Ticarət müharibəsi
və bazar rəqabəti
(Əvvəli dünənki sayımızda)
Bir sözlə, Maskın gələcəyi yaxınlaşdırmaq
məqsədini güdən elektromobili Çin istehsalı ilə
rəqabətdə uduzmalı oldu və onun satışı
həm öz ölkəsində, həm də Avropada və
Çində aşağı düşdü, hətta 42 faizə
qədər azaldı. Mask isə Nevadada, vətənindəki
digər iki ştatda, həmçinin Çinin Şanxay
şəhərində və Almaniyada çox iri zavodlar
tikmişdi. Məhsulun satılmaması həmin zavodları da
ağır problemlərlə üzləşdirir.
Həm də bu böyük istedad sahibinə
Trampın himayə göstərməsi, Maska baha başa gəlir.
Dövlət sifarişlərini aldıqda, edilən güzəştlər hesabına
milyardlarla dollar gəlir götürməkdə onu ittiham edirlər.
Federal məhkəmə onu manipulyasiya ilə məşğul
olmaqda, digərlərinin elmi və texnoloji yeniliklərini
qanunsuz mənimsəməkdə günahlandırır. Onu da
nəzərə çatdırır ki, qanun istənilən
milyarderdən və elmi kəşflər müəllifindən
yuxarıda dayanır. Mask heç də müqəddəs
deyildir, Amerika mühitinin məhsuludur, xüsusi mövqeyi
hesabına, onun qanunu pozmağa yol verə bilməsi də
istisna olunmur.
Lakin bu deyilənlər İlon Maskın novatorluq
istedadına, ecazkar dühasına kölgə
salmamalıdır. Bu adam hansı sahəyə əl
atırsa, orada ağıla gəlməyən kəşflər
edir. Onun kosmosa uçub geri qayıdan raketləri
"Shattle" - "Məkik" prinsipi üzrə
uçur və qayıtdıqda şaquli vəziyyətdə
yerə enir. O, dövlətdən asılı olmamaq
üçün raketləri üçün özəl
kosmodrom da tikmişdir. Dəmiryol nəqliyyatında da iti
sürətli elektrovozlar ixtira etməklə, yer üzərində
təyyarə sürətini əldə etməyə nail
olmuşdur. Lakin onun ixtirasının Amerikada tətbiqi çətinliklərlə
üzləşmişdir, bu da dəmiryol infrastrukturasının
bütünlüklə yenidən qurulması problemi ilə əlaqədardır.
Çünki 1930-cu illərdən Amerika yükdaşımada
avtomobil nəqliyyatına üstünlük verdiyindən, dəmiryol
nəqliyyatına qayğı azalmış, inkişafa
lazımi diqqət yetirilməmişdi.
Mask elə bil ki, yeni piramida yaradana bənzəyir, onun
tikintisində bəlkə də özününkü olmayan
bloklardan da isifadə etmişdir. Misirdəki Xeops piramidası
zamanın təsirinə məhəl qoymadan 4 min ildir ki,
yaşayır. İlon Maskın piramidası da hər cür əsaslı,
ya əsassız təzyiqlərə məruz qalsa da, əsla
dağılmayacaqdır, çünki gələcəyə
ecazkar xidmət göstərməsi ilə başqalarından
tam fərqlənir.
Çin dünya bazarında üstünlüyə
malik olmaq üçün avtomobil sənayesində də
keyfiyyət göstəricilərinə xüsusi fikir verir,
yaxşı başa düşür ki, özündən daha
təcrübəli istehsalçı ölkələrlə rəqabət
olduqca ciddidir. Onun istehsal etdiyi maşınlar həm də
çox səssiz işləmələri ilə seçilir.
Sovet İttifaqı və Rusiya avtomobilləri isə,
özünün digər böyük texniki qüsurları ilə
yanaşı, tank gurultusu salması ilə seçilir.
"Jiquli" və "Uaz" markalı maşınlar
zavoddan çıxdıqdan sonra, onları sürmək
mümkün olmadığından, bir neçə gün təmirdə
dayanmalıdır. Olduqca gülünc haldır ki, zavodun
nöqsanlarını yalnız təmir vasitəsilə aradan
qaldırmaq mümkün olur. Ona görə də bu
maşınlar sovet və postsovet məkanında
satılırdı, digər ölkələrə kiçik
ixrac isə qiymətlərin çox aşağı
olmasına əsaslanırdı.
Amerikan maşınlarının sovet və Rusiya
maşınları ilə müqayisə etmək ədalətsizlik
olardı. Lakin amerikan avtomobil sənayesi də son vaxtlarda
inkişaf yolunu lazımınca zəbt edə bilməmişdi.
Prezident Tramp tarif tətbirləri ilə əslində
ticarət müharibəsinə start vermişdir. Bazar
mexanizmini siyasi və iqtisadi təzyiq hesabına dəyişdirmək,
bazar rəqabətini məhv etmək əsla mümkün
deyildir, çünki bu məkan kiminsə diktəsinə, təzyiqinə
məhəl qoymur, obyektiv qaydada öz prinsiplərini həyata
keçirir. Bazarda qalib gəlməyin, tələbatı mənimsəməyin
yeganə yolu malın keyfiyyəti və nisbətən ucuz
qiymətə satılmasıdır. İstehsal da bu prinsipi
hökmən nəzərə almalıdır, əks təqdirdə
satış üçün yox, anbar üçün işləyəcəkdir.
Donald Trapmın beynəlxalq siyasətinin müəyyən
uğursuzluğunun mühüm səbəblərindən
biri, özünün reallığı nəzərə
almaması ilə yanaşı, həm də ətrafındakı
adamların səhvlərə müqavimətinin
olmamasıdır. Belə vəziyyət təəssüf
doğurmaya bilməz Onun dövlət işinə gətirdiyi
milyarderlər biznesdə lider olsalar da, siyasətdə
diletantdırlar. Trampın xarici siyasət sahəsindəki tədbirləri
də səriştəliliyə o qədər dəlalət
etmir. Prezidentliyin ilk 100 günü ona yiyələnmiş
adamın sınaq dövrüdür. Bu müddətdə
buraxılan nöqsanlar gələcək uğursuzluqlar
seriyası üçün təməl rolunu oynayır. Start
dövründə xalqın etimadını itirməmək
üçün daha ehtiyatlı hərəkət etmək
vacibdir.
Tramp ətrafına elə adamlar
yığmışdır ki, onlar mümkün səhvlərə
düzəliş vermək əvəzinə, öz vəzifələrinin
icrasını prezidentə əsassız təriflər
yağdırmaqda görürlər. Onlar elə bilirlər ki,
keçmişi edama çəkməklə, guya yeni prezidentə
xeyir-dua verirlər. İngilislər belə adamları
"yesman", "bəli, bəli
deyənlər, yaltaqlar" adlandırırlar, onlar
tutuquşu timsalında nitq söyləyib, özlərinə
vəzifə verəni göylərə qaldırırlar. Belələrinə
ingilis dilindəki sərrast ifadə ilə "mouthpiece"
- "muştuq" titulunu vermək
daha düzgün olardı.
Tramp, siyasətə
alver vasitəsi kimi baxan öz keçmiş biznes
sirdaşını Yaxın Şərq və Rusiya- Ukrayna
müharibəsi üzrə xüsusi emissar təyin
etmişdir. Onun ötürməsi ilə, prezident
aqressiyanın həqiqi müəllifi əvəzinə,
Ukraynanı müharibəni başlamaqda təqsirləndirir.
Siyasətə tam yad olan bu adam hətta konstitusion vəzifə
sahiblərini əvəz etməklə, siyasətdə birinci
skripka rolunu oynayır. Orkestr dirijorunun özü bu
istedadsız musiqiçiyə belə imkan
yaratmışdır. İqtisadi məsələlər
üzrə müşavir olan Navarronu isə digər məmur
kolleqası küt adam, kərpic dolu kisə
adlandırmışdı.
Hələ seçkiqabağı
yığıncaqlarda namizəd kimi Tramp "Make Amerika great
again" - "Amerikanı yenidən böyük edək"
şüarını irəli sürmüşdü. Lakin son
tədbirlər böyüklüyün bərpasına deyil, bədbəxtlikdən,
mövcud möhkəm mövqelərin
itirilməsinə aparır. Ritorika ilə, söz bolluğu ilə
öyünənlər böyüklük əldə etsəydilər,
boşboğazlar uca zirvələri fəth etmək bir tərəfə
qalsın, onu heç vaxt tərk etməzdilər.
Amerika, Şimali qitəyə Avropadan gələnlər
burada məskunlaşmağa başladığı vaxtdan
immiqrantlar ölkəsi sayılır. Niderlandlılar, ingilislər,
fransızlar, ispanlar bura köçüb gəldikdən sonra
aborigen əhali olan hindular sıxışdırılmağa
başlandı. Qısa müddətə ölkə ağdərililərin
vətəninə, sonra isə Afrikadan qulların gətirilməsi
ilə həm də afroamerikanların yaşadığı məkana
çevrildi. Tramp isə qeyri-leqal immiqrantlara qarşı
mübarizə adı altında heç bir cinayətkar qrupa
aid olmayanları da, Salvadora göndərməyə
başlamışdır. Məhkəmə haqsız təqib
olunanları müdafiə etsə də, zorakılıq nəticəsində
immiqrantlar sürgün edilir. Ali Məhkəmə nəhayət
immiqrantların ölkədən
çıxarılmasının dayandırılması barədə
qərar qəbul etdi. Vaxtilə "Azadlıq" heykəli əlindəki
məşəllə zülmə məruz qalanları
azadlığa qatılmaq üçün Amerikaya dəvət
etdiyi halda, indi onlara qeyri-loyal münasibət bəslənməyə
başlanmışdır. İmmiqrantların qovulması,
yalnız onların guya cinayətkar olması ilə izah edilir.
Cinayətkar ünsürlər cəzalandırılmalıdır,
onlara güzəşt edilməməlidir, lakin bu yarlıkdan
adamlara qarşı kütləvi qaydada istifadə edilməsi
insan haqlarına qarşı Səlib
yürüşünü yada salır, bədnam irqçiliyin
bərpa edilməsi təsiri bağışlayır.
Uzun müddət ərzində insanlar öz doğma
ölkəsində haqsızlıqlarla, təqiblərlə,
ağır ehtiyaclarla üzləşdikdə Amerikaya üz
tutmuşdular. Bu əsl imkanlar ölkəsi onlara təkcə
sığınacaq verməyib, həm də fərqli, xoşbəxt
həyata malik olmalarına şərait yaratmışdı.
Doğulduğu ölkədəki tufandan əziyyət çəkənlər,
Birləşmiş Ştatları sakit liman hesab edib, orada dərdlərindən
xilas olurdular. Amerika ona pənah gətirən yad adamlara da
doğma övladı kimi yanaşırdı. İndi isə vəziyyət
dəyişmişdir, Amerikanı qapalı, uca divarları olan
qəsrə çevirmək həvəsi meydana gəlmişdir
və immiqrasiyanı ləğv etmək isə ölkənin
nüfuzuna mənfi təsir göstərməyə bilməz.
Donald Tramp yeni tədbirlərinə imza atmaqla,
dünyadakı mövcud, kövrək tarazlığın da pozulmasına
şərait yaradır. O, kommunizmə nifrət etsə də,
Kommunist İnternasionalında irəli sürülən ali vəzifəyə
aid sözləri təkrar edir: "Biz bütün
dünyanı məhv edəcəyik, // Biz
özümüzün yeni dünyamızı
yaradacağıq". Bəzi amerikanlar isə
İnternasionalın yeni dünya qurmaq barədəki sözlərini
bir qədər dəyişib, "biz yaranan yeni dünyanı
qarət edəcəyik" kəlmələri ilə əvəz
etməyi təklif edirlər.
Prezident Tramp lazım feilini çox sevdiyindən,
"Mən prezident olsaydım (əsasən müharibəni nəzərdə
tutaraq), bu, baş verməzdi" sözlərini mantra kimi təkrarlayır.
Bəlkə də, bu yolla özünün
üçüncü dəfə, hətta ömürlük
prezident olması arzusunu dolayı yolla dilinə gətirir.
Lakin o, hələlik yalnız ticarət müharibəsinə
start vermişdir, bunu isə heç də onun uğuru saymaq
olmaz. Tarif dərəcələrinin artırılması təkcə
ölkədə iqtisadi və sosial vəziyyətin pisləşməsinə
gətirib çıxarmamışdır, həm də
seçkiləri öz zəfərinə çevirmiş yeni
prezidentin reytinqinin aşağı düşməsinə səbəb
olmuşdur. Prezidentin iqtisadi siyasətinə münasbət isə
ürəkaçan olmaması ilə daha çox fərqlənir.
Dünya, ziddiyyətlər
dənizində üzməyə məcbur ediləcəyi,
sunami meydana gətirməklə, gəmiləri batırmaq
gücündə olacaq dalğalar yaranması ilə hədələnir.
Yəqin ki, müstəqil dövlətlərin birgə
müqaviməti buna imkan verməyəcəkdir. Ritorika
heç də həmişə əmələ çevrilə
bilmir, məğrurluqla "İ never sarrander" - "Mən
heç vaxt təslim olmuram" söyləyən prezident iki
gün sonra tarif barədəki qərarını əsasən
ləğv etdi.
Dünyanı problemlərlə üzləşdirmək
heç də yaxşı siyasət deyildir. Siyasi və
iqtisadi təzyiq haradasa müvəqqəti fayda gətirsə
də, sonradan öz acı nəticəsini göstərir. Hədələrdən,
təqiblərdən diplomatiyaya keçid,
sivilizasiyalanmış dövlətin siyasətinin əsasını
təşkil etməlidir. Dünya, gücün hakim kəsildiyi
cəngəllik, yırtıcılar və onların
qurbanları aləmi deyildir, ağıllı insanların
yaşadığı mühitdir. Onu dağıtmaq heç kəsə
şərəf gətirə bilməz. Quzğunlar yenidən
tarix səhnəsinə gələ bilməz, balın idarəçiliyini
İblisə həvalə etmək olmaz.
Qədim yunan mifologiyasında hamını məhv etməyə
hazır olan Meduza adlı bir varlıq mövcud idi. Meduza bir
baxışı ilə istənilən adamı daşa
döndərirdi. Bəzi siyasi xadimlər öz səs tellərini
işə salmaqla, sözlərinin Meduzanın gözü
gücündə olduğunu güman edirlər. Söz
bolluğu, özünü öymək heç də həqiqi
qüdrət sahibi olmaq deyildir. Ali vəzifə sahiblərini,
sap kimi çözələnən nitq deyil, yalnız əməl,
yaradıcılıq böyük etməklə, onu şərəfə
çatdırır. Populyarlıq qazanmağın da
sıradan çıxmayan yolu budur. Keçmişi
bütünlüklə bəyənməmək, inkar etmək
bu günün qiymətini artırmaq əvəzinə, zaman əlaqəsini
pozmağa xidmət edir. Zaman isə keçmişdən gəlib,
bu gündən keçməklə, gələcəyə
ünvanlanır. Burada yolu qısaltmaq istəyi və həvəsi
fayda vermir.
Kim ki, dünyada sülhdən də vacib şey
olduğunu dilə gətirirsə, o, insanlığa
qarşı olan müharibələrə haqq
qazandırır. Təəssüf ki, belələri də
vardır. 1970-ci illərdə NATO Baş katibi olan Yozef Lunts bu
sərsəm sözləri bəlağətli nitq şəklində
tələffüz etmişdi.
Seçkidə qalib gəlmək heç də yeni vəzifəni
icra edəndə, həmin sevincdən yaranan eyforiya davam etsə,
bu, karnaval effekti yaradır. Seçkidə qazanılan
böyük qələbə həmin adama bu ali vəzifəni
tutmağa imkan vermişdir. Vəzifədə isə onun təklif
etdiyi məstedici ağuşdan hökmən uzaqlaşmaq
lazımdır.
Siyasətdə buraxılmış səhvi düzəltmək
çətin olur. Napoleon Fransasının polis naziri Jozef
Fuşenin dediyi kimi, elə səhv var ki, cinayətdən betərdir.
Siyasətçi özünü belə səhvlərdən
qorumalıdır, bunu ona etimad göstərənlər də
arzulayır. Demokratiya xalq hakimiyyəti demək olduğundan, daha
səmərəli siyasi sistem hesab olunur. Onu, ABŞ-ın
bani-ataları qədim afinalıların irsini əxz etməklə,
yenidən həyata gətirmişdilər. Onlar həm də
yaratdıqları dövlətə zirehi andıran möhkəm
təməl qoymuşdular. Ona görə də ölkə XIX
əsrin əvvəlində britaniyalıların
işğalından təbiətin də köməyi ilə
xilas ola bilmiş, XXI əsrin əvvəlində isə islam
terrorçularının ağır zərbəsindən
sarsılmaq əlamətləri göstərməmişdi.
ABŞ nisbətən gənc dövlət olsa da, zəngin
tarixə malikdir. Onun prezidentləri arasında uğurlular çox
olduğu kimi, bu vəzifəyə layiq olmayanlar da olmuşdu.
Bunu da demokratiyanın zəif cəhətinə aid etmək
olar. İlk prezident Corc Vaşinqton İnqilab müharibəsinin
qalibiyyətli sərkərdəsi olmuşdu.
Üçüncü prezident Tomas Cefferson İstaqlaliyyət
Deklarasiyasının müəllifi olmaqla, dəniz
quldurlarını susdurmuş, ölkə ərazisini Fransadan
alınmış torpaqlar hesabına, onun həcminin
üçdə biri qədər böyütmüşdü.
Abraham Linkoln Vətəndaş müharibəsində qalib gəlməklə,
dövlətin parçalanmasına yol verməmiş, ölkədə
quldarlığı ləğv etmişdi. Franklin Delano Ruzvelt
Yeni Kursu tətbiq etməklə
Böyük Depressiyaya son qoymuş, II Dünya müharibəsindəki
qələbənin az saydakı arxitektorlarından biri
olmuşdu. İlk qaradərili prezident Barak Obama idarəetmədə düzgün
yol seçərək, ölkəsini təlatümlərdən
kənarda saxlamağı bacarmışdı.
Uğursuz prezidentlər isə ölkəsinin nüfuzuna zərbə
vurmamış keçinməmişdilər. XIX əsrdə Endryu Cekson ölkənin idarəçiliyini
yaratdığı "mətbəx hökumətinə"
həvalə etmişdi. XX əsrdə Herbert Huver Böyük
Depressiya vaxtı fəaliyyətsizlik göstərməklə,
ölkədəki böhranın dərinləşməsinə
şərait yaratmışdı. XIX əsrdə Endryu Conson,
XX əsrdə Riçard Nikson və Bill Klinton impiçmentdən
güclə canlarını qurtarmışdılar. Donald Tramp
birinci kadensiyasında iki dəfə impiçment təhlükəsi
ilə üzləşmişdi. Prezidentlərin hər biri xalqın
səsverməsi ilə bu vəzifəni tutmuşdur. Lakin təəssüf
ki, onlardan xalqın etimadını doğrultmayanlar, onu layiqincə
qiymətləndirməyənlər də olmuşdu.
Amerika həqiqi çoxtərəfli potensialına
görə ilk fövqəldövlət olduğundan, onda
meydana gələn sarsıntı bütün dünyaya təsir
göstərə bilər. Çünki bu ölkə beynəlxalq
aləmdə böyük nüfuza malikdir və onun bu qüdrəti
və zirehi öz təsir gücünü itirməməlidir.
Amerika özü də dünyanı sarsıntılara cəlb
etməkdən çəkinməlidir, onun malik olduğu
böyüklük, fiziki ölçülərindən,
iqtisadi və hərbi imkanlarından daha çox,
dünyanı bəlalardan xilas etməsi kimi tarixi roluna əsaslanır.
Amerika qazandığı bu layiqli mövqeyindən
başqalarına təsir göstərməkdə nəcib
üsullara üstünlük verməklə və onları
davam etdirməklə, sui-istifadə hallarına yol verməməlidir.
Məhz bu xüsusiyyəti onu daha böyük edəcəkdir.
SON
20.04.2025
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 25 aprel(¹70).-S.12;13.