Cəsarət və qətiyyət
tələb edən mövqe
Hər bir xalqın milli-mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan
xalqının da ana dili onun milli varlığını müəyyən
edən başlıca amillərdəndir. Ana dilimiz xalqın
keçdiyi bütün tarixi mərhələdə onunla birgə
olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir
ki, xalqımızın əbədiyaşarlığına
xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin
müxtəlif burulğanlarından alnıaçıq,
üzüağ çıxaraq müasir dövrə gəlib
çatmış ən böyük mənəvi sərvətimizdir.
Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi
müqəddəsdir. Bu bir faktdır ki, Azərbaycan dilinin
dövlət dili kimi qəbul edilməsi, qorunması və
inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır və bu gün də Ulu öndər Heydər
Əliyevin cəsarətli mövqeyi xalqımız tərəfindən
unudulmur.
Hər kəsə yaxşı məlumdur ki, 70-ci illərin
ortalarından başlayaraq SSRİ-ni təşkil edən
respublikaların ictimai-siyasi həyatında dil məsələsi
yenidən gündəmə gətirildi. SSRİ
Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi.
Belə bir şəraitdə ana-dili məsələsinin təbliği
ilə məşğul olmaq cəsarət tələb edirdi.
30-ci illərdə dil məsələsini qabardanlar Sibirə
sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri
də ana dili məsələsini gündəmə gətirməkdə
aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan
Respublikasının rəhbəri olan Ulu öndər Heydər
Əliyev dil məsələsində öz mövqeyini
çox cəsarətlə, qətiyyətlə
bildirmişdir. Bu gün fəxr və qürurla deyə bilərik
ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi
Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən
böyük tarixi xidmətlərindən biridir. 1978-ci il
aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali
Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş VII
sessiyasında məruzə ilə çıxış edən
Ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü
maddəni aşağıdakı redaksiyada vermək təklif
olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir”.
Ulu öndər bununla gələcək müstəqil
dövlətçiliyin milli rəmzlərindən birini məharətlə
qorumuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət
dili kimi Konstitusiyada təsbit olunması da bunun bariz nümunəsidir.
Hər kəsə o da yaxşı məlumdur ki, dövlət
dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli lider
ziyalıları, xalqı ana dilinin dövlət dili kimi
yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək
bütün qüvvələri səfərbər etmişdir.
Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası
haqqında danışarkən öz nitqində xüsusi
olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq
imkanı ilə təmin olunur. Bu gün əminliklə
söyləyə bilərik ki, Ümummilli lider Azərbaycan
dilinin adını özümüzə qaytardı. 1995-ci ildə
Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən
dövlət dilinin necə adlandırılması ilə
bağlı müxtəlif təkliflər irəli
sürülmüşdür. Bu təkliflərin çox
böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması dəstəklənirdi. Geniş
müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan
dili olması öz əksini tapmışdır. Ən əsası
da Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni
inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə
alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” Fərman
imzalamışdır. İlk növbədə müstəqil
Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi,
formalaşması və möhkəmləndirilməsi
baxımından müstəsna əhəmiyyət
daşıyan bu tarixi Fərman dövlət dili ilə
bağlı hərtərəfli və geniş məlumatları
özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası
yaradılmışdır.
Bu gün Prezident cənab İlham Əliyev
Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla
davam etdirir və Azərbaycan dilinin hərtərəfli
inkişafı, dövlət dilinə çevrilməsi,
diplomatiya aləminə yol açması, dünyanın ən
mötəbər tribunalarından eşidilməsi Azərbaycan
dilinə yüksək diqqət və qayğısının
göstəricisidir. Prezident İlham Əliyev
çıxışlarında da dəfələrlə
vurğulayır ki, Azərbaycan dili o qədər zəngindir
ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur: “Bir daha demək
istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu
gün də qorumalıyıq. Biz Azərbaycan dilinin
saflığını təmin etməliyik”.
Azərbaycan dilinə olan belə həssas yanaşma,
təbii ki, ulu kökdən, varislikdən və ənənəyə
möhkəm sadiqlikdən irəli gəlir. 2018-ci il
noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin,
mənşəyinin öyrənilməsinə daha çox
diqqət yetirilməsi məsələləri öz əksini
tapdı. Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə
məruz qalıb. Bu dəyişikliklərə baxmayaraq,
müstəqil dövlətimiz dilimizin
saflığının qorunması üçün ciddi
addımlar atır və müsbət nəticələr
görür. Dövlətimizlə yanaşı, biz də
dilimizin saflığını qoruyub saxlamalıyıq.
Müasir dövrümüzdə sosial şəbəkələrdən
istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda
və dövlət idarələrində dilimizdən istifadə
edərkən, həmçinin dilimizin
saflığının qorunması da
düşündürücü məqamlardan biridir. Bunun
üçün də biz doğma dilimizin qrammatik, leksik
qaydalarına riayət edərək ondan istifadə etməliyik
ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana
dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli,
onu sevməli və qorumalıyıq. Və bu gün Ulu
öndərin “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” 2001-ci il
9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i
ölkəmizdə “Azərbaycan əlifbası” və “Azərbaycan
dili günü” kimi qeyd edilir.
Bəli, hər bir millətin dili onun üçün
çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana
dilimiz həddindən artıq əzizdir. Azərbaycan
Respublikasının dövlət dili olan Azərbaycan dilinin
hazırda dünya dilləri sırasında özünəməxsus
yeri, necə deyərlər, imzalar içərisində
imzası vardır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz
öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi
və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir.
Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni
sahələrdə geniş işlənmə dairəsinə
malik yüksək yazı mədəniyyəti olan və daim
söz ehtiyatını zənginləşdirən bir dildir”.
Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Mən
bu gün böyük iftixar hissi ilə deyə bilərəm
ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu
keçmişdir. İndi baxın bizim dilimiz nə qədər
zəngindir, nə qədər məlahətlidir, nə qədər
şirindir və bütün fikirləri ifadə etməsi
üçün nə qədər söz ehtiyatlarına
malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim
olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini
təmin edəcəyik”.
Xatirə Rəhimbəyli
AYB üzvü
525-ci qəzet .- 2025.- 24 aprel(¹69).-S.7.