Şəxsi və
ictimai inkişafa xidmət edən müsabiqə -
"Yüksəliş"
Builki V "Yüksəliş" müsabiqəsində
iştirak etmək üçün ümumilikdə 16 min 553 nəfər
qeydiyyatdan keçib. Fevralın 28-də start götürən
beşinci "Yüksəliş" müsabiqəsinin
qeydiyyat mərhələsi aprelin 10-da başa çatıb.
Qeydiyyatdan keçən iştirakçıların 11 min
923-ü kişi, 4630-u isə qadındır.
"Yüksəliş" müsabiqəsinin
İşçi Qrupunun rəhbəri, Gənclər və
idman nazirinin müavini Fərhad Hacıyevin sözlərinə
görə, V "Yüksəliş" müsabiqəsində
qeydiyyatdan keçən 16 min 553 nəfərdən 78-nin
müraciəti yaş və ali təhsil meyarlarına
uyğun gəlmədiyi üçün İşçi
Qrupu tərəfindən məlumatları yoxlanılarkən ləğv
edilib: "Bu il müsabiqəyə 9976 nəfər təkrar
müraciət edib. Həmin şəxslər ötən illərdə
keçirilən müsabiqədə də iştirak ediblər.
İlk dəfə müraciət edən namizədlərin
sayı isə 6577 nəfərdir. Namizədlərin əksəriyyəti
Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi
rayonlarından müraciət edib. Müsabiqədə
iştirak üçün yaş məhdudiyyəti 21-51
yaş arası müəyyənləşdirilib. Qeydiyyatdan
keçənlər arasında 21 yaşını
tamamlamış 106 nəfər, 51 yaşını
tamamlamış 33 nəfər namizəd yer alır.
Müsabiqəyə müraciət edən namizədlərin
56,48 faizi dövlət sektorunda, 41,05 faizi özəl sektorda,
1,49 faizi qeyri-hökumət təşkilatlarında (QHT), 0,98
faizi isə beynəlxalq qurumlarda çalışır".
F.Hacıyev vurğulayıb ki, qeydiyyatdan keçən
şəxslərdən bakalavariat üzrə 15 min 601 nəfəri
Azərbaycanda təhsil alanlardır: "Onlardan 713 nəfər
xarici ölkələrdə, 239 nəfər isə hər
ikisində təhsil alır. Bununla yanaşı, magistratura
üzrə Azərbaycanda 7016 nəfər, xaricdə 1205, hər
ikisində isə 391 nəfər təhsil alır".
İşçi Qrupun rəhbəri qeyd edib ki, bu il
doktoranturada təhsil alan iştirakçıların
sayında artım var: "Müraciət edən şəxslərdən
921-i Azərbaycanda, 213-ü xarici ölkələrdə, 9 nəfər
isə hər ikisində doktoranturada oxuyur".
"Yüksəliş" müsabiqəsi ölkədə
yeni nəsil idarəçilərin aşkara
çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi
və təşviqi baxımından çox faydalı, eyni
zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsi
hesab edilir. "Yüksəliş" - istedadlı
kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə
müsabiqədir. Bu müsabiqə iştirakçılara
kadr ehtiyatının inkişafı proqramında iştirak etmək,
ölkənin gələcəyini quracaq şəxslərdən
biri olmaq imkanını qazandırır. Bu müsabiqə
peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə
bacarıqlarınızı hərtərəfli inkişaf
etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid
komandanın üzvü olmaq üçün
qaçırılmayacaq fürsətdir. "Yüksəliş"
- ilkin seçim mərhələlərindən uğurla
keçən yarımfinalçılara peşəkarlarla
görüşmək, finalçılara şəxsi
inkişaf planları əldə etmək, qaliblərə isə
idarəçi rəhbərlərlə çalışmaq
imkanı qazandıran müsabiqədir.
"Yüksəliş"in Təşkilat Komitəsinin
üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar
Şurasının sədri Məleykə Abbaszadənin dediyinə
görə, bu müsabiqə intellektual səviyyəsi və
idarəçilik keyfiyyətləri yüksək olan perspektiv
rəhbər şəxslərin müəyyən edilməsini,
dəstəklənməsini və ölkədə kadr
ehtiyatı bankının yaradılmasını təmin edir.
"Yüksəliş" müsabiqəsi karyera pilləsində
yüksəlmək istəyən, istedadlı, özünə
güvənən gənclər üçün bir
şansdır.
DİM Direktorlar Şurasının sədri təhsil,
karyera imkanlarına görə ölkədə gender bərabərliyinin
mövcud olması, qanunlarımızda da bu məsələ
ilə bağlı məhdudiyyətlərin
olmadığını bildirib. Bəzən reallıqda bu qaydalara
riayət edilmədiyini, qadınlarımızın karyera pillərində
çətinliklərlə, qeyri-sağlam rəqabətlə
üzləşdiklərini, bu tendensiyanın nəinki ölkəmizdə,
demək olar ki, bütün dünyada hökm
sürdüyünü vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbovun
sözlərinə görə, "Yüksəliş"
müsabiqəsinin əsas məqsədi potensiallı
kadrların aşkarlanması, dəstəklənməsidir:
"Müsabiqə bir neçə mərhələdən
ibarətdir. Bu mərhələlər həm maraqlı, həm
də həyəcanvericidir. Bütün bu amillər bizim
iştirakçılara idarəetmə alətləri, yeni biliklər,
yeni əlaqələr qazandırır. Bütün bunlar
gözəl fürsətdir. "Yüksəliş"
müsabiqəsi intellektual səviyyəsi və idarəçilik
keyfiyyətləri yüksək olan perspektiv rəhbər
şəxslərin müəyyən edilməsini, dəstəklənməsini
və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə
yaradılıb. Bu baxımdan, idarəçi rəhbər
şəxslərə, liderlərə xas xüsusiyyətlərin
qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Nəticəyə
yönəlmə, kommunikasiya, işin icra edilməsi, komanda
işi, sosial məsuliyyət, innovativ yanaşma kimi liderlik
xüsusiyyətləri qiymətləndirilir. Eyni zamanda,
ümumi dünyagörüşü, məntiq, riyazi təhlil,
sürətli düşünmə, büdcənin idarə
edilməsi, sosial intellekt, layihələrin idarə edilməsi
kimi bilik və bacarıqlara da önəm verilir. Öncəliklə,
gənclər təhsillərinə diqqətlə
yanaşmalı və bununla yanaşı, mütaliəyə
və şəxsi inkişafa - dil biliklərinin
artırılması, müxtəlif proqram və kurslar vasitəsi
ilə əlavə biliklərin əldə olunması və
s. xüsusi önəm verməlidirlər. Məqsədlərinə
doğru əmin addımlarla irəliləməli və ruhdan
düşməməlidirlər. Bununla yanaşı, onlar
sevdikləri və faydalı olduqları sahədə
çalışmalı, öz karyeralarını həmin sahədə
qurmalıdırlar. İşin və karyeranın yalnız
şəxsi təminat, fərdi yüksəliş
üçün deyil, eyni zamanda, cəmiyyət və ölkəyə
faydalı olmaq üçün qazanıldığını
anlamalıdırlar. Müsabiqənin hər bir mərhələsi
müxtəlif bilik və bacarıqların ölçülməsinə
yönəlib. Hər bir mərhələdən sonra siz
yüksək və aşağı nəticə göstərdiyiniz
istiqamətləri görə bilirsiniz və
özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizi
öyrənirsiniz. Bu müsabiqə həm də yeni
tanışlıqlar qazanmaq, öyrənmək və öyrətmək
üçün çox yaxşı platformadır".
Energetika naziri Pərviz Şahbazov Prezident İlham
Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi
ilə həyata keçirilən "Yüksəliş"
müsabiqəsinin ölkədə peşəkar kadr
potensialının aşkara çıxarılması istiqamətində
əhəmiyyətli təşəbbüs olduğunu qeyd
edib. Nazir "Yüksəliş" müsabiqəsinin milli və
dövlətçilik dəyərlərimizə, qanunlara
hörmətlə yanaşan, üzərinə düşən
vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas
tutan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsi istiqamətində ümidləri
doğruldacağına əmin olduğunu vurğulayıb.
"Yüksəliş" müsabiqəsi əmək
bazarında yüksəlmək istəyən hər bir peşəkar
üçün irəliyə doğru böyük bir
addımdır. Bu baxımdan müsabiqənin hər mərhələsi
yeni imkanlar yaradacaq. "Yüksəliş" ilkin seçim
mərhələlərindən uğurla keçən
yarımfinalçılara peşəkarlarla görüşmək,
finalçılara şəxsi inkişaf planları əldə
etmək, qaliblərə isə idarəçi rəhbərlərlə
çalışmaq imkanı qazandıran müsabiqədir.
"Yüksəliş" müsabiqəsinin qalibini
bir il ərzində idarəçi rəhbərlərdən -
böyük şirkətlərin top-menecerlərindən və
dövlət orqanlarının rəhbərlərindən fərdi
karyera məsləhətləri almaq imkanı və 20 min manat
dəyərində pul mükafatı gözləyir.
Üçüncü "Yüksəliş"in
qalibi Ülviyyə Mehralıyeva deyir ki, bu müsabiqə həyat
albomumun ən parlaq səhifələrindəndir:
"Müsabiqə boyu keçirdiyim hisslər,
yaşadığım təcrübələr və əldə
etdiyim yeni tanışlıqlar mənim üçün əvəzolunmazdır.
Öz bilik və bacarıqlarıma yenidən nəzər
salmaqla, idarəçilik sahəsində özümü
sınamaqla müsabiqə mənim üçün bir növ
özünüqiymətləndirmə imkanı idi. Komandalarda
müxtəlif keyslər üzrə işləyərkən əyani
şəkildə münaqişə hallarının idarə
edilməsi, stress altında çevik qərarvermə və dəyişikliklərin
idarə olunması kimi bacarıqların idarəçi bir
şəxs üçün necə vacib bir xüsusiyyət
olduğunu daha aydın anlayırsan. Düşünürəm
ki, mən bu sahələrdə uğurlu nəticələr
göstərdim və bu da müsabiqənin mənə
aşıladığı ən vacib dəyərlərdən
biri olub. Çalışdığım maliyyə idarəetməsi
- daşınmaz əmlak investisiyaları sahəsində
lazımi qədər təcrübə
topladığımı və idarəetmə
bacarıqlarımı müəyyən səviyyədə
inkişaf etdirdiyimi düşünürəm. Hazırda
Dövlət Neft Fondunun əməkdaşı kimi səlahiyyətlərim
çərçivəsində dövlətimiz
üçün maksimum faydalı olmağa səy göstərirəm.
İşimdə hər hansı dəyişiklik haqqında
danışmaq isə, düşünürəm ki, hələ
tezdir. "Yüksəliş" müsabiqəsinin heç
bir mərhələsinə əvvəlcədən
hazırlaşmamışam. Xüsusilə final və
yarımfinal mərhələləri o qədər
yaxşı təşkil edilib ki, orda hər hansı süni
bir hərəkət qiymətləndiricilər tərəfindən
asanlıqla fərqləndirilirdi. Ona görə mən
potensial iştirakçılara müsabiqə boyu qətiyyətli
və pozitiv olmağı, təbii və peşəkar oyun
göstərmələrini tövsiyə edərdim".
Ü.Mehralıyevanın fikrincə, müsabiqə
müddətində ən maraqlı mərhələlər
yarımfinal və finaldır: "Sözügedən mərhələlərdə
iştirakçılar müxtəlif komandalarda oynayaraq
çoxsaylı keysləri həll etməyə
çalışırlar. Qiymətləndiricilər isə
müsabiqənin səkkiz meyarı üzrə
iştirakçıları qiymətləndirirdi. Bu meyarlar
strateji düşünmə, effektivliyin idarə olunması, nəticəyönümlülük,
komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin
və innovasiyaların idarə olunması, sosial məsuliyyət,
liderlikdir. Yarımfinal və final mərhələləri həyəcanlı
və bir çox hallarda gərgin keçirdi. Bu da öz
növbəsində çoxlu enerji və qətiyyət tələb
edirdi. Xüsusilə final mərhələsi məndə həm
emosional, həm də təcrübə baxımından əvəzolunmaz
bir iz buraxıb. "Yüksəliş" müsabiqəsinin
hər bir mərhələsi çətindir. Bu həm
sualların çətinlik səviyyəsi, həm də
iştirakçıların kifayət qədər
güclü olması ilə əlaqədardır.
Sözsüz ki, müsabiqənin kulminasiyası final mərhələsidir.
Xatırlayıram ki, bu mərhələdə, xüsusilə
mentor keysində çox həyəcanlı idim. Ancaq mənə
ən çətin gələn mərhələ
"İdarəetmə bacarıqları" imtahanı olub.
Həyatımda buna bənzər bir imtahan verməmişdim.
Düşünürəm ki, bütün mərhələlərdə
mənə yüksək konsentrasiya qabiliyyətim,
güclü xarakterim və qətiyyətim kömək edib.
Yarımfinal və final mərhələlərində isə
insanlarla ünsiyyət və kommunikasiya, həmçinin hadisələri
düzgün dəyərləndirmə qabiliyyətim məni
digər iştirakçılardan fərqləndirən
xüsusiyyətlər olub".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 aprel(№70).-S.15.