Milli Hökumət dövrü Həsən
Həsənovun xatirələrində
(Əvvəli ötən sayımızda)
Birinci Qurultay barədə Bağırova məruzə
ediləndə Moskvada "Üçlüy"ün tərkibi
artıq rəsmən təsdiq edilmiş və o da bunu Mirzə
İbrahimov və Həsən Həsənova öz kabinetində
elan etmişdi. "Yığışın" deyəndə
Bağırov Moskvadan gəlmiş əmri icra edirdi. Bu tarix isə
1945-ci ilin 7 oktyabrına qədərki vaxta düşür. Həmin
tarixdə həm də "Tudə"nin Cənubi Azərbaycan
şöbəsinin ADF ilə birləşdiyi elan edilmişdi.
"Üçlüy"ün üzvləri
M.C.Bağırovla sovet ərazisində, Culfa və ya
Naxçıvanda görüşürdülər.
Memuarında H.Həsənov bir sıra belə maraqlı
görüşlərin dəqiq stenoqrafik təsvirini verir. H.Həsənov
yazır: "Biz 1946-cı ilin may ayına qədər Təbrizdə
qaldıq. Demokratlar bizə qədər bir addım da
atmamışdılar" (Ləyaqətli şəxsiyyət.
s. 176). Bu tarix də "Üçlüy"ün sonu kimi qəbul
edilə bilər.
Lakin belə görüşlərin hərəkatın
hazırlandığı iyun-avqust aylarında Bakıda da
keçirildiyi məlumdur. Hərəkatın siyasi rəhbəri
M.C.Bağırovun Şahsevən tayfa
başçıları ilə, Əli Şəbüstəri
və Pişəvəri ilə görüşləri buna
misal ola bilər. H.Həsənov bunlardan sonuncunu memuarında ətraflı
təsvir edib (Ləyaqətli şəxsiyyət. S. 174-176).
O qeyd edir ki, Pişəvərini Bakıya "bizim kəşfiyyatçılar"
gətirmişdi, bu zaman o, hələ Tehranda yaşayır və
"Ajir" adlı antifaşist qəzeti buraxırdı. Təbrizdə
yeni hərəkatın rəhbəri məsələsi
çıxanda hamının M.C.Pişəvəriyə
üstünlük verdiyini qeyd edir: "O həm təmiz, həm
əqidəli, həm də savadlı yoldaşdır"
(s.174). O, İran Kommunist partiyasının əsas rəhbərlərindən
idi, lakin həmin vaxt "Tudə" ilə münasibətləri
pis idi. H.Həsənov yazır ki, Moskva MK-sı Cənubi Azərbaycandakı
ümumiran Partiyası olan "Tudə"dən
ayrılması haqda məxfi qərar vermişdi. Pişəvəri
ilk növbədə, bu partiyanı yaradıb onun rəhbəri
olmalı idi. M.C.Pişəvəri Bakıya təyyarə ilə
gəlir, aerodromda onu qarşılamağı Bağırov
ona tapşırır, deyir ki, sonra onu evinə apar, bir az dincəlsin,
axşam isə yanıma gətir. H.Həsənov axşam
9.00-da Pişəvərini M.Bağırovun yanına gətirir.
Ona Cənubi Azərbaycanda "Demokrat" adlı
partiyanın yaradılması haqda Moskvanın qərarından
danışır və deyir: "Biz sənin o partiyanın rəhbəri
olmağını istəyirik. Bu işə sən necə
baxırsan?" Yeni partiyanın yaradılmasını Pişəvəri
bəyəndi... Ancaq o, Azərbaycan Demokrat partiyasının rəhbəri
olmaq istəmirdi. "Onda kim ola bilər", sualına o cavab
vermədi" (s.174).
Söhbət bu yerə çatanda M.C.Bağırov
yuxarı partiya rəhbəri roluna girib əmr şəklində
Pişəvəriyə deyir: "...onda Siz ADP-yə rəhbərliyi
öz üzərinizə götürməli olacaqsız"
(s.174). Görünür, Pişəvərinin namizədliyi
İ.Stalinlə razılaşdırılmışdı əvvəlcədən,
ona görə təklif əmrə çevrilir. M.C.Pişəvəri
isə əmrdən sonra qarantiya istəyir, 1921-ci il Gilan
Respublikası hadisələrini xatırladıb deyir:
"Pişəvəri soruşdu, çətin
anlarımızda bizə kömək edəcəksiniz? Yoxsa
bir dəfə başımıza gəlib bu. 1921-ci ildə
Gilanda, öncə bizi şah rejiminə qarşı və
müstəmləkəçilik əleyhinə mübarizəyə
qaldırdılar, ancaq mübarizə qızışanda
ingilis müstəmləkəçiləri bizi
darmadağın etdilər. Qızıl Ordu bizi
döyüş meydanında tək qoydu və İrana
evakuasiya etdi. Biz təklikdə Rza şahın və ingilislərin
qarşısında ciddi məğlubiyyətə
uğradıq. Əgər bu dəfə də belə edəcəksinizsə,
onda gəlin heç bu işə başlamayaq. Onun bu sözlərinə
Bağırov belə cavab verdi ki, bu qərara İ.Stalin
özü qol çəkib, ola bilməz ki, o sizi
döyüş meydanında tək qoya... Pişəvəri
Azərbaycan Demokrat partiyasına rəhbərlik etməyə
razılıq verdi" (s.174-175).
Burada H.Həsənov, əslində, Pişəvərini
aldadır. Çünki Gilan Respublikası hadisələrinin
də arxasında İ.Stalin və ÜK(b)partiyasının
Qafqaz Bürosu dururdu. Bu, Zaqafqaziya Partiya rəhbərləri,
Ordjonikidze və Stalindən ibarət saxta bir qurum idi. Amma onun
qəbul etdiyi qərarlar ÜK(b) partiyasının ümumi qərarı
sayılırdı, Büronun sədri də İ.Stalin
özü idi. Bağırov yəqin ki, bunu
xatırlayırdı. 1920-ci illərdə Azərbaycanın və
N.Nərimanovun başına gətirilən bütün oyun və
faciələrin da arxasında həmin Qafqaz Bürosu dururdu.
Pişəvəri isə yəqin ki, bu incəlikləri
bilmirdi.
Bu zorakı təyinatdan sonra H.Həsənov
qonağı yenə öz evinə aparır. Qonaq isə H.Həsənovun
4 gözlük evini bəyənmir və ona deyir: "Qərbdə
istənilən orta məmur belə mənzildə
yaşamağa razılıq verməzdi" (s.175). Sovet həyat
tərzini bəyənməyən Pişəvəri İran
feodallarının Qərbi təqlid edən təmtəraqlı
həyatına bələd idi. Amma o, İ.Stalinin yeni layihəsində
baş rola razılıq verdi, çünki siyasi macəraçılıq
onun fitrətində vardı. Səhər orqan işçiləri
Pişəvərini aeroporta aparırlar, onun İrana yola
salınmasında H.Həsənov iştirak etmir. Yəqin ki,
ondan ayrılandan sonra Pişəvərinin Bakıda hərbçilərlə
digər məxfi görüşləri olub.
H.Həsənov layihədə öz
iştirakını açıqlayıb yazır: "Biz
Demokrat Partiyasının proqramı ilə məşğul
olmağa başladıq. Proqramın layihəsini yazmaq Mirzə
İbrahimova tapşırıldı. O bütün demokratik
partiyaların proqramlarından istifadə edərək
(Bolqarıstan, Rumıniya, Çexoslovakiya, Polşa və s.)
Proqramın layihəsini hazırladı. Biz onu büroda
müzakirə etdik və Təbrizə göndərdik... Bizə
dedilər ki, Pişəvəri kiçik dəyişikliklər
və əlavələr edib, qurultaya təqdim edəcəkdir..."
(s.175)
Beləliklə, 1945-ci ilin 3 sentyabrında Təbrizdə
və digər şəhərlərdə ADF-nin Cənubi Azərbaycan
xalqına Müraciətnaməsi yayılır və bununla
yeni milli Kommunist partiyasının varlığı elan edilir.
Bir gün sonra ADF-nin orqanı olan "Azərbaycan" qəzetinin
birinci nömrəsi Təbrizdə işıq üzü
görür və 1946-cı ilin 12 dekabrına qədər
davam edir. Qəzetin formal dörd redaktoru olubdur, amma onun faktiki
ideya rəhbəri, kuratoru M.C.Pişəvəri özü idi
(Bu barədə bax: Rəhim
Əliyev, M.C.Pişəvəri "Azərbaycan" qəzetində,
"Mir Cəfər Pişəvəri, Gizli imzalı məqalələr
1945-1946" kitabına ön söz., Bakı, Qanun, s. 8-35).
27 noyabrdan 1 dekabra qədər Cənubi Azərbaycanda
Milli Məclisə seçkilər keçirildi. 1945-ci il
dekabrın 12-də ADF-nin lideri olduğu Azərbaycan Milli Məclisi
toplandı və Təbrizdə Azərbaycan Muxtar Milli
Hökumətini təşkil etdi. Hökumətin baş vəziri
M.C.Pişəvəri təyin olundu. Lakin bütün bu hadisələr
İranda şah sarayının və əksinqilabın
qanlı silahlı müqaviməti ilə müşayiət
olunurdu. Lakin M.C.Pişəvərinin parlaq inqilabi təşkilatçılıq
işi sayəsində bu müqavimət aradan qaldırıldı.
Ancaq İ.Stalin Milli Hökumətin təşkili
zamanı qarşıya çıxan əksinqilabi müqaviməti
qiymətləndirərək azərbaycanlılar
üçün faciəli nəticələr verən qərar
qəbul etdi. Bu qərar ADF-nin və Milli Hökumətin
inqilabi zorakılıq və hərbi qüvvədən istifadə
taktikasından imtinadan ibarət idi. Pişəvəri və
ADF Tehranla 13 iyun Müqaviləsindən sonra adi parlament
üsulu ilə çalışan Partiya vəziyyətinə
salındı. Pişəvəri Moskvanın ona zorla qəbul
etdirdiyi taktikanı qəbul etməyib həmin tarixdə Milli
Hökumətin rəhbəri vəzifəsindən istefa verdi.
Lakin sovet silahlarını məcburi təhvil verəndən
sonra şah rejiminə qarşı inqilabi müqaviməti
ancaq 1946-cı ilin 11 dekabrına qədər davam etdirə
bildi. Dinc parlament mübarizəsi İran gerçəkliyində
hərəkatın qanlı faciəsi ilə bitdi.
İ.Stalinin İranda zorakı inqilabi mübarizədən
imtina taktikasına keçməsinin ciddi səbəbləri
vardı və bunları qısaca Pişəvəriyə 8
may 1946-cı il tarixdə yazdığı məktubda izah
etmişdi. Birinci, bu qərar SSRİ-nin zəifliyindən
doğmurdu. Azərbaycan məsələsinin BMT səviyyəsinə
çıxmağı Moskvaya Şərqi Avropada, Çində,
Monqolustanda Kommunist rejimləri yaratmağa mane olurdu.
Qızıl Ordunun faşizmə qarşı mübarizə
etdiyi yerlərdə bu, SSRİ-nin təbii hüququ idi. Lakin
İranda faşizmə qarşı müharibə
olmamışdı. Digər tərəfdən, 1942-ci ildə
Moskva İngiltərə-ABŞ cütlüyü ilə
Müqavilədə müharibədən sonra İrandan
çıxmaq barədə öhdəlik götürəndə
səhv etmişdi.
Digər tərəfdən İ.Stalin başa
düşdü ki, Qızıl Ordu hissələri İrandan
çıxandan sonra Pişəvərinin inqilabi
zorakılıq taktikasını davam etdirməsi İranda uzun
və qanlı vətəndaş müharibəsi ilə bitəcək.
Buna külli miqdar maddi vəsait lazım gələcəkdi.
SSRİ-də çörək hələ kartoçka ilə
verilirdi. Çünki bolşeviklər şəxsi mülkiyyətin
tərəqqi üçün köklü əhəmiyyətini
qəbul etmirdilər. Onlar irəlidəki yüzilliyin neft əsri
olacağını gec anladılar. İ.Stalin siyasi sabitlik
üçün ətrafına xırda icraçılar
toplamışdı. Bu, ölkədə əzbərçilik,
diplomatik və siyasi gerilik yaratmışdı. İranda
İngiltərə-ABŞ cütlüyü hər addımda
SSRİ-ni qabaqlayırdı. Üstəlik, İran Kommunist
partiyası ikibaşlı oynayan, şah sarayına casusluq edənlərlə
dolu idi. Cavan şah da İngiltərə-ABŞ
cütlüyünün altına girmişdi. İran
feodallarının onlarca kəndi vardı, onlar hər kənddən
10-15 əksinqilabçı silahlandırsaydı, kommunistlərin
vətəndaş müharibəsini udmaq şansı
sıfıra enirdi. İranda vətəndaş müharibəsi
İngiltərə-ABŞ cütlüyü ilə
açıq konfrontasiyaya çevriləcəkdi. 1946-cı
ildə bu, tez idi. Bu münaqişə açıq şəkildə
1950-ci ildə Koreyada başladı və üç il davam
etdi.
Milli Hökumətin iflasının səbəbləri
belə idi. SSRİ-də olan siyasi gerilik səbəbindən
M.C.Bağırov, Mirzə İbrahimov, Həsən Həsənov
kimi iri mövqeli adamlar İ.Stalinin İranda
apardığı siyasətin əsl səbəblərini,
Milli Hökumətin iflasının labüdlüyünü
anlamırdılar. M.C.Pişəvəri bunu hamıdan
yaxşı anladı və İ.Stalinə tabe oldu.
Qızıl Ordudan sonra Milli Hökuməti qurmuş əsas
özək də 1946-cı ilin 11 dekabr gecəsi yaxın
qohumları ilə sovet ərazisinə keçdi. İranda
qalan hərəkat fəallarının 2000-ə yaxın hissəsi
də sonradan sovet ərazisinə buraxıldılar. Qalanlara
qanlı divan tutuldu o tayda, otuz min adam qətlə yetirildi.
Lakin bu faciələr silinməz tarixi izlər qoydu, Azərbaycan
milli şüuru yeni mərhələyə daxil oldu.
(Ardı var)
Rəhim ƏLİYEV
525-ci qəzet .- 2025.- 25 aprel(№70).-S.14.