Azərbaycan-Çin əlaqələri
hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldi
Azərbaycanla Çin Xalq Respublikası (ÇXR)
arasında münasibətlər yeni dinamika almaqla dərinləşməkdədir.
Prezident İlham Əliyevin Çinə dövlət səfəri,
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası
arasında hərtərəfli strateji tərəfdaşlıq
əlaqələrinin qurulması haqqında "Birgə Bəyanat"ın
imzalanması ikitərəfli əlaqələri hərtərəfli
strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə
münasibətlərdə yeni səhifə açmış
oldu. Qeyd edək ki, dövlət səfəri status
baxımından səviyyəsinə görə ən
yüksək səfər hesab olunur və il ərzində bir
ölkəyə məhdud sayda dövlət səfəri
edilir. Dövlət səfəri zamanı müzakirə edilən
məsələlərin əhatəsi daha geniş, mahiyyəti
daha dərin olur. Bu baxımdan Azərbaycan Prezidentinin dövlət
səfəri Çin tərəfinin ölkəmizə, onun
liderinə göstərdiyi hörmətin nümayişidir.
Kifayət qədər zəngin gündəliklə
diqqət çəkən səfər zamanı bir sıra
digər mühüm razılaşmalar əldə olundu, sənədlər
imzalandı.
Yada salaq ki, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq
Təşkilatının Astanada keçirilən Zirvə
toplantısı çərçivəsində "Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında
strateji tərəfdaşlığın qurulması
haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannaməyə
əsasən, tərəflər beynəlxalq və regional vəziyyətin
tektonik və mürəkkəb inkişafı fonunda siyasi,
iqtisadi və mədəni sahələrdə əməkdaşlığı
genişləndirməyə, beynəlxalq məsələlərdə
qarşılıqlı fəaliyyəti gücləndirməyə,
iki ölkənin ümumi maraqlarını birgə
qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik
və inkişaf fəaliyyətini birgə irəlilətməyə
dair razılıq əldə ediblər. Tərəflər
bir-birinin ərazi bütövlüyü və suverenliyinə
hörmət etdiklərini vurğulayaraq, daxili işlərə
qarışmamaq, bərabərlik, qarşılıqlı
fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirblər.
Hərtərəfli Birgə Bəyanatda isə qeyd
olunub ki, tərəflər xalqlarının seçdiyi və
milli şərtlərə uyğun olan inkişaf yolunu
seçməkdə bir-birini möhkəm dəstəkləyir,
hər iki ölkənin təməl maraqlarının,
suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün
qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Azərbaycan tərəfi dünyada yalnız vahid bir
Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin
ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq
Respublikası hökumətinin bütün Çini təmsil
edən yeganə qanuni hökumət olduğunu tanıyır,
"Tayvanın müstəqilliyi"nin istənilən
formasına qarşı qətiyyətlə çıxır
və ölkənin yenidən birləşməsinin həyata
keçirilməsində Çin hökumətini dəstəkləyir.
Çin Azərbaycan tərəfinin təklif etdiyi
sülh gündəliyini qətiyyətlə dəstəkləyir
və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları
qeyri-məhsuldar hesab edir.
Göründüyü kimi, həm Çin, həm də
Azərbaycan ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığı ilə bağlı birmənalı
mövqe ifadə edirlər. Eyni zamanda, tərəflərin
bir-birinin seçdiyi inkişaf yolunu, təməl
maraqlarını dəstəkləyir. Hərtərəfli
strateji tərəfdaşlığın dövlət
başçılarının diplomatiyasına və
qarşılıqlı razılaşmalara əsaslanması,
bu tərəfdaşlığın davamlı və
uzunmüddətli xarakter daşıyacağını göstərir.
Azərbaycan və Çin ticari-iqtisadi əməkdaşlığın
gücləndirilməsinə xüsusi önəm verirlər.
Bəyanatda da ticarət, investisiyalar, yaşıl enerji və
rəqəmsal iqtisadiyyat sahələrində
qarşılıqlı fəaliyyətin gücləndirilməsi
vurğulanıb, eləcə də ticari-iqtisadi sahədə
ikitərəfli əməkdaşlığın yüksək
keyfiyyətli inkişafına töhfə vermək
üçün investisiya əməkdaşlığı
üzrə İşçi qrupun yaradılması barədə
qərar qəbul olunub.
Diqqətçəkən məqamlardan biri də
insanlar arasında mübadilənin daha da sadələşdirilməsi,
bütün sahələrdə əlaqələrin və əməkdaşlığın
aktivləşdirilməsi üçün təkan olacaq
ümumvətəndaş pasportuna malik şəxslər
üçün vizaların qarşılıqlı ləğvi
haqqında hökumətlərarası Sazişin
imzalanmasıdır. Bu, Azərbaycanla Çin arasında turist
axınının əsaslı şəkildə artmasına,
mədəni mübadilənin inkişafına müsbət təsir
göstərəcək.
Eyni zamanda, sənədə əsasən Azərbaycan
Çin tərəfindən təklif olunan Qlobal
İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik
Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü
fəal şəkildə dəstəkləyir və BMT-nin
2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə
Gündəliyinin həyata keçirilməsini sürətləndirmək
üçün səyləri birləşdirmək məqsədilə
"Qlobal İnkişaf Təşəbbüsünün
Dostları Qrupu"na qoşulmağa hazır olduğunu
bildirir.
Çin isə Azərbaycanın Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri
Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir
və Azərbaycan tərəfinin AQEM-in inkişafına
yönəlmiş "Daha Güclü AQEM: Asiyada
qarşılıqlı əlaqə, rəqəmsallaşma və
davamlı inkişaf" mövzusunda silsilə tədbirlərin
keçirilməsi üzrə səylərini yüksək
qiymətləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq
Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə
görüşdə iki ölkənin daim bir-birilərinin ərazi
bütövlüyünü və suverenliyini dəstəklədikləri
bir daha vurğulanıb. Azərbaycan və Çinin terrorizm,
ekstremizm və separatizmə qarşı birgə səylərlə
mübarizəsi qeyd olunub.
Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi
və Qlobal Cənubun maraqlarının təmsil olunması
baxımından Azərbaycanın fəaliyyətini yüksək
qiymətləndirib. Prezident İlham Əliyev buna görə
təşəkkürünü bildirərək, COP29 çərçivəsində
qlobal iqlim gündəliyi üçün vacib qərarların
qəbul edildiyini xatırladıb.
Eyni zamanda, ölkələrimiz arasında bərpaolunan
enerji sahəsində əməkdaşlıq üçün
böyük imkanların olduğu bildirilib, artıq Azərbaycanın
müvafiq qurumları ilə Çin şirkətləri
arasında bu sahədə çoxsaylı sənədlərin
imzalandığı və praktiki əməkdaşlığın
həyata keçirildiyi vurğulanıb.
Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə
bağlı "525"ə deyib ki, ümumiyyətlə,
diplomatiya balans deməkdir, dövlət hansı istiqamətlərdə
münasibətləri gücləndirməklə bağlı
düzgün balans müəyyənləşdirəndə,
öz yerini daha da təhlükəsiz və möhkəm edir:
"Azərbaycan ilk mərhələlərdə bütün
Avropa təşkilatlarında olub, ATƏT-dən tutmuş
Avropa Şurasına qədər. Avropa İttifaqının 10
üzv dövləti Azərbaycanın strateji tərəfdaşıdır.
Amma təbii ki, tarixə baxanda görürük ki, tariximiz
bizi daha çox Şərqlə, Mərkəzi Asiya ilə
bağlayır. Bu baxımdan Azərbaycan öz siyasətində
balansı möhkəmləndirməklə məşğuldur.
Vaxt var idi ki, Çinin dünya iqtisadiyyatında, siyasətində
rolu böyük deyildi. Amma biz görürük son otuz ildə
Çin demək olar ki, ikinci super dövlətə
çevrilib. Belə olan halda bəli, Azərbaycan
üçün zəruridir ki, Çin ilə də
münasibətlərini xeyli irəli aparsın. Çin Xəzər
hövzəsinin demək olar ki, Şərq sahilində
Qazaxıstanda bir nömrəli ticarər partnyoru və
investordur. Eyni zamanda, Çin Türkmənistanda, İranda bir
nömrəli ticari partnyoru və investordur. Yəni Çin
demək olar ki, bütün Xəzər boyu möhkəmlənirsə,
təbii onun rolu Qərb sahilində - yəni Azərbaycanın
yerləşdiyi sahildə də artacaq. Ona görə də cənab
Prezidentin Çinlə münasibətlərin genişlənməsi
siyasəti çox güclü siyasətdir və dövlətimizə
xeyir gətirəcək".
Prezidentin Çinə dövlət səfərinin əhəmiyyətinə
toxunan R.Musabəyov deyib ki, Çin Azərbaycanın
dördüncü ticarət tərəfdaşıdır:
"Hesab edirəm ki, bu istiqamətdə daha çox
artıma nail olmaq üçün böyük potensial var. Biz
Ələtdə Azad İqtisadi Zona yaratmışıq.
Çinin bir tərəfdən təcrübəsini nəzərə
almaq lazımdır, o biri tərəfdən Pekin Azad
İqtisadi Zonadan istifadə edə bilər ki, öz
mallarının burdan sonra bir çox ölkələrə
daşınmasını təşkil etsin. Çini orada da
görürük. İndi müəyyən layihələr
var, onlardan biri də yaşıl energetika ilə
bağlıdır. Bilirsiniz ki, günəş panelləri,
külək tribunlarının hamısı Çin
istehsalıdır. Biz bu istiqaməti də genişləndirmək
istəyirik. Təbii ki, Çinlə əməkdaşlığımız
güclənəcək və genişlənəcək. Eyni
zamanda, Orta Dəhliz məsələsi qeyd olunmalıdır,
hansı ki, Azərbaycandan vaz keçmək
qeyri-mümkündür. Çinin də burda marağı
var. Onu da unutmayaq ki, Çin siyasi cəhətdən çox
nüfuzlu bir dövlətdir. Onun nüfuzu artan xətlə
inkişaf edir. BMT Təhlükəsizlik Şurasında da
Çinin sözü əhəmiyyətlidir. Bu baxımdan
düşünürəm ki, Azərbaycan Çin ilə
münasibətləri möhkəmləndirəcək".
Deputat onu da vurğulayıb ki, hər yerdə beynəlxalq
hüququn erroziyası baş verir. Ərazi
bütövlüyü, sərhədlərin
toxunulmazlığı tapdaq altına atılır: "Rusiya
da, ABŞ da, Fransa da bunu edir. Çin isə bu məsələlərdə
prinsipialdır. Azərbaycan üçün isə belə
prinsipial partnyor vacibdir".
Politoloq İlyas Hüseynov Prezident İlham Əliyevin
Çin Xalq Respublikasına səfərinin mühüm əhəmiyyətə
malik olduğunu deyib. Onun sözlərinə görə, bir tərəfdən
ikitərəfli münasibətlərin gücləndirilməsi,
digər tərəfdən çoxtərəfli əməkdaşlığın
inkişafı baxımından bu səfəri dəyərləndirmək
olar.
"Eyni zamanda dövlətlər arasında imzalanan sənədlərin
çeşidlərinə, müxtəlifliyinə, əhəmiyyətinə
nəzər salanda görərik ki, bunlar çox mühüm
sənədlərdir. Bu, bir tərəfdən normativ
hüquqi bazanı möhkəmləndirir, digər tərəfdən
yeni perspektivlər formalaşdırır. Çünki
Çin dünya siyasətində və iqtisadiyyatında
mühüm aktordur. Azərbaycanın da mühüm geosiyasi
mövqedə yerləşməsi Çin üçün əhəmiyyət
kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu, Şimal-Cənub, Zəngəzur dəhlizləri
kimi mühüm layihələrdə Çin fəal yer
almağa çalışır. Çinin qlobal əhəmiyyətli
"Bir kəmər, bir yol" layihəsi,
qarşılıqlı investisiya, maraqlar və digər iqtisadi
artıma hesablanmışdır. Bu dövlət səfərinin
ölkəmiz üçün böyük iqtisadi faydaları
olacaq".
Pərvanə
525-ci qəzet .- 2025.- 24 aprel(№69).-S.4.