Bəxtiyar Vahabzadəyə
həsr olunmuş kitabın təqdimatı
Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanasında Xalq şairi Bəxtiyar
Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə
hazırlanan “Hikmət mücrüsü” kitabının təqdimatı
keçirilib.
Tədbirdə çıxış edən Prezident
Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki,
Bəxtiyar Vahabzadə haqqa, ədalətə və
azadlığa çağıran bir şair olub. Onun qəlbi
daim vətən sevgisi ilə döyünüb. “Sovet
ideologiyasının hökm sürdüyü dövrdə belə,
vətənin bölünməsinə biganə qalmayıb,
“Gülüstan” poemasını yazaraq dərdini sözə
çevirib. Vətən sevgisi onun bütün
yaradıcılığının əsas xəttini təşkil
edib. “Gülüstan” poemasından sonra ciddi təzyiqlərə
məruz qalsa da, Ulu Öndər Heydər Əliyev gənc Bəxtiyarı
bu təzyiqlərdən xilas edib. Bəxtiyar Vahabzadənin
poeziyası çox zəngindir və onun 70-dən çox
kitabı çap olunub”,- deyə A.Abbasova əlavə edib.
Prezident Kitabxanası direktorunun müşaviri Nazim
Mustafa kitabda Bəxtiyar Vahabzadənin seçilmiş fikirləri,
aforizmləri və müdrik kəlamlarının
toplandığını vurğulayıb. Onun sözlərinə
görə, 600 səhifədən artıq olan bu nəşrdə
onun bütün irsi beş fəsildə sistemli şəkildə
təqdim olunub.
Kitabın “Ön söz” müəllifi İslam
Sadıq bildirib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının
ən qüdrətli nümayəndələrindən biridir.
Onun fikrincə, bu kitabın ərsəyə gəlməsi təsadüfi
deyil. “Müəllif Fikrət Əsgərov Bəxtiyar Vahabzadəyə
böyük sevgi ilə yanaşaraq onun aforizmlərini
mövzulardan asılı olaraq qruplaşdırıb. Bu isə
olduqca çətin və məsuliyyətli bir işdir. Bəxtiyar
Vahabzadənin yaradıcılığını dərinliklə
anlamaq üçün onu dəfələrlə oxumaq və əzbərləmək
belə kifayət etmir. “Gülüstan” poemasını
yalnız Bəxtiyar Vahabzadə kimi filosof-şair yaza bilərdi”,-
deyə İ.Sadıq əlavə edib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Xalq
şairi haqqında danışarkən söyləyib: “Şəxsi
tanışlığıma əsaslanaraq deyə bilərəm
ki, Bəxtiyar Vahabzadə şəxsiyyət olaraq da çox
zəngin bir dünyaya malik idi. Onu tanıdıqca daha dərin
mənəvi keyfiyyətlərə məxsus insan olduğunu
anlayırsan. Hələ tələbəlik illərindən vətənpərvərliyi
ilə seçilən Bəxtiyar Vahabzadə
yaradıcılığı və şəxsiyyəti ilə
Azərbaycan ədəbiyyatında silinməz iz qoyub. Onun
timsalında biz Nizami və Füzuli kimi böyük söz
ustadlarının eşqini görürük. Özümü
xoşbəxt hesab edirəm ki, onunla eyni dövrdə
yaşamışam”.
Kitabın tərtibatçısı Fikrət Əsgərov
söyləyib ki, bu nəşr şairin mənəvi irsinin ən
incə məqamlarını əhatə edir: “Kitabda
müdriklik mənbəyi sayılacaq, nəsihət xarakteri
daşıyan şeirlərindən seçmələr yer
alıb. Məqsədim Bəxtiyar Vahabzadənin irsini gələcək
nəsillərə çatdırmaqdır”.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktorunun
müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli,
Azərbaycan Yazıçılar İttifaqının Şəki
bölməsinin sədri Vaqif Aslan, filologiya elmləri
doktorları Bahar Cəfərova, Məsməxanım
Qazıyeva, Sevinc Əliyeva, Bəxtiyar Vahabzadə haqqında
kitabların müəllifi Aida Mirzəyeva və Azərbaycan
Texniki Universitetinin dosenti Təbriz Şəmiyev
çıxış edərək Bəxtiyar Vahabzadənin
yaradıcılığı, elmi araşdırmaları və
ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyəti
haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, yubilyarın müxtəlif dillərdə
çap edilən kitablarının virtual sərgisi
kitabxananın saytında yerləşdirilib.
525-ci qəzet .- 2025.- 25 aprel(¹70).-S.9.