"Dəmir atlı" qəhrəmanın
qardaşı
MÜHARİBƏNİN ODUNDAN ÇIXANLARIN HƏYAT
HEKAYƏSİ
"Sağlığında öyünürdüm,
şəhid olandan sonra isə onunla qürur duydum". Cazibə
qüvvəsi ölçüyə gəlməyən, fəlsəfə
nöqteyi-nəzərdən təhlilinə xeyli zaman ayıra
biləcəyimiz, insanın cismani və ruhani
varlığını ifadə edən bu cümləni onun
düşünərək və ya anidən dilinə gətirməsi
mənim üçün gözlənilən idi.
Çünki illərdir ki, həmsöhbət olduğum və
dərdin dərin qatına enənlərin belə
fikir-möcüzələrinin sehrindən çıxa bilmirəm.
Bundan sonra da çətin çıxam...
Onların ailəsi evin böyük övladı hərbçi
peşəsini seçəndən sonra "kəndlərimiz
atəşə tutuldu", "sərhəddə insident
yarandı" kimi müharibə xəbərlərinə
sanki öyrəncəli olmuşdu. Övladı hərbçi
və ya hərbi xidmətdə olan ailələrin ən
böyük ağrısı şəhid xəbərləri
idi.
İtkinin yerinin dolmadığını onlar da
yaxşı bilirdilər
İllərdir davam edən və dizləri yeyilən
şalvara vurulan yamaq kimi bir sapdan asılı qalan Qarabağ müharibəsinin
başlanğıcı bəlli olsa da, bitməyini
proqnozlaşdırmağın çətinliyi heç kimə
əlini-qolunu
çırmayıb arzularını həyata keçirməyə
imkan vermirdi. Birdən "nəsə olar" tiyəsi kor
bıçaq kimi asılırdı hamının ürəyinin
başından və başlayırdı xırda-xırda oymağa...
Qardaşının hərbçi olması,
tankçı peşəsini seçməsi, əslində,
onun ürəyincə idi. Ona elə gəlirdi ki, o,
qardaşının yanında olmayanda ona arxa, dayaq, hətta
qardaş olan tankı var. İllər sonra o tankın
qardaşını niyə qoruya bilmədiyini özünə
dərd edəcəkdi və cavabsız suallara özü
döyüşlərə qatılandan sonra cavab tapacaqdı:
Müharibə çox amansızdır, anaların göz
yaşına da acımır...
Sükutu belə qənimimizə çevrilən
ötən əsrdən fərqli olaraq, varlıqla yoxluq,
"öyünmək"lə "qürur duymaq"
arasındakı uzun, incə bir yolun bu gün öz
başlanğıcını 44 günlük Vətən
müharibəsindən götürməsi
yaşadığımız əsri gözümüzdə
müqəddəsləşdirdi, necə deyərlər, əlçatmaz
etdi. Azadlığın, xilaskarlığın, bir sözlə,
Qarabağın simvoluna çevrildi...
Düşmən tərəfdə qalan Qarabağı
azad etmək üçün tank komandiri qardaşının
sorağının Aprel döyüşlərindən sonra Lələtəpədən
gəldiyini eşidəndə valideynləri kimi həyəcanlanmışdı,
ancaq həm də qürur duymuşdu. Müqəddəs
bildiyimiz torpaqlara ilk dəfə ayaq basanların hansı hissləri
yaşadığını qardaşının sevincdən
alışıb-yanan gözlərində, bir də göz
yaşlarında görmüşdü. İşğal
altındakı torpaqların azadlığına
qovuşmasını belə qardaşı Əlimərdansız
təsəvvür etməzdi. Həmişə
arzulayırdı ki, bütün döyüşlərdə
qardaşının yanında olsun, düşməndən
birlikdə qisas alsınlar. O günə isə hələ
çox vardı...
Polis serjantı Həmid Quliyev 1999-cu ildə Bakıda
doğulub. Sumqayıtdakı Tofiq İsmayılov adına 29
nömrəli tam orta məktəbi bitirdikdən sonra 2017-ci ildə
həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ilin
yanvarında həqiqi hərbi xidmətdən tərxis olunub.
Ayaqlarından əsgər çəkmələrinin döyənəyinin
yeri unudulmamış müharibə başladı xəbərini
alan kimi Müzəffər Ali Baş Komandanın
çağırışına qoşulanların ilk
sırasında özünə yer tutur. Əvvəlcə
Füzuli istiqamətində düşmənin həmləsini
dəf edirlər. Sonra topraqlarımızın
azadlığı üçün Cəbrayılda,
Qubadlıda döyüşür.
1941-1945-ci illər müharibəsində tankları ilə
faşist mövqelərini darmadağın edən general-mayor
Həzi Aslanov kimi tank komandiri qardaşının da öz
"dəmir atı" ilə düşmənə aman vermədiyini
bilirdi. Hərdən imkan tapıb valideynləri ilə
danışanda onlara ürək-dirək verir, qələbənin
çox yaxında olacağını, sağ-salamat evə
dönəcəklərini deyirdi.
Bu dəfə də arzular müharibənin
reallıqlarına təslim olur
Qardaşı baş leytenant Əlimərdan Quluzadə
oktyabrın 6-da Füzuli-Cəbrayıl istqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalır. O, Müzəffər Ali Baş Komandan tərəfindən
"Füzulinin azad olunmasına görə", "Cəbrayılın
azad olunmasına görə" və "Vətən
uğrunda" medalları ilə təltif olunub.
Sabitliyi qorumaq üçün keşikdədir...
Həmid Quliyev Vətən müharibəsi bitdikdən
sonra polis olmağı qarşısına məqsəd qoyub.
2021-ci ildə daxili işlər naziri, general-polkovnik cənab
Vilayət Eyvazovun keçirdiyi sıra baxışında
iştirak edərkən şəhid ailələrinə və
müharibə iştirakçılarına göstərilən
diqqət və qayğının şahidi olub. Deyir ki, həmin
gün növbəti mərhələyə buraxılanda bir
daha əmin olub ki, sinəsi möhtərəm Prezidentimizin
verdiyi medallarla qürurdan qabaran Azərbaycan gəncliyi layiq
olduğu yerlərdə mövqe tutur, irəli çəkilir.
Yeri gəlmişkən, həmkarımız da "Cəbrayılın
azad olunmasına görə", "Qubadlının azad
olunmasına görə" və "Vətən müharibəsi
iştirakçısı" medalları ilə təltif
olunub. Hazırda Sumqayıt Şəhər Polis İdarəsinin
Post-Patrul Xidməti Taborunun əməkdaşıdır.
Hafiz TƏMİROV
Polis polkovniki
525-ci qəzet .- 2025.- 25 aprel(№70).-S.13.