avropa Şurası və onların fəaliyyət
sahəsinə daxil olan siyasi, diplomatik anlayışlar və həmçinin
beynəlxalq sazişlərin, konvensiyaların, bəyannamələrin,
Paktların mahiyyətindən doğan terminlər bu sahə
üzrə ixtisaslaşan şəxslər üçün əvəzolunmaz
mənbədir.
Böyük elmi informasiya tutumu olan ensiklopediyada
dünya iqtisadiyyatı, beynəlxalq bank sistemi, maliyyə
qurumları, ölkələr arasında
qarşılıqlı yardım, bütövlükdə beynəlxalq
inteqrasiya prosesi yetərincə əhatə olunub və
oxuculara təqdim edilir. Qloballaşan dünyada beynəlxalq
informasiya mübadiləsi prosesi, dünya media şirkətləri,
"Röyters", "Assoşeyted Press",
"Frans-Press", "Döyçe Press Agentur" və
digər informasiya qurumlarının əhatə etdiyi fəaliyyət
istiqamətləri və onlardan doğan terminoloji sistem müəllif
tərəfindən gündəmə gətirilir və
lazımınca izah edilir. Peyk kommunikasiya sistemi, İntelsat və
digər qurumlar haqqında məlumatlar böyük əhəmiyyət
kəsb edir. Bu mənada hazırkı ensiklopediya beynəlxalq
jurnalistika üzrə ixtisaslaşan gələcək mütəxəssislər
üçün əsaslı tədris vəsaitidir.
Professor Ağalar Abbasbəylinin
hazırladığı ensiklopediyanın əhəmiyyətli
bir hissəsi də politoloji nəzəriyyələrə,
ideoloji axınlara, dövlət idarəetmə sisteminə
dair dünya təcrübəsindən, elmi
araşdırmalardan doğan anlayışlara və terminlərə
həsr edilib. "Nasional kommunistlər", "siyasi
romantizm", "siyasi utopiya" və digər
anlayışlar hazırkı elmi əsərin müasir səslənməsini
labüd edir. Çünki onlar hazırkı siyasət aləmi
ilə, siyasi təşkilatların, partiyaların fəaliyyəti
ilə birbaşa bağlıdır. Fəlsəfi-ideoloji cərəyanların,
"Buddizm akademiyası" kimi dini mərkəzlərin,
müxtəlif nəzəri-politoloji baxışların mahiyyəti
fikir adamlarının diqqətini özünəcəlb edir.
Böyük elmi fədakarlıq, əzmkarlıq, dərin
bilik və analitik təhlil nəticəsində ərsəyə
gətirilən və ölkənin elmi ictimaiyyətinə təqdim
edilən "Diplomatik-siyasi ensiklopediya" beynəlxalq
münasibətlər, dünya iqtisadiyyatı, dimlomatik xidmət,
beynəlxalq jurnalistika, siyasi nəzəriyyələr, beynəlxalq
hüquq, olkə tarixi, türk dünyası və digər
sahələr üzrə ixtisaslaşan mütəxəssislər
üçün əvəzolunmaz mənbədir.
Sabir MƏMMƏDLİ
Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər
doktoru
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.8.