90 yaşlı
institut
ELM VƏ TƏHSİL NAZİRLİYİ KATALİZ
VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN 90
YAŞI TAMAM OLUR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun sələfi olan
Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər
Akademiyasının yeni təsis edilmiş Azərbaycan
filialinin tərkibindəki kimya və tətbiqi kimya bölmələri
əsasinda yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana
dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü
Konstantin Krasuski Kimya İnstitutunun təşkilatçısı
və ilk direktoru olmuşdur (1935-1937). 1945-ci ildə Azərbaycan
SSR Elmlər Akademiyası təşkil olunanda Kimya İnstitutu
Geologiya-Kimya Elmləri bölməsinin tərkibinə
verilmişdir. Müxtəlif illərdə İnstituta professor
Məmmədəmin Əfəndi (1937-1941), professor
Şıxbala Əliyev (1941-1943), Azərbaycan EA-nın
müxbir üzvü Şamxal Məmmədov (1943-1949), Azərbaycan
EA-nın müxbir üzvü Heydər Əfəndiyev
(1949-1967), Azərbaycan EA-nın həqiqi üzvü İzzət
Orucova (1967-1971), Azərbaycan EA-nın müxbir üzvü
Zülfüqar Zülfüqarov (1971-1983) rəhbərlik
etmiş, 1983-1985-ci illərdə Azərbaycan EA-nın
müxbir üzvü Telman Qurbanov direktor vəzifəsini icra
etmiş, 1985-ci ildən 2002-ci ilə qədər institutun
direktoru AMEA-nın həqiqi üzvü Ramiz Rizayev olmuşdur.
1965-ci ildə Kimya İnstitutunun adı dəyişdirilərək
Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu
adlandırılmış və elə həmin ildə
Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza
Nağıyevin rəhbərliyi altında fəaliyyət
göstərən Nəzəri Problemlər Bölməsi əsasında
Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri
İnstitutu (KTNPİ)
yaradılmışdır. KTNPİ-nin
yaradıcısı və ilk direktoru akademik Murtuza
Nağıyev 1975-ci ilə qədər bu İnstituta rəhbərlik
etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ
kimyanın mühüm sahələrindən biri olan kimya
texnologiyasının problemlərinin həlli istiqamətində
tədqiqatlar aparan yeganə institut idi. 1975-2002-ci illərdə
İnstitutun direktoru akademik Toğrul Şahtaxtinski olmuşdur.
1991-ci ildə Azərbaycan EA Rəyasət Heyəti və
Kimya Elmləri Bölməsinin təqdimatı əsasında
Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə
İnstituta Azərbaycan EA-nın həqiqi üzvü,
professor Murtuza Nağıyevin adı verilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il
tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi
və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan
Regional Elmi Mərkəzi yaradılmışdır. Bu mərkəzin
əsas vəzifəsi Naxçıvan Muxtar
Respublikasının təbii xammal ehtiyatlarının kompleks
şəklində öyrənilməsi və səmərəli
istifadə olunmasının elmi əsaslarının işlənib
hazırlanması idi. Elmi mərkəzə müxtəlif illərdə
akademiklərdən Toğrul Şahtaxtinski, Məhərrəm
Məmmədyarov, müxbir üzvlərdən Telman Qurbanov,
Əli Nuriyev və başqaları rəhbərlik etmişlər.
Sonralar Naxçıvan Regional Elmi Mərkəzi elmin
inkişafını daim diqqət mərkəzində saxlayan
ölkə başçısının 7 avqust 2002-ci il
tarixli sərəncamı ilə təşkil edilmiş AMEA
Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini
davam etdirmişdir.
1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun
322 saylı sərəncamı ilə AMEA-nın Qeyri-Üzvi
və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın
Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi
Konstruktor Texnoloji Büro yaraıldı. Təşkilatın
elmi-texniki fəaliyyətinin əsas istiqamətlərini
mineral və təbii xammalın emalı, sənayedə istifadə
üçün yeni növ maddə və materialların
alınma texnologiyalarının işlənməsi,
istehsalı təşkil ediləcək proseslərin layihə-konstruktor
və normativ texniki sənədlərinin hazırlanması,
yeni texnoloji proseslərin təcrübi və təcrübi-sənaye
miqyasında istehsala tətbiqi təşkil edirdi.
2002-ci ildə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 21 may 2002-ci il tarixli qərarı əsasında Azərbaycan
MEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun və Kimya
Texnologiyasının Nəzəri Problemləri İnstitutunun
bazasında Kimya Problemləri İnstitutu
yaradılmışdır. İnstitutun direktoru vəzifəsinə
akademik Toğrul Şahtaxtinski seçilmiş və 2010-cu ilədək
həmin vəzifədə
çalışmışdır.
Onun vəfatından sonra İnstitutun direktoru 2014-cü
ilədək akademik Ağadadaş Əliyev olmuşdur,
2014-cü ildən akademik Dilqəm Tağıyev İnstituta rəhbərlik
edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel
2014-cü il tarixli qərarına əsasən İnstitutunun
adı dəyişdirilərək akademik Murtuza Nağıyev
adına AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
adlandırılmışdır.
Kimya İnstitutu fəaliyyətinin ilk dövrlərində
(1935-1941) xalq təsərrüfatı üçün
mühüm əhəmiyyət kəsb edən motor
yanacağı, kataliz, Respublikanın mineral xammal
ehtiyatlarından istifadə problemlərinin həlli ilə məşğul
olmağa başlamışdır. Lakin İkinci Dünya
müharibəsinin başlaması ilə İnstitut ön və
arxa cəbhənin tələblərinə uyğun tədqiqatlarla,
50-ə yaxın mövzu və tapşırıqlarla məşğul olmağa
başladı. !941-1943-cü illərdə 8 iş tətbiq
edildi və daha 12 iş tətbiq üçün qəbul
edildi. Tətbiq olunan işlərdən Daşkəsən
filizindən xüsusi təyinatlı polad istehsalı
üçün təmiz kobalt oksidin alınmasını, sulfat
turşusu almaq üçün işlənmiş kataliz
kütləsindən vanadiumun regenerasiyasını, neft
emalı tullantılarından izolyasiya və digər xüsusi
təyinatlı boyaların, mühafizə edici rəngləyicilərin
alınmasını qeyd etmək olar.
1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının
nəzdində fəaliyyət göstərən Kimya
İnstitutu yeni problemlərlə, o cümlədən, krekinq
üçün yeni katalizatorların, sintetik kauçuk
üçün monomerlərin, plastifikatorların, detergentlərin,
bioloji fəal birləşmələrin, maye şüşənin,
gil-buruq məhlullarının, buruq sularından yod və
bromun alınması məsələləri ilə məşğul
olmağa başlamışdı. Artıq 1950-1955-ci illərdə
Kimya İnstitutu Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən
birinə çevrildi.
Azərbaycan EA-nın müxbir üzvü Heydər
Əfəndiyevin rəhbərliyi ilə mineral suların,
endogen süxurların, neft yataqlarında lay sularının
radioaktivliyi və geokimyası, mineral xammalın
texnologiyası sahəsində tədqiqatlar
nəticəsində neft-su-süxur üçlü heterogen
sistemlərdə mikroelementlərin paylanması tədqiq edilərək,
onların miqrasiyası, səpələnməsi və
toplanmasının qanunauyğunluqları müəyyən
edilmişdi.
Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədovun
struktur kimya sahəsində fundamental tədqiqatları və
kalsium silikatlarının quruluşunun tədqiqi, sementin bərkimə
mexanizminin nəzəri əsaslarını verməklə
dünya tədqiqatçılarını maraqlandıran
fundamental məsələləri həll etmiş,
mineralların quruluşunda böyük kationların
aparıcı rolu haqqında konsepsiyanı əsaslandrmış,
bağlayıcılığın kristallokimyəvi nəzəriyyəsinin
əsasını qoymuşdur. Kristallokimya elminə
"quruluş vahidi" anlayışını daxil
etmiş, ona yeni tərif verərək qeyri-üzvi maddələrin
məqsədli sintezində bu anlayışın aparcı
ideya olacağını qeyd etmişdir.
1959-cü ildə Elmlər Akademiyasında aparılan
islahatlarla əlaqədar neft kimya profilli üç laboratoriya
Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutuna verildi, Kimya
İnstitutunda isə üç yeni laboratoriya: korroziya, mineral
xammalın texnologiyası, nadir və yarımkeçirici
elementlərin kimyası laboratoriyaları təşkil edildi.
Korroziya sahəsində ilk tədqiqatlar hələ
müharibə illərində Azərbaycan EA-nın müxbir
üzvü Vsevolod Neqreyevin rəhbərliyi ilə
başlamışdı. Neft-mədən
avadanlığının korroziyadan mühafizəsi, metal
qurğuların dəniz suyunda korroziyasına qarşı
effektiv üsulların işlənilməsi, polad
konstruksiyaların qaz-kondensat quyularında hidrogen-sulfid
korroziyasını azaltmaq məqsədilə effektiv
ingibitorların tətbiqi böyük iqtisadi səmərə
vermiş və bu işlər 1962-ci ildə Lenin
mükafatına layiq görülmüşdü.
Akademik Həbibulla Şahtaxtinskinin rəhbərliyi ilə
başlanan Respublikada mineral xammalın (alunit, Daşkəsən
dəmir, Filizçay polimetal filizləri və s.) kompleks
emalı sahəsində geniş tədqiqatlar nəticəsində
mövcud texnoloji proseslərin təkmilləşdirilməsi
ilə yanaşı, yeni texnoloji proseslər işlənilmişdir.
Daşkəsən dəmir filizini və titan maqnetit
konsentratlarını təbii qazla birbaşa reduksiya etməklə
poladəritmə, ovuntu metallurgiyası və s. istehsal sahələri
üçün qiymətli xammalların (dəmir, titan
4-oksid, vanadium 5-oksid, xrom birləşmələri)
alınması və filizin zənginləşməsi nəticəsində
alınan tullantılardan maqnetit və mis-kobalt
konsentratının çıxarılması
texnologiyasının elmi əsasları işlənib
hazırlanmışdır.
1965-ci ildə təşkil olunmuş Kimya
Texnologiyasının Nəzəri Problemləri İnstitutunun
yaradıcısı və ilk direktoru olan akademik Murtuza
Nağıyevin kimya texnologiyası sahəsində fundamental tədqiqatları
nəticəsində kimya texnologiyasında resirkulyasiya proseslərinin
nəzəriyyəsi yaradılmış kimya
kombinatlarının layihələşdirilməsinin nəzəri
əsaslandırılmasına xidmət edən qlobal
optimallaşdırma üsulu işlənib
hazırlanmış, kimya texnologiyasına yeni prinsip -
ümumi superoptimallaşdırma prinsipi daxil edilmiş, mürəkkəb
texnoloji sistemlər üçün üç mərhələli:
dekompozision-qlobal, regional və lokal optimallaşdırma
üsulu yaradılmış və sənayedə tətbiq
olunmuşdur. !969-cu ildə akademik Murtuza Nağıyev Sosialist
Əməyi Qəhrəmanı adına layiq
görülmüşdür.
Akademik Toğrul Şahtaxtinskinin tədqiqatları əsasən
katalitik proseslərin kinetika və mexanizminin tədqiqinə,
texnoloji proseslər üçün prinsipcə yeni
konstruksiyaların, elektrokimyəvi yanma kamerasının, səthi
aerasiya olunan qaz-maye reaktorunun, fazalararası kütlə
mübadiləsini intensivləşdirən ilgəg tipli
reaktorun yaradılmasına və tətbiqinə həsr
olunmuşdur.
Azərbaycan EA-nın müxbir üzvü
Zülfüqar Zülfüqarovun rəhbərliyi altında
alümosilikat əsaslı krekinq katalizatorlarının,
adsorbentlərin hazırlanma üsulları təkmilləşdirilmiş,
onların fiziki-kimyəvi xassələri tədqiq edilmiş,
təbii seolitlərin və gillərin adsorbsiya, ionmübadilə
və katalitik xassələri öyrənilərək maye və
qaz karbohidrogenlərinin, tullantı sularının zəhərli
üzvi birləşmələrdən təmizlənməsində
tətbiq olunmuşdur.
Azərbaycan EA-nın müxbir üzvü Paşa
Rüstəmovun rəhbərlik etdiyi laboratoriya SSRİ-də
yarımkeçirici ferromaqnit materiallar üzrə
aparıcı təşkilat sayılırdı. İlk dəfə
sintez olunan nadir və nadir-torpaq metallarının xalkogenidləri
termo- və foto çeviricilərin, rentgen və
fotorezistorların hazırlanmasında istifadə olunurdu.
Xalkogenid şüşələr əsasında
hazırlanmış fotohəssas materiallar "Virikon"
tipli elektron borucuqların hazırlanmasında istifadə
edilmiş və 1980-ci ildə Moskva Olimpiya oyunlarında
"Filips" firmasının boruqlarını müvəffəqiyyətlə
əvəz etmişdi.
Akademik Ramiz Rizayevin tədqiqatları aromatik nitrillərin
yeni, səmərəli, praktiki olaraq tullantısız
alınma prosesləri üçün oksidləşdirici
ammonoliz prosesini yaratmağa imkan vermişdir. Bu üsul texnoloji
əlverişli şəraitlərdə aromatik mono və dinitrillərin
istehsalında perspektivli olduğundan SSRİ-də ilk olaraq
benzonitrilin, ftalonitrilin və tereftalonitrilin alınması
üçün kompleks quraşdırılmışdır.
Akademik Tofik Nağıyev atmosfer azotunun hidrogen-peroksidlə
fiksasiyasını ilk dəfə həyata
keçirmışdir. Aparılmış kvant-kimyəvi və
eksperimental tədqiqatlar nəticəsində davamlı
HOO-N=N-OOH intermediatının mövcudluğu təsdiq
edilmişdir ("Nağıyev effekti"). Koherent-sinxronlaşdırılmış
reaksiyalar nəzəriyyəsi yaradılmış və
dehidrogenləşmə, epoksidləşmə, atmosfer azotunun
fiksasiyası və təbii qazın oksidləşməsi
reaksiyaları tədqiq edilmişdir. Monooksigenaz, peroksidaz və
katalaz reaksiyalar misalında imitasion kataliz inkişaf
etdirilmiş və yeni biomimetik sensorlar işlənib
hazırlanmışdır.
Akademik Ağadadaş Əliyev qeyri-stasionar katalitik
proseslərin modelləşdirilməsi və
optimallaşdırılması prinsiplərini işlənilmiş
və bunların əsasında parafin və olefin karbohid-rogenlərinin
dehidrogenləşməsi proseslərinin intensivləşdirilməsi
üçün tövsiyələr vermişdir.
Reaktor-regenerator blokunda dövr edən qaynar laylı
katalizatorun iştirakı ilə gedən prosesin riyazi modelinin
tərtib edilməsinin ümumi prinsipləri işləyib
hazırlamışdır.
Akademik Ayaz Əfəndiyev yüksək elektroaktivliyə
malik sorbent və katalizatorlar kimi istifadə edilən polimer
kompleks əmələgətiricilərin yeni yaranma prinsipini
müəyyən etmişdir. Prinsip polimer kompozisiyaların
yaddaşa malik olmasına əsaslanır və
makromolekulların aktiv mərkəzlərinin sorbsiya olunacaq
metala və ya kataliz olunacaq substrata nəzərən
uyğunlaşmasından və yaranmış optimal strukturun
molekullararası tikilmə vasitəsilə bərkidilməsindən
ibarətdir.
Akademik Dilqəm Tağıyevin seolit katalizi sahəsində
tədqiqatları sayəsində bir sıra yeni və
maraqlı nəticələr alınmış, alkilnaftenlərin
yeni çevrilmə reaksiyaları müəyyən
edilmiş, tərkibində qiymətli metallar saxlamayan
katalizatorların mühüm sənaye proseslərində tətbiqinin
mümkünlüyü göstərilmiş, metal kompleks
katalizatorların bərk qeyri-üzvi daşıyıcı
üzərində immobilizasiyası üçün yeni
üsul işlənmiş, müxtəlif proseslər
üçün hazırladığı katalizatorlar Moskva,
Ufa və Sumqayıt şəhərlərində təcrübə-sənaye
zavodunda və istehsalat birliyində sınaqdan
keçirilmişdir.
Akademik Əjdər Məcidovun koordinasion birləşmələr
kimyası sahəsində tədqiqatları nəticəsində
koordinasion birləşmələr sahəsində polidental
hidrazon liqandları əsasında effektiv funqisidlər və xərçəng
əleyhinə aktiv olan yeni preparatlar sintez edilmişdir.
Benzidinin törəmələri əsasında üzvi
batareyalar üçün elektrod materialı olan keçid
metallarının yeni kompleksləri
sintez olunmuşdur.
Azərbaycan MEA-nın müxbir üzvü Qüdrət
Kəlbəliyev dispers neft mühitində kütlə
köçürmə hadisələri və reoloji xassələr
əsasında diffuziya və qravitasiya mexanizmləri, neftdə
olan asfalt-qətran və bərk hissəciklərin
çökmə və neft avadanlığının səthində
hissəciklərin sıx layının yaranma modellərini təklif
etmişdir. Qeyri-Nyuton neftlərinin axınının hidrodinamikası
əsasında bir çox mövcud modeli vahid tənlikdə
birləşdirməyə imkan verən ümumiləşdirilmiş
yeni reoloji tənlik almış, tətbiqi reologiyanın bəzi
problemlərini həll etmişdir.
Azərbaycan MEA-nın müxbir üzvü Məhəmməd
Babanlının rəhbərliyi ilə üçlü qeyri-üzvi
sistemlərdə topoloji izolyator xassəli yeni laylı
xalkogenid və xalkohalogenid fazaları aşkar edilərək
onların mükəmməl monokristalları
yetişdirilmiş, göstərilmişdir ki, ağır p2- və
p3- elementlərinin laylı quruluşlu tellurid və selenidləri
terahers tezlikli detektorlarda sahə-effekt tranzistorları kimi,
onların monokristallik laylarının nanopulcuqlarından
yığılmış nanoantennalar isə skanedici sınaq
qurğularında tətbiq oluna bilərlər.
Son 10 ildə (2015-2024) İnstitutda elmi-tədqiqat
işləri bir neçə prioritet istiqamət üzrə
aparılmışdır:
Yüksək texnologiyalar üçün yeni 2D və
3D Dirak materiallarının, maqnit xassəli topoloji
izolyatorların, molekulyar naqil və maqnetiklərin, nanokompozitlərin alınması və tədqiqi.
Üzvi və
qeyri-üzvi birləşmələrin çevrilmələri
üçün katalizatorların hazırlanması, kimyəvi
proseslərin modelləşdirilməsi və
optimallaşdırılması.
Günəş enerjesinin çeviricisi kimi yeni nəsil
elektrod materiallarının, korroziyaya davamlı və
yaddaş effektli nanoquruluşlu örtüklərin
alınması.
Dərman maddələrinin immobilizasiyası və nəzarətli
ayrılması üçün nanogellər əsaslı nanobiokompozitlərin alınması.
Respublikanın mineral sərvətlərinin emalı, ətraf
mühitin qorunması üçün ekoloji təhlükəsiz
texnoloji proseslərin yaradılması.
Aparılan fundamental və tədbiqi tədqiqat işləri
nəticəsində İnstitutda bir sıra mühüm nəticələr
əldə edilmişdir:
- ilk dəfə ağır p-metalların telluridləri
əsasında antiferromaqnit xassəli topoloji izolyatorlar Beynəlxalq
əməkdaşlıq çərçivəsində sintez
edilmiş və müxtəlif ölkələrin elmi mərkəzlərində
tədqiq edilmişdir (nüfuzlu "Nature" jurnalında məqalə
çap olunmuşdur).
- iri həcmli "Transport phenomena in dispersed Media"
monoqrafiyası çox nüfuzlu akademik nəşriyyat olan
"Teylor & Franciz Qroup" şirkətində (London,
Nyu-York, 2019) nəşr olunmuş və neftin nəqli,
emalı ilə əlaqədar bir çox problemlərin
analizinə və həllinə həsr olunmuşdur.
- xərçəng xəstəlikləri əleyhinə
istifadə olunan antibiotiklərin fizioloji təsir müddətini
artırmaq, toksikliyini azaltmaq və nəzarətli
ayrılmasını təmin etmək məqsədilə
onların immobilizə olunması üçün nanogellər
əsasında bir sıra vacib tələblərə cavab verən
nanobiokompozitlərin alınma üsulu təklif
edilmişdir.
- nanoelektronika üçün perspektivli material olan
molekulyar naqil xassəsi göstərən metal-strinq komplekslər
arasında uzunluğu ən çox olan və xətti zəncir
molekulunda bir-birilə birləşmiş 11 nikel atomu olan birləşmə
sintez edilmişdir.
- Avropa Birliyinin HORİZON 2020 layihəsində
İnstitut 8 ölkədən olan Beynəlxalq qrupun tərkibində
ümumi dəyəri 6,5 mln avro olan qrant müsabiqəsinin
qalibi olmuşdur ("Methane
oxidative conversion and hydroformylation to propylene", 814557 ¹-li
C123). İnstituta ayrılan məbləğ 304 min avro olan
qrantın məqsədi təbii qazdan propilenin (SOCAR POLİMER
zavodu üçün əsas xammal) alınma
texnologiyasının yaradılmasıdır.
- nano quruluşlu karbon nitridin tərkibində metal
olmadan hidrogen molekulunu aktivləşdirmək xassəsi
aşkar edilmişdir. Ənənəvi hidrogenləşmə
katalizatorlarından fərqli olaraq tərkibində metal
saxlamayan qrafen əsaslı katalizatorun işlənib
hazırlanması stirol sənayesində
ziyanlı əlavə məhsul olan fenilasetilenin yüksək
çıxım və selektivliklə son məhsula
çevirməyə imkan verir.
- qeyri-Nyuton neftlərində nizamsız strukturların
əmələ gəlməsinə səbəb olan hissəciklərin
hidrodinamik qarşılıqlı təsiri, diffuziya kütləsi
və istilik ötürülməsi, məsaməli mühitdə
qeyri-nyuton neftlərinin hidravlik diffuziya və qeyri-xətti
filtrasiyası tənliyinin analitik həlli verilmiş, məsaməli
mühitlərdə hidravlik diffuziya və keçiricilik əmsallarının
qiymətləndirilməsi üçün yeni ifadələr
alınmışdır,
- elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli, daxilində n-tip CdS nanotellər
çökdürülmüş və alınan strukturun
üzərinə CdTe nazik təbəqəsi
çökdürülərək yeni nəsil Günəş
çevriciləri üçün n-CdS/p-CdTe heterokeçidləri
yaradılmışdır.
Tətbiq hədəfli tədqiqatların əsas nəticələri:
- neft avadanlıqlarında istifadəsi nəzərdə
tutulan korroziyaya davamlı Pb-Sb-Te nazik təbəqələr
alınmış və müəyyən edilmişdir ki, onlar
neft avadanlıqlarının polad materiallarının
ömrünü 5-6 dəfə artırır.
- filiz emalı tullantı sularından 90-95%-lə Cu2+
və Zn2+ ionlarının çıxarılması
üçün modifikasiya olunmuş bentonit filtri
hazırlanmış və İran İslam
Respublikasının Gilan Almas şirkətində sənaye
miqyasında sınaqdan keçirilmişdir.
- EP-300 qurğusunda (Sumqayıt şəhəri) etilen
istehsalının yan məhsulu olan ağır qatranın
emalı nəticəsində yüksək təmizliyi olan
(98,5%) naftalinin alınma prosesi işlənilmişdir.
- krekinq və piroliz qazlarının emalı
kompleksinin optimal layihələşdirilməsi misalında
kimya-texnoloji sistemlərin modelləşdirilməsi və
optimal layihələşdirilməsinin yeni metodu (optimal
uzlaşdırılmış material və istilik
axınlarının təyini) işlənib
hazırlanmışdır.
- Şəmkir və Yenikənd SES-lərdə
aparılan sistematik elmi tədqiqat işləri nəticəsində
hidrotexniki qurğuların su mühitində korroziya sürətləri
təyin olunmuş, onlar üçün korroziyaya qarşı katod
mühafizəsi üsulu təklif edilmişdir.
- bəzi d- və f- elementlərin əsasında
alınmış nanoquruluşlu kompozitlərin neftin reoloji
xassələrinə təsiri araşdırılmış,
nefthasiledici quyulardan və neft yığım məntəqəsindən
götürülmüş ağır neft nümunələri
üzərində aparılan sınaqlar nəticəsində
neftin kinematik özlülüyün 65-70%, qatranın
miqdarının isə 50% aşağı
düşdüyü sübut edilmişdir.
- alunit filizini yandırmadan qələvidə
aşınma yolu ilə emal etməklə, kənardan heç
bir reaktiv almadan elektrodializ üsulundan istifadə edərək
alüminium oksid, qələvi, sulfat turşusu, natrium-kalium
sulfat gübrələri, vanadium və qalliumun
alınmasının optimal şəraiti
tapılmışdır.
- istilik sistemləri və metal səthlərini pas/duz
çöküntülərindən təmizləmək
üçün tərkib (SAD) təklif edilmiş, onun əsasında
biznes plan hazırlanmış və Yüksək Texnologiyalar
parkına təqdim edilmişdir.
- təbii xammaldan və məişət
tullantılarından alınan kompleks üzvi gübrə
Respublikanın pambıqçılıq üzrə fermer təsərrüfatlarında
sınaqdan keçirilərək yüksək nəticələr
göstərmişdir.
Aparılan tədqiqatların nəticələri
8500-dən artıq məqalədə, 600 müəlliflik
şəhadətnaməsində, 150-ə yaxın Respublika
patentində, 190-dan çox monoqrafiya, kitab və dərslikdə
öz əksini tapmışdır.
Təkcə 2015-2024-cü illərdə 1650 məqalə
(onlardan 1000-dən çoxu "Scopus" və "Web of
Science" bazalarında indeksləşən jurnallarda), 90
kitab, monoqrafiya və dərslik çap edilmiş, onlara 15000-ə
yaxın istinadlar edilmiş, 93 Tespublika və Avrasiya patenti
alınmış, ümumi dəyəri 4,0 mln AZN olan 34 qrant
layihəsi (20-si Beynəlxalq olmaqla) yerinə yetirilmiş, 0,5
mln AZN həcmində təsərrüfat müqavilələri
üzrə işlər görülmüşdür.
İnstitut 2023 və 2024-cü illərdə Beynəlxalq
SCİmago reytinq cədvəlində yer alan 9000-dən
çox elmi qurumlar (universitetlər, institutlar, milli və
özəl laboratoriyalar) arasında Azərbaycandan olan 8 elmi təşkilatdan
biri olmuşdur.
İnstitutda aparılmış elmi-tədqiqatların
nəticələri dövlət səviyyəsində qiymətləndirilmiş
və ayrı-ayrı illərdə
institut əməkdaşlarından 1 nəfər Sosialist
Əməyi Qəhrəmanı fəxri adına, 1 nəfər
Lenin mükafatına, 5 nəfər
Azərbaycanın Dövlət Mükafatına, 1 nəfər
"Oktyabr İnqilabı", 3 nəfər
"Qırmızı Əmək Bayrağı", 5 nəfər
"Şərəf Nişanı", 1 nəfər
"Şərəf" və 5 nəfər "Şöhrət"
ordenlərinə, bir çoxları da "Əməkdar elm
xadimi", "Əməkdar müəllim" fəxri
adlarına, "Əməkdə
fərqləndiyinə görə", "Tərəqqi",
"Azərbaycan Xalq Cumhürriyətinin 100 illiyi
(1919-2019)" və "Heydər Əliyevin 100 illiyi
(1923-2023)" medallarına və digər mükafatlara layiq
görülmüşlər.
İnstitutun Rusiya, Almaniya, Fransa, Böyük Britaniya,
İspaniya, İtaliya, Belçika, Niderland, Tayvan, Türkiyə,
Bolqarstan və s. ölkələrin elmi-tədqiqat mərkəzləri
və universitetləri ilə elmi əməkdaşlığı
davam edir. 2024-cü ildə İnstitutun ev sahibliyi etdiyi 15 ölkə alimlərinin
iştirakı ilə "Enerjinin saxlanması və
çevrilməsi üçün materiallar" üzrə
VIII Beynəlxalq simpozium yüksək səviyyədə təşkil
olunmuşdur. Əməkdaşlarımız və gənc tədqiqatçılarımız
müxtəlif ölkələrdə keçirilən Beynəlxalq
konfrans və simpoziumlatrda fəal iştirak edirlər.
Respublikanın iqtisadi inkişafında qeyri-neft
sektorunun mühüm rolunu nəzərə alaraq İnstitut
2026-2030-cu illərdə elmi fəaliyyətini
aşağıda göstərilən prioritet istiqamətlərdə
davam etdirməyi planlaşdırır:
- qeyri-üzvi materialşünaslıq və mineral
xammalın emalı üçün yaşıl texnologiyalar;
- yaddaş effektinə malik metal-polimerlər, qrafen
analoqları, karbon nanoborular əsasında nanokatalizatorlar və
bir karbonlu birləşmələrin çevrilmələri;
- Günəş enerjesinin çeviricisi kimi korroziyaya
davamlı yeni nəsil elektrod materiallarının, və
yaddaş effektli nanoörtüklərin alınması;
- fizioloji fəal koordinasion birləşmələr,
nanobiokompozitlər və enterosorbentlər.
Dilqəm TAĞIYEV
Akademik, Elm və Təhsil Nazirliyi Kataliz və
Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru
525-ci qəzet .- 2025.- 25 aprel(¹70).-S.10-11.